BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN ROMA STATUTUNDA MÜHARİBƏ CİNAYƏTLƏRİ

 

Əlövsət Vilayət oğlu Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru

  Silahlı Qüvvələrin Hərbi Akademiyasının  adyunktu,

lawyer.406@gmail.com

Açar sözlər: Beynəlxalq Cinayət Məhkəməsi, Roma Statutu, müharibə cinayətləri, silahlı

                    münaqişələr

Məlumdur ki, müharibə cinayətlərinin ictimai təhlükəliliyi hərbi münaqişələrdə və hərbi əməliyyatlarda iştirak etməsi müqabi­lin­də maddi mükafat əldə etməyi özünə peşə seçən qeyri-müəyyən sayda insanların meydana çıxması həmin şəxslərin iştirakı nəticəsində nəinki münaqişədə olan tərəflərin hərbi qüv­və­lərin­dən, o cümlədən dinc əhalidən xeyli adamın məhv edilməsi ilə xarak­terizə olunur.

“Müharibə cinayətləri” anlayışı suveren dövlətlər arasında müharibəyə tətbiq edilən ənənəvi beynəlxalq hüququn toplu şəkildə məcəllələşdirildiyi vaxtlarda, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində meydana gəlməyə başladı[1]. Belə ki, beynəlxalq hüquq ilk dəfə dövlət səviyyəsində məcəllə halında ABŞ-da Liber Məcəlləsi qüvvəyə mindikdə, beynəlxalq səviyyədə isə 1899 və 1907-ci illərdə Haaqa Konvensiyasının sazişləri qəbul edildikdə meydana çıxdı. Həmçinin yerli məhkəmələrdə məhkəmə proseslərinin də bu hüquqa aydınlıq gətirməkdə köməyi oldu. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bu hüquqda mühüm irəliləyişlər baş verdi. Faşist bloku ölkələrinin müharibə cinayətkarlarının çoxsaylı mühakimə prosesləri Nürnberq prinsiplərini meydana gətirdi. Belə prinsiplərdən biri beynəlxalq hüquqda göstərilən cinayətləri təşkil edən müharibə cinayətləri anlayışı idi. Bundan əlavə, 1949-cu il Cenevrə Konvensiyasında yeni müharibə cinayətləri və dövlətlərin belə cinayətlər üzərində universal yurisdiksiya həyata keçirmək ixtiyarı müəyyən edildi. Amerika Birləşmiş Ştatları, İsrail və Rusiya Roma Statutunu imzalamamış və öz vətəndaşları üzərində Beynəlxalq Cinayət Məhkəməsinin müharibə cinayətləri yurisdiksiyasını tanımayan yeganə ölkələridir[2].

Müharibə cinayətlərinə  neytral dövlətlərin mülkiyyəti və dinc əhalisinə qarşı qəsdən törədilən hücumlar da aiddir, çünki onlar döyüşlərdə iştirak etmirlər. Buna misal olaraq yaponların Perl Harbor bazasına hücumunu söyləmək olar. Perl Harbora hücumu Yaponiya müharibə elan etmədən, açıq surətdə xəbərdarlıq etmədən həyata keçirdi, həm də hərbi və mülki heyətdə ifrat dağıntı və tələfat meydana gətirdi, eyni zamanda həmin vaxtlar ABŞ İkinci Dünya Müharibəsində rəsmən iştirak etmirdi. Buna görə də bazanın hərbi heyəti hücumu əks etdirməyə hazırlıqlı deyildi və Tokio məhkəmələrinin qərarına əsasən bu hücum hərbi zərurətdən doğmayan hücum olaraq qiymətləndirildi, beləliklə də bu əməl müharibə cinayəti tərkibli hesab edildi.

Beynəlxalq hüququn subyektləri tərəfindən birmənalı şəkildə qəbul olunmuşdur ki, hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparıl­dı­ğın­dan beynəlxalq hüquq normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz qalmamalıdır. Mülki əhaliyə qarşı edilən zorakılıq əməlləri qələbə çalmaq üçün məqbul metod sayıla bilməz. Mülki əhali döyüşlərdə iştirak etməyə cəlb edilməməli, bütün hallarda ona hörmət göstəril­mə­lidir. Mülki əhalinin təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr za­manı himayədə olan şəxslər yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər, lakin bu, əməli cəhətdən mümkün olmadığı halda istisna təşkil edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş əməliyyatları başa çatan kimi öz yerlərinə qaytarılmalıdır.

Silahlı münaqişənin xarakterində qeyri-beynəlxalq silahlı münaqişələrin üstünlük təşkil etməsi, döyüş meydanının əhalinin sıx məskunlaşdığı ərazilərə doğru hərəkəti, silahlı münaqişələrdə mülki şəxslərin iştirakının genişlənməsi və partizan müharibələrinin artması ilə bağlı gedən dəyişikliklərə cavab olaraq beynəlxalq ictimaiyyət Cenevrə Konvensiyasına iki əlavə protokol qəbul etdi. Ən əhəmiyyətlisi isə 1-ci protokolda beynəlxalq silahlı münaqişənin tərifinin daha geniş təsviri, bura “xalqların öz müqəddəratını təyinetmə hüquqlarını həyata keçirərək müstəmləkəçi hökmranlıqla, yadelli işğalçılarla və irqçi rejimlərlə mübarizə apardığı silahlı münaqişələr”in daxil edilməsi oldu. Bu münaqişələrə beynəlxalq silahlı münaqişələr statusu verməklə eyni zamanda və bir sıra azadlıq hərəkatına siyasi üstünlük qazandırmaqla sözügedən protokolda müəyyən dərəcədə müharibə hüququnun “ədalətli müharibə” ənənəsinə çağırış öz əksini tapır. 1-ci protokolda həmçinin hərbi və mülki hədəflər arasında fərq qoymaq öhdəliyi ilə və qüvvələrdən düzgün nisbətdə istifadə etməklə əlaqədar daha ətraflı tənzimləmələr əks olunur, bununla da muzdlularla bağlı tənzimləmələrə daha dəqiq və aydın tərif verilir. Burada eləcə də imtiyazlı döyüşçülərin təsnifatı daha geniş formada qeyd olunur, belə ki buraya müəyyən qaydalara riayət etməklə özlərini mülki əhalidən fərqləndirən partizan hərəkatlarının üzvləri və ya qeyri-rəsmi hərbçilər daxildir. Bu tənzimləmələr 3-cü Cenevrə Konvensiyasının hərbi əsirlərlə bağlı olan bəndlərinə nisbətən daha düzgündür, protokolun mülki əhalini daha böyük risk altına ataraq döyüşçü və partizanlara daha yaxşı mühafizə təmin etdiyi üçün həmin bəndlər tənqidə məruz qalırdı. Yuxarıda deyilən müddəalarla 1-ci Protokol həm Cenevrə, həm də Haaqa qanunvericiliyinin elementlərini əks etdirir.

2-ci Protokol 3-cü ümumi maddənin minimal tənzimləmələrini konkretləşdirir. Tarixən dövlətlər, ilk növbədə müxalif fikirlilərin və ya ölkədaxili üsyançı dəstələrin legitimləşəcəyindən, eləcə də ölkənin daxili problemi kimi nəzərdən keçirilən məsələlərin beynəlxalq müşahidəçilərin əlinə keçəcəyindən ehtiyat edərək qeyri-beynəlxalq silahlı münaqişələrin aparılmasını nizamlayan hüquqi tənzimləmələr qəbul etməkdə maraqlı olmayıblar. Dörd Cenevrə Konvensiyası işlənib hazırlanan zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinin və bir sıra ölkələrin nümayəndələri qeyri-beynəlxalq silahlı münaqişələr üçün daha ətraflı tənzimləmələr təklif etdi. Göstərilən kəskin müqavimət sayəsində əldə olunan nəticə yığcam şəkilli 3-cü ümumi maddədən ibarət oldu. 2-ci Protokolun aşağıda qeyd olunan parçası Cenevrə Konvensiyalarının səlahiyyət dairəsilə üst-üstə düşməyən münaqişələrin nizamlanmasına tərəfdarlarının cəmiyyətdə getdikcə çoxaldığını göstərir.

Protokolun 1-ci maddəsində deyilir: “3-cü ümumi maddəni təkmilləşdirən və tamamlayan, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına əlavə olunan bu Protokol, Konvensiyanın mövcud şərtlərini və əlavələrinə dəyişiklik etmədən 1-ci Protokolda əhatə olunmayan və Yüksək səviyyədə Müqavilə imzalamış Tərəflərdən birinin ərazisində həmin Tərəfin silahlı qüvvələri ilə, məsul rəhbərlik altında davamlı və razılaşdırılmış hərbi əməliyyatlar aparmaq və bu Protokolu icra etmək iqtidarında olacaq qədər sözügedən Tərəfin ərazisinin bir qismi üzərində nəzarəti həyata keçirən müxalifət qüvvələri və ya digər silahlanmış mütəşəkkil dəstələr arasında baş verən bütün silahlı münaqişələrə tətbiq olunmalıdır.Bu Protokol silahlı münaqişə olmadığına görəiğtişaşlara, ayrıca götürülmüş və təsadüfi zorakılıq əməlləri və buna oxşar digər aktlar kimi ölkədaxili çaxnaşma və gərginlik vəziyyətlərinə tətbiq edilməməlidir”.

Göründüyü kmi, beynəlxalq ictimaiyyət istər beynəlxalq, istərsə də daxili silahlı münaqişələrə, hər hansı iğtişaşlara, baş verən müharibələrə yanaşmada ədalətliliyin tərəfdarıdır. Məhz elə “ədalətli müharibə” anlayışı da beynəlxalq ictimaiyyətdən doğan bir sifarişdir. Təəssüf  ki, ədalətli müharibə adətən, zəif tərəfə, yəni müdafiə vəziyyətində olanlara aid olur. Bir növ bu özünümüdafiə xarakteri daşıyır. Müharibə cinayətlərinə gəldikdə isə bu cinayətləri hər iki tərəf (təcavüz edən və müdafiə olunan tərəf) törədə bilər. Yəni söhbət dinc mülki əhalinin, tarixi mədəniyyət abidələrinin və s. hərbi hədəf olmamasından gedir və bunu da tərəflər aydın dərk etməlidilər. Onların hərbi hədəfə çevrilməsi birbaşa müharibə cinayətlərinin tərkibini yaradır. Müharibə cinayətlərinin baş verməsi BHH normalarının pozulmasına və beynəlxalq cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Müharibə cinayətlərinin tərkibini yaradan əməllər BCM-nin Statutunda konkret göstərilmişdir. Qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilmiş müharibə cinayətləri də Məhkəmənin yurisdiksiyasına aid edilmişdir. Məhkəmənin Statutu YBCT-nin Nizam­na­mə­sini və hökmlərini əsas tutaraq həm beynəlxalq xarakterli, həm də qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilmiş əməlləri müharibə cinayətləri hesab edir. Müharibə ci­na­yətlərinin dörd kateqoriyası məlumdur[3]. İki kateqoriya beynəlxalq silahlı mü­na­qişələr zamanı törədilən cinayətlər, digər iki kateqoriya isə qeyri-beynəlxalq si­lah­lı münaqişələr zamanı törədilən cinayət­lərdir. Qeyri-beynəlxalq silahlı mü­na­qi­şələr zamanı törədilən əməllərin dəmüharibə cinayəti kimi nəzərdə tutulması hü­quqda irəliləyiş kimi qiymətləndi­ril­məlidir. Sta­tutda müharibə cinayəti kimi nə­zərdə tutulmuş əməllər, əsasən, Cenevrə Konven­siya­ları və onlara Əlavə Pro­tokollarda ciddi pozuntular kimi ifadəsini tapmış əməllərdir. Eyni zamanda, BHH-da ciddi pozuntu hesab edilməmiş əməl­lər də müharibə cinayətləri kimi gös­tə­rilmişdir. Məsələn, uşaq­ların silahlı qüv­vələrə cəlb edilməsi, işğalçı dövlətin işğal etdiyi ərazilərdə öz vətəndaşlarını yer­ləşdirməsi, işğal edilmiş ərazidə yaşayan əhalinin həmin ərazidən deportasiya edilməsi bey­nəlxalq hüquqi sənədlərdə müharibə cinayətləri kimi göstərilmişdir.

Göstərilənlərlə yanaşı, müharibə cina­yəti kimi qəbul olun­muş kimyəvi, bakterioloji, nüvə silahlarının tətbiqinin, yaxud hər­bi əsirlərin və mülki şəxslərin repatriasi­yasının əsassız gecik­dirilməsinin, mülki əhali və mülki obyektlərə ziyan yetirən qeyri-seçim xarakterli hücum Statutda müharibə cinayəti kimi öz əksini tapmamışdır. Statutun 8-ci maddəsinin tələblərinə görə aşağıda göstərilən əməllərdən (müharibə cinayətlərindən) hər hansı biri geniş miqyasda və dövlət siyasəti formasında törədildikdə Məhkəmənin yurisdiksiyasına aid olur:

  1. a) 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının ciddi şə­kil­də pozulması, o cümlədən Cenevrə Konvensiyalarının müd­dəa­larına uyğun olaraq mühafizə olunan şəxslərə və əmlaka qarşı aşağıdakı hərəkətlərdən biri[4]:
  • qəsdən adamöldürmə

Bu əmələ görə cinayətkarın 1949-cu il Cenevrə Konvensiyalarına və BHH normalarına müvafiq olaraq mühafizə olunmalı olan bir və ya daha çox şəxsi öldürməsi nəzərdə tutulur. Cinayətkar həmin şəxslərin mühafizə olunması şəraitindən və silahlı münaqişənin mövcudluğunu təsdiq edən faktiki şəraitdən xəbərdar olur və əməl silahlı münaqişə silahlı münaqişə kontekstində baş verir;

  • bioloji eksperimentlərdə daxil olmaqla işgəncə və ya qeyri-insani rəftar

Cinayətkar 1949-cu il Cenevrə Konvensiyalarına və BHH normalarına müvafiq olaraq mühafizə olunmalı olan bir və ya daha artıq şəxsə ağır fiziki və ya əqli əzablar verir, yaxud xəsarətlər yetirir, belə əzab və ya xəsarətlər: hər hansı məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq, qorxutmaq və ya məcbur etmək məqsədilə, yaxud ayrı-seçkiliyin hər hansı növünə əsaslanan səbəbə görə yetirilir. Eyni zamanda cinayətkar bir və ya daha çox şəxs üzərində xüsusi bioloji təcrübə aparır. Bu təcrübə insanların fiziki və ya psixi sağlamlıq durumunu yaxud bədəninin bütövlüyünü ciddi surətdə təhlükə qarşısında qoyur. Təcrübənin məqsədi terapevtik xarakterli deyil və təcrübə nə tibbi müalicə üsullarını əks etdirir, nə də belə şəxs və ya şəxslərin maraqları çərçivəsində həyata keçirilir. Cinayətkar törətdiyi əməlin insan üçün təhlükəli olduğunu və cinayət olduğunu dərk edir və bunu bilərəkdən edir. Cinayətkar bu əməllərin silahlı münaqişə şəraitində törədildiyindən və cinayətin qurbanı olan şəxslərin Cenevrə Konvensiyalarına müvafiq olaraq müdafiəsindən  xəbərdar olur.

  • qəsdən güclü iztirablar, ağır bədən xəsarətləri,yaxud sağlamlığa ziyan yetirmə

Cinayətkar silahlı münaqişə zamanı Cenevrə Konvensiyaları ilə müdafiə olunan bir və ya daha artıq şəxsə bilərəkdən ağır fiziki və ya əqli əzablar verir, xəsarətlər yetirir, yaxud bədəninə və ya sağlamlığına ciddi zərər vurur. O, bunun silahlı münaqişə şəraitində baş verdiyini aydın dərk edir və törətdiyi əməlin cinayət olduğunu bilir.

  • hərbi zərurətlə əlaqədar olmayan əmlakın qeyri-qanuni, mənasız və genişmiqyaslı məhvi və mənimsənilməsi

Bu əmələ görə cinayətkar silahlı münaqişə şəraitində vətəndaşlara məxsus mülkiyyəti dağıdır və ya mənimsəyir. Əməl hərbi zərurət olmadan geniş miqyasda həyata keçirilir. Cinyətkar bunun Cenevrə Konvensiyalarına zidd olduğunu və cinayət olduğunu bilir və hətta bunu həyata keçirməyi arzu edir.

  • hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi düşmən dövlətin silahlı qüvvələrində xidmətə məcburetmə

Cinayətkar bir və ya daha artıq şəxsi həmin şəxsin öz ölkəsinə və ya silahlı qüvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak etməyə və ya hər hansı digər şəkildə düşmən tərəfin silahlı qüvvələrində xidmət keçməyə zorla məcbur edir. Cinayətkar bu əməlin də BHH normalarına zidd olduğunu və cinayət olduğunu bilir və öz məsuliyyətini dərk edir.

  • qəsdən hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi ədalətli və normal mühakimə icraatı hüququndan məhrumetmə

Cinayətkar xüsusilə 1949-cu ildə qəbul olunmuş 3 və 4-cü Cenevrə Konvensiyalarında müəyyən edilən məhkəmə zəmanətini rədd edərək bir və ya daha artıq şəxsi mütəmadi fəaliyyət göstərən ədalət məhkəməsindən məhrum edir. Cinayətkar həmin şəxslərin Cenevrə Konvensiyaları ilə mühafizə olunduğunu və ya onların mühafizə olunmalı olduğunu aydın dərk edir və cinayəti törədir.

  • qeyri-qanuni deportasiya, yerdəyişmə, yaxud azadlıqdan məhrumetmə

Cinayətkar BHH normaları və Cenevrə Konvensiyaları ilə mühafizə olunan bir və ya daha artıq şəxsi digər əraziyə və ya dövlətə deportaiya edir və ya məcburi köçürür. Cinayətkar törətdiyi əməlin silahlı münaqiələrlə bağlı olduğunu və bunun  cinayət olduğunu dərk edir və hətta bunu həyata keçirməyi arzu edir.

  • girovgötürmə

Cinayətkar bir və ya daha artıq şəxsi müəyyən ərazidə girov saxlayır və ya saxlamaqda davam edir. Cinayətkar belə şəxs və ya şəxsləri öldürməklə, xəsarət yetirməklə və ya saxlamaqla təhdid edir. Bununla yanaşı, cinayətkar dövləti, beynəlxalq təşkilatı, fiziki və ya hüquqi şəxsi və ya şəxslər qrupunu belə şəxs və ya şəxslərin təhlükəsizliyi və ya azadlığa çıxmaları üçün aşkar və ya gizli şəraitdə addım atmaqdan çəkindirmək niyyətində olur. Belə şəxs və ya şəxslərin 1949-cu il Cenevrə Konvensiyaları ilə mühafizə olunduğunu cinayətkar aydın dərk edir, silahlı münaqişə şəraitində törətdiyi bu əməlin cinayət olduğundan xəbərdar olur.

  1. b) Beynəlxalq hüquq çərçivəsində təsbit edilmiş, beynəlxalq silahlı mü­naqişələrdə tətbiq edilən qanun və adətlərin digər ciddi pozuntuları, o cümlədən aşağıdakı hərəkətlərdən hər hansı biri:
  • qəsdən mülki əhaliyə və yaxud, bilavasitə hərbi əməlıyyat­larda iştirak etməyən ayrı-ayrı şəxslərə hücum etmə

Cinayətkar hücuma rəhbərlik edir. Hücumun hədəfi döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki əhali və ya fərdi mülki şəxslər olurlar.Cinayətkar hücumun hədəfi olaraq döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki əhali və ya fərdi mülki şəxsləri seçir.Bu əməl silahlı münaqişə kontekstində baş verir və cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur

  • qəsdən mülki obyektlərə, yəni hərbi məqsədlər daşımayan obyektlərə hü­cum etmə

Cinayətkar hücuma rəhbərlik edir.Hücumun hədəfi hərbi məqsədlər üçün istifadə olunmayan obyektlər, yəni mülki obyektlər olur.Cinayətkar hücumun hədəfi olaraq hərbi məqsədlər üçün istifadə olunmayan obyektləri, yəni mülki obyektləri seçir. Eyni zamanda bu cinayət özündə  müdafiəsiz məkanlara hücumu da ehtiva edir. Cinayətkar bir və ya daha artıq şəhərə, kəndə, yaşayış məskəninə və ya binaya hücum edir. Belə kənd və şəhərlər, yaşayış məskənləri və ya binalar müqavimətə rast gəlməyən işğal üçün açıq olur. Belə kənd və şəhərlər, yaşayış məskənləri və ya binalar hərbi məqsədlər üçün istifadə olunmur.Bu əməl silahlı münaqişə kontekstində baş verir və cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur.

  • Qəsdən silahlı münaqişələrə dair beynəlxalq hüquq üzrə mülki şəxslər və mülki obyektlərin istifadə etdikləri müdafiəyə malik olduqları müddətdə humanitar yardım göstərən, yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qorunması missiyası ilə fəaliy­yət göstərən şəxsi heyətə, obyektlərə, materiallara, bölmələrə, yaxud nəqliyyat vasitələrinə qəsdən zərbə endirmə

Cinayətkar hücuma rəhbərlik edir.Hücumun hədəfi BMTNizamnaməsinə uyğun olaraq sülhməramlı missiyası ilə və ya humanitar yardımla bağlı cəlb edilmiş şəxsi heyət üzvləri, qurğular, materiallar, qoşqular və ya nəqliyyat vasitələri olur.Cinayətkar hücumun hədəfi olaraq belə şəxsi heyət üzvlərini, qurğuları, materialları, qoşquları və ya nəqliyyat vasitələrini seçir.Belə şəxsi heyət üzvləri, qurğular, materiallar, qoşqular və ya nəqliyyat vasitələrininBHH normaları ilə mühafizə olunduğunu cinayətkar bilir və əməl silahlı münaqişəkontekstində baş verir.

  • hərbi üstünlük olsa belə silahlı münaqişənin xarakterinə uyğun olmayan hücumların edilməsi, bu cür hücumun mülki şəxslərin təsadüfi məhvinə, şi­kəst olmasına, mülki obyektlərə ziyan vurulmasına, ətraf mühitə ge­niş­miqyaslı, uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olacağı məlum ol­duqda, qəsdən bu cür hücum etmək

Cinayətkar hücum əmri verir və bu hücum mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət almasına, mülki obyektlərə zərər yetirilməsinə, yaxud ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və şiddətli zərər vurulmasına gətirib çıxara və belə ölümlərin, xəsarətlərin və ya zərərin əvvəlcədən gözlənilən konkret və birbaşa ümumihərbi üstünlüklə bağlı zəruri addımların ifrat dərəcədə atıldığını aydın şəkildə göstərə biləcək gücdə həyata keçirir. Cinayətkar bu hücumun mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət almasına, mülki obyektlərə zərər yetirilməsinə, yaxud təbii ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və şiddətli zərər vurulmasına gətirib çıxara və belə ölümlərin, xəsarətlərin və ya zərərin əvvəlcədən gözlənilən konkret və birbaşa ümumi hərbi üstünlüklə bağlı zəruri addımların ifrat dərəcədə atıldığını aydın şəkildə göstərə biləcək gücdə həyata keçirildiyindən xəbərdar olur. Bu əməl silahlı münaqişəkontekstində baş verir. Eyni zamanda cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur.

  • müdafiəsiz və hərbi məqsədlər daşımayan şəhər, kənd, yaşayış yerləri və binalara hücum etmək, onları hər hansı vasitələrlə atəşə tutmaq

Cinayətkar bir və ya daha çox şəxsi qətlə yetirir və ya yaralayır. Belə şəxs və ya şəxslər döyüşmək iqtidarında olmurlar.Cinayətkar həmin şəxslərin Cenevrə           Konvensiyalarına müvafiq olaraq mühafizə olunduğunu bilir və bildiyi halda da onlara qarşı cinayəti törətməkdən çəkinmir.

  • silahı yerə qoymuş, yaxud artıq müdafiə vasitələrinə malik olmayan, qeyd-şərtsiz təslim olmuş kombatantı[5] öldürmək və ya yaralamaq

Bu bəndin mahiyyəti ondan ibarətdir ki, cinayətkar sülh bayrağından istifadə edir.Cinayətkarın təslim olmaq kimi niyyəti olmadığı halda danışıqlar aparmaq üçün saxtakarlıq edir və bu məqsədlə addım atır və hətta  belə bir addımı atacağı təqdirdə məsuliyyətini dərk edir. Cinayətkar bu əməlinin ölümlə və ya ciddi bədən xəsarəti almaqla nəticələnə biləcəyini bilir və əməl silahlı münaqişə kontekstində baş verir. Bütün bunların müqabilində silahı yerə qoymuş, yaxud artıq müdafiə vasitələrinə malik olmayan, qeyd-şərtsiz təslim olmuş kombatantı öldürür və ya yaralayır.

  • parlamentar bayraqdan, milli bayraqdan, düşmən dövlətin, yaxud BMT-nin forma və hərbi fərqlən­mə nişanlarından, habelə Cenevrə Konvensiyaları ilə müəyyən olunmuş fərqlənmə nişanlarından adamların məhvinə gətirib çıxaran və ya onların fiziki şikəstliyinə səbəb olan formalardan istifadə etmək

Cinayətkar düşmən tərəfin sülh bayrağından, nişanından və ya uniformasından, habelə BMT-nin bayrağından, nişanından və ya uniformasından bilərəkdən düzgün istifadə etmir.Cinayətkar bunların hər hansı birindən hücumda iştirak edən zaman BHH normaları ilə qadağan edilmiş surətdə istifadə edir və belə bir addımı atacağı təqdirdə cəzalanacağını bilir. Bu əməl ölümlə və ya ciddi bədən xəsarəti ilə nəticələnir və cinayətkar belə nəticəni əvvəlcədən görür.

  • işğal etmiş dövlət tərəfindən düzgün və ya dolayı surətdə öz mülki əhalisinin bir hissəsinin işğal edilmiş əraziyə köçürülməsi, yaxud işğal olunmuş ərazinin əhalisinin bir hissəsinin bu ərazinin sərhədləri daxilində və ya onun sərhədlərindən kənara deportasiya etmək və ya köçürmək

Cinayətkar işğal etdiyi ərazilərə mənsub olduğu ölkənin əhalisinin bir qismini bilavasitə və ya dolayısı ilə köçürür, yaxud  işğal olunmuş ərazinin əhalisinin bir qismini və ya bütün əhalisini bu ərazi daxilində və ya bu ərazidən kənarda hər hansı əraziyə köçürür və ya deportasiya edir. O, əməlin silahlı münaqişə şəraitində baş verməsini və bunun cinayət olmasını aydın dərk edir.

  • qəsdən hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət, elm və yaxud xey­riyyəçilik məqsədləri üçün təyin olunmuş binalara, tarixi abidələrə, xəstəxa­nalara və ya xəstələrin və yaralıların cəmləşdikləri yerlərə zərbələr endirmək

Cinayətkar hücuma rəhbərlik edir, hücumun hədəfi kimi hərbi məqsədlər üçün istifadə edilməyən, dini, elmi, incəsənət, maarifləndirmə və ya xeyriyyə məqsədləri üçün istifadə olunan binalar, tarixi abidələr, xəstəxanalar və xəstə və yaralıların gətirildiyi digər yerlər seçilir. Cinayətkar hücumun hədəfi olaraq hərbi məqsədlər üçün istifadə edilməyən, dini, elmi, incəsənət, maarifləndirmə və ya xeyriyyə məqsədləri üçün istifadə olunan binalar, tarixi abidələr, xəstəxanalar və xəstə və yaralıların gətirildiyi digər yerləri seçir. Cinayətkar törətdiyi əməlin BHH normalarına zidd olduğunu və cinayət olduğunu bilir.

  • düşmən tərəfin hakimiyyəti altına düşən şəxslərin fiziki şikəstliyinə səbəb olan, yaxud xəstəxana müalicəsi zərurəti ilə əsaslandırılmamış və maraqlarına uyğun gəlməyən ölümə səbəb olan, yaxud bu şəxsin və ya şəxslərin sağlamlığına ciddi təhlükə yaradan, hər hansı tibbi və elmi eksperimentlər aparmaq

Cinayətkar 1949-cu il Cenevrə Konvensiyalarının müdafiəsi altında olan bir və ya daha çox şəxs üzərində elmi və ya tibbi təcrübə aparır. Belə təcrübə belə şəxs və ya şəxslərin fiziki və ya psixi sağlamlıq durumunun və ya cismani bütövlüyünün ciddi təhlükə altına düşməsinə səbəb olmuşdur.Bu əməl, qurbanların nə tibbi, stomatoloji və ya xəstəxana şəraitində müalicəsini əks etdirmir, nə də belə şəxs və ya şəxslərin maraqları dairəsində həyata keçirilmir.

  • düşmən tərəfə və ya orduya mənsub olan şəxsləri xəyanətkarlıqla öldürmə və ya

 yaralama

Cinayətkar bir və ya daha çox şəxsi onlara silahlı münaqişədə tətbiq edilən BHH normalarına əsasən, müdafiə təklif etmək səlahiyyətinin və ya öhdəliyinin verildiyinə inandırır və ya bu yolla onların etibarını qazanır. Eyni zamanda cinayətkar həmin etibara və ya inama xəyanət etmək niyyətində olur və nəticə etibarilə belə şəxs və ya şəxsləri öldürür və ya onlara xəsarət yetirir. Məlum olur ki, cinayətkar həmin etibardan və ya inamdan belə şəxs və ya şəxsləri öldürmək və ya onlara xəsarət yetirmək üçün istifadə etmişdir. Cinayətkar baş verə biləcək nəticəni əvvəldən görür və bunu hətta həyata keçirməyi arzu edir.

  • Aman verilməyəcəyi barədə bəyanatlar vermək

Cinayətkar heç bir insanın sağ qalmayacağını bəyan edir ya buna qərar verir.Cinayətkara silahlı birləşmələrə effektiv komandanlıq etmək vəzifəsi həvalə edilir və bütün proses  silahlı münaqişəkontekstində baş verir. Cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur.

 

  • Hərbi zərurətlə əlaqədar hallar istisna olmaqla düşmənin əmlakını dağıtma və ya ələ keçirmə

Cinayətkar düşmən tərəfə məxsus konkret əmlakı dağıdır və ya ələ keçirir.Hərbi zərurətlə bağlı olmayan əmlak 1949-cu il Cenevrə Konvesiyaları ilə mühafizə olunur və cinayətkar bu əmlakın statusunu təmin edən faktiki şəraitdən xəbərdar olur.Dağıdılma və ya ələ keçirilmə hərbi zərurətdən irəli gəlmir.Bu əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqiə ilə əlaqədardır.

  • düşmən tərəfin vətəndaşlarının məhkəmədə hüquq və iddialarının ləğv edilmiş, dayandırılmış, yaxudyolverilməz elan etmək;

Cinayətkar ədalət məhkəməsi vasitəsilə müəyyən hüquq və azadlıqların həyata keçirilməsinin ləğv edilməsinə, dayandırılmasına və ya buna xitam olunmasına gətirib çıxarır.Ləğv olunma, dayandırılma və ya xitam olunma düşmən tərəfin əhalisinə qarşı yönəlməlidir.Cinayətkarın belə ləğv olunma, dayandırılma və ya xitam olunma kimi əməlləri düşmən tərəfin əhalisinə qarşı yönəldilməsi niyyəti daşımalıdır. Əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur.

  • müharibə başlanana qədər döyüşən tərəflərdə hərbi xidmətdə olduğu halda belə, düşmən tərəfin vətəndaşlarını öz ölkələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmək

Cinayətkar bir və ya daha çox şəxsi həmin şəxs və ya şəxsləri mənsub olduqları ölkəyə qarşı aparılan hərbi əməliyyatlarda, yaxud çıxış edən qüvvələrdə iştirak etməyə zor yolu ilə və ya hədələməklə məcbur edir.Belə şəxs və ya şəxslər düşmən tərəfin əhalisindən ibarət olur.Bu əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur.

  • hətta hücumla alınsa belə, şəhər və ya yaşayış məntəqəsini qarət etmək

Cinayətkar konkret əmlakı mənimsəyir. Cinayətkar mülkiyyətçini əmlakından

məhrum edərək bu əmlakdan şəxsi və ya xüsusi məqsədlər üçün istifadə etmək

niyyətində olur.Mənimsənilmə mülkiyyətçinin razılığı olmadan həyata

keçirilir.Əməl silahlı münaqişə kontekstində baş verir və cinayətkar silahlı

münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur.

  • zəhər və ya zəhərlənmiş silah tətbiq etmək

Cinayətkar döyüş zamanı BHH normaları ilə qadağan olunan zəhərlənmiş silah

tətbiq edir və təbii ki, bu da dinc mülki əhalinin məhvinə şərait yaradır. Cinayətkar

zəhərli və ya zəhərlənmiş silahdan istifadə etdiyini və baş verə biləcək nəticəni

əvvəlcədən aydın dərk edir.

  • boğucu, zəhərləyici və ya digər qazları və istənilən analoji maddə, material və vasitələri tətbiq etmək

Cinayətkar zəhərli maddədən və ya işlədilən zaman zəhərli maddə ixrac edən

silahdan istifadə edir.Belə zəhərli maddədən istifadə, adətən, bu maddənin toksiki

xassələri vasitəsilə sağlamlığa ciddi xəsarət yetirilməsilə və ya ölümlə nəticələnir.

Əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar \

olur və cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən

xəbərdar olur.

  • sərt üzlüyü, yaxud kəsikləri olan örtüklü güllələr tipli asan parçalanan, yaxud insan bədənində yastılanan güllələrdən istifadə etmək

Cinayətkar konkret məlum güllələrdən istifadə edir. Belə güllələrdən atəş açılan zaman onlar insan bədənində asanlıqla genişləndiyi və ya yastılandığı üçün onların istifadəsi BHH normalarına görə qadağandır.Cinayətkar belə güllələrdən atəş açacağı təqdirdə ağrıdıcı və ya yaralayıcı təsirin kəskinləşəcəyini əvvəlcədən bilir.Əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur.

  • insan ləyaqətinin alçaldılması, o cümlədən təhqiredici və alçaldıcı rəftar

Cinayətkar bir və ya daha çox şəxsi alçaldır, aşağılayır və ya digər formada onun şərəf və ləyaqətinə toxunur.Belə alçaltma, aşağılama və ya digər formada təhqir etmə şiddətliliyinə görə ümumilikdə şərəf və ləyaqətə toxunmaqla özbaşınalıq kimi qəbul olunur.Bu əməl silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur və cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbərdar olur.

  • özündə Cenevrə Konvensiyalarının kobud surətdə pozulmasını ifadə edən zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcburetmə, Statutun 7-ci maddəsinin 2 (f) bəndində müəyyən edildiyi kimi məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar

Cinayətkar qurbanın bədəninin hər hansı hissəsinə cinsi orqan vasitəsilə, yaxud qurbanın anal dəliyinə və ya cinsi nahiyəsindəki girişə hər hansı predmet və ya bədənin hər hansı digər hissəsi vasitəsilə təcavüz edir.Təcavüz belə şəxsə və ya hər hansı digər şəxsə qarşı zorakılıq, təzyiq, saxlanılma, psixoloji əzab və ya səlahiyyətlərdən sui-istifadə edərək belə əməlləri törədərək, yaxud məcburedici şəraitdən yararlanaraq zor tətbiq etmə, yaxud zor tətbiq edəcəyilə və ya məcbur edəcəyilə hədələmə yolu ilə törədilmiş və ya təcavüz həqiqi razılıq vermək iqtidarında olmayan şəxsə qarşı törədilir.Bu əməl beynəlxalq silahlı münaqişə kontekstində baş verir və birbaşa münaqişə ilə əlaqədar olur, cinayətkar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən və əməlin ictimai təhlükəliliyindən xəbərdar olur.

  • cinsi istismar

Cinayətkar bir və ya daha çox şəxsin üzərində insan alveri, alqı-satqı, borc vermək və ya dəyişmək kimi sərəncamvermə, yaxud həmin şəxsləri buna oxşar surətdə azadlıqdan məhrumetməyə məruz qoyma hüququna əlavə olunan hər hansı və ya bütün hüquqları həyata keçirir. Cinayətkar belə şəxs və ya şəxsləri bir və ya daha artıq cinsi əlaqə xarakterli aktlara təhrik edir. Bu əməl mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi olaraq həyata keçirilir. Cinayətkar bu əməlin mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi olduğunu bilir və ya tərkib hissəsi olmasına nail olmaq niyyəti güdür.

  • mülki şəxslərdən və ya digər mühafizə altında olan şəxslərdən müəyyən məntəqələrin, rayonların, yaxud silahlı qüvvələrin hərbi əməliyyatlardan müdafiəsi üçün istifadə etmək;
  • Cenevrə Konvensiyaları ilə müəyyən olunmuş fərqləndirici nişanlardan bey­nəlxalq hüquqa uyğun olaraq istifadə edən binalara, maddələrə, tibbi müəssi­sələrə və nəqliyyat vasitələrinə, habelə tibbi heyətə qəsdən zərbə endirmək;
  • Cenevrə Konvensiyaları ilə müəyyən edilmiş qaydada kömək edilməsinə qəsdən maneə yaradılması da daxil olmaqla, müharibənin aparılması vasitəsi kimi, yaşayış üçün zəruri olan predmetlərdən qəsdən məhrumetmə yolu ilə  mülki əhalini aclığa düçar edən hərəkətlər etmək;
  • 15 yaşınadək olan uşaqları milli silahlı qüvvələrin tərkibinə toplamaq və ya cəlb etmək, yaxud onlardan döyüş əməliyyatlarında aktiv iştirak etmək üçün istifadə etmək;
  1. qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının hər biri üçün eyni olan 3-cü maddənin kobud şəkildə pozulması, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçular və xəstələr, yaralanma, həbsdə olma, yaxud hər hansı digər səbəbdən sıradan çıxmış şəxslər də daxil olmaqla, hərbi əməliyyatlarda aktiv iştirak etməyən şəxslərə qarşı törədilmiş aşağıdakı hərəkətlərdən hər hansı biri:
  • həyatına və şəxsiyyətinə qəsd, o cümlədən hər hansı formada qətlə yetirmə, şikəst etmə, qəddarcasına davranma və işgəncə vermə;
  • insan ləyaqətinin alçaldılması, o cümlədən təhqiredici və alçaldıcı rəftar;
  • girovgötürmə;
  • məcburiliyi tanınmış olan bütün məhkəmə qarantiyalarına əməl olun­ma­sını təmin edən, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilən, ilkin məhkəmə baxışı olmadan hökmlər çıxarmaq və onları icra etmək;
  1. Statutun 8-ci maddəsinin 2(c) bəndi qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrə tətbiq edilir və buna görə də nizamsızlıq, ayrı-ayrı və təsadüfi zora­kılıq aktları və digər analoji xarakterli daxili qaydaların pozulması və gərginliklərin yaradılması hallarına tətbiq edilmir.
  2. beynəlxalq xarak­terli silahlı münaqişələrə tətbiq olunan qayda və adətlərin digər kobud pozuntuları, o cümlədən:
  • qəsdən mülki əhaliyə zərbə endirmək, habelə qəsdən hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmək;
  • qəsdən Cenevrə Konvensiyaları ilə müəyyən olunmuş fərqləndirici nişanlar­dan istifadə edən binalara, maddələrə, tibbi müəssisələrə və nəqliyyat vasitələrinə, ha­belə tibbi heyətə zərbə endirmək;
  • qəsdən silahlı münaqişələrdə beynəlxalq hüquq üzrə mülki şəxslər və mülki obyektlərin istifadə etdikləri müdafiəyə malik olduqları müddətdə humanitar yardım göstərən, yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qorunması missiyası ilə fəaliyyət göstərən heyətə, obyektlərə, maddələrə. bölmələrə, yaxud nəqliyyat vasitələrinə zərbə endirmək;
  • qəsdən hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət, elm və yaxud xeyriyyəçilik məqsədləri üçün təyin olunmuş binalara, tarixi abidələrə, xəstəxanalara və xəstələrin və yaralılarm cəmləşdikləri yerlərə zərbələr endirmək;
  • hətta onlar hücumla alınmış olsa belə, şəhərləri və yaşayış məntəqələrini qarət etmək;
  • o cümlədən, hər dörd Cenevrə Konvensiyasının 3-cü maddəsinin kobud surətdə pozulması ilə xarakterizə olunan zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcbur etmə, 7-ci maddə-nin 2-ci (1) bəndində müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar;
  • 15 yaşına çatmamış uşaqların silahlı qüvvələrin, yaxud qrupların tərkibinə toplamaq və ya cəlb etmək, yaxud onları döyüş əməliyyatlarında aktiv iştirak etmək üçün istifadə etmək;
  • mülki əhalinin təhlükəsizliyi və hərbi zərurətlə bağlı tələb olmadığı halda, münaqişə ilə bağlı səbəblərə görə mülki əhalinin köçürülməsi barədə qərar vermək;
  • düşmən hərbi qulluqçusunu xəyanətkarcasına öldürmək, yaxud yaralamaq;
  • aman olmayacağı barədə bəyanat vermək;
  • münaqişədə olan digər tərəfin onun hakimiyyəti altında olan şəxslərin fiziki şikəstliyinə səbəb olma, yaxud onlar üzərində tibbi, diş müalicəsi, yaxud xəstəxana müalicəsi zərurəti ilə əsaslandırılmayan və onun maraqları ilə uyğun gəlməyən ölümə səbəb olan, yaxud bu şəxsin və ya şəxslərin sağlamlığına ciddi təhlükə yaradan hər hansı növ tibbi və elmi eksperimentlərin keçirilməsi.
  • bu cür məhvetmə və ya zəbtetmənin hərbi zərurətin qəti diqtəsindən irəli gəldiyi hallar istisna olmaqla, düşmənin əmlakının məhv edilməsi və ya zəbt edilməsi.
  1. f) 2 (e) bəndi qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrə tətbiq edilir və buna görə də nizamsızlıq, ayrı-ayrı və təsadüfi zorakılıq aktları və digər analoji xarakterli daxili qaydaların pozulması və gərginliklərin yaradılması hallarına tətbiq edilmir. O bir iştirakçı dövlətin ərazisində baş verən hərbi miinaqişələrə münasibətdə, hakimiyyət orqanları ilə mütəşəkkil silahlı qruplar arasında və ya bu cür qrupların öz aralarında uzunmüddətli hərbi münaqişə getdiyi hallarda tətbiq edilir.

3.2(s) və 2(d) bəndlərində heç bir şey hökumətin dövlətdə qanun və qaydanın bərpa edilməsi və qorunmasına və ya dövlətin vahidliyi və ərazi bütövlüyünün bütün qanuni vasitələrlə müdafiəsinə görə məsuliyyətinə toxunmur.

Müharibə cinayətlərinin tərkibini yaradan bu əməllərin bəşəriyyət üçün qədər təhlükəli olduğunu aydın müşahidə etmək mümkündür. Yuxarıda müharibə cinayətlərinin ictimai təhlükəliliyi, hərbi münaqişələrdə və hərbi əməliyyatlarda iştirak etməsi müqabilində maddi mükafat əldə etməyi özünə peşə seçən şəxslər barəsində qeyd olunmuşdu və bunun beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə mənbəyinin olduğu vurğulanmışdı.

                                                         Резюме

Военные преступления по Римскому статуту Международного Уголовного Суда

Общественная опасность военных преступлений характеризуется вовлечением неопределенного числа лиц, выбравших профессию, предусматривающую материальное вознаграждение в обмен на участие в военных конфликтах и боевых операциях, что ведет не только к уничтожению военной силы сторон, но и к гибели в большом количестве мирного населения. Гражданское население не должно вовлекаться в вооружённые столкновения и во всех случаях к населению должно быть проявлено уважительное отношение. C целью обеспечения безопасности гражданского населения, или по военным соображениям, страна оккупант может частично или полностью осуществить эвакуацию  населения с данной территории.

 Summary

War crimes in the Rome Statute of the International Criminal Court

Public danger of war crimes is characterized by involving undetermined number of  persons who choose the profession, which envisages material remuneration for the participation in armed conflicts and military operations, resulting by the destruction not only military force of the parties, but also death in a large number of peaceful population. The civilian population should not be involved in armed conflicts and in all cases they should be treated with respect. In case when safety of the civilian population is required or by military reasons, the invader country can carry out partially or completely evacuation of the population from the territory.

Ədəbiyyat:

 

  1. Кибальник А.Г. Современное международное уголовное право: пон­я­тие, задачи и принципы // Под науч. ред. доктора юридических наук А.В.Нау­мова, СПб, Юридический центр Пресс, 2003, 252 с.
  2. Ronald C. Slye, Beth Van Schaack International Criminal Law. 2009 Aspen Publishers 354 pg.

3.     The 1949 Geneva Conventions: A Commentary (Oxford Commentaries on International Law) 1st Edition by Andrew Clapham

  1. www.icc-cpi.int/nr/rdonlyres/ea9aeff7-5752-4f84-be94-0a655eb30e16/0/rome_statute_english.pdf
  2. Ceoffrey Robertson QC Crimes Against Humanity 2006. 758 pg.
  3. Sean D. Murphy İnternational Law 2006 Thomson/West. 506 pg
  4. un.org/icc/
  5. un.org/icty/
  6. icc-cpi.int/nr/rdonlyres/ea9aeff7-5752-4f84-be94 a655eb30e16/0/rome_statute_english.pdf
  7. //en.wikipedia.org/wiki/War_crime#cite_note-Cassese-1
  1. internationaljusticeproject.com/on-the-crime-of-aggression-and-the-icc-in-a-quasi-westphalian-system/