Şuranın dəstəyİ İlə antİkorrupsİya mexanİzmlərİ üzrə dünya təcrübəsİ öyrənİlİr

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyinin Açıq hökumətin təşviqi üzrə layihəsi çərçivəsində 31 may 2017-ci il tarixdə Bakı Avrasiya Universitetində “Dünya ölkələrində və Azərbaycanda antikorrupsiya mexanizmləri” mövzusunda tədbirlər keçirilib.

Qarşılıqlı disskusiya şəraitində keçən ictimai mühazirə və seminarın əsas məqsədi ölkə Prezidenti cənab İlham Əliyevin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yardımçı olmaq, tələbələr arasında dünya ölkələrinində və respublikamızda antikorrupsiya məsələləri üzrə hüquqi maarifləndirmə işlərinin aparılması olub.

Tədbirdə C.Məcidovun dünya ölkələrində və Azərbaycanda antikorrupsiya mexanizmləri barədə məruzəsi dinlənilib, korrupsiya ilə mübarizədə inkişaf etmiş ölkələrin daxili qanunvericiliyi və fərqli təcrübələrindən danışılıb, xüsusilə antikorrupsiya üzrə “Honkonq modeli” haqqında ətraflı bəhs olunub, seminarda isə açıq müzakirələr aparılıb, dinləyicilərin suallarına cavablar verilib.

 

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı