Heydər Əlİyev hüquq və İdarəetmə sİstemİnİ möhkəmləndİrən lİder kİmİ

Səyyad Məcidov

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi,

kiçik ədliyyə müşaviri,

hüquq elmləri üzrə fəlsəfə dokoru

Dahi şəxsiyyətləri hər zaman tarix mühafizə edir, xalqların milli dövlətçilik ruhunu da həmin şəxsiyyətlər formalaşdırır və qoruyub saxlayırlar. Əlbəttə, o şəxslər dahi hesab olunurlar ki, onların özündən sonra bəşəriyyətə qoyub getdiyi mirasın maddi və mənəvi bəhrəsindən nəinki bir xalq, bir millət, bütün insanlıq faydalanır. Şəxsiyyət və milli dövlətçilik bir-birinə möhkəm bağlı olan məhfumlardır. Şəxsiyyətin dahiliyi dövlətin gücü ilə, dövlətin qüdrəti isə şəxsiyyətin harizması ilə düz mütənasibdir. Müasir dövrümüzə qədər dövlət və cəmiyyət arasındakı münasibətlərdə lider, şəxsiyyət problemi hər zaman milli dövlətçiliyimiz üçün potensial təhlükə hesab olunmuşdur. XX əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin də süqutunun əsas səbəblərindən biri məhz ümummilli liderin, harizmatik şəxsiyyətin olmamasında idi. Demokratik dəyərlərin, qanunun aliliyinin rəhbər tutuldugu dövlətin, insan hüquqlarının, ədalətin təmin olunduğu azad cəmiyyətin formalaşdırılması xalqın iradəsindən nə dərəcədə asılıdırsa, onun inkişaf etdirilməsi və gələcək tərəqqisi şəxsiyyətin liderlik keyfiyyətlərindən bir o qədər asılıdır.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı bu tarixi qələbəsini də məhz qətiyyətli liderin olmaması səbəbindən itirmək təhlükəsi ilə qarşılaşmışdı. Azərbaycan tarxinin belə bir ağır məqamında xalqın etimadına və inamına arxalanmaqla milli dövlətçiliyimizi özünün müdrikliyi, dərin zəkası, möhkəm iradəsi, zəngin idarəçilik və unikal liderlik keyfiyyətləri ilə məhz Heydər Əliyev qoruyub saxlaya bilmişdir. Bu gün Azərbaycan xalqı ona görə şərəfli və uca xalqdır ki, o belə bir şəxsiyyəti – ulu öndər, müasir dövlətçiliyimizin banisi, özünün idealları, konsepsiyası, üslubu və yolu baxımından nəinki ümummilli, eləcə də ümumbəşəri lider səviyyəsinə yüksələn Heydər Əliyevi dünya tarixinə bəxş etməklə, onun simasında müstəqilliyimizin və müasir dövlətçiliyimizin xilaskarını qazanmışdır. Heydər Əliyev həm də ona görə fenomeal şəxsiyyətdir ki, onun siyasi kursu bu gün özünü tam doğruldub. O, özündən sonra milli dövlətçiliyimiz üçün əvəzsiz dövlət xadimi, xalqımızı üçün müzəffər bir sərkərdə yetişdirmişdir. Azərbaycan xalqı bunun bariz nümünəsini 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızı Ermənistanın hərbi təcavüzündən xilas etməklə misilsiz qələbə qazanmış Ali Baş Komandan, cənab İlham Əliyevin şəxsində və sərkərdəliyində gördü.

Belə seçilmiş şəxsiyyətlər eyni zamanda xalqımızın əsrlər boyu formalaşmış hüquq təfəkkürü, siyasi dünyagörüşü və milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmışlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmişdir.

Heydər Əliyev humanist ideyalara sahib olan və bütün dünyada qəbul olunan ən böyük dövlət xadimi və hüquqi dövlətin memarı idi. Onun hakimiyyəti xalqdan gələn və xalq üçün hakimiyyətdir. Çünki burada əsas məqsəd demokratikləşmə prosesinin başlıca prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik cəhətlərini nəzərə alan idarəetmə sistemini formalaşdırmaq, insan hüquq və azadlıqlarının təmin olunmasına əsaslanan hüquqi dövlət yaratmaq idi. Ulu öndərin irəli sürdüyü ictimai-siyasi sabitlik konsepsiyasının əsasında da məhz demokratiya, hüquqi dövlət və qanunun aliliyi amili dayanmışdır. Dahi şəxsiyyətin siyasi plüralizm, insan hüquqları kimi ali meyarlara əsaslanan dövlətçilik siyasəti hüquqi dövlətin təməlini təşkil etməklə, Azərbaycanın çox qısa vaxt ərzində demokratik ölkələr sırasında möhkəmlənməsinə mühüm stimul yaratmışdır.

İnsanda istedad və yaradıcılıq ilahi keyfiyyət hesab olunur. Allah bu keyfiyyəti yalnız özünün istəkli bəndələrinə verir. Heydər Əliyev müasir Azərbaycanda inkişaf etməkdə olan hüquqi dövlət quruculuğuna ilk növbədə xaraktercə yaradıcı şəxsiyyət olduğu üçün nail ola bilmişdir. Milli ideologiyamızın – azərbaycançılığın yaradıcısı kimi də tarixə düşmüş dahi lider vurğulayırdı ki, “mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu mənada Heydər Əliyev müstəqil, demokratik, hüquqi bir dövlətin yaradıcısıdır.

Hər hansı bir ölkədə milli, demokratik, hüquqi, sivil, dünyəvi dövlət quruculuğu həmin ölkə xalqının tarixi inkişafından və hüquq mədəniyyətinin səviyyəsindən, habelə daxili və xarici vəziyyətindən asılı olaraq, müəyyən zaman, eləcə də müxtəlif xarakterli çətinlik və maneələri dəf etmək üçün xüsusi strategiya tələb edir. Heydər Əliyevin böyüklüyü onda idi ki, o həm, Azərbaycan xalqının daxili və xarici vəziyyətini özünün qətiyyəti və iradəsi ilə stabilləşdirə bildi, eyni zamanda ali məqsədi insan hüquq və azadlıqlarının təminatı olan dövlətimizin gələcək strategiyasını müəyyən etdi. Buna görə də ülu öndər daim vurğulayırdı ki, Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur.

Heydər Əliyev Azərbaycan xalqının milli şüurunu dirçəldərək, ona sivil, dünyəvi, hüquqi dövlətin nə olduğunu anlatmış, onda gələcəyə böyük ümidlərlə baxmaq hissləri yaratmışdır. Vətənə, xalqa, milli, müstəqil dövlətə şərəfli xidmət qanunun aliliyinə hörmətdən başlanır. Bu səbəbdən də ulu öndər hakimiyyətə gəldikdən sonra hər şeyə Ali Qanunun – Konstitusiyanın qəbulu ilə başladı. Böyük dövlət xadimi üçün əlbəttə ki, bu addım təsadüfi hesab oluna bilməzdi. O, gələcək hüquqi dövlətin təməl daşını – Konstitusiyanı formalaşdırmaqla ilk növbədə ölkəmizin suverenliyinə və müstəqilliyinə əbədilik qazandırdı.

1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti qurulucuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit təməlin yaradılması işində mühüm addım olmuşdur.

Hüquqi sahədə islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummili liderimiz demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi, hüquqi islahatların ardıcıl və keyfiyyətlə aparılması üçün yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü, qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Komissiya tərəfindən qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli qanunların layihələri hazırlanmışdır. Beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər mütərəqqi qanunlar, habelə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi, Azərbaycanda mahiyyətcə yeni hüquq və 3 pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı.

Ulu öndərin yüksək humanizminin nəticəsidir ki, 1993-cü ildən icrasına moratorium qoyulan ölüm cəzasının 1998-ci ildə ləğv edilməsi ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda hər bir insanın ən ümdə haqqı olan yaşamaq hüququna əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab edilmişdir. Eyni zamanda, ölkəmizdə əfvetmə institutunun bərpa edilməsi vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmışdır.

Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir.

Bu gün ölkəmizdə Heydər Əliyev dövlətçilik strategiyasının və siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlu sosial-iqtisadi, hüquqi islahatlar həyata keçirilməkdədir. Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti, o cümlədən demokratik-hüquqi dövlət quruculuğunu uğurla davam etdirən Azərbaycan Prezidenti insan hüquq və azadlıqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji xəttə sadiqliyini əyani nümayiş etdirir. Heydər Əliyev yolunu yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olaraq davam etdirən dövlətimizin başçısı hüquqi dövlət strategiyasının detallarını cox aydın şəkildə və gələcəyə yüksək inam hissi ilə açıqlamışdır: “Bizi çox gözəl gələcək gözləyir. Ona görə vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azad cəmiyyət, hüquqi dövlət, qanunun alilliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir. Dövlət başçısının ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmiş, Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına çevrilmişdir.

Ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf konsepsiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Heydər Əliyev siyasəti, onun ideyaları, təməlini qoyduğu müstəqil hüquqi dövlət yaşayır və güclənir. Bu gün həm ölkədə gedən proseslər, həm bizim bölgədəki mövqelərimiz, qazandığımız zəfərlər, dünya proseslərinə təsir imkanlarımızın genişlənməsi bir məqsədi güdür ki, hüquqi dövlət, demokratik prinsiplər, qanunun aliliyi, hüquq bərabərliyi daha da möhkəmlənsin, Azərbaycan xalqına layiqli həyat səviyyəsi daha da yaxşı təmin olunsun, ölkəmizdə bütün insanlar təhlükəsizlik, ictimai-siyasi sabitlik, tolerantlıq mühitində yaşasın, insan hüquqlarının etibarlı təminatına yaradılan şərait güclənsin.