Prezİdent İlham Əlİyev: Bəzİlərİnİn hesab etdİyİ kİmİ, Azərbaycan Ermənİstan ərazİsİnİ İşğal etmək nİyyətİndə olmayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olduğunu və ya ciddi xəsarət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb”.

Azərbaycan Prezidenti vurğulayıb ki, silahlı toqquşmalar Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində dayandırılıb.