31 MART SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR

Səyyad Məcidov, hüquq elmləri üzrə fəlsəfə doktrou

1918-ci ildə Bakı, Quba, Şamaxı, Cavad və Astara bölgələrində ermənilər tərəfindən törədilmiş mart soyqırımları sülh və insanlıq əleyhinə cünayətlərdir

Azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən özünün beynəlxalq cinayət xarakterinə və sistematikliyinə görə 1918-ci ilin mart soyqırımları xüsusilə fərqlənir. Bu soyqırımı cinayətləri demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə etmiş və bu cinayətlərin əsas hədəfi məhz ölkəmizdə yaşayan türk soyuna malik olan və islam dininə mənsub olan müsəlmanların fiziki məhv edilməsindən ibarət olmuşdur. 1918-ci il mart soyqırımlarına beynəlxalq hüquqi dəyərləndirilməni ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən vermək mümkündür. İlk nöbədə, bu sənədlə 31 mart – Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Eyni zamanda, bu sənəd ermənilər və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük rola və əhəmiyyətə malikdir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Bu sənəddə azərbaycanlılara qarşı törədilən cinayətlər tarixi və hüquqi baxımdan konseptual şəkildə əsaslandırılmışdır. ““Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.” Göründüyü kimi, azərbaycanlılara qarşı törədilən cinayətlər ilk növbədə ermənilərin təcavüzkar “Böyük Ermənistan” planlarından qaynaqlanır. İkincisi isə bu cinayətlər XX əsrdə 1905-ci il hadisələrindən başlayaraq bu gün də davam edir və cəzasız qalmışdır. Fərmanda qeyd olunur ki, birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 1918-ci il mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərdən ibarət kiçik bir dəstə öz xidmət yoldaşları, müsəlman diviziyasının zabiti – Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini müşayiət edərək və onun dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya gəlir. Dəfndən sonra martın 29- da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindən saxlanılır və tərksilah edilır. Bu dəfə təxribat baş tutur. Onsuz da Lənkərana getməyə hazırlaşan 48 nəfərdən ibarət azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdəki bir neçə min nəfərlik erməni və qızıl ordu hissələrini qarşısında faktiki olaraq silahsız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərinin müsəlman əhalisinin qəzəbinə səbəb olur. 1918-ci il martın 30-da şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyrimütəşəkkil etiraz mitinqləri başlanır. Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qaytarılmasını və ya, Bakıda erməni hərbi birləşmələrinin də tərksilah edilməsini tələb edirlər. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qalır. Müsavatçıların “Açıq söz” qəzeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etsə də silahlı qarşıdurma başlanır.

Soyqırımın əsas hədəfi regionun türk-müsəlman əhalisi idi

Ermənilər tərəfindən törədilən soyqırımlarının coğrafiyası geniş olub. Bu cinayətlə İrəvan quberniyasını – indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini və Anadoluda yaşayan türklər və müsəlmanlar olmuşdur.

Professor Musa Qasımlının qeyd etdiyi kimi, “Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi”. Ümumiyyətlə bu soyqırımların əsas hədəfi bütövlükdə regionun türk-müsəlman əhalisi idi.

Heç də təsadüfi deyil ki, 2022-ci ilin martın 31-də Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yayımladığı paylaşımda deyilir: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını ehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”.

 1918-ci ilin mart soyqırımı cinayətləri (yəni Bakı, Quba, Şamaxı, Cavad və Astara və digər bölgələrdəki soyqırımı cinayətləri) öz ictimai təhlükəliliyinə və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində xüsusilə ağır cinayətlərdən biridir. Çünki bu cinayətləri törətmiş ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə, o cümlədən Tiflisdə, İrəvanda məhz türklərə qarşı xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Fövqəladə İstintaq Komissiyasının materialları etibarlı hüquqi mənbə kimi

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını – ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. 150 Qeyd olunmalıdır ki, F.X.Xoyskinin başçılıq etdiyi hökumətin qəbul etdiyi mühüm qərarlardan biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasının çox böyük beynəlxalq hüquqi əhəmiyyəti danılmazdır. Çünki, Komissiyanın yaradılmasında başlıca məqsəd erməni-bolşevikdaşnak qüvvələrinin 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın digər müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları ilə bağlı təhqiqat sənədlərinin toplanması və toplanmış sənədlərin dünyanın müxtəlif dillərinə çevirərək ingilis, fransız, rus, ərəb və türk dillərində nəşr olunması və beynəlxalq aləmi Azərbaycanın başına gətirilən misli görünməmiş faciələrlə tanış etməkdən ibarət olmuşdur. Milli Şuranın qanunvericilik vəzifələrini öz üzərinə götürərək, Azərbaycan hökuməti dövlət hakimiyyəti strukturlarını yaratmağa başladı. Bu istiqamətdə atılan ilk addımlar yeni dövlətin xarici və daxili siyasətinə aid bir sıra qanunların qəbul edilməsindən ibarət idi. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi. Arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar bu cinayətlərə beynəlxalq hüquqi və siyasi məsuliyyətin reallaşması üçün imkanlar açır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

31 mart soyqırımı beynəlxalq məhkəmə qərarı ilə və xarici mənbələrdə də təsdiqlənib

Qeyd etmək zəruridir ki, o dövrdə ermənilərin törətdikləri bu cinayətlər beynəlxalq məhkəmə instansiyalarımda da sübuta yetirilmişdir. 31 avqust 1918-ci il tarixdə keçirilən Beynəlxalq məhkəmədə ermənilər ötən bir il ərzində 400 min Azərbaycan türkünü, 120 min gürcünü, 22 min ləzgini, 15 min kürdü qətlə yetirdiklərini etiraf etmişlər.

Əslində 1918-ci il soyqırımı cinayətləri xarici mənbələrdə də etiraf olunub. Bu cinayətin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.

Ümummilli lider Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz tarixi Fərmanından ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin martaprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatı, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur. Ermənibolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” əsərində qeyd edir ki, 1918-ci il hadisələri və ermənilərin soyqırımı siyasəti təkçə azərbaycanlıların məhv edilməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanda yaşayan digər etnik və milli qrupların da qətlə yetirilməsinə gətirib çıxarmışdır. Hüquqşünas alim öz mövqeyini Azərbaycan yəhudi icmasının ölkə Prezidentinə ünvanladığı məktubda göstərilən faktlarla (orada qeyd olunur ki, 1918-1919-cu illər ərzində törədilən Quba soyqırımı zamanı 3 minə qədər yəhudi qətlə yetirilmişdir) əsaslandırmış və qeyd etmişdir ki, bu fakt öz-özlüyündə ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin miqyasının genişliyini və niyyətin bütövlükdə məhvetmə olduğunu tam aydın şəkildə sübut edir. Burada xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, əslində bir ölkənin daxlində müxtəlif xalqların, etnik və milli qrupların milli kimliklərinin fərqinə varmadan, dinc yanaşı yaşam haqqını pozmaqla onların kütləvi şəkildə qətlə yetirilməsi 1918- ci il mart soyqırımlarının məhz sülh və bəşəriyyət əleyhinə cinayət olaraq tövsif edilməsi üçün kifayət qədər əsaslar yaradır.