Roma Statutu kontekstİndə təcavüz cİnayətİnİn elementlərİ

ICC-hammerBu gün bütün dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyü, habelə transmilli cinayətlərə qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Beynəlxalq sistemdəki mövcud harmoniyanı sarsıdan belə müxtəlif tərkibli cinayət əməlləri sırasında özünün xarakterinə və təhlükəlilik dərəcəsinə görə yalnız bir və ya bir neçə dövlətin deyil, bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və dunayada geosiyasi tarazlığın qorunub saxlanmasına təhlükə yaradan beynəlxalq cinayətlərdən biri də təcavüzdür. Bu mənada məqalədə təcavüz cinayətinin tərkib elementlərinə diqqətin ayrılmasını bir neçə mühüm səbəbə görə məqsədəuyğun hesab edirik.
Birincisi, Ermənistanın Azərbaycana hərbi təcavüzü dövlətçiliyimizin bu günü və gələcəyi, eyni zamanda insan hüquq və azadlıqları üçün real təhdidlərdən biri hesab olunur və məsələyə cinayət hüquqi yanaşma vacib əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, dövlətçiliyimizə və ərazi bütövlyümüzə qarşı törədilən silahlı təcavüzlə transmilli mübarizə hələ xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış, bu gərgin və hərtərəfli mübarizə və Ermənistanın bu cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılması ilə bağlı strategiya bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir. Xüsusilə, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması üzrə Milli Fəaliyyət Proqramına [1.] uyğun olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə təcavüz cinayəti ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca zəruridir.
İkincisi, ermənilərin Azərbaycana qarşı təcavüzü və onunla hüquqauyğun mübarizə tariximiz üçün yenilik deyildir. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq hələ ötən əsrin əvvəllərində özünümüdafiə hüququndan istifadə etməklə şəhəri erməni-bolşevik təcavüzündən azad etmiş, beləliklə, həm Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı işğalına son qoyulmuşdur.
Üçüncüsü, təcavüzün elementləri və formalarının, habelə, onun törədilmə mərhələlərinin elmi cəhətdən araşdırılması bu cinayətin anlayışının dəqiq müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu məsələ 11 iyun 2010-cu il tarixdə Roma Statutu üzrə İcmal Konfransında (Kampala, Uqanda, 31 may-11 iyun 2010) iki həftəlik gərgin müzakirələrdən və bir illik hazırlıq işlərindən sonra ümumi razılıq əsasında Statuta təcavüzün anlayışının müəyyən olunması və Məhkəmənin bu cinayətə görə yurisdiksiyasının həyata keçirilməsi qaydalarını özündə ehtiva edən düzəlişlərin qəbul edilməsi ilə öz həllini qismən tapmışdır. [17.] Lakin Kampalada qərara alınmış düzəlişlərin qüvvəyə minmə şərtlərinə görə Məhkəmə 1 yanvar 2017-ci il tarixədək təcavüz cinayəti üzrə öz yurisdiksiyasını bu barədə İştirakçı Dövlətlər tərəfindən qərar qəbul edilənə qədər həyata keçirə bilməz. Eyni zamanda, bu konfransda beynəlxalq hüquq elmində və praktikasında uzun müddət tədqiqatçılar arasında BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Cinayət Məhkəməsinin təcavüzə münasibətdə hüquqi səlahiyyət bölgüsü ilə bağlı fikir ayrılığına da aydınlıq gətirilmişdir.
Təcavüz cinayətinin tərkibi bu pozuntunu törədən subyektlərin məsuliyyətə cəlb olunması üçün zəruri olan əsas obyektiv və subyektiv əlamətlərin minimal məcmusu kimi çıxış edir. Ümumiyyətlə, beynəlxalq cinayətlərin tərkib elementləri probleminə əsasən iki spesifik yanaşma mövcuddur: cinayət tərkibinin obyektiv və subyektiv elementləri. Akademik V.N.Kudryavçev qeyd edir ki, “bunlar həm cinayətin miqyasının, həm də iştirakçıların dairəsi və onların davranış xüsusiyyətlərinin müəyyən olunmasına imkan yaradır.” [5, 68] Əsas beynəlxalq cinayətlərin tərkib elementləri ilk dəfə normativ qaydada beynəlxalq hərbi tribunalların nizamnamələrində müəyyən olunmuş və onların ümumi mahiyyəti BMT Baş Assambleyasının 1946 və 1947-ci illərdə çıxardığı xüsusi qətnamələrdə ifadə olunmuşdur.
Beynəlxalq hüquq doktoru K.Kittiçiazare təcavüz cinayətinin elementləri ilə bağlı qeyd edir ki, planlaşdırma, hazırlıq və ya törədilmə barədə əmrin verilməsi yalnız təcavüz aktı baş verən zaman (dövlətin konkret hərəkət və hərəkətsizliyi zamanı) kriminallaşdırılmalıdır. [14, 220]. Yəni sadalanan elementlərin hər hansı birinin cinayət xarakteri kəsb etməsi üçün yalnız təcavüz aktının baş verməsi şərtləndirilir. Buradan həm də, belə qənaətə gəlmək olar ki, yalnız dövlətin başladığı “təcavüz aktından” sonra fərdin törətdiyi “təcavüz cinayəti”nin elementləri meydana gəlir. Xarici ölkə müəlliflərindən İrina Kaye və Müller Şieke isə qeyd edirlər ki, təcavüz cinayəti yalnız dövlətlər arasında baş verən silahlı münaqişələr kontekstində törədilə bilər. [15, 420]. Bu sıraya həm qeyri-dövlət qurumlarının aqressiv davranışlarının, həm də ölkə daxilində baş verən silahlı konfliktlərin aid olunması zəruri hesab edilir.
Təcavüz cinayətinin elementləri ilə bağlı son dövlətlərarası razılaşmalar Beynəlxalq Cinayət Məhkəməsinin Hazırlıq Komissiyasında 1-12 iyul 2002-ci il tarixində müzakiəryə çıxarılan və qəbul olunan “Təcavüz Cinayətinin Elementləri” layihəsində əldə edilmişdir. [16.] Qeyd edək ki, təcavüzə dair işçi qrupunda indiyə qədər Cinayətlərin Elementlərinin yekun layihəsinin kompleksləşdirilməsi həyata keçirilməyib. Həmin sənəddə yalnız layihənin bəzi bəndlərinin ümumiləşdirilməsi üçün müəyyən cəhdlər edilib. “Elementlər” adı altında bu cinayəti təşkil edən əsas sütunlar başa düşülür. Elementlərin praktik əhəmiyyəti onunla əlaqədardır ki, Statuta əsasən üzərinə təqsirləndirilən şəxsin təqsirini sübut etmək vəzifəsi qoyulan prokurorun bu elementlərin müəyyən olunmasında “təqsirsizlik prezumpsiyası” (Statutun 66-cı maddəsinin 1-ci bəndi) baxımından və ya “təqsiri sübut edən” zaman çətinliklərlə üzləşməsi aradan qalxmış olsun. (Statutun 66-cı maddəsinin 2-ci bəndi).
Roma Konfransının F saylı qətnaməsinin 7-ci bəndində Beynəlxalq Cinayət Məhkəməsinin Hazırlıq Komissiyası tərəfindən təcavüzə dair təkliflərin, o cümlədən onun anlayışı və elementlərinin, bu cinayətə görə BCM-in həyata keçirəcəyi şərtlərin hazırlanması qarşıya məqsəd olaraq qoyulmuş, lakin, bu günə qədər qeyd olunan problem qurum qarşısında hələ də ikinci dərəcəli məsələ kimi qalmaqdadır. Təcavüz cinayətinin elementləri barəsində ilkin konseptual fikirlər BCM-nin Hazırlıq Kommissiyasına koordinator tərəfindən təklif olunan 1 aprel 2002-ci il tarixli sənəddə əks olunmuşdur. Burada Cinayətlərin Elementləri layihəsində istifadə olunmuş və Roma Statutunun 30, 32-ci maddələrində təsbit olunan konseptual strukturun tətbiqinə cəhd edilmişdir.
“Elementlər”in giriş hissəsinin 7-ci bəndində müzakirəyə çıxarılan təkliflər bir sıra mühüm keyfiyyətləri ilə fərqlənir. Bu sənədin tələbinə görə ümumiyyətlə, cinayətlərin elementləri bir qayda olaraq aşağıdakı prinsiplərə əsasən təşkil olunur: a) hər bir cinayət tərkibində “davranış”, “nəticə” və “şərait” həmin cinayətin elementləri kimi çıxış edir və onların sıralanması da bu formada həyata keçirilir; b) zərurət olduqda konkret subyektiv element müvafiq davranış, nəticə və şəraitdən sonra siyahıya salınır; c) “kontekstual şərait” sonuncu olaraq siyahıya daxil edilir. Qeyd edək ki, cinayətlərin elementlərinin bu cür bölgüsü beynəlxalq hüquqi baxımdan ümumi qəbul olunan formuldur. Buradan çıxan nəticəyə əsasən təcavüz cinayətinin elementlərinin təsnifatını belə ümumiləşdirmək olar: 1) subyektiv elementlər, 2) obyektiv elementlər, 3) kontekstual şərait elementi.
Beynəlxalq hüquq təcavüz cinayətinin subyektiv tərəfinə əməlin kriminallığının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət verir. Belə ki, Roma Statutunun 30-cu maddəsinə müvafiq olaraq, cinayətlərin subyektiv elementləri (“mental elements”) – qəsd (“intent”) və anlaqlılıq (“knowledge”) hesab olunur. Həmin maddədə qeyd olunur ki, “əgər başqa hal nəzərdə tutulmayıbsa” “obyektiv cəhət” adlandırılan maddəyə münasibətdə şəxsin “qəsd”i və “anlaqlılığ”ı mövcud deyildirsə, cinayət məsuliyyəti istisna olunur. Yəni, şəxs əməli yalnız qəsdən və şüurlu surətdə törətdikdə məsuliyyətə cəlb edilir və cəzalandırırlır. Belə ki, bu zaman fərd öz davranışına münasibətdə qəsdlə xarakterizə olunan müəyyən niyyət və məqsədin daşıyıcısı kimi çıxış edəcəkdir. O, hərəkət və onun nəticəsi ilə bağlı müəyyən istəyə malik olur və baş verəcək hərəkətin nəticəsini dərk edir. 30-cu maddənin 2-ci bəndinə əsasən şəxsin qəsdi iki formada təzahür edir: a) əmələ münasibətdə – şəxs bu əməli törətməyə hazırlaşır; b) nəticəyə münasibətdə – şəxs bu nəticəyə nail olmağa hazırlaşır və ya dərk edir ki, hadisələrin adi axarında o baş verəcəkdir.
Digər subyektiv ünsur hesab olunan “anlaqlılıq”ın (“knowledge”) isə mahiyyəti ondan ibarətdir ki, təcavüzdə ittiham olunan şəxsin bu cinayətdə iştirakı intensional (əvvəlcədən düşünülmüş, nəzərdə tutulan) olmalıdır və o, bu təcavüzkar siyasət və planın əvvəlcədən düşünülmüş tərkib hissəsi kimi baş verəcək nəticəni dərk edərək, bunu şüurlu surətdə törətməlidir. [9, 486]. Yalnız bu zaman şəxsin təcavüz cinayətinə görə fərdi məsuliyyəti meydana gələ bilər. Yəni, şəxs təcavüzkar plan və ya siyasətin həyata keçirilməsinə yönəlik planlaşdırma, hazırlama, əmr etmə, başlama və yerinə yetirməni kortəbii deyil, şüurlu surətdə dərk etməlidir.
Hər bir konkret cinayətin obyektiv elementlərinə gəldikdə isə onların 3 növü: “davranış”, “nəticə” və “şərait” fərqləndirilir və təcavüzün müəyyən olunması zamanı bunlar biri-biri ilə sıx qaşılıqlı əlaqə və asılılıqda nəzərdən keçirilməlidir. “Davranış” adı altında adətən törədilmiş müəyyən hərəkət və hərəkətsizlik başa düşülür, “nəticə” isə belə davranışın sonluğunu təşkil edir. Lakin, praktikada və hüquqi terminologiyada davranış və nəticə arasında xüsusi bir “yaxınlıq” müşahidə olunur. Bu xüsusilə təcavüzə münasibətdə daha praktik əhəmiyyət kəsb edir. Belə ki, elementlər barədə müzakirələrin gedişində bəzi mütəxəssislər qəsd əməlinin hərəkət (hərəkətsizlik) və nəticədən ibarət olduğunu müəyyən etmişdir. Eyni zamanda, digər mütəxəsislər davranışın özünə nəticəyə səbəb olan hərəkət və hərəkətsizlik kimi baxaraq, bu iki kateqoriya arasında “baş sındırmağı” zəruri hesab etməmişlər. Onların fikrincə “nəticə” termini burada açıqdan-açığa “lüzumsuz” hesab olunur. [11, 425]. Sonuncu qeyd olunan fikrin təcavüz cinayətinə birbaşa şamil edilməsi mümkündür. Çünki, hər hansı nəticənin baş verib-verməməsindən asılı olmayaraq təcavüzə görə məsuliyyət, hətta təcavüz başlanmasa belə, onun planlaşdırılması ilə yaranacaqdır. Təcavüz formal tərkibli cinayət olduğundan onun istənilən mərhələsində baş verən hərəkət və ya hərəkətsizlik bu cinayətdə iştiraka əsas verir və beynəlxalq məsuliyyətə səbəb olur. Qeyd olunduğu kimi, təcavüz cinayəti milli və xarici ədəbiyyatlarda formal tərkibli cinayət kimi şərh olunur və əməl planlaşdırılma, hazırlanma, başlanma kimi hərəkətlərin törədildiyi andan başa çatmış sayılır.[2, 6]. Qeyd edək ki, cinayətlərin maddi, formal və kəsik tərkibləri haqqında bölgü şərti qəbul olunur və Azərbaycan cinayət hüququ cinayətin ancaq maddi anlayışını qəbul edir. Prof. F.Y.Səməndərov maddi, formal və kəsik tərkibli cinayətləri bu cür fərqləndirir. “Maddi tərkiblər elə tərkiblərdir ki, belə tərkiblərə cinayətin obyektiv cəhətinin elementlərindən hərəkətlə (hərəkətszliklə) yanaşı, ictimai təhlükəli nəticəni də xarakterizə edən əlamət daxil olur”. O, formal tərkiblərə “cinayətin obyektiv cəhətinin elementlərindən yalnız hərəkəti və ya hərəkətsizliyi xarakterizə edən əlamətləri” daxil edir. Yəni formal tərkiblərə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət, yaxud hərəkətsizlik müəyyən edilir. Nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzümu aradan qalxır. F.Səməndərovun qənaətincə, qanunvericilik bir sıra cinayətlərin yüksək ictimai təhlükəliliyini nəzərə alaraq, onların başa çatma anını cinayətə cəhd mərhələsinə çəkir və belə tərkiblər kəsik tərkiblər adlandırılır. [3, 139] Fikrimizcə, təcavüz cinayəti kəsik tərkibə daha yaxın hesab olunur. Müasir beynəlxalq cinayət hüququna görə, təcavüzün də bitmə anı cinayətə sui-qəsd mərhələsinə çəkilir. Əgər təcavüz planlaşdırılıbsa və müəyyən səbəblərdən tamamlanmayıbsa, yəni təcavüzə sui-qəsd edilibsə, bu zaman məsuliyyət bu planlaşdırılmada iştiraka görə yaranacaqdır. Məsələn, II dünya müharibəsi zamanı Almaniyanın iqtisadiyyat naziri Valter Funk təcavüzkar müharibəyə iqtisadi hazırlıqda iştiraka görə, təqsirkar hesab olunmuşdu. [7, 438]
“Şərait” termininin təfsiri isə daha da mürəkkəb xarakterlidir. Bu termin 30-cu maddənin işlənib hazırlanması zamanı az da olsa şərh olunmuşdur. Qeyd edək ki, 30-cu maddənin 3-cü bəndində “şərait” termininin tam hüquqi məna yükü anlaşılmır. Orada qeyd olunur: “Bu maddənin məqsədlərinə görə “şüurlü surətdə” ifadəsi şəraitin mövcud olmasını və ya nəticənin hadisələrin adi axarında baş verəcəyinin dərk olunmasını ifadə edir. “Şüur” və “anlaqlılıq” müvafiq qaydada tövsif olunmalıdır”. Bu konsepsiya istənilən hüquq sistemi və ümumiyyətlə beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli rola malikdir.
“Elementlər Layihəsi”ndə təcavüz cinayətinin elementlərinə dair kifayət qədər ətraflı ümumiləşdirmələr aparılır. Orada təcavüzün elementləri ilə bağlı 6 əsas müddəa irəli sürülür: [16.] Birinci müddəa – təcavüz aktı dövlət tərəfindən törədilir. Bu, təcavüz cinayətinin obyektiv cəhətini, yəni maddi elementlərini təşkil edir. Göründüyü kimi, bu məsələ bir qayda olaraq, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən deyil, digər qurumlar, məsələn, BMT-nin orqanı tərəfindən həll olunacaqdır. Müvafiq orqan bu barədə öz rəyini əsaslandırdıqdan sonra, BCM bu qurumun qərarına “fakt” kimi əsaslana bilər. İkinci müddəa – icraçı dərk edir ki, dövlətin fəaliyyəti təcavüz aktı deməkdir.Bu xüsusilə ona görə mühümdür ki, təcavüzün həyata keçirilməsi təsadüf nəticəsində və anlaqsızlıq vəziyyətində törədilə bilməz. Burada təcavüzkar dövləin rəhbərliyi tərəfindən cinayətin törədilməsi ilə bağlı verilən göstəriş istənilən icraçı tərəfindən dərk olunur və ona şüurlu surətdə yolverilir. Üçüncü müddəa – BMT-nin müvafiq orqanı müəyyən edir ki, dövlətlərin hərəkətləri təcavüz aktına uyğundur. Bu zaman icraçının belə “müəyyənetmə” barədə məlumatlı olub-olmamasını sübut etmək lazım deyil. Dördüncü müddəa isə üç variantdan ibarətdir: 1) Özünün xarakteri və təhlükəsizlik dərəcəsinə görə, təcavüz cinayəti təcavüzkar müharibəyə bərabər tutulur; 2) Təcavüz cinayəti hər hansı bir dövlət ərazisinin və ya onun bir hissəsinin hərbi işğalı və ya anneksiyasının nəticəsi və ya obyektidir; 3) Təcavüz cinayəti açıq-aşkar BMT Nizamnaməsinin pozulmasıdır. Beşinci müddəa – formal olaraq hökumət üzvü və ya hərbçi olması tələb edilməyən, dövlətdə siyasi və hərbi fəaliyyətlə bağlı aktiv mövqe tutan icraçı, törədilən təcavüz aktına görə məsuliyyət daşıyır. Altıncı müddəa – icraçı təcavüz cinayətinin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və aparılmasında aktiv iştirak edir və buna əmr verir.
Eyni zamanda “cinayət tərkibinin – subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət – klassik bölgüsü” [8, 937] təcavüz cinayətinə də şamil edildiyindən bu əmələ münasibətdə qeyd olunan cəhətlərə ayrı-ayrılıqda diqqətin ayrılmasını zəruri hesab edirik.
Təcavüz cinayətinin subyekti yalnız yüksək dövlət vəzifələrində çalışan şəxslər hesab olunur. Bu cinayətdə məsuliyyətin subyektinin müəyyən olunması üçün iki kriteriyadan istifadə olunur: 1) Məsulyyətin subyekti bilməlidir ki, məhz təcavüzkar müharibə planlaşdırılır, hazırlanır və ya aparılır; 2) Subyekt-fərd dövlət hakimiyyət mexanizmində təcavüz siyasətinin təşkilinə və ya həyata keçirilməsinə təsiretmə imkanlarına malik olan vəzifədə çalışmalıdır. Bütövlükdə hər iki kriteriya nəzərə alınmaqla təcavüzə görə məsuliyyətin subyektinin müəyyən olunması haqqında məsələ eyni zamanda, hüquqi deyil, hər bir konkret halda fakta dair məhkəmənin həll etdiyi məsələ kimi çıxış edəcək. Təcavüzün subyektiv cəhəti– birbaşa qəsdlə xarakterizə olunur ki, bu da əvvəlcədən düşünülmüş şəkildə törədilir. Yəni təcavüz cinayətinin subyektiv tərəfi yalnız təqsirin qəsd forması ilə xarakterizə olunur. Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 6-ci maddəsinə görə, sülh əleyhinə digər cinayətlərlə yanaşı onların həyata keçirilməsinə yönələn, ümumi planda iştirak edən və ya əlbir olan əsas hərbi cinayətkarlar mühakimə olunmuşdur. Tribunalın qənaətincə, “Hitler təkbaşına təcavüzkar müharibə apara bilməz, onun dövlət xadimlərinin, hərbi liderlərin, diplomatların və s. köməyinə ehtiyacı var idi. Onlar onun məqsədləri haqqında məlumata malik olaraq, əməkdaşlığa və təşkil etdiyi planın iştirakçısı qismində cıxış etməyə başlamışdılar”. [6,238] Təcavüzün birbaşa obyektini beynəlxalq sülh və təhlükəsizlik, dinc yanaşı yaşama və dövlətlərarası əməkdaşlıq təşkil edir. Qeyd edək ki, bu məsələ təcavüzün beynəlxalq hüquqi qiymətləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, təcavüz nəticəsində bir dövlət deyil, bir neçə dövlət təhlükəyə məruz qalmaqla bu cinayət əslində beynəlxalq münasibətlərə birbaşa təsir edərək, dövlətlərin nəinki ayrı-ayrılıqda milli mənafelərini təhdid etmiş olur, habelə onların regional və beynəlxalq maraqları da zərbə altında qalır. Məsələn, Ermənistanın hərbi təcavüzü nəticəsində təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyə, Gürcüstan və bilavasitə ölkəmizlə iqtisadi, siyasi bağlılığı olan, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə malik digər dövlətlər və qurumların maraqları bu cinayətin təhdid obyekti hesab olunur.Təcavüzün obyektiv cəhəti isə alternativ xarakter daşıyır və təcavüzlkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılmasında ifadə olunur. Prof. İ.İ.Lukaşik yazır ki, sülh əleyhinə cinayət adlandırılan təcavüz birinci qrup cinayətlərə aid edilməklə, buraya beynəlxalq müqavilə və razılaşmaların pozulması ilə təcavüzkar müharibənin və ya müharibənin planlaşdırılması, hazırlaması, başlanması və aparılması eləcə də, bu qəbildən olan hərəkətlərin hər hansı birinin həyata keçirilməsinə yönələn planda və ya sui-qəsddə ümumi iştirak daxil edilmişdir. [4, 241].
Təcavüzkar müharibənin faktiki aparılması onun davam etdirilməsi, yəni vahid məqsəd – onu qələbə sonluğuna qədər aparmaq istəyi əməlin ictimai təhlükəliliyini artırır. Nürnberq Tribunalının Nizamnaməsinin 6-cı maddəsinin “a” bəndinə uyğun olaraq təcavüzkar müharibənin obyektiv tərəfinə aşağıdakı hərəkətlərdən hər hansı biri daxil edilir: planlaşdırma, hazırlıq, başlama və təcavüzkar müharibəni aparma. Planlaşdırma adı altında digər dövlət ərazisinə silahlı basqın və ya hücum və həmin ərazinin işğalı üçün konkret planın tərtib olunması başa düşülür. Məsələn, Almaniya Avstriyanın işğalı planını “Otto” Çexoslavakiyanın “Qryun”, Polşaya “Veys”, Danimarka və Norveçə “Vezer”, SSRİ-yə edilən hücum isə “Barbarossa Planı” şərti adı altında planlaşdırılmışdı. Təcavüzkar müharibəni planlaşdırma, həmin müharibənin başlanması və aparılmasının strateji və taktiki planının işlənib hazırlanmasında ifadə olunur. Buraya hədəf ölkənin seçilməsi, təcavüzkar hərbi hərəkət və hərəkətsizliyin həyata keçirilməsi müddətlərinin və miqyasının müəyyən edilməsi və digər fəaliyyət formaları aid edilə bilər. Təcavüzkar müharibəni hazırlama belə müharibənin başlanması və ya aparılmasının müvafiq planının gələcəkdə uğurla təmin edilməsi məqsədinin həyata keçirilməsinə yönələn hərəkətlərdə ifadə olunur. Hazırlıq adı altında iqtisadiyyatın hərbi məqsədlər üçün yenidən təşkili, ordunun sayının artırılması, hərbi texnikanın istehsalı, hücum etməmək haqqnda müqavilələrin bağlanması və s. Məsələn, nasistlərin 1936-cı ildə keçirilən partiya qurultayında təsdiq olunan dörd illik illik plan mahiyyətcə təcavüzkar müharibələr üçün hazırlıq mərhələsini təşkil etmişdir. Eyni zamanda, 23 avqust 1939-cu ildə Almaniya Sovet İttifaqı ilə hücum etməmək haqqında Paktı da təcavüzə hazırlıq hesab etmək mümkündür. Təcavüzkar müharibəni başlama cinayət tərkibinin müstəqil elementi kimi çox nadir hallarda çıxış edir. Belə ki, bu hərəkət hazırlıq və aparılma mərhələləri ilə sıx əlaqəlidir. Qeyd etmək lazımdır ki, bəzi müəlliflər planlaşdırma və hazırlama mərhələləri arasında əməlin obyektiv tərəfinə münasibətdə xüsusi fərqin olduğunu qəbul etmirlər. Akademik V.N.Kudryavçevin rəhbərliyi altında hazırlanmış “Beynəlxalq cinayət hüququ”nda qeyd olunur: “Planlaşdırma elə hazırlama deməkdir. Hazırlama özü özlüyündə planlaşdırmanın tərkibinə daxildir. Lakin, bu anlayışların hüquqi cəhətdən “ayrılması” “planlaşdıranların” məsuliyyətə cəlb olunmasına imkan verir. [5,126] Belə ki, hərbi texnikanın istehsalının, hərbi hissələrinin sayının artırılması, ərzaq və yanacaq ehtiyatlarının yaradılması, düşmən haqqında kəşfiyyat fəaliyyətinin gücləndirilməsi, hərbi şəraitə yaxınlaşdırılmış vəziyyətdə qərargah təlimlərinin keçirilməsi bu mərhələyə misal ola bilər. Təcavüzkar müharibənin aparılması digər dövlətə qarşı birbaşa hərbi əməliyyatların həyata keçirilməsidir. Yuxarıda göstərilən əməliyyatların yəni, mərhələlərin hər biri sülh əleyhinə cinayət qismində qiymətləndirilərək müstəqil əhəmiyyətə malikdir. Məsələn, Nürnberq Tribunalının hökmündə Almaniya sualtı donanmasının komandanı Karl Denis təcavüzkar müharibənin aparılmasında aktiv iştirakda təqsirli bilinsə də, belə müharibəyə hazırlıqda və onun başlanmasında Denisin iştirak faktı müəyyən olunmamışdır. Lakin iqtisadiyyat naziri Valter Funk bəzi təcavüzkar müharibələrə iqtisadi hazırlıqda iştiraka görə, təqsirkar hesab olunmuşdur.
Təcavüz cinayətinin törədilmə mərhələləri ilə bağlı mövqe 1999-cu ildə Beynəlxalq Cinayət Məhkəməsinin Hazırlıq Komissiyasına Almaniya tərəfindən təqdim olunan təklifdə daha optimal şəkildə ifadə olunmuşdur. Bu ölkənin təklif etdiyi tərifdə ilkin olaraq iki mərhələ – hərbi hücumun elan olunması və bu hücumun həyata keçirilməsi göstərilmişdir. Bu iki mərhələ BMT Nizamnaməsinin kobud pozuntusu hesab edilərək, bir dövlətin digər dövlətə qarşı silahlı gücdən istifadə etməklə həyata keçirdiyi “hərbi işğal” və “ərazi ilhaqı”nı təcavüz kimi nəzərdən keçirir. Konkret olaraq, əməl törədildiyi zaman dövlətdə hərbi və siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən bu fəaliyyət planlaşdırma, hazırlıq və həyata keçirmə haqında əmrin verilməsi ilə törədilən təcavüz kimi tövsif olunur. Hazırlıq Komissiyasına Rusiya Federasiyasının irəli sürdüyü təklifdə isə təcavüz cinayətinin elementlərinə aşağıdakı aktlardan hər hansı biri aid edilir: planlaşdırma, hazırlıq, aqressiv müharibənin başlanması və aparılması. [16.] Təcavüz cinayətinin törədilmə mərhələləri ilə bağlı təkliflərdən daha maraqlısı və əhatə dairəsinə görə daha geniş hesab olunanı Kubanın irəli sürdüyü təklifdir. 2003-cü ildə Hazırlıq Komissiyasına təqdim olunan Təcavüz cinayətinin tərifi və yurisdiksiyanın həyata keçirilməsi şərtlərini müəyyən edən bu sənəddə göstərilir: “Təcavüz adı altında dövlətin siyasi, iqtisadi, hərbi fəaliyyəti üzərində faktiki nəzarəti həyata keçirən və ya ona rəhbərlik edən şəxslər tərəfindən törədilən aktın planlaşdırılması, hazırlanması, elan edilməsi və həyata keçirilməsi barədə əmrin verilməsi ilə xarakterizə olunan, dövlətin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi və iqtisadi müstəqilliyinə birbaşa və ya dolayı yolla toxunan və ya BMT Nizamnaməsi ilə bir araya sığmayan hər hansı fəaliyyətin törədilməsi və ya onda iştirak başa düşülməlidir”. [12.]
Yuxarıda qeyd olunduğu kimi, 11 iyun 2010-cu il tarixdə Kampalada Statuta əlavə edilmiş 8 bis maddəsi təcavüz aktının rəhbər mövqeyə malik olan şəxs tərəfindən planlaşdırılmasını, hazırlanmasını, başlanmasını və yerinə yetirilməsini artıq fərdi təcavüz cinayəti kimi müəyyən etmişdir. Burada vacib cəhət və ilkin tələb ondan ibarətdir ki, təcavüz aktı BMT Nizamnaməsinin açıq-aşkar pozuntusunu təşkil etməlidir. Təcavüz aktı bir Dövlət tərəfindən digər Dövlətə qarşı özünümüdafiəyə bəraət qazandırmadan və ya Təhlükəsizlik Şurasının icazəsi olmadan silahlı gücün istifadə olunması kimi müəyyən edilmişdir. Düzəlişlərdə nəzərdə tutulan təcavüz aktının anlayışı, təcavüz kimi müəyyən edilən hərəkətlərin siyahısı (məsələn, silahlı qüvvələrin müdaxiləsi, bombardman və blokada) BMT Baş Assambleyasının 3314 (XXIX) saylı 14 dekabr 1974-cü il tarixli Qətnaməsində olduğu kimidir. Bu anlayışın hüdudu və dürüst ifadə olunması Roma Statutunda daha əvvəl mövcud olmuş və BMT Nizamnaməsində nəzərdə tutulan dil üslubuna və ümumi müddəalara, habelə İcmal Konfransında çoxsaylı Dövlətlərin umumi razılığına əsaslanır. Düzəlişlərdə təcavüzə görə Məhkəmənin yurisdiksiyanın həyata keçirilmə şərtlərinə və BMT TŞ ilə bu məsələdə qarşılıqlı əlaqələrə də aydınlıq gətirilmişdir. Belə ki, Statuta əlavə edlmiş 15 bis və 15 ter maddələrinin mətnləri Məhkəmənin təcavüz cinayəti üzrə yurisdiksiyasının həyata keçirilmə şərtlərini müəyyən edir. Statutda qeyd olunan digər cinayətlərdən fərqli olaraq, bu maddələr BCM-in Prokuroru tərəfindən təcavüz cinayəti ilə bağlı istintaqın başlanıla bilməsi imkanını nəzərdə tutan özünəməxsus yurisdiksiya rejimi müəyyən edir. Əgər BMT TŞ tərəfindən “vəziyyət”in araşdırılması Prokurora şamil edilirsə, Statutun 15 ter maddəsi müəyyən edir ki, Məhkəmənin yurisdiksiyası digər cinayətlərdə olduğu kimi təcavüz cinayətinə də aid ediləcək və Prokuror tərəfindən bu cinayət üzrə də istinaq həyata keçiriləcəkdir. 15 bis maddəsinə görə Prokuror təcavüz cinayəti ilə bağlı öz təşəbbüsü (proprio motu) və ya Dövlətin xahişi əsasında aşağıdakı hallarda istintaq apara bilər: 1)Təhlükəsizlik Şurası tərəfindən təcavüz aktının mövcud olması barədə ilkin konstatasiyadan və ya müəyyən olunmadan (BMT Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq) və bundan 6 ay müddət keçdikdən sonra; 2) əgər situasiya Üzv Dövlətlər arasında törədilmiş təcavüz aktına aiddirsə; 3) Məhkəmənin Prosesə Hazırlıq Bölməsi tərəfindən istintaqa icazə verildikdən sonra. Statutun 15 bis maddəsi həmçinin, müəyyən edir ki, Üzv Dövlətlər Məhkəmənin yurisdiksiyasını qəbul etməmək barədə bəyanat verməklə onun mühakimə icraatından kənarda qala bilər. Belə bəyanat istənilən zaman (o cümlədən, düzəlişlərin qüvvəyə minməsindən əvvəl) verilə bilər və Üzv Dövlət tərəfindən üç il müddətində nəzərdən keçirilməlidir. Bu maddəyə müvafiq olaraq Üzv-olmayan Dövlətlər üçün təca6vüz cinayətinin həmin ölkənin vətəndaşları tərəfindən və ya onun ərazisində törədildiyi halda Məhkəmənin yurisdiksiyası aşkar şəkildə istisna olunmuşdur. Statutun həm 15 bis, həm də 15 ter maddələrində qeyd olunur ki, Məhkəmədənkənar orqan tərəfindən hər hansı müəyyən olunma (Təhlükəsilik Şurası kimi) faktı təcavüz aktı ilə bağlı Məhkəmənin qərarına mənfi təsir etməyəcəkdir. Düzəlişlər Statutun 5(2)-ci maddəsinə müvafiq olaraq konsensus əsasında qəbul edilmişdir və 121(5)-ci maddəyə əsasən qüvvəyə minəcəkdir. Eyni zamanda, 15 bis və 15 ter maddələri müəyyən edir ki, Məhkəmə təcavüz cinayəti ilə bağlı yurisdiksiyanı: a) düzəlişlər ən azı 30 Üzv Dövlət tərəfindən ratifikasiya və ya qəbul edilənədək; b) 1 yanvar 2017-ci il tarixindən sonra istənilən vaxt yurisdiksiyanın həyata keçirilməsi üçün Üzv Dövlətlərin üçdə ikisi tərəfindən qərar qəbul edilənədək həyata keçirə bilməyəcəkdir. [17.]
Xüsusilə vurğulamaq lazımdır ki, təcavüz cinayəti ilə bağlı məsələ Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Məcəllənin XVI fəsli “Sülh və insanlıq əleyhinə cinayətlər” adlandırılmaqla (2 iyul 2001-ci il tarixli Qanunla VII bölmənin və on altıncı fəslin adlarında “bəşəriyyət” sözü “insanlıq” sözü ilə əvəz edilmişdir) Nürnberq Tribunalının Nizamnaməsindən implementasiya olunmuşdur. Müvafiq olaraq, Nizamnamənin 6-cı maddəsində nəzərdə tutulan sülh əleyhinə cinayət hesab edilən “təcavüzkar müharibənin müqavilə, saziş və təminatları pozmaqla müharibənin planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması və ya yuxarıda sadalanan hərəkətlərdən hər hansı birinin həyata keçirilməsinə yönəlmiş ümumi plan və qəsddə iştirak” müddəası Məcəllənin 100-cü maddəsinin dispozisiyasında “təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama, təcavüzkar müharibəni aparma” kimi ifadə olunmuşdur. Azərbaycan cinayət qanunvericiliyi təcavüzkar müharibənin aparılmasına görə ən yüksək cəza növü – ömürlük azadlıqdan məhrumetmə müəyyən etmişdir. Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan “təcavüzkar müharibəni başlamağa aşıq çağırışlar” tərkibi isə Nürnberq Tribunalının Nizamnaməsində nəzərdə tutulmamışdır. Lakin, bu müddəanın əsasını Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt təşkil edir. Cinayət Məcəlləsinin 101.2-ci maddəsində isə vəzifəli şəxslərlə yanaşı, kütləvi informasiya vasitələri də təcavüzkar müharibənin başlanmasına açıq çağırışlara görə subyekt qismində qəbul olunur və cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsində təsbit olunan “təcavüzkar müharibə” ifadəsi “təcavüz” ifadəsinin sinonimi kimi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan cinayət qanunvericiliyi 100 və 101-ci maddələrdə nəzərdə tutulan tərkibləri “sülh əleyhinə cinayətlər” kateqoriyasına (buraya həmçinin 102-ci maddədə nəzərdə tutulan “beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə” tərkibi də aid edilmişdir) daxil edərək onları “insanlıq əleyhinə cinayətlər”dən fərqləndirir. BCM-in Statutunda “təcavüz” termininın təsbit edilməsinin əlamətdar hal olması fikri müdafiə olunmaqla bu anlayışın Azərbaycan cinayət qanunvericiliyinə gələcək implementasiyası məqbul hesab olunur. Təcavüz cinayəti konkret mürəkkəb cinayətlərin uzanan cinayət növünə aiddir. Belə ki, uzanan cinayət müəyyən cinayət tərkibini yaradan əməlin fasiləsiz olaraq törədilməsilə xarakterizə olunur. Belə əməli törədən subyekt isə müəyyən dövrdə kriminogenlik mənbəyinə çevirilir, yəni hər an məlum əməli törətməkdə davam edir və bu onda təhlükəli meyllərlə bağlı olur. Məsələn, Ermənistan dövləti və onun rəhbər şəxsləri 1988-ci ildən başlayaraq, Azərbaycan ərazilərində kriminogenlik xarakterinə malik olmaqla təcavüz əməlini törətməkdə davam edir və bu onların təcavüzkar meylləri ilə sıx bağlıdır. Uzanan cinayət olmaqla təcavüz dövlət və ya fərd tərəfindən beynəlxalq hüquqla qadağan edilən hərəkətin və ya hərəkətsizliyin edilməsilə başlayır. Kriminal vəziyyətə son qoyan hərəkətin edilməsilə uzanan cinayət qurtarır. Məsələn, digər dövlətin ərazisinə yeridilən qoşun oradan cıxarılır, işğal olunan və ya anneksiya edilən ərazilər onun qanuni sahibinə qaytarılır və s. Uzanan cinayət törədilən andan bitir və bitmiş cinayətə görə məsuliyyət yaranır. Başqa sözlə, bitmiş cinayətə görə məsuliyyət belə əmələ son qoyulan andan deyil, törədilən andan yaranır. Belə əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin axımı isə fəaliyyətə son qoyulan andan başlayır. [3, 423] Yuxarıda qeyd olunanları nəzərə alaraq, əminliklə deyə bilərik ki, təcavüz uzanan cinayət olmaqla törədildiyi andan bitmiş hesab olunur və bu əmələ görə məsuliyyət təcavüzkar hərəkətin törədilməsi ilə artıq yaranmış olur və bu təcavüzun yekununa hüquqi cəhətdən heç bir təsir göstərmir.
Beləliklə, təcavüz cinayətinin dəqiq və hərtərəfli beynəlxalq hüquqi müəyyənliyi baxımından aşağıdakı nəticələri mümkün hesab etmək olar. Birincisi, cinayət tərkibinin – subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət – klassik bölgüsü təcavüz cinayətinə də şamil edilməklə bu cinayət konkret mürəkkəb cinayətlərin uzanan cinayət növünə aid edilir. Uzanan cinayət kimi təcavüz əməlin fasiləsiz törədilməsilə xarakterizə olunaraq, dövlət və ya fərd tərəfindən beynəlxalq hüquqla qadağan edilən hərəkətin və ya hərəkətsizliyin edilməsilə başlayır və kriminal vəziyyətə son qoyan hərəkətin törədilməsilə bitir. İkincisi, təcavüz cinayətinin aşağıdakı mərhələlərdən hər hansı birini – 1) təcavüz aktının törədilməsi haqqında əmrin verilməsi, 2) təcavüzkar müharibəyə açıq çağırışlar, 3) təcavüzkar müharibənin planlaşdırılması, 4) təcavüzkar müharibənin hazırlanması, 5) müharibənin başlanması, 6) müharibənin aparılmasını özündə ehtiva etməsi zəruridir və bu mərhələlərin istənilən birində iştirak cinayət məsuliyyəti yaradacaqdır.
Səyyad Məcidov
AMEA-nın doktorantı,
Bakı Avrasiya Universitetinin müəllimi
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 27 dekabr 2011-ci il. http://www.azertag.com
2. Əfəndiyev E.M. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Şərhi (Xüsusi hissə), “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2001. 920 s.
3. Səməndərov F.Y. Cinayət Hüququ (Ümimi hissə), “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2002, 736 s.
4. Лукашук И.И. Международное право. Особенная часть. М. Издотелство БЕК, 1998. 374 с.
5. Международное уголовное право. Под общей редакцией академика В.Н.Кудрявцева. Москва «Наука» 1999. 264 c.
6. Нюрнбергский процесс: право против войны и фашизма /Под ред. И.А. Ледях, И.И. Лукашука. – М.: Ин-т государства и права РАН, 1995. 675 c.
7. Нюрнбергский процесс: Сборник материалов. В 8-и томах. Том 1. М., «Юридичекая литература» 1987. 688 с.
8. Уголовное право. Особенная часть. Ответственный редактор Козаченко И.Я. М. 2001. 937 с.
9. Bassiouni M. Cherif, Introduction to International Criminal Law. Ardsley, N.Y.: Transnational Publishers, 2003. 822p.
10. Charter of the International Military Tribunal http://www.law.umkc.edu/faculty/projects/ftrials/nurembergs.html
11. Christine Byron & David Turns, “The Preparatory Commission for the International Criminal Court”, 50 International and Comparative Law Quarterly, No. 2, April 2001. p.587
12. Definition of the crime of aggression and conditions for the exercise of jurisdiction. Proposal submitted by Cuba. 6 February 2003, ICC-ASP/1/L.4
13. International Law Commission Report, 1996 Chapter II, www.un.org/law/ilc/texts/dcodefra.htm
14. Kittichaisaree Kriangsak, International criminal law, Oxford 2001, 657p.
15. Müller Schieke, Irina Kaye. Defining the crime of aggression under the Statute of the International Criminal Court. Leiden Journal of International Law. Vol.14, no.2, 2001. p.420
16. Documents on the Crime of Aggression, http://untreaty.un.org/cod/icc/documents/aggression/aggressiondocs.htm
17. The Rome Statute of the International Criminal Court www.un.org/icc/romestat.htm

Add a Comment

Your email address will not be published. Required fields are marked *