Açıq hökumətİn təşvİqİ və antİkorrupsİya qanunverİcİlİyİ İlə bağlı layİhəyə start verİlİb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyinin “Açıq hökumətin təşviqi və antikorrupsiya qanunvericiliyi üzrə ictimai mühazirə və seminarların keçirilməsi,“Antikorrupsiya qanunvericiliyi və müasir beynəlxalq hüquq” kitabının elektron nəşri” adlı layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində şəffaflığın artırılması, açıq hökumətin təşviqi və antikorrupsiya qanunvericiliyi ilə bağlı 17 may 2017-ci il tarixdə Bakı Avrasiya Universitetində ilk ictimai mühazirə və seminar baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yardımçı olmaq, tələbələr arasında ictimai mühazirə və seminarlar vasitəsilə açıq hökumət prinsipləri və antikorrupsiya məsələləri üzrə hüquqi maarifləndirmə işlərinin aparılmasıdır.

Universitet tələbələrinin iştirakı ilə “Beynəlxalq və milli hüquqda açıq hökumət prinsipləri və korrupsiyanın anlayışı” mövzusunda keçirilmiş ictimai mühazirədə ekspert-təlimçi S.T. Məcidovun məruzəsi dinlənilmiş, respublikamızda açıq hökumət prinsiplərinin tətbiqi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı islahatlardan danışılmış, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinin, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsinin, ictimai iştirakçılığın artırılmasının zəruriliyi vurğulanmış, seminarda isə mövzu ətrafında açıq müzakirələr aparılmış, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

 

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı