Prezİdent İlham Əlİyev: Cocuq Mərcanlı kəndİnİn yenİdən qurulması tarİxİ hadİsədİr

 

30.01.2017

Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda minalardan təmizləmə işləri aparılır: “Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”.

Dövlət başçısı deyib ki, indi digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: “Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə qeyd etdiyim kimi infrastruktur – yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq”.