Əsİr düşən qızcığaz

 

XATİRƏ FƏRƏCLİ

Əsir düşən qızcığaz,
böyüdün… ağrı-ağrı…
oxudunmu lənət
gəldiyin dünyaya,
doğulduğun günə,
oxudunmu lənət
səni qadın cinsində dünyaya gətirənə?

Əsir düşən qızcığaz,
böyüdün… göynək-göynək…
heç qıy vurub qopdunmu
çığırtıyla özündən,
qəlbindən axan qanlar
nifrət-nifrət
töküldümü gözündən,
bəbəyindən,
uzatdınmı əlini yapışmağa
Yaradanın ətəyindən?

Əsir düşən qızcığaz,
bu nə ömür sənə düşdü
bu əsrdə, bu zamanda,
xatırlayarsanmı heç,
gözündən düşən dünyada,
yaxşı, fərəhli nəsə,
təsəvvür edərsənmi sevgini,
sevişməyi,
…saçlarının ucunacan
yanmamış yeri qaldımı
səni doğan ananın?
əgər sağsa, əgər canı üstündəysə
yanğısının tüstüsündən
his bağladı, göyün üzü qaraldı,
ölkə, vətən işğaldan yox
sənə görə,
sənə görə
kiçildi, daraldı…