Qüdrətlİ Azərbaycan Ordusu

Nuridə Əlizadə

Ədliyyə Akademiyasının baş məsləhətçisi

I dərəcəli ədliyyə qulluqçusu

Bu il Azərbaycan ordusunun yaranmasının 104 illiyi qeyd olunacaq. 2020-ci ilin payızında – 44 günlük müharibədən sonra Azərbaycan dünyaya sübut etdi ki çox güclü orduya sahibdir. Ali baş komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi misilsiz ordumuz tarixə silinməyəcək iz buraxdı. Dünya dövlətləri şahid oldu ki, kiçik dövlət necə böyük qüdrətə sahib ola bilərmiş.

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Əvvəlcə Silahlı Qüvvələrin tarixinə nəzər yetirək. Azərbaycanın ilk Milli Ordusu 1918-ci ildə yaradılmağa başladı. 1918-ci il iyunun 26-da ilk hərbi hissə olan Əlahiddə Korpus yaradıldı. Həmin ilin avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Milli Ordu Qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
      Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatıraraq, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni ordu hissələrini darmadağın etdi. AXC süqut etdikdən sonra bolşevik hökuməti tərəfindən Milli Ordu ləğv edilərək, rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Çar Rusiyası dövründə azərbaycanlı gənclər əsasən hərbi texnikanın olmadığı, döyüş təlimlərinin aparılmadığı yerlərdə, tikinti-inşaat taborlarında hərbi xidmət keçirdilər. Bunun məqsədi azərbaycanlıların hərbi biliklərə və döyüş bacarıqlarına yiyələnməsinin qarşısını almaq idi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məqsədyönlü siyasətin qarşısını almaq üçün tədbirlər görməyə başladı. 1971-ci ildə onun təşəbbüsü ilə C.Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi Məktəb yaradıldı. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Ulu Öndərimiz azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. 

Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradıldı, Müdafiə Nazirliyinin sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Beləliklə Ümummilli Liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, qeyri-qanuni silahlı dəstələr ləğv edildi, orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdi. Prezident Heydər Əliyevin  22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşərək, “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğu gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi qərara alındı.

Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiq davamçısı İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda yeni dövr başladı.

2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artaraq hərbçilərimizin xidmət şəraiti yaxşılaşdırıldı, onlarla hərbi şəhərcik yaradıldı, hərbi hissə və hərbi şəhərciklərin 80 faizi yenidən tikildi və əsaslı təmir edildi

Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradıldı.

Ali Baş Komandan hər zaman haqlı olaraq belə hesab edib ki, Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumlarına və təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi kimi problemlərə üzləşməməlidir. Bu məqsədlə dövlətimizin başçısı mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərmanlar imzalayıb və göstərişlər verib. Belə ki, 2011-ci il 28 dekabrda Prezident İlham Əliyev Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman imzaladı. Bu fərman nəticəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edildi.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə 2018-ci il 26 iyunda Bakıda möhtəşəm parad keçirildi. Bu parad ordu quruculuğunda qazanılan uğurların təsdiqi oldu. Paraddan sonra müasir Azərbaycan Ordusunun vəziyyəti, döyüş qabiliyyətini daha aydın təsəvvür etmək mümkün oldu. Böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edən bu parad sübut etdi ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, torpaqlarını qorumağa və işğaldan azad etməyə qadirdir.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları nümayiş olundu.

Cənab Prezidentimizin təşəbbüsü ilə son illər ərzində 20-dən çox hərbi zavod yaradılaraq, bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnikalar alır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Ordumuz daha da təkmilləşir. Elə bunun nəticəsidir ki, 2020-ci ildə qüdrətli ordumuz illərdir qarşısında duran mühüm vəzifənin öhdəsindən layiqincə gəldi. 30 ilə yaxın düşmən tapdağında olan müqəddəs torpaqlarımızı geri qaytardı.

Prezident İlham Əliyev hər zaman sülh tərəfdarı olaraq münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq istəmişdi. Lakin bu danışıqlar heç bir nəticə vermədiyi üçün, Ali Baş Komandanımızın əmri ilə Ordumuz səfərbər oldu. Qəlbində Vətən sevgisi, Vətən eşqi olan minlərlə qeyrətli oğullarımız könüllü olaraq ordu sıralarına yazıldılar. Ali baş Komandanımızın 2020-ci il 27 sentyabrda verdiyi əmrlə qismən səfərbərlik elan olundu. Rəşadətli ordumuzun qüdrətli əsgərləri, hərbçiləri misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdilər. Hətta Şuşa döyüşləri də buna bariz nümunədir. Prezident İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdi. Çünki Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, və digər ağır silahlarla girmək mümkün deyildi. Şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacağından alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. O, xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə etdi. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edildi.

Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. İşğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu bəyanatla düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını da döyüşsüz Azərbaycana təhvil verdi.

Bu möhtəşəm qələbədən sonra Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı yaradıldı. Bura gələn hər bir şəxs Silahlı Qüvvələrimizin gücünə bir daha şahid olur. Bu parkda toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətinin nümayiş etdirir. Burada nümayiş olunan texnika məhv edilmiş və qənimət kimi götürülmüş düşmən texnikasının kiçik bir hisəssini təşkil edir.

Verilən məlumata görə, 44 günlük müharibədə Ermənistanın hərbi birləşmələrində 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir dənə də belə fakt aaşkarlanmayıb.

 Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldı. Şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olundu. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldı.

Vətən müharibəsində həlak olan şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı Prezidentimizin məlum göstərişi də, “YAŞAT” Fondunun yaradılması da Müzəffər Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailə üzvlərinə olan doğma münasibətinin göstəricisidir. Biz hər zaman şücaətli ordumuzla fəxr edirik.