Məhdudlaşdırılan İnformasİyalar

restricted_infoƏrazi bütövlüyü məsələsi beynəlxalq hüquqda məhdudlaşdırılan informasiyalardan sayılır. Buna görə də təcavüz cinayəti ilə danışarkən hüququn bu tələbinə riayət edilməlidir. Ümumilikdə İnternetdə informasiya azadlığı hüququnun tanınması, onun hər kəsə şamil olunması son dövrlərin müzakirə mövzularındandır. Bu gün artıq BMT-nin rəsmi mövqeyinə görə, İnternetə çatımlılıq və ya İnternetin əlyetərliliyi (İnternet Access) insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilir. Bununla da, dünyanın müxtəlif regionlarında insanların qəsdən şəbəkəyə çıxış imkanlarının məhdudlaşdırılması insan hüquq pozuntuları hesab edilir.

Ümimiyyətlə milli qanunvericiliyə görə, informasiya azadlığı dedikdə hər kəsin beynəlxalq və milli qanunlara müvafiq olaraq birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etməklə, informasiyanın növünü və əldə etmə formasını seçməklə, heç bir maneə olmadan informasiyanın əldə olunması, ötürülməsi və yayılması üzrə sərbəstliyi başa düşülür.

İnternetdə informasiya azadlığı probelmi bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının da məşğul olduğu əsas məsələlərdəndir. AŞ Nazirlər Komitəsi tərəfindən 28 may 2003-cü ildə qəbul edilmiş İnternetdə kommunikasiya azadlığı haqqında Bəyannamə İnternetdə fikri ifadə azadlığının və azad informasiya dövriyyəsi zərurətinin aktuallığını nəzərə alaraq bu sahə üçün spesifik prinsiplər müəyyən edir.

İnternet xalqların sosial, mədəni və siyasi həyatında iştirakı, sərbəst muzakirələrin aparılması üçün olduqca zəruri bir məkandır. Məhz bu səbəbdən onların bu virtual aləmdə informasiya hüququnun təminatına ehtiyac daha böyükdür. Bütün dünya üzrə İnternet istifadəçilərinin sayının son on ildə 5 milyarda çatacağı proqnozlaşdırılır. ATƏT-ə üzv olan ölkələrin vətəndaşlarının 60%-dən çoxu İnternet istifadəçiləri olmaqla, bu dövlətlərin yalnız 30%-i İnternetə çatım hüququnun əsas insan hüquqları və ya fundamental ifadə azadlığının tərkib hissəsi kimi nəzərdə tutulmasını bəyan edirlər. Eyni zamanda, bu quruma üzv dövlətlərin 12%-dən çoxunda İnternetə çatım hüququ milli təhlükəsizlik, sağlamlıq və ya fövqəladə hallar zamanı dövlət maraqlarının müdafiəsi üçün qanunamüvafiq şəkildə məhdudlaşdırıla bilər. Lakin, İnternetdə informasiya azadlığı əldə rəhbər tutularaq, bütün məlumatlar xaotik şəkildə ictimaiyyətə təqdim oluna bilməz və burada müəyyən bir tənzimlənmə, hətta bəzi məhdudiyyətlər də tələb olunur. Bu hüquqi mühitin əsas xarakterik cəhəti İKT-nın müasir inkişafı ilə əlaqədar İnternetin digər KİV-lərə münasibətdə hansı həcmdə hüquqi məhdudiyyətlərə məruz qalması məsələsidir. Bu həm nəzəri və həm də praktiki problemdir. Məsələn, diffamativ azadlıqlara münasibətdə televiziyaların üzərinə qəzetlərdən daha çox məsuliyyət düşür. Bu mənada İnternet daha modern və əhatəli olduğuna görə məhdudiyyətlərin həcmi də onun qlobal KİV xarakterindən asılı olmaqla, yeni və köhnə hüquq normaları bir-birinə keyfiyyətli formada uzlaşdırılmalıdır. Bunun üçün xarici ölkələrin İnternet praktikasına müraciət etmək xüsusilə zəruridir. İlk öncə İnternetin vətəni olan ABŞ qanunvericiliyində təsbit olunmuş normalara diqqət yetirək. ABŞ Konstitusiyasına Birinci Düzəlişdə qeyd olunmuşur ki, Konqres söz və mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz. Telekommunikasiya sənayesində baş verən köklü islahatları nəzərə alan ABŞ Konqresi 1996-cı ildə “Kommunikasiya vasitələrində əxlaq qaydalarının gözlənilməsi haqqında” Qanun qəbul etmiş, “ədəbsiz və ya açıq-aşkar təhqiramiz materialların” İnternetə ötürülməsini və orada yayılmasını qadağan etmişdir. Qeyd edək ki, Amerika cəmiyyətində etirazlarla qarşılanmış sözügedən qanunun əleyhdarları hesab edirdilər ki, bu normalar ifadə azadlığı və hər kəsin sərbəst məlumat əldə etmək hüquqlarını pozur. Lakin, problem məhkəmə qaydasında mübahisələndirilərək, media qurumlarının və peşəkarlarının qələbəsi ilə başa çatmışdır. Federal Məhkəmə qərara almışdır ki, İnetrnetə qəzetlər və ictimai toplantılardakı ifadələrə münasibətdə daha geniş ifadə azadlığı verilməlidir, habelə İnternetdə insanların yazışmalarının məzmununa hər hansı məhdudiyyət cəhdi Birinci Düzəlişə mənfi təsir edəcək.

Əlbəttə, İnternetdə informasiya azadlığı heç də məhdudiyyətsiz deyildir. Başqa sözlə, bu hüquq İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan “məhdudiyyətlərə, şərtlərə və rəsmiyyətlərə” məruz qala bilər. AŞ-nın İnternetdə kommunikasiya azadlığı Bəyannaməsində qeyd olunmuş 3-cü Prinsipdə deyilir: “Dövlət hakimiyyət orqanları sərhədlərdən asılı olmayaraq, İnternetdə ictimaiyyətin informasiyaya və başqa kommunikasiyaya çatım hüququnu ümumi blok qoymaqla və ya süzgəcdən (filtrdən) keçirməklə inkar etməməlidir. Bu, yetkinlik yaşına çatmayanların müdafiəsi üçün, o cümlədən məktəb və ya kitabxana kimi yerlərdə süzgəclər qurulmasına mane olmur. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan təminatlara riyayət edilmək şərtilə, açıq-aşkar qeyd olunan məzmuna malik İnternet materialının şəbəkədən xaric olunması və ya alternativ olaraq materialın əldə edilməsinə, əgər onun qeyri-qanuniliyi ilə bağlı səlahiyyətli milli hakimiyyət orqanları müvəqqəti xarakterli və ya son qərar qəbul etmişsə, blok qoyulması barədə məcburi tədbirlər görülə bilər”.

Xarici ölkələrin təcrübəsində elektron şəbəkədə ifadə azadlığının qeyd olunan qanuni məhdudlaşdırılması proksi-serverdən istifadə edilməklə həyata keçirilir. Provayderin sərəncamında olan proksi-server istifadəçinin daxil olduğu hər hansı veb-saytın məlumatını öz informasiya bazasında saxlayır. Bu zaman proksi-server İnternet istifadəçisinin sayta çıxışına mane ola və qadağan edilmiş materiallara çıxış cəhdi barəsində hüquq mühafizə orqanlarını xəbərdar edə bilər. Dünya praktikasında proksi-serverin belə xidmətlərindən dini, siyasi, ölkənin əxlaqi dəyərlərinə uyğun gəlməyən və pornoqrafiya xarakterli məlumatların əks olunduğu saytlara girişi qadağan etmək üçün istifadə olunur. Fikrimizcə, belə xarakterli bəzi məlumatlara hansı dərəcədə məhdudiyyətin qoyulması məsələsinin 10-cu maddənin 2-ci bəndinə uyğunluğu ilə bağlı mübahisə açmaq olar. İnternetdə ifadə azadlığı ilə bağlı Almaniya təcrübəsində tətbiq olunmuş məhdudiyyətlər media peşəkarları üçün bir sıra analoji problemlər yaratmışdır. Belə ki, “Radikal” jurnalına Almaniyada qadağa qoyulduqdan sonra bu elektron nəşr fəaliyyətini Niderlandda davam etdirdiyi üçün Alman hökuməti Niderlanda məxsus provayderin serverlərində yerləşən bütün səhifələrə girişə mane olmaqla, təkcə həmin jurnalın saytına deyil, minlərlə digər saytlara da çıxışı məhdudlaşdırmışdır. Qeyd olunan fakt İnternet jurnalistlərinin və digər istifadəçilərin ifadə azadlığını kobud surətdə pozduğundan həmin məhdudiyyətlər aradan qaldırılmışdır.

Ümumiyyətlə, Avropa və ABŞ-da belə bir hüquqi düşüncə hakimdir ki, hökumətlərin İnternetə dair məhdudlaşdırıcı normalar tətbiq etməsi bütövlükdə ifadə azadlığının pozuntusudur. Bu səbəbdən həqiqətən də, İnternet məkanında ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı Azərbaycanda heç bir normativ hüquqi akt mövcud deyildir və bu hal olduqca müsbət dəyərləndirilməlidir. Bir sıra xarici ölkələrin praktikasında da hökumətin İnternetdə ifadə olunan yazıların məzmununa deyil, daha çox texniki və informasiya təhlükəsizliyi aspektlərinə diqqət ayırması məqbul hesab olunur. Əks təqdirdə bu, KİV olaraq İnternetin özünütənzimləməsi prosesinə, hər kəsin qlobal informasiya şəbəkəsinə çatım hüququna və ümumilikdə fundamental insan hüquq və azadlıqlarına maneələr yarada bilər.

Eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli Qanunu ilə “informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.” İnternetdə informasiya azadlığının təminatı üzrə məhkəmə qərarları da mühüm əhəmiyyət kəsb etmişdir. Avropa Məhkəməsi vurğulayır ki, ictimai maraq kəsb edən məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi medianın üzərinə düşür. Həmçinin, buradan elə nəticə çıxarmaq olmaz ki, belə vəzifələr yalnız mətbuata şamil olunur. Çap mətbuatından başqa Məhkəmə bir sıra işlərdə təsdiq edib ki, məlumat və ideyalar həm də digər yayım vasitələrinə aid edilir. Məsələn, Groperra Radio AG və başqaları İsveçrəyə qarşı (1990) işində belə hüquqlar radio verilişlərinə, Otto-Preminger İnstitutu Avstriyaya qarşı (1994) işində filmlərə, Müller və başqaları İsveçrəyə qarşı (1988) işində isə rəsm əsərlərinə də aid edilir. Eyni zamanda, belə hüquqlar müasir dövrdə elektron informasiya sistemləri, xüsusilə İnternet üçün Xurşid Mustafa və Tarzibaçi İsveçə qarşı (2008) işdə də tanınır. Beləliklə, isər milli qanunlar, istərsə də beynəlxalq normalar İnternetdə informasiya azadlığına təminat verməklə, eyni zamanda orada cəmiyyətin mənafeyi, şəxslərin hüquq və azadlıqları, habelə digər qanuni maraqlar naminə məhdudiyyətlərin tətbiqini və müdaxilənin zəruriliyini nəzərdə tutur. Həmçinin, İnternetdə belə müdaxilə – birincisi, qanunla nəzərdə tutulmalı, yəni, “formallıq”, “şərt”, “məhdudiyyət” və ya “sanksiya” qanunda dəqiq göstərilməli, ikincisi, qanuni məqsəd daşımalı, yəni, müdaxilə ən azı, milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsindən ibarət maraq və dəyərlərin hər hansı birinin müdafiəsinə yönəlməli və üçüncüsü, “demokratik cəmiyyətdə zəruri” olmalıdı.

Add a Comment

Your email address will not be published. Required fields are marked *