Xocalı facİəsİ zamanı sağ qalmış soydaşımız ABŞ Konqresİndə çıxış edİb

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) təşkilatçılığı ilə ABŞ Konqresində xüsusi tədbir keçirilib.

Tədbirdə ABŞ Konqresinin əməkdaşları, diplomatik korpusun üzvləri, ölkədəki Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Mehriban Məmmədova erməni silahlı dəstələrinin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verib və bu qətliamın Azərbaycan xalqının yaddaşında həkk olunduğunu qeyd edib.

Xocalı soyqırımı zamanı sağ qalmış soydaşımız, ABŞ-da təhsil alan tələbə Nərmin İbrahimova 25 il əvvəlki qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. N.İbrahimova erməni əsgərlərinin vəhşilikləri ilə üzləşən Xocalı sakinlərinin sağ qalmaq uğrunda soyuq qış gecələrində meşədə ac-susuz keçirdiyi əzablı günlərdən bəhs edib. Soydaşımız həmin kütləvi qırğın zamanı yüzlərlə günahsız insanın həyatına faciəvi şəkildə son qoyulduğunu və azyaşlı olmasına baxmayaraq bu dəhşətli hadisənin onun, eləcə də yaxınlarının yaddaşında dərin və unudulmaz izlər buraxdığını ifadə edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə bildirib ki, Xocalı soyqırımının yad edilməsi əslində regionda sülhün tezliklə bərpa olunmasının vacibliyini gündəmə gətirir. Səfir Azərbaycan xalqının bu faciə ilə bağlı haqlı olaraq ədalət tələb etdiyini və üzləşdiyimiz bütün acılara və haqsızlıqlara baxmayaraq Azərbaycanın gələcəyə ümidlə baxdığını söyləyib.

Daha sonra ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun üzvü, Texas ştatından seçilmiş demokrat konqresmen Henri Kuellar tədbirdə çıxış edib. Konqresmen Kuellar ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib. Özünü ölkəmizin dostu adlandıran konqresmen Kuellar bu acı gündə xalqımızın kədərini bölüşdüyünü və hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.

Artıq ikinci ildir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi Xocalı soyqırımı ilə bağlı ABŞ Konqresində anım mərasimi təşkil edir. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2017-ci ildə Vaşinqtonla yanaşı, ABŞ-ın Nyu-York, Çikaqo, Sent Luis, Boston və Hyuston şəhərlərində də anım tədbirləri keçirilib.

Mənbə: AZERTAC