Edİllİdəkİ kütləvİ məzarlıqlarla bağlı beynəlxalq təşkİlatlara müracİət edİlİb

“Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiyanın sədri Abdulla Əmir Haşiminin adından BMT, Avropa İttifaqı və Avropa Şurasına ünvanlanan müraciətdə Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi dəyərləndirilən bu hadisənin İsveçdə yaşayan soydaşlarımızda dərin hiddət doğurduğu bildirilib.

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığın sayca birinci olmadığı, aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsus olduğu, Ermənistan tərəfinin 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmaqla öz hərbi cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədi güddüyü vurğulanıb.

Soydaşlarımız bir daha diqqətə çatdırıblar ki, 30 illik işğal dövründə bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbi əsirləri qəddarcasına qətlə yetirib, Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirməklə 100-dən artıq dinc sakinin həlak olmasına səbəb olub.

“Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası beynəlxalq birliyi Ermənistanın hərbi cinayətlərinə susmamağa, hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.

Bakı, 10 oktyabr, AZƏRTAC