Ermənİlərİn Dağlıq Qarabağda törətdİyİ müharİbə cİnayətlərİ

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, azərbaycanlılara qarşı cinayətlərin əksəriyyəti beynəlxalq humanitar hüquq normalarının pozulması ilə müşayiət olunmuş və bu tendensiya bu gün də davam edir. Ona görə də biz bu beynəlxalq cinayətin yuxarıda qeyd olunan həm beynəlxalq humanitar hüquq, həm də beynəlxalq cinayət hüququnun norma və prinsipləri baxımından təhlilinə çalışacağıq.

Ermənilərin transmilli cinayətlərini, o cümlədən müharibə və hərbi cinayətlərini araşdıran yuxarıda qeyd etdiyimiz birgə istintaq-əməliyyat qrupunun məlumatında bildirilir ki, qeyd olunan hadisələr üzrə cinayət işlərinin istintaqı zamanı beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı amansız rəftar edildiyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə sıx əlaqə yaradılmış, Dövlət Komissiyasından daxil olmuş siyahının istintaq materialları ilə müqayisəsi aparılmışdır. Əsirlikdən azad olmuş, lakin indiyədək dindirilməmiş şəxslərin dindirilməsi, erməni silahlı birləşmələrinin üzvləri tərəfindən əsir və girov götürülərək işğal olunmuş Dağlıq Qarabağ, eyni zamanda, Ermənistanın ərazisində beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan Respublikasının vətəndaşlarına işgəncələr vermiş, qəddar və qeyri-insani rəftar etmiş, onların ləyaqətlərini alçaltmış, fiziki ağrılar və psixi istirablar vermiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi yönündə, habelə bir sıra epizodlar üzrə şübhəli şəxslər barədə digər zəruri sənədlərin işə əlavə olunması ilə bağlı tədbirlər həyata keçirilir”.[1]

Qeyd olunmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ən amansız müharibə cinayətlərindən biri əsir və girov götürülməsi ilə bağlıdır. Bu cinayətlər bu gün – atəşkəs dörü üçün də davam edir. Məsələn, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azərbaycan XİN də dəfələrlə beynəlxalq humanitar hüququn bu kobud pozuntusu ilə bağlı bəyanatlar vermişdir.[2] Ümumiyyətlə qeyd olunmalıdır ki, Ermənistan tərəfindən D.Əsgərov və Ş.Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb etmir.  Bu qondarma məhkəmə prosesi və mülki şəxslərin girov götürülməsi Cenevrə konvensiyalarına görə qadağandır.

Bundan başqa, ermənilərin son dövrdəki müharibə cinayətlərindən biri və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə diqqət çəkən cinayətlərindən biri də 2 yaşlı körpənin ermənilər tərəfindən qətlə yetirilməsi faktıdır. 2017-ci il iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.[3] Qeyd olunan bu fakt 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyasına,  1974-cü il Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannaməyə, 1989-cu il Uşaq hüquqları haqqında konvensiyaya, 2000-ci il Silahlı münaqişələr dövründə uşaqların müdafiəsindən bəhs edən uşaq hüquqları haqqında konvensiyaya əlavə protokola və digər beynəlxalq hüquq sənədlərə tamamilə zidd hesab edilir. Qeyd edək ki, bu hadisəni hətta xarici mətbuat, o cümlədən Fransanın Le-Monde qəzeti “Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır. Onların ölümü Ermənistanın açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir”[4] kimi qeyd etmişdir. Orada yazılır ki, bu cinayətə görə ATƏT-in Minsk qrupunun həmsədri qismində Fransa Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalı və hər şeyi etməlidir ki, Yerevan öz siyasətinə görə cəzalandırılsın.

Ermənilərin beynəlxalq humanitar hüquq əleyhinə törətdikləri özlərinəməxsus cinayətlərdən biri də cəsədlərin təhqir edilməsidir. Biz bunun əyani sübutunu Dağlıq Qarabağ müharibəsi boyu, o cümlədən atəşkəs döründə də gördük. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədini Ermənistan 141 gün saxlamış, ermənilər onun cəsədi üzərində müxtəlif təhqiredici hərəkətlər edərək, cəsədin şəkillərini internet saytlarında yayımlamışdır.[5] Ermənilərin bu cür hüquqa və əxlaqa zidd hərəkətləri beynəlxalq sənədlərə əsasən cinayət hesab edilir. Yuxarıda qeyd etdiyimiz 1990-cı il tarixli “İslamda insan hüquqları haqqında” Qahirə Bəyannaməsinə görə silahlı gücün tətbiq olunması zamanı və silahlı münaqişə dövründə cəsədlər üzərində təhqiredici hərəkətlər qadağan edilmişdir.[6] Digər tərəfdən, ermənilərin bu faktı video və foto çəkilişlər edərək internetdə yayması nifrət aşılayıcı amil hesab olunmaqla, beynəlxalq hüquqa zidd hesab edilir.

Beynəlxalq hümanitar hüquq normalarının pozulması ilə müşayiət olunan və beynəlxalq ekoloji təhlükəsizlik problemi ilə bilavasitə əlaqəli olan Ermənistanın müharibə cinayətlərindən biri də Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsidir. Ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı 25 ildən artıqdır ki, işğal altındadır. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edirdi. Bu ərazidə yaşayan əhali Ermənistan işğalından sonra içməli suya möhtac qalmışdır. Ermənistan həm insanları içməli sudan məhrum etmiş, eyni zamanda su mənbələri həddindən artıq çirklənmələrə məruz qalmış, 100 min hektara yaxın torpaq sahələrinin suvarılmasında çətinliklər yaradılmışdı. Göründüyü kimi Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal etməklə və işğal altında olan əraziləri hərbi zərurət olmada dağıtmaqla həm də müharibə cinayətləri törətmişlər.[7]

Bununla əlaqədar professor Əmir Əliyev qeyd edir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini təhlil edərkən ilk növbədə ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurul-masına səbəb olan qəsdən hücumların edilməsini xüsusilə vurğulamaq lazımdır.[8]

Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarını, Cenevrə Konvensiyalarına I Əlavə Protokolu, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, məhz müharibə dövründə ətraf mühitin mühafizəsi ilə bağlı normaları özündə ehtiva edir.

Cenevrə Konvensiyalarına əlavə olunan I Protokolun 55-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlar zamanı təbii mühitin geniş, davamlı və ciddi ziyandan mühafizəsinə qayğı göstərilir[9]. 56-cı maddədə isə deyilir ki, tərkibində beton və torpaq bəndlərdən ibarət obyektlərə hücum olarsa və bu hücum nəticəsində ağır itkilər olarsa, dic mülki əhali qırğına məruz qalarsa belə hücumlar qadağan olunur. İşğal altında olan Sərsəng su anbarı bunun əyani nümunəsidir. Bununla bağlı 26 yanvar 2016-cı ildə AŞPA tərəfindən “2085 (2016) saylı qətnamə qəbul edilmişdir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı təsdiqlənməklə Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır və Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun törədə biləcəyi humanitar fəlakətin nəticələrinə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığı bildirilir.

Beləliklə, ermənilərin müharibə cinayətlərinin yalnız son dövrlər üçün və yalnız bəzilərini misal olaraq çəkdik. Bütün digər təfərrüatları ilə beynəlxalq konvensiyaların müharibə cinayətlərinə aid olan bütün müddəaları Ermənistanın işğal altında olan ərazilərdə törətdiyi əməllərə şamil olunur və müharibə cinayətləri onların bütün əməllərinin tərkibində özünü açıq şəkildə, hətta bütün dünya mediasının etiraf etdiyi şəkildə biruzə verir.

 

Səyyad Məcidov, hüquq üzrə fəlsəfə doktoru

 

[1] 80377 saylı cinayət işi erməni vəhşiliklərini əks etdirən faktlarla zəngindir , Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 5.

[2] XİN-dən bəyanat: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidirlər, https://az.trend.az

[3] “Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat törədib”. www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi).

[4] Karabakh – News.Az – Latest news from Azerbaijan, https://news.az/articles/karabakh/page/38?id=131634

[5] Mübariz İbrahimov Azərbaycan gəncliyinin qürur mənbəyidir, http://www.anl.az

[6] Cairo Declaration on Human Rights in Islam,Aug. 5, 1990, U.N. GAOR, World Conf. on Hum. Rts., 4th Sess., Agenda Item 5, U.N. Doc. A/CONF.157/PC/62/Add.18 (1993).

[7] Allahverdiyev Ə. Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi: Müharibə cinayətləri və beynəlxalq ekoloji təhlükəsizlik problemi, http://1905.az

[8] Əliyev Ə.İ. “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil”. Bakı-2018.

[9] 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara əlavə protokollar B.1999