20 noyabr 1991-cİ İl Qarakənd terroru transmİllİ cİnayət kİmİ

Terror müasir beynəlxalq və milli hüquqa görə transmilli cinayət hesab olunur. Ona görə də, bu cinayətə qarşı mübarizə həm beynəlxalq hüququn, həm də milli hüququn narahatlıq mövzusudur. Bir qayda olaraq terrorizmin anlayışı və mahiyyətinə münasibətdə beynəlxalq və milli hüquq eyni mövqedən çıxış edir.
Professor L.V. İnoqamova-Xeqay terrorçuluğu beynəlxalq cinayət kimi xarakterizə edərək yazır ki, beynəlxalq terrorizim mahiyyət etibarilə sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən cinayətlərdən biridir. Beynəlxalq terrorizmin təsir obyektini beynəlxalq sülhün təmin olunması üzrə ictimai münasibətlər, dövlətlərin dinc yanaşı yaşaması, ictimai təhlükəsizlik, insan hüquqları və əsas azadlıqları, habelə cəmiyyətin demokratik əsasları təşkil edir.
Ümumiyyətlə, Ermənistanın terror cinayətləri beynəlxalq hüquqi cəhətdən hələki, yetərli şəkildə nə araşıdırılmayıb, nə də bu cinayətlərə beynəlxalq instansiyalarda, xüsusilə beynəlxalq məhkəmə qurumlarında hüquqi qiymət verilməmişdir.
Xüsusi qeyd olunmalıdır ki, terrorla bağlı ulu öndər Heydər Əliyev vurğulamışdır ki, “dünyа sоn dərəcə mürəkkəb bir dövr yаşаyır. Bеynəlхаlq tеrrоrizm bəzi dövlətlərin dəstəyindən istifаdə еdərək dünyа nizаmınа qаrşı həmlələr еdir, еkstrеmizm, təcаvüzkаr millətçilik və dаvаkаr sеpаrаtizm idеоlоgiyаsı əsаsındа yеni qаrşıdurmа хətləri yаrаtmаğа çаlışır, sərhədləri yеnidən bölməyə və dəyişməyə cəhd göstərir”.
1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.
Azərbaycanda dinc əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir.
Ermənilərin törətdiyi ən ağır cinayətlərdən biri də 20 noyabr 1991-ci ildə baş vermiş Qarakənd terrorudur. Qarakənd terroru beynəlxalq hüquqi cəhətdən qiymətini almamış erməni cinayətlərindən biridir. Müasir beynəlxalq hüquqa görə bu hadisə tamamilə beynəlxalq terror kimi tövsif edilə bilər.
Qeyd edək ki, bu terror cinayəti 1991-ci il noyabrın 20-də ermənilər tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi üzərində 22 nəfərlik sülhməramlı missiyanı Xankəndinə aparan “Mi-8” vertolyotunun vurulması ilə törədilib. Erməni terroru nəticəsində – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.
Bu beynəlxalq hüquqa zidd olan əməlin terror kimi tövsif olunması üçün ilk növbədə bəzi beynəlxalq konvensiyaların müddəalarına diqqət yetirmək zəruridir.
Beynəlxalq terrorçuluqla bağlı qlobal miqyasda mükəmməl konvension əsaslı bütöv bir qanunvericilik sisteminin yaradılmasına hələ ötən əsrin 30-cu illərindən başlanılmışdır. Həmin konvensiyaların böyük əksəriyyəti dövlətlərin beynəlxalq terrorçuluqla birgə mübarizə aparmasını və fəaliyyətlərini əlaqələndirmələrini nəzərdə tuturdu. 1937-ci il tarixli Cenevrə Konvensiyasından sonra “Terrorçuluğun qarşısının alınması və cəzalandırılması haqqında” Vaşinqton, “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasını, 1970-ci il tarixli “Hava nəqliyyatının qanunsuz zəbtinə qarşı mübarizə haqqında”, 1971-ci il tarixli “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında”, 1973-cü il tarixli “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında”, 1979-cu il tarixli “Girovların götürülməsi ilə mübarizə haqqında”, 1997-ci il tarixli “Bomba terrorizmi ilə mübarizə haqqında” beynəlxalq konvensiyaları və digər beynəlxalq sazişlərin strateji əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bundan əlavə, terrorla bağlı BMT, ATƏT, Avropa Şurası, İKT və MDB çərçivəsində də bir sıra mühüm sənədlər imzalanmış, razılaşmalar əldə olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində ölkəmiz bir sıra konvensiyalara qoşularaq qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmışdır. Respublikamız terrorizmlə mübarizə üzrə BMT-nin 11 beynəlxalq-hüquqi, habelə Avropanın 10 sənədinə imza atmışdır. Azərbaycanın da qatıldığı Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında 9 dekabr 1999-cu il tarixli Beynəlxalq Konvensiyada (AR 1 oktyabr 2001-ci il tarixdə qoşulub), Bomba terrorizmi ilə mübarizə haqqında 15 dekabr 1997-ci il tarixli Beynəlxalq Konvensiyada (02.02.2001) Terrorizmin qarşısının alınması haqqında 27 yanvar 1977-ci il tarixli Avropa Konvensiyasında (05.12.2003) və “Terrorizmin qarşısının alınması haqqında Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” 15 may 2003-cü il tarixli Protokolda (22.02.2008) media və terrorizmin qarşılıqlı əlaqəsi məsələsinə də toxunulmuşdur. Eyni zamanda, Cinayət Məcəlləsində terrorçuluğa görə konkret cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Terrorizmin qarşısının alınması haqqında Avropa konvensiyasına görə (Strasburq, 27 yanvar 1977-ci il) Konvensiyanı imzalayan Avropa Şurası üzvü olan dövlətlər, bu cür aktları törədən şəxslərin istintaqdan və cəzadan yayınmasının qarşısının alınması məqsədi ilə tədbirlər görülməsinə çalışmalıdırlar.
Qeyd edək ki, birincisi, bu terror cinayətinə görə bu günə qədər heç bir erməni məsuliyyətə cəlb olunmayıb. İkincisi, 20 Noyabr terror aktı təkçə Azərbaycan əleyhinə yönəlimiş cinauyət deyil, Rusiya və Qazaxıstandan olan dövlət, hərbi və ictimai xadimlərin hədəfə alındığı beynəlxalq terror aktıdır. Yəni, bu cinayət bütövlükdə region ölkələrininə qarşı bir təhdid olmaqla, həm də Ermənistanın Rusiyaya qarşı terror siyasətinin göstəricisi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bu hadisəyə həm də ermənilərin ilk anti-rus, Dağlıq Qarabağda sabitliyin təmin olunmasında rusların aparıcı rol oynamasına yönələn hərbi akt kimi də baxmaq olar. Üçüncüsü, bu terror cinayətinin çəzasız qalmasının nəticəsi idi ki, azərbaycanlılara qarşı növbəti terror və digər beynəlxalq cinayətlər baş vermişdir.

Səyyad Məcidli, hüquq üzrə fəlsəfə doktoru