“Xocalı soyqırımına görə hİbrİd məhkəmənİn yaradılması daha effektİv olar”–MÜSAHİBƏ

 

Müsahibimiz h.e.f.d. Ə.Allahverdiyev və h.e.f.d. S. Məcidovdur.

 Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətləri, təcavüz cinayəti, deportasiya, etnik təmizləmələr, terror, müharibə cinayətləri, habelə digər sülh və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquq nöqteyi nəzərindən təhlili ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir. Çünki, bu gün Azərbaycan beynəlxalq cinayətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Və bütün bu cinayətlərin subyekti olan Ermənistan Respublikası dövlət olaraq, erməni siyasi və hərbi yetkililəri isə fərd olaraq hələ də məsuliyyətə cəlb olunmayıblar. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmiz üçün aktual olan bu və digər məsələlərin elmi-praktiki təhlili məqsədilə aggression.az saytı olaraq beynəlxalq cinayət hüququ üzrə ekspertlər – hüquq elmləri üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovla bu mövzuda müzakirələr aparmağı qərara aldıq.
Əlövsət müəllim, öncə bir vətəndaş kimi, sonra hüquqşünas kimi Xocalı soyqırımını necə dəyərləndirirsiz?
Haqsızlığın və ədalətsizliyin qurbanı olan insan başına gələnləri necə dəyərlindəirə bilərsə mən də Xocalı hadisələrini o cür dəyərləndirə bilərəm. İtirilmiş torpalarımız və o torpaqlarda işgəncələrə məruz qalmış vətəndaşlarımız haqqında danişmaq çox ağırdı, üzücüdür. Düşünəndə ki, bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunmayıblar, azad yaşayırlar, əməllərindən peşiman deyillər, hətta bundan zövq alırlar, o zaman insan içərisindən yıxılır, məhv olur. Xocalıda qış ayında erməni silahlı qüvvələri tərəfindən zorakılığa və işgəncəyə məruz qalmış, öldürülmüş, soyuqda donmuş Xocalı körpələrinin, Xocalı sakinlərinin yaşadığı acıları dəflərlə hiss edirəm və yaşayıram. Bu, mənim bir vətəndaş kimi Xocalı ağrılarımdı, bu ağrını yaşamaq və hiss etmək üçün Xocalıda yaşamaq lazım deyil, sadəcə insani duyğulara malik olmaq kifayət edər. Hüquqi baxımdan isə yanaşmama bir qədər fərqlidir. Xocalıda beynəlxalq cinayət baş verdi, dinc mülki əhali qırğına və qeyri-insani işgəncələrə məruuz qaldı, ən dəhşətlisi də bu idi ki, bu əməllər hərbi zərurətlə əlaqədar törədilmədi, bu Ermənistan hərbi və siyasi rəhbərliyinin əvvəlcədən hazırlanmış planı və siyasətinə uyğun baş verdi. Bu isə beynəlxalq hüquq normalarına görə beynəlxalq cinayətdir, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir. Bu mənada Xocalıda baş verən hadisələrə beynəlxalq hüquqi qiymətin verilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması çox vacibdir.
Səyyad müəllim, siz necə düşünürsüz, bu gün Xocalı soyqırımına görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinin həll olunması üçün hansı addımlar atılmalıdır?
Bilirsizmi, Xocalı soyqırımına bütövlükdə Ermənistanın Azərbaycana hərbi təcavüzü cinayəti kontekstində həm milli, həm də beynəlxalq hüquq prizmasından yanaşmaq lazımdır. Bu cinayətə görə beynəlxalq məsuliyyət məsələlərinin reallaşmasına milli və beynəlxalq hüquq imkan verir. Bunu beynəlxalq hüquqda universal yurisdiksiya prinsipi tam mənada mümkün edir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal yurisdiksiya prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi, o cümlədən Azərbaycan məhkəməsi də mühakimə etmək səlahiyyətinə malikdir. Yəni milli səviyyədə qiyabi məhkəmə icraatı həyata keçirilməsinə nail ola bilərik. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Qeyd edək ki, respublika hərbi prokurorluğunun Xocalı soyqırımı epizodu üzrə istintaqının nəticəsində 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların əksəriyyətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb.
O ki, qaldı məsələnin beynəlxalq hüquqi tərəfinə, beynəlxalq hüquqda soyqırım cinayətinə 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısımnın alınması və cəzalandırılması haqqında Konvensiya”da anlayış verilir. Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, soyqırım cinayəti hər hansı bir milli, etnik, irqi və ya dini qrupun bir qrup kimi tamamilə və ya qismən məhv etmək niyyətilə qrup üzvlərinin öldürülməsi, qrup üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi, qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması qrup icərisində doğumun qarısının alınmasına yönəlmiş tədbirlər, zorla uşaqların bir qrupdan digər qrupa verilməsidir. Onu da qeyd edək ki, soyqırım cinayətinə görə bu konvensiya ilə ilk dəfə beynəlxalq fərdi cinayət məsuliyyəti təsbit olunub.
Baxmayaraq ki, ölkəmiz hələki 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunu ratifikasiya etməyib, lakin bu sənəd beynəlxalq hüquqi mahiyyəti üzrə Xocalı soyqırımılna görə bizə yol göstərə bilər. Bu sənədə görə soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti beynəlxalq cinayətlər olaraq tanınır. Lakin, bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə ümumiyyətlə bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı, lakin 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən 2017-ci ilin yanvarın 1-dən BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə ilk baxışdan Azərbaycan ərazisində törədilən cinayətlərə, o cümlədən soyqırım cinayətinə görə məsuliyyətə cəlbetmə üçün real imkanların olmadığı qənaətinə gəlinə bilər. Çünki, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin fikrimizcə burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə hüquqi baxımdan vəziyyət bir qədər fərqli olacaq. Daha doğrusu, müasir beynəlxalq cinayət hüququnun normalarına və məhkəmə presedentlərinə əsaslansaq, bu iki cinayətin istisna təşkil etdiyini müəyyən etmək mümkündür.
Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsi qaldırıla bilər.
Bundan əlavə, BMT-nin 1968-ci ildə qəbul etdiyi “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasına görə soyqırım cinayətinə, hətta o dövlətlərin daxili hüququna əsasən cinayət tərkibi yaratmasa belə, onun törədilməsi tarixindən asılı olmayaraq məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz. Digər tərəfdən, bununla bağlı beynəlxalq hüquqda artıq presedent də mövcuddur. Məsələn, 2003-cü ildə Kamboca Fövqəladə Məhkəmə Palataları 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayətinə görə mühakiməni həyata keçirdi və bu zaman məsuliyyətə cəlbetmə müddəti tətbiq edilmədi.
Əlövsət müəllim, qeyd etdiniz ki, Xocalıda baş verən hadisələr beynəlxalq cinayətdir. Bəzən buna müharibə cinayətləri də deyirlər, eyni zamanda soyqırımı kimi dəyərləndirirlər. Siz necə fikirləşirsiniz bunun müharibə cinayətləri kimi xarakterizə etmək olarmı?
Xocalıda mülki əhalinin dövlət siyasəti formasında qətlə yetirilməsini təsdiq edən kifayət qədər faktlar mövcuddur. Onlardan biri kimi əhalinin çıxış yollarının əvvəlcədən bağlanmasını göstərmək olar. Belə ki, mülki əhalinin erməni zorakılığından qaçıb qurtarmaq istəyi mümkün olmamışdır. Ermənistan Silahlı Qüvvələri çıxış yollarında əvvəlcədən planlı şəkildə xüsusi düzəldilmiş gizli yerlərdə əhalinin bir hissəsini qətlə yetirmişdir. Qaçıb canını qurtarmaq istəyən əhali avtomat və pulemyotlarla gülləbaran edilmişdir. Göründüyü kimi, bu əməllər həm niyyət meyarı ilə bağlıdır, həm də öz xarakterinə görə şüurlu bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin dərk edilməsi, əməlin soyqırımı kimi tövsüfi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. Xocalıda mülki əhaliyə qarşı baş vermiş bu hərəkətlər ermənilərn niyyətinin məhz soyqırımı cinayətini törətməyə yönəlmiş olduğunu bir daha təsdiq edir. Qaçıb canını qurtarmaq istəyən dinc sakinlərin əvvəlcədən xüsusi düzəldilmiş gizli yerlərdə avtomat və pulemyotlarla qətlə yetirilməsi doğrudan da soyqırımı niyyətini təsdiq edir. Eyni zamanda, Xocalıda baş verən cinayətin məhz azərbaycanlılara qarşı yönəlməsi bir daha əməlin soyqırımı olmasını sübut edir. Burada həm də bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Doğrudur, müharibə gedən ərazilərdə dinc mülki əhali öldürülür, işgəncələrə məruz qalır, əsir götürülür və s. Təbii ki, bu əməllər öncədən planlaşdırılmadan baş verir və burada xüsusi bir niyyət olmur, hətta bu, işğalçı dövlətin siyasi rəhbərliyinin göstərişi olmadan da baş verə bilər. Xocalıda törədilən əməllərə bu yöndən yanaşa bilmədiyimiz üçün onu müharibə cinayətləri kimi dəyərləndirə bilmərik.
Səyyad müəllim, bəs Xocalı soyqırımına görə xüsusi beynəlxalq məhkəmə mexanizminin yaradılması nə dərəcədə mümkündür?
Tamamilə mümkündür. Müasir beynəlxalq hüquqda ədalət mühakiməsinin reallaşması Ermənistan tərəfindən törədilən cinayətlərə kompleks yanaşmanı zəruri edir. Kompleks yanaşmanın mahiyyəti həm beynəlxalq hüquq, həm də milli hüquq normaları nəzərə alınmaqla Dağlıq Qarabağda və onun ətraf rayonlarında baş vermiş və hal-hazırda davam edən cinayətlərə münasibətdə beynəlxalq mühakimə prosedurlarının və bir-biri ilə əlaqəli beynəlxalq cinayətlərin birgə nəzərdən keçirilməsidir. Yəni ermənilərin törətdiyi bütün cinayətlərə – təcavüz, soyqırımı, terror, müharibə cinayətləri, hətta ekoloji cinayətlərə ayrı-ayrılıqda yox, birgə yanaşılmalıdır.
Arqumentlər bizə əsas verir ki, müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən və hətta bu gün də davam beynəlxalq cinayətlərə görə konkret iddialarla çıxış edək. Çünki, bu faktlar bütün beynəlxalq sənədlərin tələblərini kobudcasına pozan və orada nəzərdə tutulan cinayət tərkiblərinə uyğun gələn, xarici ölkə parlamentlərində tanınacaq kifayət qədər detallar, video, audio və mətbu materialları özündə əks etdirir. Zamanından, tarixi şəraitindən asılı olmayaraq bütün baş verən cinayətlərə kompleks yanaşmaqla ad hoc hərbi tribunal və ya digər xüsusi məhkəmə mexanizmlərinin yaradılması zəruridir. Bizə beynəlxalq praktikada analoji cinayətlərə görə belə mexanizmlər məlumdur. Beynəlxalq hüquqda xüsusi məhkəmələr o cinayətlərə münasibətdə yaradılır ki, onlar bütün bəşəriyyət üçün daha çox təhlükəli əməllər sayılır və belə təhlükənin davamlılığı labüd olur. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. ad hoc və hibrid məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. Belə dövlətüstü məhkəmə qurumları BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılır və ya cinayət qurbanı olan ölkə ilə BMT arasında müqavilə imzalanaraqxüsusi məhkəmə instansiyası qismində fəaliyyət göstərir.
Bunun üçün də Xocalı soyqırımına görə xüsusi beynəlxalq məhkəmə təsisatının formalaşdırılması üçün ilk növbədə bu cinayətin qlobal miqyasda məhz bəşəriyyət əleyhinə cinayət olmasını əsaslandıran siyasi tendensiyanı ortaya qoymaq və məhz buna beynəlxalq ictimaiyyəti inandırmaq lazımdır.
Ümumiyyətlə beynəlxalq praktikada hibrid (qarışıq) yurisdiksiyalı tribunal qismində fəaliyyət göstərən məhkəmə təcrübəsinə də istinad edilməsini Ermənistanın Azərbaycana hərbi təcavüzü, xüsusilə Xocalı soyqırımı kontekstində faydalı hesab edirik. Çünki bu zaman törədilmə müddətindən asılı olmayaraq, beynəlxalq cinayətlərə görə qarışıq məhkəmə mexanizminin tətbiqi aktual olacaq. Qeyd edək ki, hibrid məhkəmələr ad hoc məhkəmələrindən fərqləndirilməlidir. Hibrid (qarışıq) məhkəmələr mahiyyətcə beynəlxalq cinayət mühakimə orqanları olub, onların fəaliyyət və yurisdiksiya qaydaları beynəlxalq və dövlətdaxili hüquq normalarının birgə tətbiqinə əsaslanır. Bu məhkəmələrin yurisdiksiya predmetini isə biri-biri ilə əlaqəli olan və eyni coğrafi regionda baş vermiş beynəlxalq cinayətlər təşkil edir. Presedent olaraq Kamboca hökuməti ilə BMT arasında 2003-cü ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Müqavilə əsasında yaradılmış Fövqəladə Məhkəmə Palatalarını xüsusi vurğulaya bilərik. Bu Palataların əsas məqsədi 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayəti də daxil olmaqla bir sıra hərbi və insanlıq əleyhinə cinayətlərin mühakimə edilməsindən ibarət olmuşdur. Qeyd edək ki, hibrid məhkəmə mexanizminin bir sıra üstünlükləri vardır. Birincisi, hibrid məhkəmələrin təşkili və ya milli məhkəmələrin beynəlxalq hüquqi status əldə etməsi beynəlxalq cinayət mühakimə icraatında yeni və unikal mexanizmdir. İkincisi hibrid məhkəmələrdə hakimlər həm beynəxalq səviyyəli, həm də milli məhkəmələrin hakimlərindən təşkil olunur ki, bu da işin daha səmərəli və yerli şərait, habelə milli qanunvericilik nəzərə alınaraq aparılması imkanlarını artırmış olur. Üçüncüsü, bu mexanizm işin daha sürətli, effektiv həyata keçirilməsini, habelə qərarların daha çevik qəbul olunmasını şərtləndirir.
İnanırsınızmı ki, Xocalı soyqırımını törədənlər məsuliyyətə cəlb olunacaqlar? Yəni buna ümid varmı?
Əlbəttə inanırıq. Amma inanmaq nəyinsə həlli yolu deyil. Biz inanmaqla bərabər həm də inandırmalıyıq ki, Xocalıda soyqırımı baş verib, Xocalıda insanlara zülm olunub, Xocalıda insan ağlına və təsəvvürünə gəlnməyən qeyri-insani əməl, beynəlxalq cinayət əməlin baş verib. Beynəlxalq ictimaiyyətdən tələb etməliyik ki, (son illərdə bu proses çox uğurlu formada davam edir) bu əmələ beynəlxalq hüquqi qiymət verilsin, necə ki, Ruandada, Yuqoslaviyada baş verən soyqırımı və digər beynəlxalq cinayətlərə beynəlxalq hüquqi qiymət verildi və hərbi və siyasi rəhbərlik beynəlxalq cinayət məsuliyyətinə cəlb olundu. İnanıram ki, Xocalı soyqırımı da beynəlxalq hüquqi qiymətini alacaq. Məlumat üçün bildirim ki, beynəlxalq cinayətlərə iddia müddəti tətbiq olunmur və illər keçsə belə onun araşdırılması və cəzalandırılması aktuallığını itirmir.
Yekun olaraq Xocalıda şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, ruhları şad olsun. Ata-ana qayğısından, nəvazişindən məhrum olmuş körpəliyini əsirlikdə ağrılarla yaşamış vətəndaşlarımıza səbrli olmalarını arzu edirik.
Aggression.az saytı