Xocalı soyqırımı qurbanlarının xatİrəsİ Haaqada anılıb

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Əvvəlcə tədbir iştirakçıları Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar. Sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Haaqada Valliant teatr binasında səfirliyimiz tərəfindən Xocalı soyqırımının qurbanlarına həsr olunmuş fotosərgiyə baxıblar. Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Yerli ictimaiyyətin nümayəndələrinə Xocalı soyqırımının tarixi, ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat verilib.

Niderlandda yaşayan yazıçı-jurnalistlər Elnaz Ağaxan, Aydəmir Çətin Azərbaycan və holland dillərində Xocalı faciəsi haqqında danışıblar. Haaqa şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili və ədəbiyyatı məktəbinin şagirdləri hər iki ölkənin dövlət himnlərini, eləcə də Azərbaycan dilində “Lay-lay Xocalım”, holland dilində isə “Heç bir zaman müharibə olmasın!” adlı şeirlər səsləndiriblər.

Eyni zamanda, “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovanın Xocalı faciəsindən bəhs edən “Bir gecənin sirri” hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş olunub.

Anım tədbirində Xocalı faciəsinin şahidi, yazıçı-jurnalist, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızının xatirələri əsasında hazırlanmış “Onlar heç vaxt böyüməyəcəklər!” adlı sənədli film nümayiş etdirilib.

Niderlanddakı səfirliyimizin müvəqqəti işlər vəkili Aliyə Ağazadə Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri haqqında iştirakçılara məlumat verib. Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatını iştirakçıların diqqətinə çatdırıb.

Avropa Azərbaycan Dostları Mərkəzinin sədri Leyla Babayeva Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkilatlarının 2017-ci ili “Xocalı ili” elan etdiyini vurğulayıb.

Mənbə: AZƏRTAC