AGENTLİYİN DƏSTƏYİ İLƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DAİR YENİ SAYT YARADILIB

“İnnovasiyalara və İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə fevral ayından başladığı “Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı saytın hazırlanması” layihəsinin icrasını uğurla başa çatdırmaqdadır.

Bu barədə İctimai Birliyin sədri Səyavuş Qasımov məlumat verib. O deyib ki, məqsəd müasir informasiya texnologiyalarından bəhrələnməklə Azərbaycanın maddi və mənəvi mədəniyyət nümunələrinin təbliğini təşkil etməkdir. İctimai Birlik layihənin icrası ilə Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməklə, cəmiyyətin özünə inamını və özünə güvənini artırmağı, dünya xalqları arasında azərbaycanlılara qarşı yüksək hörmət və ehtiram formalaşdırmağı, Azərbaycan mədəniyyətinin öyrənilməsinə əlçatanlığın təmin edilməsini, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış maddi-mənəvi, mədəni dəyərlərimizin təbliğinə ayırıca yer verilməsini əsas vəzifə həyata keçirmişdir.  

Bunun üçün hamının əlinin çatdığı on-line resursların istifadəsi ön plana çəkilmişdir. Belə ki, layihə çərçivəsində azərbaycan və ingilis dillərində AzeCulture.Az  saytı yaradılmışdır. Saytda xalqımızın zəngin mədəni dəyərlərinə geniş yer verilmişdir.

Bundan başqa Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarından istifadənin üstünlükləri və vətəndaşın üzərinə düşən vəzifələrlə bağlı iki məqalə hazırlanaraq müxtəlif saytlarda yerləşdirilmişdir. Həmin məqalələr AzeCulture.Az  saytında da verilmişdir.