Qaçqın və məcburi köçkünlərin beynəlxalq müdafiəsinin siyasi aspektlərinin nəzəri təhlili

Kəmalə Nəsirova

Bakı Slavyan Universitetinin

Beynəlxalq münasibətlər kafedrasının doktorantı

Açar sözlər: qaçqın, məcburi köçkün, qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsi,  miqrasiya.

Keywords: refugees and IDPs, international protection of refugees and IDPs, migration.

Beynəlxalq münasibətlər sistemində qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmununun aydınlaşdırılması və problemin siyasi aspektlərinin hərtərəfli təhlili mühüm nəzəri və konseptual əhəmiyyət kəsb edir. İstər qədim və orta əsrlərin beynəlxalq münasibətlər tarixində qaçqınlarla bağlı məsələlər, istərsə də, yaxın tariximizə diqqət yetirsək görərik ki, əslində müasir beynəlxalq münasibətlər sistemində də qaçqın və məcburi köçkünlərin beynəlxalq müdafiəsini şərtləndirən amillər məhz siyasi elementlər, siyasi səbəblər və təhdidlər, habelə beynəlxalq siyasi-hərbi təhlükəsizlik məsələləridir. Bu təhdid və səbəblər isə son illər planetdə qlobal miqyaslı, xüsusilə Yaxın Şərqdə və dünyanın bir sıra digər konfliktogen zonalarında qaçqın sayını xeyli artırmışdır. Eyni zamanda, Azərbaycanın 2020-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunması da qaçqın və məcburi köçkünlərin qayıdışı ilə əlaqədar problemin aktuallığı şərtləndirir.

Qaçqın problemlərinin tədqiqatçısı, professor Gil Loesçer yazır ki, davamlı siyasi və diplomatik təşəbbüslər, inkişafa yardım, insan haqlarının monitorinqi və demokratik institutların qurulması, vətəndaş cəmiyyətinin gücləndirilməsi yolu ilə görülən bütün tədbirlərə vaxtında başlanılsa və kifayət qədər iqtisadi və siyasi dəstək verilərsə, bunlar zorakılığın baş verməsinin və əhalinin kütləvi yerdəyişməsinin qarşısını almağa kömək edər.[1] Müəllifin bu fikirlərinə şərik çıxaraq vurğulamaq lazımdır ki, bir çox hallarda beynəlxalq sistemdə mövcud olan müxtəlif siyasi-hərbi gərginlik və böhran situasiyaları səbəbindən qaçqınların sayı kütləvi şəkildə artmış, qaçqın probleminin mərkəzində qlobal siyasi faktorlar dayanmışdır.

Son illərin praktikasından çıxış edərək, təkcə bir faktı vurğulamaq kifayətdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru məhz siyasi və hərbi, eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununu obyektiv qiymətləndirməyə imkan verir. Qaçqın probleminin siyasi elementlərini beynəlxalq münasibətlər sistemindəki dəyişiklilərlə, siyasi böhranlarla bağlılığını xarakterizə edən prof. Musa Qasımlı yazır ki, beynəlxalq syasi şəraitdən yararlanmaqla, 1990-cı illərin beynəlxalq münasibətlərində baş verən Körfəz müharibəsi kontekstində sovet rəhbərliyinin diqqətini bu müharibə ilə bağlı diplomatik səylərə yönəltməsi Ermənistanın işinə yaradı və Azərbaycana kütləvi qaçqın axını başladı. 1990-cı ilin sentyabrında Azərbaycanda Ermənistandan qovulan 201 min azərbaycanlı, 2,5 min kürd, 1,5 minə qədər rus, süni surətdə törədilmiş münaqişə zəminində Özbəkistandan qovulan 29 min Ahıska türkü var idi. Az sonra Azərbaycanda qaçıqınların sayı 250 min nəfərə çatdı.[2]

Həmçinin, tamamilə siyasi səbəblərdən 1994-cü ildə Ruandadan Zairə qaçqınların faciəli şəkildə çıxması zamanı qaçqın kimi tanınanların ümumi sayı cəmi bir həftə içində 1,2 milyon nəfərə yüksəlmişdir. Məhz bu və ya digər faktlar son dövrlərin beynəlxalq münasibətlər sistemində qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmununu şərtləndirən əsas tendensiyalardan biri kimi çıxış etməkdədir. Eyni zamanda, siyasi amillər qaçqın və məcburi köçkün probleminin başlıca səbəbi və həm də müəyyən hallarda nəticəsi kimi çıxış etməkdədir.

Qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmunu  və siyasi aspektlərinin müxtəlif elementlərini şərh edən professor Edvard Neyman hesab edir ki, tarixi, texnoloji və sosial-iqtisadi dəyişikliklər cəmiyyətlərə bir çox cəhətdən təsir etmiş, münaqişələrin xarakteri və təsiri buna uyğun olaraq dəyişmiş, müharibədən sonrakı dövrdə, məsələn, bir sıra tarixi qüvvələr və proseslər həm leqal, həm də qeyri-leqal formada qaçqın, yerdəyişmə və miqrasiya meyillərinə və qanunlarına təsir göstərmişdir. İkinci dünya müharibəsi Avropada təxminən 40 milyon insanı vətənlərinin hüdudlarından kənarda buraxdı. Dekolonizasiya və müstəqillik uğrunda aparılan müharibələr, dövlətlərin parçalanması, qloballaşma, soyuq müharibənin sonu və şəxsiyyət siyasətinin “dirçəlişi” bütün bunlara təsir etmişdir.[3] Alimin bu fikirindən belə nəticəyə gəlmək mümkündür ki, ümumiyyətlə qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmunu şəxsiyyətin hüquqi statusu, zaman və məkan, habelə insanın mənəvi dəyəri ilə sıx bağlıdırsa,  bu problemin siyasi aspektləri isə daha çox müharibə, epidemiyalar, iqtisadi və siyasi kataklizmlərin nəticəsi kimi çıxış edir. Biz beynəlxalq münasibətlər sisteminin bu günkü mənzərəsinə nəzər yetirdikdə qaçqın və məcburi köçkünlərlə, əhalinin yerdəyişməyə məcbur olan təbəqəsi ilə, ümumiyyətlə miqrasiya proseslərinin məzmunu ilə bağlı yeni tendensiyaların da şahidi oluruq. BMT Baş Assambleyasının 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə qəbul olunmuş Qaçqınlar və miqarantlarla bağlı Nyu-York Bəyannaməsində də qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmunu  və siyasi aspektləri ilə bağlı qeyd olunur ki, qaçqınların və miqrantların böyük hərəkəti, bütün sərhədləri aşan siyasi, iqtisadi, sosial, inkişaf, humanitar və insan hüquqları ilə əlaqəli nəticələrə malikdir. Bunlar qlobal yanaşmalara və qlobal həll yollarına çağırış edən qlobal fenomenlərdir. Heç bir dövlət bu hərəkəti təkbaşına idarə edə bilməz.[4] Bu sənəddən də göründüyü kimi, qaçqınların müdafiəsi ilə bağlı məsələnin həlli yalnız beynəlxalq münasibətlər sisteminin rasional harmoniyasından, siyasi, sosial və iqtisadi əlaqələrin inkişafından, habelə ölkələrə və icmalara kömək etmək üçün daha böyük beynəlxalq əməkdaşlıqdan asılıdır.

Müasir dövrdə dünyanı bürüyən COVİD-19 (koronovirus) pandemiyası əhali yerdəyişməsinin siyasi aspektləri və qaçqınların beynəlxalq müdafiəsi sistemi ilə bağlı yeni çalarlar ortaya qoymuşdur. Yəni, dünyadakı son proseslər eyni zamanda qaçıqın və məcburi köçkün, əhalinin yerdəyişmə və miqrasiya proseslərinə də fərqli yanaşmaların ortaya çıxmasına səbəb olmuşdur. Koronavirusun yayılması qaçqınların və məcburi köçkünlərin, hakimiyyətin siyasəti və təcrübələri səbəbindən xüsusi risk altında olduğunu qeyd edən Dr. Lina Xatib vurğulayır ki, COVID-19-un qaçqınlara təsiri də siyasi xarakter daşıyır.[5] Eyni zamanda, COVİD-19-un qaçqınların beynəlxalq müdafiəsinə təsiri ilə bağlı araşdırmalar aparan Dünya İqtisadi Forumu öz saytında bildirir ki, bu dönəmdə dünyada qaçqınlar və sığınacaq axtaranlar qorxu və qeyri-müəyyənlik doğuran yanlış məlumatların yayılması ilə çətinləşən COVID-19-un fiziki və siyasi təsirindən əziyyət çəkirlər. Qaçqın icmalarında COVID-19 pandemiyası təhlükəsi artdıqca hazırlıq hər zamankindən daha vacibdir. Dəhşətli vəziyyətlərdən qaçan sığınacaq axtaranlar getdikcə sərt miqrasiya siyasəti və sərhədlərin bağlanmasına görə tələyə düşürlər.[6]

Ümumiyyətlə qeyd etmək lazımdır ki, qaçqın və məcburi köçkün probleminin siyasi kökləri beynəlxalq münasibətlər sistemində gərginləşən situasiyalar və siyasi konfliktlərlə birbaşa bağlıdır. Burada təbii ki, beynəlxalq qurumlar öz missiyasını lazımi şəkildə yerinə yetirmədikdə, problemin həlli qeyri-mümkün olacaqdır. Bununla əlaqədar prof. Gil Loescher qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) kimi beynəlxalq humanitar qurumlar siyasi situasiyaların təcavüzkar münaqişələrə çevrilməsinin qarşısını almaq üçün “yumşaq müdaxilə” konsepsiyasını təbliğ edirlər. Bununla belə, silahlı hərbi əməliyyatlar artıq bir ölkə daxilində baş verdiyi və insan hüquqlarının geniş şəkildə pozulması ilə müşayiət olunduğu təqdirdə, bu cür pozuntuları dayandırmaq üçün “sərt” müdaxilə formaları, o cümlədən hərbi əməliyyatlar lazım ola bilər.[7] Professorun bu fikirinə tam şərik olaraq, qeyd etmək istərdik ki, beynəlxalq siyasi şəraitdən və bütün dünyanın pandemiya ilə mübarizə aparmasından sui-istifadə edərək, 12 iyul 2020-ci ildə Azərbaycanın Tovuz rayonuna Ermənistan tərəfindən silahlı təcavüz edilməsinə cavab olaraq, ölkəmizdə yeni qaçqın kütləsinin yaranmaması üçün real siyasi və hərbi situasiya “yumşaq müdaxilə”ni deyil, “sərt” müdaxilə formasını – hərbi əməliyyatları zəruri etmişdir. Ona görə də 2020-ci ilin sentyabr noyabr ayları ərzində Azərbaycan əks-hücum əməliyyatları ilə həm ərazi bütövlüyünü, həm də qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarını təmin etmişdir. 

Prof. Qudvin Qill vurğulayır ki, qaçqın probleminin hər zaman tamamilə qeyri-siyasi ola biləcəyini təsəvvür etmək qeyri-realdır. Onun fikrincə, 1920-1955-ci illər tarixinin də təsdiqlədiyi kimi, dövlətlərin qaçqın axınlarına reaksiyalarında motivasiya amili onların öz maraqlarının davamlı olması idi. Lakin,1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində qaçınlara dair bir təqib yönümlü tərifin müəyyənləşdirilməsi ilə təkcə beynəlxalq səviyyədə deyil, həm də milli sığınacaq prosedurlarını tənzimləyən beynəlxalq qaçqın rejimini formalaşdırdı.[8]

Baxmayaraq ki, 1950-ci ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə BMT yaradılmış və 1 yanvar 1951-ci ildə fəaliyyətə başlayan Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi (UNHCR) mahiyyəti qeyri-siyasi xarakterli bir qurum kimi formalaşmışdısa və humanitar təşkilat kimi yaradılmışdısa, bu gün artıq bu qurum bir sıra qaçqınalrı məhz siyasi baxışlarına və ya siyasi əqidəsinə görə dövlətlərin təqibindən qorumaq missiyasını yerinə yetirir. Onun vəzifəsi qaçqınların beynəlxalq müdafiəsini təmin etmək və qaçqın probleminin davamlı həllinə nail olmaqla bu məqsədlərə çatmaqda kömək etməkdir. Əlbəttə, həm də yaddan çıxarmaq olmaz ki, bu qurum hazırda öz vəzifəsini hökumətlərlə siyasi əməkdaşlıq yolu ilə həyata keçirir. Bundan başqa, BMT strukturlarında qaçqınlarla qəbul olunan qərarlar məhz siyasi səbəblərlə əlaqədar olmuşdur. Məsələn, buna bariz nümunə kimi Azərbaycan qaçqınlarına beynəlxalq yardımın göstərilməsi ilə bağlı qərarından da görmək mümkündür. Məhz beynəlxalq siyasi şəraitin, o cümlədən Azərbaycanda pisləşən humanitar vəziyyətin və 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasından dərin narahatlığını ifadə edən BMT Baş Assambleyası 1993-cü ildə 85-ci plenar iclasında Azərbaycanda qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında A / RES / 48/114 saylı  Qətnamə qəbul etmişdir.[9]

İstər əvvəlki dövrlərin, istərsə də, müasir dövrün beynəlxalq münasibətlər sistemində qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  məzmunu  və siyasi baxımdan qaçqınların vəziyyəti və institusional idarəetmə ilə bağlı normaların kodifikasiyası da mühüm elmi-praktiki mahiyyət kəsb edən məsələlərdən biri hesab edilir.

A. İ. Qercen adına Rusiya Dövlət Pedoqoji Universitetinin professoru N. Y. İvanovna bununla əlaqədar qeyd edir ki, qaçqınların hüquqları sahəsində kodifikasiya prosesi beynəlxalq səviyyədə insan hüquqlarının tənzimlənməsindən daha əvvəl başlamışdır. Hesab edilir ki, qaçqınların hüquqlarının müdafiəsi institutunun formalaşması beynəlxalq münasibətlərin inkişafı ilə bilavasitə əlaqəlidir. [10] Bu fikirlərin təhlilindən də açıq-aydın görünür ki, insan hüquqları tarixən XIX-XX əsrlərin məhsulu olmuşdursa, qaçqınların beynəlxalq müdafiəsinin siyasi aspektləri də əvvəlki dövrlərə aid olmaqla, daha çox beynəlxalq münasibətlərdə geniş mənada siyasi, həmçinin, sosial-iqtisadi və demoqrafik proseslərin nəticəsində formalaşmışdır. Bununla əlaqədar, qaçqın probleminin sosial-iqtisadi və etnik səbəblərinə toxunan siyasi analitik Z. Bjezinski yazır: “Aydındır ki, qlobal miqyasda artan əhali miqrasiyası kimi bir hadisənin yalnız sosial-iqtisadi sahədə “təhlükəsizlik qapağı” kimi deyil, həm də “etnik və sosial konfliktlərin qitədən qitəyə köçürülməsi vasitəsi” kimi də xidmət edə bilər”.[11]

Ona görə də hesab edirik ki, qaçqın və məcburi köçkünlərin beynəlxalq müdafiəsinin siyasi məzmun etibarilə mühüm elementi bu paradiqmaya kompleks yanaşılmasından ibarətdir. Kompleks yanaşma o deməkdir ki, qaçqın probleminin beynəlxalq müdafiəsini zəruri edən amillərə həm siyasi səbəb və maraqlarla yanaşı, həmçinin burada sosial, iqtisadi və demoqrafik faktorlar da aid edilməlidir.

Beləliliklə, qaçqın və məcburi köçkün probleminin siyasi kökləri beynəlxalq münasibətlər sistemində gərginləşən situasiyalar və siyasi konfliktlərlə birbaşa bağlıdır. Burada beynəlxalq qurumlar öz missiyasını lazımi şəkildə yerinə yetirmədikdə, problemin həlli qeyri-mümkün olacaqdır. Digər tərəfdən, dünyadakı son proseslər qaçıqın və məcburi köçkün, əhalinin yerdəyişmə və miqrasiya proseslərinə də fərqli yanaşmaların ortaya çıxmasına səbəb olmuşdur. Ölkəmizdə yeni qaçqın kütləsinin yaranmaması üçün real siyasi və hərbi situasiya “yumşaq müdaxilə”ni deyil, “sərt” müdaxilə formasını – hərbi əməliyyatları zəruri etmişdir. Ona görə də 2020-ci ilin sentyabr noyabr ayları ərzində Azərbaycan əks-hücum əməliyyatları ilə həm ərazi bütövlüyünü, həm də qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarını təmin etmişdir. 

Ədəbiyyat siyahısı:

  1. Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920‐1994‐cü illər). – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016. S.448– 520 səh.
  2. Азербайджан на международной арене, http://files.preslib.az
  3. Бжезинский, З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международные отношения, 1999. C. 232.
  4. Иванова Н. Ю. К вопросу о статусе беженца в международном праве, https://www.gramota.net
  5. COVID-19 Impact on Refugees is Also Political, https://www.chathamhouse.org
  6. Gil Loescher, Refugees as grounds for international action, https://collections.unu.edu
  7. Guy S. Goodwin-Gill, The Politics of Refugee Protection. Refugee Survey Quarterly, Volume 27, Issue 1, 2008, Pages 8–23, https://doi.org
  8. Refugees and forced displacement: international security, human vulnerability, and the state / Edward Newman and Joanne van Selm, editors. The United Nations University Press, New York, 2003, p. 13.  391 pp.
  9. Resolution adopted by the General Assembly on 19 September 2016, New York Declaration for Refugees and Migrants, https://www.un.org
  10. On World Refugee Day, a look at how COVID-19 is affecting refugees and asylum seekers, https://www.weforum.org

Xülasə

Məqalə beynəlxalq münasibətlər sistemində qaçqın və məcburi köçkünlərin beynəlxalq  müdafiəsinin  siyasi aspektlərinin təhlilinə həsr olunmuşdur.  Yaxın tariximizə diqqət yetirsək görərik ki, əslində müasir beynəlxalq münasibətlər sistemində də qaçqın və məcburi köçkünlərin beynəlxalq müdafiəsini şərtləndirən amillər məhz siyasi elementlər, siyasi səbəblər və təhdidlər, habelə beynəlxalq siyasi-hərbi təhlükəsizlik məsələləridir. Ona görə də məqalədə 2020-ci ilin sentyabr noyabr ayları ərzində Azərbaycan əks-hücum əməliyyatları ilə həm ərazi bütövlüyünü, həm də qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarını təmin edilməsi məsələsində də toxunulur.

Summary

The article is devoted to the analysis of political aspects of international protection of refugees and internally displaced persons in the system of international relations. If we look at our recent history, we can see that in fact, in the modern system of international relations, the factors that determine the international protection of refugees and internally displaced persons are political elements, political causes and threats, as well as international political and military security. Therefore, the article touches on the issue of ensuring both the territorial integrity of Azerbaijan and the violated rights of refugees and internally displaced persons through counter-attack operations of Azerbaijan in September-November 2020.


[1] Gil Loescher, Refugees as grounds for international action, https://collections.unu.edu/eserv/UNU:2434/nLib9280810863.pdf P.32.

[2] Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək

erməni iddiaları: tarix – olduğu kimi (1920‐1994‐cü illər). – Bakı: Azərbaycan Respublikasının

Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016. S.448– 520 səh.

[3]Refugees and forced displacement: international security, human vulnerability, and the state / Edward Newman and Joanne van Selm, editors. The United Nations University Press, New York, 2003, p. 13.  391 pp.

[4] Resolution adopted by the General Assembly on 19 September 2016, New York Declaration for Refugees and Migrants, https://www.un.org/en/development/desa/population/migration/generalassembly/docs/globalcompact/A_RES_71_1.pdf

[5] COVID-19 Impact on Refugees is Also Political, https://www.chathamhouse.org/expert/comment/covid-19-impact-refugees-also-political

[6] On World Refugee Day, a look at how COVID-19 is affecting refugees and asylum seekers, https://www.weforum.org/agenda/2020/06/world-refugee-day-refugees-asylum-seekers-coronavirus-covid-19-pandemic-response/

[7] Gil Loescher, Refugees as grounds for international action, https://collections.unu.edu/eserv/UNU:2434/nLib9280810863.pdf P.32.

[8] Guy S. Goodwin-Gill, The Politics of Refugee Protection. Refugee Survey Quarterly, Volume 27, Issue 1, 2008, Pages 8–23, https://doi.org/10.1093/rsq/hdn003

[9] Азербайджан на международной арене, http://files.preslib.az/projects/republic/ru/azr2_4.pdf

[10] Иванова Н. Ю. К вопросу о статусе беженца в международном праве, https://www.gramota.net/articles/issn_1997-292X_2009_3_17.pdf

[11] Бжезинский, З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международные отношения, 1999. C. 232.