Nİzamİ Gəncəvİ İrsİndə hüquq, ədalət və İnsan hüquqları konsepsİyası

Səyyad Məcidov – hüquq elmləri üzrə fəlsəfə doktoru, Ədliyyə Nazirliyinin əməkdaşı.

Nizami Gəncəvi dünya mədəniyyətində, bəşəriyyətin ictimai-siyasi fikir tarixində müstəsna rolu və yeri olan dahi şəxsiyyətlərdən biridir. XII əsr Azərbaycan intibah dövrünün zəngin və parlaq nümunəsi hesab olunan Nizami irsinə nəzər saldıqda hər zaman humanizm prinsiplərinin, öz dövrünü qabaqlayan innovativ və demokratik dəyərlərin, o cümlədən hüquq, ədalət və insan haqları ideyalarının varlığı diqqəti cəlb edir. Eyni zamanda o dövrün hüquqi-siyasi fikrinin müasir dövrə resepsiyası ona görə daha aktualdır ki, tarixi mənbələrdən və dahi mütəfəkkirin əsərlərindən də göründüyü kimi Nizami Gəncəvi müxtəlif elmlərə, o cümlədən fiqh elminə (islam hüququna), fəlsəfəyə dərindən bələd olan, şəriət qayda-qanunlarını mükəmməl şəkildə bilən fəqih olub. Təsadüfi deyil ki, bu qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmiş, Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açılmışdır. Ona görə də, biz bu məqalədə Nizami irsini hüquq, ədalət və insan hüquqları kontekstində araşdırmağa cəhd edəcəyik. Çünki Nizami Gəncəvi yaradıcılığı o qədər geniş və dərin məzmuna, daxili zənginliyə malikdir ki, biz bu ideyaların araşdırılması zamanı yalnız ümmanda zərrə axtarışında ola bilərik.

Nizami irsinin və yaradıcılığının istər ədəbi-bədii, istərsə də sosial-hüquqi kontekstdə araşdırılması zamanı ilk növbədə diqqəti cəlb edən məsələ insan faktoru və insanın sosial və mənəvi dəyəridir. Bu mənada professor X.Yusifli qeyd edirdi ki, “dünyanın ən böyük humanistləri, yəni intibah dövrü sənətkarları kimi Nizami poeziyasının da bir mehvəri, bir qibləsi vardır ki, o da insandır. Ona görə də insana zidd olan bütün hallar onun poeziyasında müxtəlif mövqelərdən atəşə tutulur, onların başına qəzəb, nifrət alovları yağdırılır”. Əslində Nizamini dahilik zirvəsinə qaldıran amil də məhz onun bütün yaradıcılıq impulsunun insan azadlığı və kamil insan faktoru ətrafında cəmlənməsidir.

Burada bir fikrin üzərində xüsusi dayanmaq zəruridir. Bəzi elmi ədəbiyyatlarda humanizm konsepsiyasının Avropada yaradılması ilə bağlı fərziyyələr irəli sürülür. Bu konsepsiyanın mərkəzi ideyası insan faktoru, insan ləyaqəti, humanist fəlsəfənin əbəbiyyatla birləşərək insanın qüdrəti və ucalığını bəyan etmək idi. Bu cərəyanın XIV-XV əsrlərdə İtaliyada yaranması və görkəmli nümayəndələrinin Dante, Françesko Petrarka və s. olduğu vurğulanır. Lakin, biz bu araşdırmamızın nəticələrinə dayanaraq tam əminliklə deyə bilərik ki, humanizm ideyaları Nizami irsində hələ XII əsrdən mövcud olmuş, insanın ali dəyərini, insanın nəinki cəmiyyətdə və dünyadakı, hətta kainatdakı yerini və rolunu məhz əbəbiyyat, bədii obrazlar vasitəsilə bəşəriyyətə çatdırmaqla Nizami Gəncəvi humanizm konsepsiyasının əslində banisi kimi çıxış etmişdir. Çünki Nizami yaradıcılığı büsbütün bəşəri və insani sərvətdir, dahi şairin ədəbi irsi tamamilə humanizm, ədalət, ədalətli cəmiyyət və dövlət, insanın hüquq və azadlıqlarına əsaslanan dəyərlər sistemidir. Humanizm Nizami şeirinin mərkəzindəki motivdir və o yaradıcılığının hər bir zərrəsini insana xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab etmişdir. Əsrlər boyu Nizami sənətinin ölməzliyi və əbədi xarakteri buradan qaynaqlanır. Əsərləri zaman-zaman Şərq dillərinə olduğu kimi Qərb dillərinə də tərcümə edilmiş və bəşəriyyətin mənəvi inkişafında rol oynamışdır. Hüquq və azadlıq, insan haqları, ədalətli cəmiyyət və adil hökmdar ideyaları Nizami “Xəmsə”sinin ilk əsəri olan “Sirlər xəzinəsi”ndə təşəkkül tapmağa başlamış, “Xosrov və Şirin”, “Yeddi Gözəl” “İsgəndərnamə” və digər əsərlərində, hətta şairin qəzəllərində belə mütərəqqi formada inkişaf etdirilərək daha fərqli şəkildə və global dünyagörüşünə əsaslanan tərzdə ifadə edilmişdir.

Dahi mütəfəkkir “Sirlər xəzinəsi”ndə (Yeddinci söhbət) insanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyünü xüsusi vurğulayır, insanı yaranmışlardan ən uca, dəyərli hesab edir, bütün külli-kainatın insana xidmət etməli olduğunu vurğulayır. Şair insan haqqını öz poeziyasında belə tərənnüm edir:

“Həqq əhlinin gözündə həqq nuru var, göz yetir,

– Həqqin nuru hər kəsə nicat verən zirehdir”.

İnsanın haqqı, hüququ Həqqin nurundan qidalanır. Yəni insan hüquqları ona görə müqəddəs və toxunulmazdır ki, bu üstünlük, bu müqəddəslik ona məhz Tanrı tərəfindən bəxş edilib. Kainatı, dünyanı, təbiəti və bəşəriyyəti yaradan qüdrətin özü haqqın özündən təşəkkül tapır. Eyni zamanda bütün hüquqlar və ədalət də Haqdan qaynaqlanır. Nizaminin fikrincə, İnsan Haqdan daha çox bəhrələnmiş, başqa canlılardan fərqli olaraq ona idrak qüvvəsi, fikir azadlığı, düşüncə sərbəstliyi, seçim azadlığı verilmişdir. Buna görə insan dünyanın dəyərlərindən ən üstünü sayılır və bütün xilqətlər üçün hüquqi, sosial, mənəvi məsuliyyəti məhz insan daşıyır. Əslində insan hüquqlarının bəşəri xarakterini önə çəkməklə Nizami beynəlxalq insan hüquqları tarixinə öz töhfəsini vermiş bir dahi hesab oluna bilər.

Ədalətli cəmiyyət Nizami irsinin təməl daşıdır. Şair əslində ədalətli cəmiyyət konsepsiyasını irəli sürməklə bütövlükdə XII əsrdən başlayaraq dünyada və ölkəmizdə ədalətli cəmiyyət ideyalarının təməlini qoymuş, bu irs sonrakı dövrün siyasi-hüquqi görüşlərinə mühüm təsiri ilə xarakterizə olunmuşdur. Bəzi qərbyönlü mənbələrdə Ədalət nəzəriyyəsinin müəllifinin XX əsrin tanınmış Amerikan siyası filosofu Con Rauls olduğu vurğulanır ki, bu isə kökündən yanlış mülahizədir. Ona görə ki, Nizami irsində bu konsepsiya artıq XII əsrdə təşəkkül tapmış və şairin özünün dediyi kimi əbədiyyət qazanmışdır:

Ədalət təşnəsidir, inan bu gözəl diyar,

Ədl ilə iş görənlər əbədi özül tapar.

Bu səbəbdən də tam mənada demək mümkündür ki, həm Şərq, həm də Qərb siyasi-hüquqi fikir tarixində ədalət konsepsiyasının banisi məhz Nizami Gəncəvi sayılır. Hətta Amerikalı professor J. Mandle qeyd edir ki, Raulsun 1971-ci ildə nəşr olunan “Ədalət nəzəriyyəsi” kitabı ilə ortaya qoyduğu konsepsiya ümumiyyətlə siyasi fəlsəfənin pozitivizmdən qaynaqlanan tükənmiş vəziyyətdən qurtuluşu demək idi. Braziliyalı alim Dr. V. Silva yazır ki, “Ədalət nəzəriyyəsinin siyasi və etik fəlsəfə üçün əhəmiyyətini qətiyyən şişirtmək olmaz”. Əlbəttə, bu fikirlərlə ona görə razılaşmaq olar ki, müasir dünya üçün əxlaqi və siyasi dəyərə malik olan ədalət nəzəriyyəsinin siyasi və hüquqi parametrləri Nizami irsində artıq öz təcəssümünü tapmış və bundan sonra hansısa siyasi nəzəriyyənin ortaya qoyulmasının qətiyyən əhəmiyyəti olmamalı idi.

Şair “Sultan Səncər və qarı” və “Zalım padşahla zahidin dastanı” hekayələrində məmurların cinayətləri və şahın bu cinayətlərə laqeydliyini, habelə qəddar hökmdar obrazlarını əks etdirir. Bu əsərlərdə əhalinin şikayətləri eşidilmir, onların müraciətlərinə əhəmiyyət verilmir, cinayətkarlar cəzalandırılmır, haqqını tələb edənlərin dilləri kəsdirilir, şahın zülmündən şikayət edənlər məhv edilir. Nizami Gəncəvinin bu əsərlərində cinayətə görə cəzanın labüdlüyü prinsipi, insanların müraciətlərinə baxılması, süründürməçilik, söz və ifadə azadlığı kimi konseptual fikirlər müasir dövrün hüquqi ideyaları ilə tam mənada səsləşir.

Xüsusilə “Zalım padşahla zahidin dastanı”nda, sadə xalq və dövlət başçısı arasındakı ictimai münasibətlərə olduqca maraqlı yanaşma nümayiş etdirən şair haqqın ədalətsizliklə mübarizəsini zalım padşah və dürüst qoca obrazlarında canlandırır. Şah casuslarına güvənir, qoca isə həqiqətə, haqqa arxalanır. Zülm və ədalətsizliyin tüğyan etdiyi məmləkətdə son vasitə olaraq qeyri-adi üsyana əl atan – kəfən geyinib şahın hüzuruna gedən qoca ədalətə daxili inamını itirmir. Haqqın müdafiəçisi olan qocaya cəza verilmir, əksinə o, mükafatlandırılır. Sonda ədalət zülmə qalib gəlir. Bu ideyalar xalq hakimiyyəti, xalqın gücünə inam, loyallıq və humanizm konsepsiyaların müasir dünya üçün Nizami irsindən qaynaqlanan demokratiya dərsləridir.

“Nuşirəvan və bayquşların söhbəti”ndə ədalətsizlik, cinayətlər həddini aşan zamanda və insanların bütün bu qanunsuzluqlar barədə danışa bilmədiyi bir məqamda bayquşların söhbətini dinləyən Nuşirəvan ölkəsindəki kriminal durumun mahiyyətini anlayır, cinayətkarların cəzalanmalı olmasını, qarət elədikləri malların, tökdükləri qanların hesabının verilməsini dərk edir. Sonda şah ədaləti bərpa edir, haqq yerini tapır, tarixdə “Adil Nuşirəvan” adı ilə tanınır. Bu əsəri ilə Nizami arzuladığı ədalətli dövlət başçısını və ədalətli cəmiyyətin ideoloji aspektlərini və yaşam tərzini bəşəriyyətin siyasi-hüquqi fikir tarixinə həkk edir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması da ədalətli cəmiyyət, hüququn aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinin dövlət həyatında tətbiqi ilə bağlı mühüm elementləri özündə ehtiva edir. Bu əsərin şərhini vermiş akademik Həmid Araslı qeyd edir ki, “Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün ədalətsizliklərindən şikayətlənir”:

Hanı o ədalət, o insaf hanı?

Verə öz oğluna belə cəzanı.

Əlbəttə bu, müasir hüquqda statusundan, vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi ideyasının, eyni zamanda müasir cinayət hüququnda cəzanın labüdlüyü prinsipinin Nizami irsində təsbit olunması idi.

Nizami Gəncəvi Şərqdə ilk dəfə qadın hüquqlarını bu hüquqların həyata keçməsində məhz qadınların mübarizəsinə diqqət çəkməklə ədəbiyyata gətirmişdir. Nizami “Xosrov və Şirin” poemasında qadının cəmiyyət həyatındakı rolu, onun kişilərlə bərabər dövlət idarəetmə sistemində bərabər iştirakı məsələsini ön planda tutmuşdur. Şirinin timsalında yaratdığı ideal qadın obrazı ilə onu cəsarət, qürur, ismət, mənəvi yüksəklik, mərdlik kimi gözəl keyfiyyətlərlə səciyyələndirmiş, qadını cəmiyyətin bərabərhüquqlu bir üzvu kimi təqdim etmişdir. Qadınlarla kişilərin bərabər hüquqlu olmasının bariz nümunəsi kimi Şirinin Xosrovla nikahla-kəbinlə evlənməsini, (ənənəvi qaydada qadınlara münasibətdə çariyəlik və ya kənizliyin əksinə olaraq – S.M.) gizlicə saraya gəlmək təklifini rədd etməsini göstərə bilərik. Əsərdə qeyd olunduğu kimi:

“Mən gövhərəm, neçin gərək əksiləm,

Çağrılmamış gedəm, məgər mən yeləm?”

Bununla da Nizami irsində qadın hüquqları və müasir ailə institutunun formalaşmasına mühüm təsiri ilə xarakterizə olunan əhəmiyyətli müddəaların yer aldığını görmək mümkündür.

Qadın hüquqları, bu hüquqlar uğrunda sosial mücadilə Nizami Gəncəvinin həmçinin “Leyli və Məcnun” poemasının bütün süjet xətti boyu özünü bariz şəkildə göstərir. Əslində şair bu əsərində Leylinin fiziki və mənəvi çırpıntılarını əks etdirməklə min illərlə bəşər cəmiyyətində qadına olan real münasibəti, onu hüquqsuz əşyaya çevirən, qadın sevgisini, qadının daxili azadlığını boğan sosial normaları və qanunları qınayır:

Bir qadın nə qədər cəsur olsa da,

Yenə də qadındır adı dünyada.

Bu əsərdə qadının daxili azadlığına diqqət çəkilir. Leyli formal olaraq İbn Səlamın nikahlı qadını olsa da, real olaraq ona arvadlıq etmir. Qadınla rəftarın tərzini Nizami Leyli obrazı ilə dünyaya bəyan edir və qadının öz hüququ uğrunda mübarizəsini məharətlə oxucuya təqdim edir.

Qadınların dövlət işlərində və idarəetmədə kişilərlə bərabərhüquqlu iştirakı “İsgəndərnamə”də daha müfəssəl şəkildə verilmiş, dahi mütəfəkkir xüsusilə bu məsələni Azərbaycan üçün hətta XII əsrdə belə aktual hesab etmiş, Bərdə (Hərum) hakimi Nüşabənin rəhbərlik etdiyi məmləkətdə qadınlar dövlət işlərində fəal iştirak edir, diplomatiya, saray işləri qadınlar tərəfindən icra olunur, kişilər isə ölkənin müdafiə məsələləri ilə məşgul olurdular.

 Nizami yaradıcılığında insan hüquqları daha qlobal şəkildə özünü büruzə verir. Digər dünya yazarlarından fərqli olaraq Nizami irsinin bəşəriliyi ondadır ki, o, təkcə bir ölkənin hüdudlarında yaşayan insanın hüquqlarından deyil, ölkəsindən ayrı düşən əcnəbilərin hüquq və azadlıqlarından da bəhs edir. Bu xüsusda “Xosrov və Şirin” poemasında insan azadlığı ideyası, azad insan obrazı daha fərqli və daha tutarlı formada təqdim edilir:

Xəznəmdən, ölkəmdən ayrı düşsəm də

Azadlıq möhrü var yenə kisəmdə

İnsan azadlığını sərhədlərindən asılı olmayaraq tərənnüm edən şair bu misraları ilə istər ölkə daxilində, istərsə də xaricdə insan azadlığının müqəddəsliyini vurğulayır, hətta müasir dövrün miqrasiya hüququnda nəzərdə tutulan prinsiplərin ideya başlanğıcını vermişdir. Belə ki, hər kəsin hər dövlətin sərhədləri içərisində hərəkət azadlığı və yaşamaq hüququ və ya yaşayış yeri seçmək hüququ kimi prinsipləri Nizami Gəncəvi hələ doqquz əsr bundan qabaq konseptual olaraq ifadə etmişdir.

İnsana verilən dəyər, söz, fikir və ifadə azadlığı Nizami irsində mühüm məqamı təşkil edir. Onun yaradıcılığında sözə, elmə, insanın fikri ifadə azadlığına bəşəri dəyər kimi yanaşılır. “Yeddi gözəl” əsərinin “Sözün tərifi və hikmət haqqında” bölümündə bəşər tarixində sözün gücü, söz haqqının, düşüncə azadlığının dünyada alternativsiz olduğu vurğulanır. Nizami irsi söz haqqını, düşüncə azadlığını insanın nəinki yaşadığı həyatda, hətta onun ölümündən sonra da yaşayan hüquq olduğunu qeyd edir, insanın özünüdərki və özünüifadəsinə xüsusi önəm verir. Həmçinin “Sirrlər Xəzinəsi”ndə şair yazır:

O zamandan ki, qələm yazı yazdı, dürr saçdı,

Bu dünyanın gözünü ilk dəfə sözlə açdı.

Bu misralarda əslində sözə, söz haqqına dünyanın, bəşəriyyərin sərvəti kimi yanaşılır, insan həyatında, insanın oyanışında və bəşər cəmiyyətinin intibah və tərəqqisində sözün, fikir və söz azadlığının ən təsirli vasitələrdən biri olduğu önə çəkilir. Nizaminin dahiliyi həmçinin ondadır ki, o təkcə insanın hüquq və azadlıqlarını deyil, eyni zamanda insanın cəmiyyət və digər insanlar qarşısında olan vəzifələrini də xatırladır. “Yeddi gözəl” əsərinin bütün süjet xətti Bəhramın timsalında insanın cəmiyyət üçün faydalılığı kontekstində özünüdərkinə əsaslanır. Nizaminin konsepsiyasına görə insanlara xidmət, dünyanın məhz insanın gücü ilə kamilləşməsi, onun əməli ilə gözəlləşməsi, azadlığa sahib olmaq, bir sözlə humanizm, ədaləlilik prinisipinin cəmiyyətdə tətbiqi məhz bütün bu ideyaların insan dühasına hakim kəsilməsindən, insanın özünüdərkindən keçidyi vurğulanır.

Korrupsiya və rüşvətxorluqla mübarizə məsələləri də Nizami irsinin mühüm elementlərindən birini təşkil edir. “Yeddi gözəl” əsərində xalqın başına gələn müsibətlərin, qanunsuz həbslərin, ədalətsizliklərin səbəbi kimi korrupsiyanı, açıq-aşkar alınan rüşvəti xüsusilə qabardır. Sonda isə bütün bu qanunsuz əməlləri törədən vəzir ən ağır cəzaya – edam cəzasına məhkum edilir. Burada hüquq və ədliyyə sistemi baxımından diqqəti cəlb edən xüsusatlardan biri də Bəhram şahın məhbusları dinləməsi, yeddi məhbusu dinlədikdən sonra onların azad edilməsi və ölkədə ədalətin bərpa edilməsidir. Bu, Nizami irsində müasir əfv institutunun və məhkumların problemlərinə dövlət başçısı tərəfindən həssaslıqla yanaşılmasının vacibliyini göstərən elementdir. Bu, Nizami irsində məhkumların hüquqlarına həssas yanaşmanın göstəricisi, haqsız və qanunsuz həbslərə kəskin etirazın, eyni zamanda müasir dövrümüzə qədər gəlib çatmış dövlət başçısının zaman-zaman məhkumların hüquqlarına pozitiv yanaşmasının və əfvetmə institutunun tətbiqinin bariz nüminəsi idi.

Hüquq, ədalət, qanunçuluq, cinayətə görə çəzanın labüdlüyü və ədalətli idarəetmə prinsipləri baxımından Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri də olduqca zəruri nüanslarla zəngindir. Bu əsərdə şair Makedoniyalı İsgəndərin dili ilə deyir:

Kim günah işləsə cəzaya çatar,

Peşiman olursa ədlim bağışlar.

Bu fikirlər sübut edir ki, Nizami irsində cinayətlərin cəzasız qalmaması, səmimi peşmançılıq edən insanların şahın ədalətinə əsasən əfv olunması, insanlara ədalətli yanaşma, cəmiyyətdə nizam intizam və qayda-qanun prioritet təşkil edir. “İsgəndərnamə” əsərində Nizami İsgəndərin timsalında özünəməxsus fikirlərlə – “ədalət xəttindən uzaq getməzdi” və ya “ədli, səxavəti cahanı sardı” kimi ideyaları ilə təxəyyülündə görmək istədiyi ədalətli cəmiyyət və dövlət idarəetməsinin xüsusi sistemini yaradır, tacirlərdən bac almır, ölkədə kimsədən xərac almır, sərmayəsizlərdən bir dirhəm belə almır, bəzi vergi növlərini (məsələn “dehqan” –torpaq vergisi) ləğv edir və hər kəsin belə bir ədalətli sistemə həsəd apardığını vurğulayırdı.

Nizaminin yaratdığı İsgəndər surətinin böyüklüyü, ölməzliyi onun ədalətində, xalqa yaxın olmasında və qayğıkeşliyindədir. Lakin bu keyfiyyətlər də Nizamini qane etmir və “İsgəndərnamə”nin sonunda özünün xüsusi konsepsiyasını – hamının azad və bərabər imkanlara malik olduğu dövlət quruluşu formasını ortaya qoyur. Bu quruluşun əsas əlamətləri insanların azad və xoşbəxt yaşadığı cəmiyyətdir, bu quruluşda cinayət olmadığından cəza da yoxdur, insan hüquqlarının tam ideal səviyyədə təmin olunduğu belə formasiyada hətta heyvanlar da ədalətli cəmiyyətin mühafizəsi altındadır. Bu mənada akademik Y. E. Bertels yazır ki, “Nizami öz zamanının bazası üzərində durmuşdur. Lakin üzü irəliyə çevrilmişdir. O həmişə gələcəyə baxır və bir neçə əsr irəlini görürdü… Sözün tam mənasında o dahi insan, humanist və xalq şairi idi”. Əlbəttə, Nizami irsinin humanizmi, demokratizmi əslində müasir dünya üçün hesablanmış, öz əsrini çox qabaqlamışdır.

Ümimiyyətlə Nizami irsi bütünlüklə ümumbəşəri ideyaların, humanizm prinsiplərinin və demokratik dəyərlərin, xüsusilə hüquq, islam hüququ, ədalət və insan hüquqları konsepsiyasının təsbit olunduğu ilkin və mötəbər mənbədir. Biz Nizamidən sonrakı həm Şərq, həm də Qərbin mütəfəkkir və fikir sahiblərinin əsərlərinə diqqət yetirdikdə aşkar şəkildə görürük ki, onlar Nizami irsindən kifayət qədər faydalanmış, müasir dövrün siyasi-hüquqi konsepsiyaları isə tamamilə bu irsin təsir dairəsində olmuşlar. Bu mənada Nizaminin hüquqi ideyaları, humanist düşüncələri şübhəsiz ki, hələ min illər bundan sonra da bəşər cəmiyyəti üçün mayak rolunu oynayacaqdır.

Ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, https://president.az/articles/49904
  2. Azərbaycan ədəbiyyatı tarixi. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı 1960.
  3. Apoyev B. Nizami Gəncəvi irsindən pedaqoji prosesdə istifadə işinin sistemi (Dərs vəsaiti). – Bakı: Mütərcim, 2012.
  4. Nizami Gəncəvi.  Azərbaycan klassik ədəbiyyatı kitabxanası, IV cild, 20 cilddə. Bakı, Elm, 1985.
  5. Nizami Gəncəvi. Yeddi gözəl. “Lider nəşriyyatı”, Bakı, 2004,
  6. Nizami Gəncəvi. Sirlər xəzinəsi. “Lider nəşriyyatı”, Bakı, 2004.
  7. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, “Lider nəşriyyatı”, 2004,
  8. Səfərli Ə. Yusifov X. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. “Maarif” nəşriyyatı, Bakı 1982.
  9. Mandle, J. (2009). Rawls’s a theory of justice: an introduction. Cambridge, MA: Cambridge University Press.
  10. Nizami – Poet for all humanity, http://www.visions.az/en/news/271/a3e8bd5c/
  11.   Silva V. John Rawls’ ‘justice as fairness’ and the demandingness problem, https://www.redalyc.org/jatsRepo/3073/307360096010/html/index.html