Ermənİstanda vəzİyyət: daxİldə böhran, xarİcİ sİyasətdə İflas

Son zamanlar erməni KİV-i əcaib məntiqlə rəsmi İrəvanın yeritdiyi siyasəti izah etməyə çalışır. Əsasən Azərbaycanla bağlı məsələləri qabartmağa cəhdlər edilir. Onlar bir tərəfdən Azərbaycan Ordusunun endirdiyi güclü cavab zərbələri haqqında yanlış informasiyalar yayır, digər tərəfdən isə Kremli Bakıya yeni silah satmaqda ittiham etməyə çalışırlar. Hər iki istiqamətdə real arqument irəli sürə bilməyən Ermənistan adəti üzrə şər-böhtana əl atır. Aydın görünür ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür. Ermənilərin hər bir təxribatçı hərəkətinə güclü cavab verilir. Bununla yanaşı, Azərbaycan öz müdafiə qabiliyyətini durmadan artırır. O cümlədən Rusiyadan müasir silahlar almaqda davam edir. İki ölkənin siyasi liderləri də müntəzəm əlaqə saxlayırlar. Onlar regional və qlobal miqyasda aktual olan geosiyasi problemləri müzakirə edir, birgə çıxış yolları axtarırlar. Bunlara İrəvan çox qısqanc reaksiya verməkdədir. Lakin reallığı gizlətmək mümkün deyil – Ermənistanda sosial, siyasi, iqtisadi və mənəvi-əxlaqi böhran daha da dərinləşir.

Güclü ordu: rəsmi Bakının uğurları

Azərbaycan diplomatiyasının fəallığı Ermənistan hakimiyyətini çaşqınlıq vəziyyətinə salmaqdadır. Ədalətsiz, haqsız və qərəzli mövqedə olduğundan Ermənistan rəhbərliyi müxtəlif uydurma fikirlər ortaya atır. Erməni ekspertlər olduqca süni məntiqlə rəsmi İrəvanın mövqeyini izah etməyə cəhdlər göstərir. Lakin reallıq hər şeyi öz yerinə qoyur. Böhtan havaya atılmış boş güllə kimi hədəfə çatmır.

Son vaxtlar ermənilər iki məsələdən bərk narahat olduqlarını büruzə verirlər. Onlardan birincisi Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına sərt və güclü cavab verməsi ilə əlaqəlidir. İkincisi isə Azərbaycan rəhbərliyinin müstəqil və təmkinli xarici siyasəti sayəsində Bakının Moskva ilə münasibətləri uğurla inkişaf etdirməsinə bağlıdır. Hər iki məsələ faktiki olaraq erməni diplomatiyası və hərbi siyasətinin iflasını açıq surətdə göstərir.

Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun cavab zərbələrini təhrif etməyə çalışır. Sarkisyanın cinayətkar oliqarx rejiminin nəzarətində olan KİV orqanları bunun üçün gah erməni siyasi liderlərin dolaşıq geosiyasi düşüncələrini qabartmağa çalışır, gah da “İsgəndər” raketlərini ortaya atırlar. Azərbaycan müdafiə naziri “İsgəndər”lərə qarşı kifayət qədər səmərəli silahların olduğunu bəyan etdikdən sonra isə ermənilər sözün həqiqi mənasında deməyə söz tapmırlar. Çünki öz ordularındakı bərbad vəziyyəti artıq gizlədə bilmirlər. Dalbadal erməni əsgərlərinin intiharı, öz silah yoldaşlarını qətlə yetirmələri, fərarilik, müxtəlif cinayətləri törətmələri KİV-də geniş işıqlandırılır.

Bunları ört-basdır etmək üçün sosial şəbəkələrdə süni bir ünvan yaradıb, Azərbaycan Ordusuna qarşı təxribatçı informasiyalar yaymaq kimi fəndləri də boşa çıxdı. Azərbaycan Müdafiə Nazirliyi bu barədə geniş informasiya verərək, “Tofiq İbrahimov” adlı ünvanın ermənilərə aidliyini göstərdi. Bununla informasiya sahəsində İrəvan ciddi bir zərbə almış oldu. Məlum oldu ki, Azərbaycan Silahlı Qüvvələri barədə yazılan yalanların böyük əksəriyyəti Ermənistan xüsusi xidmət orqanlarının mətbəxində hazırlanır. Onlara inanmağın heç bir əsası yoxdur.

Rəsmi İrəvanın ağlını çaşdıran digər məqam Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın getdikcə inkişaf etməsi ilə əlaqəlidir. Moskva Bakıya müasir silahlar satır. Beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilən bu ticarət üçüncü ölkəyə qarşı yönəlməyib.

Azərbaycan öz müdafiə qabiliyyətini artırır, Rusiya isə milli maraqları çərçivəsində bu prosesdə iştirak edir. Moskvanın satdığı silahların heç biri Ermənistana qarşı hücumda istifadə olunmayıb. Lakin zərurət yaranarsa, Bakı bütün imkanlarından istifadə edərək müdafiə olunacaq və düşmənin layiqli cavabını verəcək.

Bunları erməni apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “vətənpərvərlər” dərk etmək iqtidarında deyil. Onlara elə gəlir ki, işğalçı ola-ola dünya ictimaiyyəti Azərbaycanı aqressor kimi tanımalıdır. İrəvan gülünc formada hesab edir ki, bütün Qərb ölkələri və Rusiya Azərbaycana təzyiq etməlidir ki, işğal faktı ilə barışsın və ermənilərə Cənubi Qafqazda ikinci bir qondarma dövlət yaratmağa imkan versin.

Ancaq bu, heç zaman olmayacaq və hətta ermənilər işğal etdikləri İrəvan quberniyasının ərazisində yaradılmış dövlətin nə dərəcədə hüquqi olduğunu sübut etməyə məcbur qalacaqlar. Tarix və ədalət bunu tələb edir.

Bütün bunlar Azərbaycan diplomatiyasının uğurları fonunda başqa bir məsələyə də öz təsirini göstərir. Sarkisyan rejimi nəzarəti altında olan KİV orqanları vasitəsilə Kremli ittiham edir. Xüsusilə, Soçidə Vladimir Putinin Azərbaycan Prezidenti ilə məsləhətləşmələr aparmasına Ermənistan hakimiyyəti həqiqi mənada əcaib reaksiya verib.

Erməni analitik və ekspert dairəsi biabırçı izah verirlər – Putin guya deyib ki, Azərbaycan Prezidenti ilə görüşmək problemdir!

Baş tutmayan böhtan: Bakı-Moskva münasibətləri inkişaf etməkdədir

Əslində isə “Sirius” təhsil mərkəzində verilən suala cavabında Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı ilə əsl geosiyasi problemləri müzakirə edəcəyini ifadə edib. Həmin məsələləri Vladimir Putin çox aktual hesab edib və onun regional ilə yanaşı, qlobal miqyas üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Ermənilərin “düşünən” başları isə o dərəcədə sadəlövh və süni izah verməyə çalışırlar ki, onların primitiv təhlil səviyyəsində olduğu qənaəti yaranır. Ən azından Rusiya Prezidentini səviyyəsiz diplomat kimi qələmə vermək cəhdləri heç bir ölçüyə sığmır!

Təbii ki, burada real vəziyyət tamamilə başqa cürdür. V.Putin region üçün aktual olan məsələləri Ermənistan prezidenti ilə deyil, məhz Azərbaycan Prezidenti ilə müzakirə etməyə üstünlük verib. Və o, yanılmayıb. İlham Əliyev uzun illərdir aktiv və konstruktiv fəaliyyəti ilə regional əməkdaşlığa, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Rəsmi İrəvanın isə təcavüzkarlığına haqq qazandırmaq üçün müxtəlif uydurma işlərdən başqa bir addım atdığını görən yoxdur.

Bunlar Ermənistandakı sosial-siyasi və iqtisadi vəziyyət baxımından nələri ortaya qoyur? Aydın görünür ki, yeni erməni hökuməti də heç bir tutarlı proqram-islahat həyata keçirə bilmir. Ölkədən insanlar kütləvi surətdə köç edirlər. Bu yaxınlarda erməni saytları rayonların birinin kəndindəki demoqrafik və sosial vəziyyət haqqında yazı hazırlamışdı. Həmin yazıda göstərilirdi ki, kənd camaatı kütləvi şəkildə yurdlarını tərk edib, Rusiyaya gedirlər. Boşanmaların sayı sürətlə artır. Təkcə bir kənddə bu rəqəm 10 faiz təşkil edir.

Erməni oğlanları ailələrini dağıdıb, Rusiyada yenidən evlənirlər. Səbəbi ondan ibarətdir ki, onların Ermənistanda iş tapmaları, hüquqlarını qorumaları və normal yaşamaları imkansızdır. Əsas səbəblərdən biri isə onların Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı işğalçı erməni ordusunda əsgər olmaq istəməməsi ilə bağlıdır.

Ermənistan iqtidarı seçicilərə verdiyi heç bir vədinə əməl edə bilmir. O cümlədən hökumətin səmərəli işləməsi alınmır. Bunun əsas səbəbi kimi isə bir sıra erməni ekspertlər İrəvanın Moskvadan tam asılı olmasını göstərirlər. Belə ki, Ermənistanın iqtisadi və energetik sisteminə tam olaraq Rusiya nəzarət edir. Bu proses nəinki səngiyir, hətta daha da inkişaf edir.

Deyək ki, erməni KİV-də ABŞ-Ermənistan münasibətlərinin aşağı səviyyədə olmasını izah edərkən, Vaşinqtonun heç olmasa müdafiə siyasətində İrəvanın müstəqil olmasını tələb etdiyi yazılır. Lakin görünür, okeanın o tayında da anlaya bilmirlər ki, bu, mümkün deyil. Çünki real olaraq müstəqil Ermənistan mövcud deyil. İndi Rusiyanın süni olaraq qondardığı bir kiçik ölkə var və o, Kremldən idarə olunur. Rusiyanın siyasi dairələri dəfələrlə bəyan ediblər ki, Rusiyasız “Ermənistan” adlanan yer bir heçdir. Vaşinqton bunu anlamırsa, öz günahıdır. Belə bir vəziyyətdə İrəvandan müstəqil addım tələb etmək, sözü küləyə vermək deməkdir.

Bütün bu reallıqlar onu təsdiqləyir ki, Ermənistanın müstəqil dövlət olması hələ mümkün deyil. Ermənistanla deyil, onun ağaları ilə danışmaq lazımdır. Erməni KİV-in saldığı hay-küy isə daxili auditoriya üçündür. Bununla sadə vətəndaşları aldadır və onlardan həqiqətləri gizlədirlər.

Lakin tarix göstərir ki, belə vəziyyət uzun müddət davam etmir. Haradasa qırılma nöqtəsi vardır. Ermənistan da bir dövlət kimi yaxın perspektivdə ciddi böhrana düşəcək. İndi mövcud olan problemlər birbaşa dövlətçiliyin taleyinə təsir edəcək. Bu acı taleyi yaşamamaq üçün yeganə çıxış yolu erməni silahlı quldur dəstələrinin işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir.

Eyni zamanda, erməni siyasətçiləri dialoq mədəniyyətinə yiyələnməlidirlər. Onların kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa heç nəyə xidmət etmir. Qəribədir ki, erməni xalqı qəflət yuxusundan ayılmaq istəmir. Bununla o da özünü bütövlükdə fəlakətə sürükləyir. Ancaq misal var – “özü yıxılan ağlamaz”!

Newtimes.az