“Qarabağın paleolİt düşərgələrİ” kİtabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun “Qarabağın paleolit düşərgələri” kitabı çap olunub.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun İsmayılovdur.

Kitab Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılan maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub.

Kitabda çoxtəbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleantoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Azərbaycan Respublikasının Qarabağ ərazisində müəyyənləşdirilmiş Quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin istifadə etdikləri əmək alətləri, odu kəşf etmələri, ovçuluq, yığıcılıq məşğuliyyəti, o dövrdə ibtidai tikililərin yaranması, neandertal tipli insanların inkişaf edərək “homo sapiens” (kamil insan) tipli insanlara çevrilməsi Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh olunub.

Beynəlxalq İNTAS-200 proqramı əsasında Avropa alimləri ilə birgə aparılmış elmi tədqiqatlar zamanı əldə olunan nailiyyətlər kitabda ilk dəfə çap edilib. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin əsassız olması elmi faktlarla təkzib edilib.

Yeni nəşr arxeoloq, etnoqraf, tarixçi, paleogeoloq, paleoantoloq və paleoantropoloqlar, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.