Ermənİlərİn törətdİyİ Qaradağlı soyqırımı

Azərbaycanlılara qarşı törədilmiş xüsusilə ağır beynəlxalq cinayətlərdən biri də Qaradağlı soyqırımıdır. Qeyd edək ki, Qaradağlı soyqırımı beynəlxalq hüquq prizmasından az işlənmiş bir mövzudur. Əlbəttə, bununla bağlı faktları və şahidlərin dilindən səslənən arqumentləri özündə ehtiva edən əsərlər vardır,[1] lakin Qaradağlı soyqırımı beynəlxalq və milli cinayət hüquqi kontekstdə az təhlil olunan bir cinayət faktıdır.

Belə ki, 1992-ci il fevralın 17-də Ermənistan Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı motoatıcı alayın köməkliyi ilə respublikamızın Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum edərək, orada yaşayan etnik azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirdi. Həm də qeyd olunmalıdır ki, bu hadisəyə o zaman beynəlxalq ictimaiyyət tərəfindən də adekvat  reaksiyalar verilmədi.

Ermənistan silahlı qüvvələri tərəfindən Qaradağlı kəndinə edilən təcavüz aktı nəticəsində 118 nəfər əhalisi olan kəndin hamısı əsir götürülüb. Əsirlərdən 66 nəfəri amansızlıqla, ağır işgəncələrlə qətlə yetirilib, 52 nəfər çox böyük çətinliklə əsirlikdən azad edilib. Əsirlikdən xilas edilənlərin böyük əksəriyyəti əsirlikdə verilən ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib. Qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyaları ilə birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün olub. 2 ailədən hər birindən 4 nəfər həlak edilib. 42 ailə, ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb.[2]

Xüsusi vurğulamaq lazımdır ki, ermənilərin məhz Qaradağlını hədəfə almasının və soyqırımı qurbanı olaraq seçilməsinin bir sıra mühüm səbəbləri vardır. Əvvəla, Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi olub. Bu kəndə qarşı, onun azərbaycanlı əhalisinə qarşı cinayətlər hələ sovet dönəmində başlamış, kəndin qonşulu-ğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı Azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdir. Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967-ci ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar.[3]

İkincisi, Qaradağlı soyqırımından dərhal sonra Xocalı soyqırımın baş verməsi faktı onu təsdiq edir ki, Qaradağlı soyqırımı azərbaycanlılara qarşı geniş və sistematik planın ilkin elementlərini özündə əks etdirir və bu cinayət bilavasitə Xocalıya hazırlıq planı kimi çıxış etmişdir.

Üçüncüsü, ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan helikopterlərinin mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bir köməyin göstərilməməsi idi.[4]

Bu cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə bağlı təkçə onu demək kifayətdir ki, kəndin hər 10 sakinindən biri şəhid olmuş, Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda bütün kənd sakinləri və xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb, onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Məhz bu səbəbdən də, Qaradağlı soyqırımını ikinci Xocalı da adlandırırlar.

 

Səyyad Məcidov, hüquq üzrə fəlsəfə doktoru

Ədəbiyyat:

[1] Bax: Qənirə Paşayeva, Şaiq Aslanov. Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə. Bakı, “Elm və təhsil”, 2013, 176 səh.

[2] Qənirə Paşayeva, Şaiq Aslanov. Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə. Bakı, “Elm və təhsil”, 2013, səh.5

[3] Qaradağlı soyqırımı, https://az.wikipedia.org

[4] Dağlıq Qarabağda erməni terroru: Qaradağlı faciəsi. 17 fevral 1992-ci il / M.Zülfiqarlı. Bakı 2010