Qalİblər mühakİmə edİr: Xocalı soyqırımına görə beynəlxalq cİnayət mühakİməsİ
|Səyyad Məcidov
Ədliyyə Nazirliyinin əməkdaşı
hüquq elmləri üzrə fəlsəfə doktoru
2020-ci il Azərbaybaycan üçün hərbi sahədə qalibiyyət ili oldu. Azərbaycan hərbi, diplomatik, informasiya və s.) kompleks şəkildə mübarizə apararaq Ermənistanın hərbi təcavüzünə qarşı özünümüdafiə hüququndan istifadə edərək əks-hücüm əməliyyatları ilə misli görünməyən qələbə qazandı. Bundan sonrakı işimiz isə beynəlxalq hüquqi istiqamətdə səylərin cəmlənməsi olacaqdır. Xüsusilə 29 il bundan öncə 1992-ci ildə Xocalıda baş verən beynəlxalq cinayət faktlarının beynəlxalq aləmdə soyqırım kimi tanıdılması və bu faktlar əsasında beynlxalq cinayət mühakiməsinin reallaşdırılması qarşımızda duran ən ümdə vəzifədir.
Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətində ölkə Prezidenti İlham Əliyev vurğulamışdır ki, “biz azərbaycanlılara qarşı ermənilərin törətdiyi təcavüz və soyqırımın dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. Həm də bu zaman erməni şovinist millətçilərindən fərqli olaraq, siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq üçün faydalanmaq istəmirik”. Erməni vəhşiliklərini əks etdirən materialların xarici ölkələrdə, beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə Heydər Əliyev Fondu sərgilər təşkil edir, müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər yayır. Xüsusilə, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə geniş vüsət almış “Xocalıya ədalət” beynəlxalq kampaniyası uğurla davam edərilir.
Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin və ermənilərə qarşı beynəlxalq hüquqi iddialarla çıxış edilməsinin bir sıra mühüm məqamları vardır. Hazırda malik olduğumuz mövcud resurslar – təkmil dövlət siyasəti, qəbul olunmuş beynəlxalq hüquqi aktlar və dövlətdaxili qanunvericilik, diplomatik şərait, respublikamızın real hərbi-iqtisadi gücü, xüsusilə ölkəmizin 2016-cı ilin aprel döyüşlərindəki və 2020-ci ilin sentyabr-noyabr ayları ərzində möhtəşəm qalibiyyəti, Dağlıq Qarabağda və ətraf rayonlarda infrastrukturun bərpası ilə bağlı dövlət başçısı tərəfindən atılan konseptual addımlar, habelə informasiya müharibəsinin “xüsusi təyinatlıları”, yəni müasir media və Azərbaycan gəncliyi Xocalı hadisələrinin soyqırım kimi tanıdılmasına, eyni zamanda Ermənistanın digər beynəlxalq cinayətlərinin hüquqi cəhətdən qiymətləndirilməsinə tam əsaslar və imkanlar yaradır. Yəni tarixdə qaliblər hər zaman mühakimə etmiş, ədalətin zəfərinə nail olunmuşdur. Biz də böyük millət olaraq haqqımızın bərpası üçün məhz hərbi sahədə qalib olduğumuz kimi, nəinki Xocalıda, 2020-ci ildə Gəncə, Bərdə, Tərtər və digər şəhər və kəndlərimizdə törədilən erməni cinayətlərinə görə beynəlxalq hüquq sahəsində də qələbəyə nail olacağıq.
Xocalı soyqırımı milli və beynəlxalq hüquqda cinayət kimi
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırıqlar qarşımızda yeni vəzifələrin reallaşdırılmasını zəruri edir: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq. …Nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir – faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər”.
Respublika hərbi prokurorluğunun məlumatına əsasən Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkən şəxs qismində dindirilmiş, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınmış, bu cinayət üzrə 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Nəticədə 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların əksəriyyətinin Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır.
Beynəlxalq hüquqda soyqırım cinayətinə 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da anlayış verilir. Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, soyqırım cinayəti hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tamamilə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərinin öldürülməsi, onlara ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi, qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması, qrup daxilində doğumun qarısının alınmasına yönəlmiş tədbirlər, zorla uşaqların bir qrupdan digərinə verilməsidir. Qeyd olunmalıdır ki, soyqırım cinayətinə görə bu Konvensiya ilə ilk dəfə beynəlxalq fərdi cinayət məsuliyyəti təsbit olunmuşdur.
Xocalı soyqırımı ilə bağlı ölkədaxili hüquqi prosedurların, xüsusilə bu faktlar əsasında cinayət məsuliyyəti, habelə istintaq-əməliyyat tədbirlərinin davam etməsi kontekstində hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmaqla cinayət mühakiməsinin reallaşdırılması xüsusi önəm kəsb edir. Çünki faktiki olaraq cinayət baş verdiyi halda cəza labüd deyil. Əlbəttə, buna bəzi beynəlxalq hüquqi sənədlərin qəbul olunması zamanı siyasi iddiaların önə çəkilməsi daha çox mane olur. Xatırladaq ki, 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı, lakin 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən 2017-ci ilin yanvarın 1-dən BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə ilk baxışdan Azərbaycan ərazisində törədilən cinayətlərə, o cümlədən soyqırım cinayətinə görə məsuliyyətə cəlbetmə üçün real imkanların olmadığı qənaətinə gəlinə bilər. Çünki Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin fikrimizcə, burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə hüquqi baxımdan vəziyyət bir qədər fərqli olacaq. Daha doğrusu, müasir beynəlxalq cinayət hüququnun normalarına və məhkəmə presedentlərinə əsaslansaq, bu iki cinayətin istisna təşkil etdiyini müəyyən etmək mümkündür.
Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsi qaldırıla bilər.
Bundan əlavə, BMT-nin 26 noyabr 1968-ci ildə qəbul etdiyi və 11 noyabr 1970-ci ildə qüvvəyə minmiş “Hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasının (31.05.1996-cı ildə ratifikasiya olunub) 1 (b) maddəsinə görə soyqırım cinayətinə, hətta o dövlətlərin daxili hüququna əsasən cinayət tərkibi yaratmasa belə, onun törədilməsi tarixindən asılı olmayaraq məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz. Digər tərəfdən, bununla bağlı beynəlxalq hüquqda artıq presedent də mövcuddur. Kamboca Fövqəladə Məhkəmə Palataları (2003) tərəfindən 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayətinə görə mühakimə həyata keçirilmiş və bu zaman məsuliyyətə cəlbetmə müddəti tətbiq edilməmişdir.
Xocalı soyqırımının beynəlxalq hüquqi elementlərinə gəldikdə, bu cinayət 1992-ci il 26 fevral tarixində əhatəliliyi və sistematikliyi ilə fərqlənən, əksər dünya dövlətləri tərəfindən hələ də cinayət olaraq tam etiraf olunmayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş beynəlxalq cinayətdir. 1988-ci ildən ermənilər tərəfindən başlanan və davam edən təcavüz cinayətinin fonunda baş verən bu kriminal əməlin xarakteri və elementlərinə bu gün beynəlxalq sənədlər əsasında qiymət verilməlidir. Ümumiyyətlə, beynəlxalq cinayətləri milli cinayətlərdən fərqləndirən mühüm şərtlərdən biri də ondan ibarətdir ki, burada cinayətin həm obyekti baxımından, həm də məsuliyyətin müəyyən olunması üçün kriminal əməl beynəlxalq ictimaiyyətin əksər subyektləri tərəfindən tanınmalıdır. Sonrakı mərhələ isə bu əməllərə görə beynəlxalq mühakiməni labüd edir.
Xocalı soyqırımına görə universal yurisdiksiya prinsipinin tətbiqi imkanı
Hər bir dövlət öz ərazisində baş verən cinayətlərə görə bir qayda olaraq ədalət mühakiməsini özü həyata keçirir. Lakin beynəlxalq cinayətlərə münasibətdə bu prinsip bir qədər fərqlidir. Soyqırım və digər beynəlxalq cinayətlərin təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onlara görə beynəlxalq hüquqda universal yurisdiksiya prinsipi müəyyənləşdirilmişdir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal yurisdiksiya prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Yüzlərlə dinc azərbaycanlının qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə qətlə yetirilməsi Xocalıda baş verən faktların beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Tarixi Azərbaycan torpaqları olan Qarabağa və Zəngəzura XIX əsrdən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1918, 1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə, 1988-ci ildə yüz minlərlə azərbaycanlının deportasiya olunması, Xocalı soyqırımı və bu gün də davam edən təcavüz cinayətinə görə ad hoc – vahid Beynəlxalq Hərbi Tribunal formalaşdırılması tələbi ilə çıxış etməklə ədalət mühakiməsi reallaşdırılmalıdır.
Xüsusi beynəlxalq məhkəmə mexanizmi və hibrid yurisdiksiyalı məhkəmə
Müasir beynəlxalq hüquqda ədalət mühakiməsinin reallaşması isə Ermənistan tərəfindən törədilən cinayətlərə kompleks yanaşmanı zəruri edir. Kompleks yanaşmanın mahiyyəti həm beynəlxalq hüquq, həm də milli hüquq normaları nəzərə alınmaqla Dağlıq Qarabağda və onun ətraf rayonlarında baş vermiş və hazırda davam edən cinayətlərə münasibətdə beynəlxalq mühakimə prosedurlarının və bir-biri ilə əlaqəli beynəlxalq cinayətlərin birgə nəzərdən keçirilməsidir.
Bu baxımdan müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən təcavüz, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə ad hoc hərbi tribunal və ya digər xüsusi məhkəmə mexanizmlərinin yaradılması mümkündür.
Çünki beynəlxalq praktikada analoji cinayətlərə görə belə mexanizmlər mövcuddur. Beynəlxalq hüquqda xüsusi məhkəmələr o cinayətlərə münasibətdə yaradılır ki, onlar bütün bəşəriyyət üçün daha çox təhlükəli əməllər sayılır və belə təhlükənin davamlılığı labüd olur. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. ad hoc və hibrid məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. Belə dövlətüstü məhkəmə qurumları BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılır və ya cinayət qurbanı olan ölkə ilə BMT arasında müqavilə imzalanaraq xüsusi məhkəmə instansiyası qismində fəaliyyət göstərir. Baxmayaraq ki, BMT-nin Haaqada daimi Ədalət Məhkəməsi fəaliyyət göstərir, lakin bu təsisatın səlahiyyətinə beynəlxalq cinayətlərə görə nə dövlətin, nə də fərdin cinayət məsuliyyətinə cəlb edilməsi məsələləri aid deyildir.
Xocalı soyqırımına görə xüsusi beynəlxalq məhkəmə təsisatının formalaşdırılması üçün ilk növbədə bu cinayətin qlobal miqyasda məhz bəşəriyyət əleyhinə cinayət olmasını əsaslandıran siyasi tendensiyanı ortaya qoymaq və məhz buna beynəlxalq ictimaiyyəti inandırmaq lazımdır. Məsələn, 2007-ci ildə Livanda yaradılan xüsusi məhkəmənin təyinatına diqqət yetirsək görərik ki, bu məhkəmənin predmeti yalnız 2005-ci ildə Livanın sabiq baş nazirinin qətlə yetirilməsi ilə bağlı mühakimə məsələlərini əhatə edir. Yəni, hər hansı bir siyasi xadimin qətlinin bu qədər “siyasiləşməsi” fonunda xüsusi məhkəmə yaradılması “zərurəti” ilə yüzlərlə sadə dinc əhalinin amansızlıqla və xüsusi qəddarlıqla qətl edildiyi, xəsarət yetirildiyi Xocalı soyqırımına görə ad hoc Tribunalının və ya digər xüsusi məhkəmə mexanizminin (məsələn, hibrid məhkəmənin) yaradılmaması müqayisəolunmazdır.
Ümumiyyətlə beynəlxalq praktikada hibrid (qarışıq) yurisdiksiyalı tribunal qismində fəaliyyət göstərən məhkəmə təcrübəsinə də istinad edilməsini Ermənistanın Azərbaycana hərbi təcavüzü, xüsusilə Xocalı soyqırımı kontekstində faydalı ola bilər Çünki bu zaman törədilmə müddətindən asılı olmayaraq, beynəlxalq cinayətlərə görə qarışıq məhkəmə mexanizminin tətbiqi aktual olacaq. Ad hoc məhkəmələrdən fərqli olaraq hibrid (qarışıq) məhkəmələr mahiyyətcə beynəlxalq cinayət mühakimə orqanları olub, onların fəaliyyət və yurisdiksiya qaydaları beynəlxalq və dövlətdaxili hüquq normalarının birgə tətbiqinə əsaslanır. Bu məhkəmələrin yurisdiksiya predmetini isə biri-biri ilə əlaqəli olan və eyni coğrafi regionda baş vermiş beynəlxalq cinayətlər təşkil edir. Misal üçün, Kamboca hökuməti ilə BMT arasında 2003-cü ildə imzalanmış Müqavilə əsasında yaradılmış Fövqəladə Məhkəmə Palatalarının əsas məqsədi 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayəti də daxil olmaqla bir sıra hərbi və insanlıq əleyhinə cinayətlərin mühakimə edilməsindən ibarət olmuşdur. Hibrid məhkəmə mexanizminin, həmçinin bir sıra üstünlükləri var. Birincisi, hibrid məhkəmələrin təşkili və ya milli məhkəmələrin beynəlxalq hüquqi status əldə etməsi beynəlxalq cinayət mühakimə icraatında yeni və unikal mexanizmdir. İkincisi, hibrid məhkəmələrdə hakimlər həm beynəlxalq səviyyəli, həm də milli məhkəmələrin hakimlərindən təşkil olunur ki, bu da işin daha səmərəli və yerli şərait, habelə milli qanunvericilik nəzərə alınaraq aparılması imkanlarını artırmış olur. Üçüncüsü, bu mexanizm işin daha sürətli, effektiv həyata keçirilməsini, habelə qərarların daha çevik qəbul olunmasını şərtləndirir.
Beləliklə,Xocalı soyqırımı ilə bağlı fəaliyyətin praktik-hüquqi müstəviyə keçirilməsi üçün ilk növbədə, Ermənistan tərəfindən törədilən bu cinayət dünya parlamentləri tərəfindən soyqırım cinayəti kimi tanınmalı, hadisələrə düzgün siyasi qiymət verilməli və cinayət məsuliyyəti məsələsi olduqca kəskin şəkildə qoyulmalıdır. İkincisi, Xocalı soyqırımına görə universal yurisdiksiya əsasında ədalət mühakiməsinin həyata keçirilməsi mühüm məsələdir. Üçüncüsü, həmin faktların 1948-ci il Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında beynəlxalq Konvensiyanın, 1949-cu il Müharibə qurbanlarının beynəlxalq müdafiəsi haqqında Cenevrə Konvensiyasının (IV Konvensiya), 1998-ci il Beynəlxalq Cinayət Məhkəməsi Statutunun və onlarla beynəlxalq müqavilə müddəalarını pozduğu və cinayətin subyektlərinin məhz erməni etnik qrupuna məxsus şəxslər və ya Ermənistan rəsmiləri olduğu iddia edilərək, törədilən cinayət hərəkətlərinin azərbaycanlılara qarşı etnik təmizləmənin əyani sübutu və soyqırımın törədilməsini özündə ehtiva edən zəruri niyyət olduğu xüsusi olaraq bəyan olunmalıdır. Dördüncüsü, cinayətin subyektlərinin hərbi elementlə sıx əlaqəsinin olduğu nəzərə alınmaqla Dağlıq Qarabağda baş verən digər cinayətlərlə bağlı ad hoc Hərbi Tribunalın və ya hibrid yurisdiksiyalı məhkəmənin yaradılması zərərçəkən tərəf olaraq Azərbaycanın hüququdur.
İstifadə olunmuş ədəbiyyat:
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı. 22 İyul, 2010. http://www.azertag.com
- Лукашук И.И., Наумов А.В.Международное уголовное право. М.: СПАРК. 1999. С. 39-40;
- Кибальник А.Г. Современное международное уголовное право. СПб: Юрцентр Пресс. 2003. С. 147.
- http://www.un.org/law/icc/statute/romefra.htm