MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ GÖRƏ MƏSULİYYƏTİN MÜƏYYƏN OLUNMASI. UNİVERSAL YURİSDİKSİYA PRİNSİPİ

AlovsatƏlövsət Allahverdiyev

Silahlı Qüvvələrin adyunktu

lawyer.406@gmail.com

 

Açar sözlər: müharibə cinayətləri, beynəlxalq cinayətlər, Beynəlxalq cinayət məhkəməsi, universal yurisdiksiya

Müasir dövrdə insanlıq əleyhinə cinayətlər, soyqırımı cinayəti və müharibə cinayətləri aktuallığı ilə diqqəti cəlb edir və eyni zamanda beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən beynəlxalq cinayətlər kimi dəyərləndirilir. Müharibə cinayətləri  beynəlxalq cinayətlərin bir növü kimi müxtəlif zamanlarda tədqiq olunmuş və onun cəmiyyət üçün böyük təhlükə törədən elementləri təhlil olunmuşdur. Zamanla bu cinayəti planlaşdıranlar və icra edənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmuş və cəzalandırılmışdır. Müharibə cinayətlərinə görə məsuliyyət həm milli məhkəmələr, həm də beynəlxalq cinayət tribunalları tərəfindən müəyyən olunmuşdur. Son zamanlara qədər müharibə cinayətləri ad hoc qaydasında fəaliyyət göstərən tribunallar tərəfindən araşdırılırdı və onların nizamnamə və hökmlərinə istinad olunurdu, amma indi isə müharibə cinayətləri daimi fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda xüsusi olaraq “beynəlxalq silahlı münaqişələrə tətbiq edilən qanunlar və ənənələrin ciddi surətdə pozulması” və “beynəlxalq xarakterli olmayan silahlı münaqişələrə tətbiq edilən qanunlar və ənənələrin ciddi surətdə pozulması” kimi müəyyən edilir [10 ]. Keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının, eləcə də Syerra-Leonenin Xüsusi Məhkəməsinin Statutlarında və Birləşmiş Millətlər Təşkilatı yanında Şərqi Timor Müvəqqəti Hökümətinin 2000/15 saylı Tənzimləməsində də beynəlxlaq humanitar hüququn “ciddi” pozulmasına görə yurisdiksiya müəyyən edilmişdir [11]. 2001-ci ildə Delaliçin işində keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Satutunun, üzərində Tribunalın yursidiksiyasının olduğu müharibə qanunları və ənənələrinin öz əksini tapdığı 3-cü maddəsinin təfsirində Apelyasiya Palatası bildirdi ki, “müharibə qanunları və ənənələri” ifadəsi maddədə öz əksini tapmış qanun və ənənələrə əlavə olaraq bütün müharibə qanunları və ənənələrini özündə ehtiva edir. Müharibə cinayətlərini istənilən müharibə qanunları və ənənələrinin pozulması kimi müəyyən edən pozuntularda “ciddi” sözünün işlədilməməsi təcrübəsi vardır. Buna uyğun olaraq hərbi nizamnamələrə və bir sıra ölkələrin qanunvericiliyinə əsasən beynəlxalq humanitar hüquq pozuntularının müharibə cinayətləri hesab olunması üçün ciddi olması mütləq deyil. Hərçənd bu təcrübənin böyük qismi oğurluq, mənasız dağıntılar, qətl və ya amansız rəftar kimi əməllərə istinad etməklə belə pozuntuları müharibə cinayətləri formasında təsvir edir ki, bu da dövlətlərin faktiki olaraq müharibə cinayətlərini beynəlxalq humanitar hüququn daha ciddi pozuntuları ilə məhdudlaşdırdığını göstərir.

Pozuntunun ciddilik xarakteri nədə ifadə olunur [9].

Müxtəlif sazişlərdə və beynəlxalq müqavilələrdə, həmçinin dövlətlərin yerli qanunvericiliyində və presedent hüququnda əks olunan müharibə cinayətlərinin təhlilindən  görünür ki, pozuntular mühafizə edilən şəxs və ya obyektləri, yaxud mühüm dəyərləri təhlükə altına atarsa, ciddi xarakterli pozuntu olmaqla müharibə cinayətləri hesab olunur.

Məlumdur ki, müharibə cinayətləri beynəlxalq hüquq normaları ilə  mühafizə edilən şəxs və ya obyektlərə təhlükə yaradır. Müharibə cinayətlərinin əksəriyyətinə ölüm, bədən xəsarətləri, girovgötürmə, tarixi-mədəni irsin məhv olunması, mülkiyyətin qeyri-qanuni ələ keçirilməsi, dağıdılması və s. hallar aiddir. Bununla belə,  müharibə cinayəti hesab edilməsi üçün əməlin heç də  mühafizə edilən şəxs və ya obyektlərə həqiqi zərər yetirilməsi ilə nəticələnməsi vacib deyil. Bu Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda öz təsdiqini tapdı. Müəyyən olundu  ki, mülki əhaliyə və ya mülki obyektlərə edilən hücum nəticəsində baş verə  biləcək  ölüm və ya xəsarət hallarının qarşısı  gözlənilmədən alınsa da, belə hücumun təşkili kifayətdir ki, müharibə cinayətinin tərkibi yaransın. Buna misal olaraq mülki əhaliyə və ya mülki şəxslərə qarşı törədilən hücum zamanı silahlardan nişan alınarkən açılan atəşin hədəfdən yayınmasını  göstərmək olar. Hədəfdən yayınma olsa belə məqsəd dinc mülki əhalinin öldürülməsi olmuşdur.  Artıq bu tərkib yaranmışdır.  Eyni məqam mühafizə olunan şəxsin üzərində tibbi eksperimentlər aparılmasına da aid edilir – şəxsə faktiki xəsarət yetirilib-yetirilməməsi bu əməlin müharibə cinayəti sayılması üçün əhəmiyyət daşımır. Belə şəxsin həyatını və ya sağlamlığını bu əməllə təhlükə altına atmaq kifayətdir.

Müharibə cinayətləri mühüm və bəşəri dəyərlərə qəsd edir. İnsanlara və ya obyektlərə heç bir şəkildə bilavasitə fiziki zərər yetirməsə də, mühüm dəyərlərə qəsd edən əməllər müharibə cinayəti kimi xarakterizə olunur. İnsan cəsədləri üzərində təhqiredici hərəkətlər, işgəncə əlamətləri, şəxslərlə alçaldıcı, qeyri-insani rəftar etmək, işgəncə vermək, şəxsləri düşmənin hərbi əməliyyatlarına bilavasitə kömək edən işlər görməyə və öz ölkəsinin silahlı qüvvələrinə qarşı döyüşməyə məcbur etmək, qəsdən hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi ədalətli və normal mühakimə icraatı hüququndan məhrumetmə, 15 yaşa qədər uşaqları silahlı qüvvələrə cəlb etmək buna misaldır və bunlar müharibə cinayətlərinin tərkibini yaradan əməllərdən bir qismidir.

1995-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Apelyasiya Palatası Tadiç  işində  bildirdi ki, cinayətin Tribunal qarşısında məhkəmə qaydasında təqib edilməsi üçün “pozuntu ciddi olmalıdır, deməli, burada mühüm dəyərləri mühafizə edən tənzimləmə pozulmuş və bu pozuntu qurban üçün ağır fəsadlara gətirib çıxarmış olmalıdır”.

Təcrübədə müharibə cinayətlərinin tərkibini yaradan əməllərin, bu əməlləri törədənlərin və onların əqli vəziyyətlərinin xarakterilə bağlı bir çox xüsusiyyətlər var [5, s.270; 9]:

  • Hərəkət və ya hərəkətsizlik. Müharibə cinayətləri həm hərəkətdən, həm də hərəkətsizlikdən ibarət ola bilər. Sonuncuya misal kimi düşmən qüvvələrin əsarətində olan şəxslərin ədalətli məhkəmə hüququnun təmin olunmamasını, qidalanmaya və ya tibbi qayğıya olan ehtiyacının ödənilməməsini söyləmək olar. Qadağan edilmiş əməllərin “geniş miqyaslı və sistematik” şəkildə törədilməsindən ibarət olan “insanlıq əleyhinə cinayətlər”dən fərqli olaraq, beynəlxalq humanitar hüququn istənilən ciddi pozuntusunda müharibə cinayəti tərkibi vardır. Bunu Birinci Dünya Müharibəsinin günümüzə qədər davam edən geniş və ardıcıl presedent hüququndan aydın görmək olar.
  • Cinayəti törədənlər. Qanunvericilik, hərbi nizamnamələr və presedent hüququ şəklində təzahür edən təcrübə müharibə cinayətinin ya silahlı qüvvələrin üzvləri, ya da mülki şəxslər tərəfindən düşmən tərəfin silahlı qüvvələrinə, mülki əhalisinə və ya mühafizə edilən obyektlərinə qarşı törədilən hüquq pozuntuları olduğunu göstərir. Yerli qanunvericilik müharibə cinayətlərinin törədilməsini silahlı qüvvələrlə məhdudlaşdırmır, əksinə, cinayət tərkibli əməllərin istənilən şəxs tərəfindən törədilə bildiyini ifadə edir. Bir sıra hərbi nizamnamələrdə eynilə bu yanaşma əks etdirilir. Çox sayda hərbi nizamnamələrdə, eləcə də bəzi qanunvericiliklərdə isə müharibə cinayətlərini törədə bilən şəxslər arasında “mülki əhali” terminini qabarıq surətdə ifadə olunur.
  • Əqli element. Beynəlxalq presedent hüququ müharibə cinayətlərinin könüllü surətdə, yəni ya məqsədli şəkildə, ya da şüursuzcasına törədilən pozuntular olduğunu göstərir. Dəqiq əqli element nəzərdən keçirilən cinayətdən asılı olaraq dəyişir.

Göründüyü kimi müharibə cinayətləri beynəlxalq humanitar hüquq normalarına zidd olaraq törədilir və buna görə təqsirkarların məsuliyyət məsələsi müəyyən olunur. Məsələ burasındadır ki, müharibə cinayətlərinə görə hökmü veriləcək müttəhimin qeyri-insani ideologiya haqqında məlumatlılığı və bunu həyata keçirmək arzusunun olduğu sübut edilməlidir. Bu halda onun törətdiyi əməlin adi cinayət əməlindən fərqini və mahiyyətini düzgün qiymətləndirmək mümkündür. Bunu Yuqoslaviya beynəlxalq cinayət tribunalının Tadiçlə bağlı işində daha aydın görmək mümkündür [6, s.250; 11].. Tadiçin irqçilik barədə məlumatlı olması və yürüdülən millətçi siyasətdəki fəaliyyəti sayəsində bu elementin Tadiçə qarşı işlənməsi asan başa gəldi. Bu baxımdan Tribunalın qərarının qeyri-səlisliyi məqbul deyildir. Belə görünür ki, sadəcə törətdiyi cinayətin eyni zamanda başqaları tərəfindən geniş miqyasda törədildiyindən xəbərdar olan müttəhimin hökmünə Tribunal hazırlıqlı imiş. Lakin “xəbərdar olmaq” müəyyən mənada ideologiyanın təsdiqidir. Əks təqdirdə adi və qeyri-adi cinayətkarlar arasındakı həlledici fərqdə qeyri-müəyyənlik yaranır və cinayətin əqli elementi yalnız kollektiv xəbərdar olma sübutu ilə kifayətləndikdə fərdi məsuliyyət nöqtəsi yoxa çıxır.

Məhkəmə hüquqi presedentlərə nəzər salmaq üçün Nürnberq  prosesinin ardınca baş tutan Müttəfiqlər Zonasının məhkəmə proseslərinə müraciət etdi, hərçənd bu prosesləri, “kollektiv məsuliyyətli” hesab edilən nasistləri və onlarla əlbir olanları cəzaya məhkum etməyə tələsən hərbi tribunallar keçirmişdi. Mauthauzenin işində ABŞ hərbi tribunalı, yəhudilərin qazla boğulması ilə hər hansı əlaqələrinin olub-olmammasından asılı olmayaraq ölüm düşərgəsində işləyənlərin son nəfərinə kimi hamısını bunda günahkar bildi və ya Fransa Daimi Hərbi Tribunalını götürək, bu tribunal Müqavimət üzvlərini satmış, lakin onlara nasist müstəntiqlər tərəfindən verilən işgəncələrdə əli olmayan şəxsləri ölüm hökmünə məhkum etmişdi. Müasir beynəlxalq məhkəmədə cinayət məsuliyyətinin prinsipləri məsələsində belə ehtiyatsızlığa yol verilməməlidir.

Müharibə cinayətləri əslində dünyanın hər yerində baş verir və dövlətlər öz yurisdiksiyası çərçivəsində təqsirkar əxsləri məsuliyyətə cəlb edə bilər, amma müharibə cinayətləri ilə bağlı universal yurisdiksiya prnsipi mövcuddur ki, dövlətlər bu prinsipə mütləq əməl etməlidirlər.

Universal yurisdiksiya nədir? Beynəlxalq fərdin cinayət məsuliyyəti rejimin əsasında universal yurisdiksiya prinsipi dayanır. Bu prinsipin əsas məzmunu ondan ibarətdir ki, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə, yəni bütün dünya birliyinin mənafeyinə toxunan ağır beynəlxalq cinayətlər törətmiş şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna və məhkum oluna bilərlər.
Bir sözlə, universal yurisdiksiya, yerli məhkəmələrə harada törədilməsindən, törədənin və qurbanın milli mənsubiyyətindən asılı olmayaraq bütün sülh və bəəriyyətə, insanlığa qarşı yönələ biləcək qədər ağır cinayətləri törədənləri mühakimə edərək cəzalandırmağa imkan verən hüquqi doktrinadır. Universal yurisdiksiyada nəzərdən keçirilən cinayətlərə piratlıq, quldarlıq, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, işgəncə və soyqırım cinayətləri daxildir. Universal yurisdiksiya cinayəti məhkəmə qaydasında təqib edən dövlətlə xüsusi cinayət arasında birbaşa əlaqənin olmasını tələb edən ənənəvi yanaşmadan ayrıdır. Universal yurisdiksiya üçün formal hüquqi baza yoxdur, o ənənəvi beynəlxalq normalarına əsaslanır. Dövlətlər universal yurisdiksiyanı necə həyata keçirir? Ölkələrdə bir qayda olaraq yerli məhkəmələrə xüsusi cinayətlər üzərində universal yurisdiksiyanı qiymətləndirməyə icazə verən qanunvericilik qüvvəyə minir. Universal yurisdiksiya hüququnun miqyası və tərkibi adətən dövlətlər üzrə dəyişir. Hərçənd, qüvvədə olan yerli qanunvericilik yerli məhkəmələr üçün universal yursidiksiyanı həyata keçirməkdə heç də həmişə zəruri olmaya bilər. Həmçinin beynəlxalq konvensiyalarda və beynəlxalq ənənəvi normalarda da tərəfdaş dövlətlərin universal yurisdiksiyanı həyata keçirməsi nəzərdə tutula bilər. Universal yurisdiksiyaya dair müəyyən arqumentlər var. Universal yurisdiksiyanın tərəfdarları cinayətin heç də həmişə törədildiyi ölkədə məhkəmə qaydasında təqib edilməsinin mümkün olmadığı fikrinə söykənir. Məsələn, dağıdıcı münaqişə və ya müharibədən sonra istintaq araşdırmaları aparmaq və cinayət məsuliyyətinə cəlb etmək üçün keçid dövlətinin yetərincə hüquqi infrastrukturu və resursları olmaya bilər, və yaxud, dövlət öz ərazisində törədilmiş cinayət üzrə məhkəmə qaydasında təqib etməni bilərəkdən yerinə yetirməyə və ya yerinə yetirməkdən imtina edə bilər. Buna misal kimi, cinayətlərə və qanunla məhkəmə qaydasında təqib edilməli olan əməllərə dövlət tərəfindən razılıq və ya dəstək verilmiş ola, yaxud belə əməlləri törədənlər hökümət qurumlarında rəsmi vəzifə tuta və ya hakim rejimdə vəzifəli havadarları ola bilməsini söyləmək olar. Beləliklə, dövlətin istintaq aparmaq iradəsinin olmaması da mümkündür ki, bununla da törədildiyi iddia olunan cinayətlərin məhkəmə qaydasında təqibi baş tutmur. Hesabatlılığın olmadığı şəraitdə başqa dövlətlər cəzasızlığın qarşısını alaraq qurbanlar üçün ədaləti bərqərar etmək üçün universal yurisdiksiya əsasında məhkəmə qaydasında təqiblərə başlamaq niyyətində ola bilər. Dövlətlər universal yurisdiksiyanı nə üçün həyata keçirir? Bir çox dövlətlər öz aralarında universal yurisdiksiya ilə baxılan ağır cinayətləri törədənləri cəzalandımaqda ümumi öhdəlikləri olmasa da ümumi maraqlarının olduğunu dərk edirlər. Həmçinin hakimiyyət strukturlarında cinayətkar olması səbəbindən və konkret dövlətin ərazisində cinayətkarların cəzasız qalmasına yol verməmək istəyin məhkəmə qaydasında təqiblər həyata keçirmələri üçün dövlətlərə təzyiq göstərilə bilər. Universal yurisdiksiya hallarına misal olaraq 1998-ci ildə Çilinin eks-prezidenti Auqusto Pinoçeti işgəncə, qətl, qanunsuz saxlama və adam oğurluğu cinayətlərinə görə mühakimə etmək istəyən İspaniya məhkəməsinin ektradisiya sorğusunu, 1994-cü ildə Ruanda soyqırımı zamanı törədilmiş müharibə cinayətlərinə görə iki ruandalı dayənin, Mariya Kisito və Gertrude bacılarının 2001-ci ildə Belçika məhkəməsi tərəfindən məhkəmə qaydasında təqibi və onlara dair hökm çıxarılmasını, hərbiləşmiş serb qruplaşması lideri Nikola Yorgiç və serb əsgəri Novislav Dyayiçin Bosniya və Hertseqovinada törədilmiş soyqırım cinayətlərinə görə 1997-ci ildə Almaniya məhkəmələri tərəfindən məhkəmə qaydasında təqibi və barələrində hökm çıxarılması və Çadın eks-prezidenti Hissene Habrenin prezidentliyi dövründə törədilmiş insanlıq əleyhinə cinayətlərə, işgəncəyə, müharibə cinayətlərinə və insan haqları sahəsində digər pozuntulara dair 2005-ci ildə Belçika məhkəməsi tərəfindən onun barəsində istintaq aparılması və ittiham aktı çıxarılması universal yurisdiksiya hallarına nümunə göstərmək olar. Universal cinayət yurisdiksiyasını ABŞ həyata keçirməsə də, Alien Tort İddia Aktı ABŞ məhkəmələrini spesifik cinayətlər üzrə mülki şəxslərə dünyanın istənilən yerində insan hüquqlarının pozulması və vurulmuş zərəri nəzərdən keçirmək üçün yurisdiksiya ilə təmin edir. ABŞ başqa ölkələrin universal yurisdiksiyanı həyata keçirəcəkləri təqdirdə ABŞ vətəndaşlarının xarici ölkə məhkəmələrinin siyasi motivlərlə məhkəmə təqiblərinə məruz qalmasından narahatdır. Universal yurisdiksiyanın əleyhdarları bu narahatlığa dəstək olaraq bir sıra ölkələrdə ABŞ-ın ziddiyyətli siyasətini və əməllərini mühakimə etmək üçün universal yurisdiksiyaya baxılmaya verilən ABŞ-ın hökümət rəsmilərinə qarşı yönəlmiş məhkəmə işlərindən narahatlıqlarını bildirmişlər. Misal üçün, Almaniyada müdafiə üzrə keçmiş dövlət katibi Donald Ramsfeldə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Corc Tenetə və digərlərinə qarşı İraqda Əbu-Qreyb həbsxanasında və Quantanamo həbs düşərgəsində törədildiyi iddia edilən müharibə cinayətlərinə dair şikayəti sənədləşdirilmişdi. Bununla belə alman prokuror son anda bu istiqamətdə istintaq araşdırmalarının əleyhinə çıxış etdi.

Qeyd etmək istərdik ki, daimi fəaliyyət göstərən və fiziki şəxslərin cinayət məsuliyyətini müəyyən edən  Beynəlxalq Cinayət Məhkəməsi  (BCM) universal yurisdiksiyaya malik deyil [10]. Bu məhkəmə, onun təməl sazişi olan Roma Statutunda dəqiqliklə qeyd edildiyi kimi məhdud yurisdiksiyaya malikdir. BCM-nin universal yurisdiksiya ilə heç kəsişmə nöqtəsi də yoxdur. Hərçənd hər iki sistem eyni cinayət işlərilə məğul olduğu üçün belə bir kəsişmənin olması təsəvvürü yaranır, amma bunda söhbət belə gedə bilməz. Məhkəmə Roma Statutunda qeyd olunduğu kimi müəyyən şəraitlər toplusu zamanı törədilən məhdud növ cinayət və cinayətkarlar üzərində yurisdiksiyanı həyata keçirir. Bundan başqa, BCM-in yurisdiksiyası dövlətlərin beynəlxalq hüququ həyata keçirmək üçün hakim nümayəndəliklər təyin etdiyi beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirildiyi halda, universal yurisdiksiya bir dövlət tərəfindən birtərəfli qaydada həyata keçirilir. Bununla belə, hər iki sistemin yurisdiksiya tələbləri qarşılandığı təqdirdə BCM ilə yerli məhkəmələr eyni məhkəmə işləri üzərində yurisdiksiyaya yiyələnə bilərlər. BCM universal yurisdiksiyanın yararlılığını aradan qaldırırmır.  BCM-yə beynəlxalq cinayətlərin yerli səviyyədə məhkəmə qaydasında təqib olunması üçün əvəzləyici qurum deyil, nə də dövlətlərin universal yurisdiksiya əsasında məhkəmə qaydasında təqibetmə qabiliyyətinin qarşısını almır. Dövlətlər universal yurisdiksiyanı həyata keçirməyə, xüsusilə də BCM-nin səlahiyyətlərinə daxil olmayan cinayət işlərinin məhkəmə qaydasında təqibinə davam etdirə bilərlər. BCM 1 iyul 2002-ci il tarixinə qədər törədilmiş cinayətlərlə məşğul ola bilməz və yalnız ən ağır cinayətlərdə ən böyük məsuliyyəti daşıyan məhdud kateqoriyalı şəxsləri mühakimə edir. BCM ağır beynəlxalq cinayətlərə münasibətdə dövlətlərin fəaliyyətini necə tamamlayır? Roma Statutunda qeyd olunduğu kimi BCM “yerli cinayət yurisdiksiyalarının tamamlayıcısı”dır [10]. Tamamlayıcılıq prinsipinə əsasən yerli məhkəmələr BCM-in yurisdiksiyası ilə müqayisədə prioritetə malikdirlər. BCM yalnız yerli hüquqi sistemlər öz yurisdiksiyasını həyata keçirmək iqtidarında olmadıqda və ya bilərəkdən həyata keçirmədikdə hərəkətə keçə bilər. Universal yurisdiksiya yerli məhkəmələrə tamamlamaq prinsipini qane edə biləcək məhkəmə proseslərini öhdələrinə götürmək imkanı verən istiqamətlərdən  biridir. BCM universal yurisdiksiyanın istifadəsinə necə təsir göstərəcək? Bəzi hallarda BCM-in mövcudluğu universal yurisdiksiyanın tətbiqini minimuma endirə bilər. Zəruri ehtiyatlar qıtlığının yaşandığı və hüquqi sistemi yetərincə fəaliyyət qabiliyyətli olmayan dövlətlər məhkəmə işlərini öz yerli məhkəmələrinin deyil, BCM-in öhdəsinə buraxmağı üstün tutacaqlar. Hərçənd BCM zorakılıqlar barədə maarifləndirməni gücləndirməklə universal yurisdiksiyanın daha geniş tətbiq edilməsinə təkan verəcək. Universal yurisdiksiyanı özündə əks etdirən qabaqcıl ədliyyə və hüquq sisteminə malik dövlətlər cinayət işini BCM-də baxılmaya verməkdənsə məhkəmə qaydasında təqib prosesini nəzarətdə saxlamağa üstünlük verməklə öz məhkəmə yurisdiksiyalarını daha tez-tez istifadə etməyə həvəsləndirilə bilərlər. Digər dövlətlərə isə cinayət işlərinə BCM-in yurisdiksiyası çərçivəsində baxmalarına imkan yaradıb, bununla da Roma Statutunda əks olunan aspektləri  öz qanunvericilik bazasında formalaşdırmaq olar. Ümumilikdə, BCM beynəlxalq miqyaslı ağır cinayətləri məhkəmə qaydasında təqib etmək üçün yurisdiksiyanın həyata keçirilməsində dövlətlərə nümunə ola və həvəsləndirici rol oynaya bilər, bu zaman dövlətlər BCM-in baxmadığı cinayət işlərinin məhkəmə qaydasında təqibi üçün çox güman ki yurisdiksiyanı yerinə yetirməyə davam edəcəklər. BCM-in universal yurisdiksiyadan müəyyən üstünlüyü var.  BCM öz yurisdiksiyasını həyata keçirmək üçün vahid və inkişaf etmiş, müəyyən standartlara malikdir. Universal yurisdiksiyada isə əksinə, ayrı-ayrı dövlətlərin universal yurisdiksiya qanunvericilikləri arasında cinayətlərin tərifi və yurisdiksiyanın hansı hallarda tətbiq edilə biləcəyi məsələsində vahidlik və yekcinslilik yoxdur. Üstəlik, BCM müstəqil beynəlxalq qurum olmaqla, dövlətləri qıcıqlandıran xarici və daxili siyasi maraqların yarada biləcəyi maneə və təsirlərdən asılı deyildir.  BCM ixtisaslaşmış bir qurum kimi yetərincə resurslara, peşəkarlığa və beynəlxalq dəstəyə malik olmaqla istintaq araşdırmaları və cinayətin məhkəmə qaydaısnda təqibi üçün daha yaxşı təchizatlanmışdır. Bəs hər iki sistemin mövcudluğu şəraitində beynəlxalq ədalət necə öz yerini tapır?  Universal yurisdiksiyanın tərəfdarları ikili sistemin olmasının ölkələrə daha çox seçim imkanı verməsi sayəsində beynəlxalq ədalətin bərqərar olacağını hesab edirlər. Belə olan halda, birinin fəaliyyəti digərininkini qeyri-mümkün edən BCM və universal yurisdiksiyanın, beynəlxalq miqyaslı ağır cinayətləri törədənlərin cəzasızlığına son qoyulması üçün irəli sürülən hərtərəfli yanaşmanın iki əlahiddə hissəsi olması qənaətinə gələ bilərik.

 

 

MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ GÖRƏ MƏSULİYYƏTİN MÜƏYYƏN OLUNMASI. UNİVERSAL YURİSDİKSİYA PRİNSİPİ

Nəticə

Müharibə cinayətlərinin əksəriyyətinə ölüm, bədən xəsarətləri, dağıdıcılıq və ya mülkiyyətin qeyri-qanuni ələ keçirilməsi halları aiddir. Müharibə cinayətlərinin qarşısının alınmasında və cəzasızlığa son qoyulmasında universal yurisdiksiyanın əhəmiyyəti çox böyükdür.  Dövlətlər bu sahədə universal yurisdiksiya və Beynəlxalq cinayət məhkəməsinin fəaliyyətinə böyük önəm verirlər.

 

 

ОПРЕДЕЛЕНИЕ ОТВЕТСТВЕННОСТИ ЗА ВОЕННЫЕ ПРЕСТУПЛЕНИЯ. ПРИНЦИП УНИВЕРСАЛЬНОЙ ЮРИСДИКЦИИ.

Резьюме

К большинству военных преступлений относятся случаи смерти, телесного повреждения, разрушений и незаконное присвоение чужого имущества. Универсальная юрисдикция играет весьма значительную роль в предотвращении военных преступлений и положить конец безнаказанности тех, кто совершал тяжкие международные преступления. Государства придают большое значение деятельности универсальной юрисдикции и Международного Уголовного Суда в этой сфере.

DEFINITION OF THE RESPONSIBILITY FOR WAR CRIMES. PRINCIPLE OF UNIVERSAL JURISDICTION

Resume

The majority of war crimes involve cases such as death, injury, destruction or unlawful taking of property. Universal jurisdiction immensely contributes in prevention of war crimes and putting an end to impunity for perpetrators of serious international crimes. States have great expectations from the operation of universal jurisdiction and International Criminal Court in this sphere.

 

İstifadə olunmuş ədəbiyyat:

  1. H.Hüseynov “Beynəlxalq hüquq” Bakı-2002
  2. Международное гуманитарное право в документах М.: Московский

независимый институт международного права, 1996, 556 с.

  1. Ceoffrey Robertson QC Crimes Against Humanity 2006. 758 pg.
  2. Bassиounи M. Cherиf. Ыnternatиonal Crиmes: Jus CogensandOblиgatиo Erga Omnes // Law & Contemp. Prob, 1996, Vol. 25, 450 p.
  3. Internatиonal Crиmes, peace and human rиghts: the role of the Ыnterna­tиonal Crиmиnal Court /Dиnah Shelton, edиtor and contrиbutor, Transnatиonal Publиshers, Ыnc. Ardsley, New-York, 2000, 356 p.
  4. Ronald C. Slye, Beth Van Schaack International Criminal Law. 2009 Aspen Publishers 354 pg.
  5. crиmes of war.org
  6. en.wikipedia.org/wiki/List_of_war_crimes
  7. http://www.crimesofwar.org/a-z-guide/war-crimes-categories-of/
  8. un.org/icc/
  9. un.org/иcty/

Add a Comment

Your email address will not be published. Required fields are marked *