Ədlİyyə Nazİrlyİnİn Penİtensİar xİdmətİn təqdİr olunan mİssİyası

Aynur Əliyeva

Azərbaycan Respublikasının və ölkəmizdə yaşayan xarici dövlətlərin vətəndaşlarının təhlükəsizliyi, sabitlik və əmin-amanlıq içində yaşamaları dövlətimiz tərəfindən daima xüsusi diqqətə alınır. Təbii ki, cəmiyyətimizdə bəzən müəyyən xoşagəlməz hadisələr yaşanır, cinayətlər olur. Yaşanan bu hadisələrin fonunda belə biz heç nədən qorxmadan, rahat şəkildə öz həyatımızı yaşayırıq. Bu gün vətəndaşların hüquq və azadlıqlarına hörmət prinsipi əsasında fəaliyyət göstərən, humanizmi və qanunun  aliliyini rəhbər tutan qurumlar var. Bunların içərisində  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti o qədər də gözə görsənməsə də, əslində bu qurumun missiyası heç biri ilə müqayisə oluna bilməz. İnsanların, xüsusilə yaxınları həbs edilənlərin ikrah hissi ilə baxdığı Penitensiar xidmət cinayətkarları cəmiyyətdən təcrid etməklə fövqəladə vəzifə yerinə yetirir. İndi Penitensiar xidmət cinayətkarları təcrid etməklə yanaşı, həm də cəzaçəkmə müəssisələrini  ictimaiyyət üçün açıq saxlamaq kimi bir-birinə zidd olan iki mühüm vəzifəni yerinə yetirmək məcburiyyətindədir. Müşahidələr göstərir ki, hazırda bu sahədə narazılıq doğuran ciddi səbəblər mövcud deyil. Hətta öz övladını tərbiyə edə bilməyən valideynlərin şikayətlərinin eşidildiyi bir vaxtda, bu qurum cəmiyyətimiz üçün təhlükəli şəxslərin islahını problemsiz həyata keçirməkdədir.

Penitensiar xidmətin fəaliyyəti dövlət rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib. Təəssüf ki, bir çox insanlar cinayətin qurbanı olacağından, yaxud həmin mühitdə yaşayacağından sığortalana bilmir. Lakin dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da hər zaman hüquq ən ali müstəvidədir. Cinayətkarlar  törətdikləri əməllərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunduqdan sonra onların islahını Penitensiar xidmət həyata keçirir.

Penitensiar xidmət məhbusların cəza müddətinin icrasını, müşayiətini, onların təcridxanalarda mühafizəsini, həbs olunan şəxslərin saxlanılmasını təmin edir. Bundan başqa azad olunmuş şəxslərin cəmiyyətə yenidən sosial adaptasiyasını, psixoloji hazırlığını həyata keçirir. Bir növ valideyn və müəllim funksiyasını yerinə yetirir.

Dünyada baş verən hadisələri izləyən zaman görürük ki, müqayisədə Azərbaycanda cəzaçəkmə müəssisələrində indiyə qədər ciddi neqativ hallar yaşanmayıb, son vaxtlar isə bir məhbus olsa belə qaçmağa müvəffəq olmayıb. Bu isə Penitensiar xidmətin təhlükəsizlik qaydalarına və öz vəzifə səlahiyyətlərinə yüksək səviyyədə riayət etməsindən irəli gəlir.

Bu yazı əslində Penitensiar xidmətin nə tərifinə, nə də onun iş mexanizminin araşdırılmasına həsr olunmayıb. Sadəcə, olaraq yollarda ittiham edilənləri və ya cinayətkarları müşayiət edən, həbsxanalarda cinayətkarların bəzən ağır sözləri ilə qarşılaşan, lakin öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirən  şəxslərin əməyinə verilən kiçik qiymətdir.