ERMƏNİSTANIN TARNSMİLLİ CİNAYƏTLƏRİNƏ DAİR AİM TƏRƏFİNDƏN BEYNƏLXALQ ELMİ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Beynəlxalq Türk Akademiyasının (BTA) elmi dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən oktyabrın 19-da “44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər” mövzusunda onlayn beynəlxalq elmi tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov AİM tərəfindən icra olunan layihənin məqsədləri və aktuallığına diqqət çəkərək, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra görülən işlərdən danışıb, müharibənin beynəlxalq hüquqi və geopolitik nəticələri, müharibə zamanı Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında məlumat verib.

Daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli müharibədən sonrakı yeni geosiyasi reallıqlar, xüsusilə müharibə dönəmində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan informasiya savaşının əhəmiyyəti haqqında danışaraq, Ermənistanın transmilli cinayətlərinin bütövlükdə türk dünyasının təhlükəsizliyi üçün təhdid olduğunu, bu əməllərə münasibətdə bir sıra beynəlxalq qurumların və xarici dövlətlərin ikili standartlar yürütməsini diqqətə çatdırıb.

Elmi seminarda Türkiyə Burdur Mehmet Akif Ersoy Universitetinin uzmanı, Dr. Esma Özdaşlı, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, Ədliyyə Akademiyasının baş müəllimi, Dr. Mətanət Əgərova tərəfindən ermənilərin mülki əhaliyə, qadınlara, uşaqlara qarşı törətdikləri cinayətlərlə, habelə beynəlxalq humanitar hüquq pozuntuları ilə bağlı ətraflı çıxışlar edilib, bu transmilli cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətin reallaşma mexanizmlərindən danışılıb, ermənilərin hüquqazidd əməlləri ilə bağlı beynəlxalq və milli səviyyədə keçirilən elmi tədbirlərin əhəmiyyəti qeyd olunub.

Tədbirdə məlumat verilib ki, layihənin icrası nəticəsində “44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri və yeni geosiyasi reallıqlar” adlı elektron kitab hazırlanıb, ingilis dilinə tərcümə edilərək, www.aggression.az saytında yerləşdirilib. Beynəlxalq tədqiqatçılar, xarici jurnalistlər, bütövlükdə internet istifadəçiləri üçün nəzərədə tutulan vəsait 44 günlük Vətən müharibəsinin beynəlxalq hüquqi və geopolitik nəticələri, habelə ermənilərin transmilli cinayətləri barədə elmi və praktiki məlumatları özündə əks etdirir. Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, Dr. Səyyad Məcidov, elmi redaktoru isə BTA-nın prezidenti vəzifəsini icra edən, Dr. Füzuli Məcidlidir.

AİM-in mətbuat və informasiya xidmətinin məlumatı