ERMƏNİLƏRİN GƏNCƏ CİNAYƏTLƏRİ İLƏ BAĞLI QHT-LƏRİN BƏYANATI

17 oktyabr 2022-ci il, Gəncə şəhəri

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təxribata cavab olaraq başlanmış əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad olunmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğalçı Ermənistan ordusunu darmadağın etmişdir. Ermənistan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzini mülki əhalidən və mülki infrastrukturdan çıxmaq üçün döyüş aparılan ərazilərdən 100 kilometrlərlə uzaqda yerləşən şəhər, rayon və kəndlərimizi ağır silahlarla, ballistik raketlərlə bombalamışdır. Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış və 27 nəfər mülki şəxs şəhid olmuşdur. Bununla yanaşı 200-ə yaxın mülki şəxs yaralanmış, hücumlar nəticəsində şəhərin infrastrukturuna, yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir.Təəssüf ki, üzərindən iki il ötməsinə baxmayaraq nüfuzlu beynəlxalq qurumlar, dünyanın böyük dövlətləri, Gəncəyə, eyni zamanda, digər rayonlara qarşı törədilmiş müharibə cinayətlərinə, terrora səssiz qalmış, hər hansı reaksiya verməmişdir. Bu azmış kimi, bugün bəzi xarici dairələrdə işğalçı Ermənistanı müdafiə edərək Azərbaycana qarşı iftiralar, ittihamlar irəli sürmək cəhdləri görünməkdədir.Həmçinin, bəzi dövlətlərin, beynəlxalq qurumların bəzi təmsilçilərinin işğalçı dövlətin mövqeyindən çıxış edərək Azərbaycana, Azərbaycan ordusuna qarşı iddia olunan iftiralara son qoyulmasını tələb edirik. Xüsusən Fransa 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistanın maraqlarını qorumuş və 2020-ci il Vətən müharibəsindən sonra da bu prosesi davam etdirmişdir. Ötən 30 il ərzində Fransanın Azərbaycana qarşı münasibəti açıq aydın ortada olub və onların sülh quruculuğu prosesində iştirakı əslində sülhün əleyhinədir. Biz, qeyri-hökumət təşkilatları olaraq bildiririk ki, Fransa heç bir halda Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz. Biz, “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfransın iştirakçıları Gəncə şəhərinin mülki əhalisinə qarşı törədilmiş müharibə cinayətləri ilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirir və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik.