ERMƏNİSTANIN BƏRDƏDƏKİ BEYNƏLXALQ CİNAYƏTLƏRİ İLƏ BAĞLI DÜNYA İCTİMAİYYƏTİNƏ ÇAĞIRIŞ EDİLİB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Bərdə rayonunda Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin həyata keçirilməsində təqsirkar şəxslərin ədalət mühakiməsinə cəlb olunaraq cəzalandırılması ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Ombudsmanın çağırışında qeyd olunub: “Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından iki il ötür. Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci il oktyabrın 27-28-də edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz qalması faktlarına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən faktaraşdırıcı missiya həyata keçirilmiş və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilib. Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar hüququn normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib.

Dünya ictimaiyyətinə bir daha müraciət edərək Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb edilərək cəzalandırılmasına dəstək verməyə çağırırıq”.