Kİberterrorİzm və kİbercİnayətlər

Müasir beynəlxalq hüquqda terrorçuluq ayrıca cinayət tərkibi kimi xüsusi statusa malikdir. Belə olan təqdirdə kiberməkandan terrorist məqsədlərilə istifadə olunması, şəbəkə istifadəçilərinin də həm obyekti, həm də subyekti olduğu bu cinayət əməlinin terrorçuluq, yoxsa kibercinayətlərin xüsusi növü olması məsələsi bir qədər problemlərə yol açmış olacaqdır. Əlbəttə, bu kimi mübahisəli elementlərin aradan qaldırılması üçün bu sahədə unifikasiya olunmuş beynəlxalq cinayət hüquqi konsepsiyanın ortaya qoyulması və bu cinayət əməlləri ilə mübarizədə yeni tendensiyaların ortaya qoyulması zəruridir. Ancaq bu məsələdə də Aİ digər beynəlxalq strukturlardan daha fəal və operativ şəkildə çıxış etmişdir. Bu qurum tərəfindən internet şəbəkəsinin terrorist təşkilatları tərəfindən istifadəsi ilə mübarizə aparmaq məqsdilə Clean IT layihəsi işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, bu cinayət-lərlə mübarizədə xüsusi proqram və layihələrin hazırlanması üzrə “Evropol”un xidmətləri danılmazdır. Həmin layihənin məqsəd¬lərindən də göründüyü kimi, internet üzərindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə aid olan ictimai və özəl dialoq təşəbbüsləri xüsusi olaraq terrorçu fəaliyyətlərin fokuslanmasına gətirib çıxarır. Bu mənada onlayn terrorizmlə müba-rizənin bilavasitə kibercinayətkalıqla mübarizə ilə qarşlılıqlı əlaqə və asılılıqda nəzərdən keçirilməsi fikrimizcə, faydalı olardı. Lakin, bu iki ayrı-ayrı cinayətlər öz tərkibləri etibarilə fərqləndiyindən, internet şəbəkəsi yalnız terror çinayətinin həyata keçirilməsinin vasitəsi olaraq qalacaqdır. Çünki, bu zaman terror cinayəti¬nin törədilməsində əsas məqsəd kompüter sistemləri və ya məlumatları deyil, terror cinayətinin qəsd obyekti olan ictimai təhlükəsizlik olacaqdır. Burada dövlət¬lərin səyi ondan ibarət olacaqdır ki, terroçuluq cinayətinin qarşısının alınmasında yalnız məhdudlaşdırıcı İT vasitələrinin köməyindən istifadə etməklə, onlayn terro¬rizmin fəsadları minimuma endirilsin.
Bu məsələdə daha müffəssəl yanaşmanın ortaya qoyulması üçün “kiberterrorizm” termininin yaranma tarixinə də diqqətin ayrılması zəruridir.
XX əsrin 80-ci illərinin sonlarında Amerika Təhlükəsizlik və Kəşfiyyat İnstitutunun böyük elmi işçisi Berri Kollin virtual fəzada terrorçuluq fəaliyyətini ifadə etmək üçün ilk dəfə “kibernetik terrorçuluq” terminindən istifadə etmişdir. Qeyd olun-malıdır ki, o zaman bu termin praktiki əhəmiyyət kəsb etmirdi və yalnız gələcək üçün proqnoz verməkdən ötrü istifadə olunurdu. Berri Kollinin özü isə kiber¬terrorçuluqdan yalnız XXI əsrin ilk onilliyində danışmağın real olduğunu qeyd etmişdir. Lakin real vəziyyətlə əlaqədar olaraq, FTB-nin xüsusi agenti Mark Pollit 1996-cı ildə kiberterrorçuluq termininin tərifıni təklif etmişdir. Həmin tərifə görə, kiberterrorizm informasiya, kompüter sistemləri, kompüter proqramları əleyhinə yönələn, milli qruplara və mülki hədəflərə qarşı zorakılıqla nəticələnən siyasi motvili qəsdən törədilən hücumdur.
Kiberməkanda terrorizm həm kibercinayət, həm də terrorizmmin əlamət¬lərini özündə ehtiva edir. Kiberməkanda terrorist hücumları kibercinayətin kateqo¬riyası və informasiya texnologiyalarından kriminal sui-istifadə kimi çıxış edir.
Qeyd olunduğu kimi, kiberterrorçuluq və informasiya təhlükəsizliyi müasir dövrün real vəziyyətinə əsaslanaraq, hüquq və informatika mütəxəssislərinin məşğul olduğu ciddi bir problemə çevrilmişdir. Kiberterrorçuluqla bağlı hərəkət və hərəkətsizlik artıq real olaraq baş verməkdədir. Bu, həm digər cina¬yətlərin, xüsusilə terrorun və təcavüzün törədilməsi üçün hərəkətverici vasitə olaraq, həm də müstəqil cinayət tərkibi olaraq artıq bünya birliyi tərəfindən cəzalandırılmalı olan əməllər kateqo-riyasına aid edilmişdir. Bununla yanaşı, bu günkü Azərbaycan reallığında kibermüharibənin, kiber-təcavüzün və digər bey¬nəlxalq cinayətlərin qurbanı kimi artıq bu əməllərə görə cinayət hüquqi yuris¬diksiyanın həyata keçirilməsi labud və zəruridir. Səmərəli cinayət hüquqi yurisdiksiyanın tətbiqi üçün isə kiberməkanda baş verən hərəkət və hərəkət¬sizlikləri özündə ehtiva edən hüquqi terminlərin istər nəzəri, istərsə də normativ hüquqi müəyyənliyə malik olması danılmazdır.
Beləliklə, kiberterroçuluğa belə bir anlayış verilə bilər: Kiberterrorçuluq dedikdə, kompüterdə emal olunan infor¬masiyaya, kompüter sisteminə və şəbəkəsinə düşünülmüş, siyasi motivlərə əsaslanmış hücum başa düşülür. Əgər belə hərəkətlər ictimai təhlükəsizliyin pozul¬ması, əhalinin qorxudulması, hərbi konfliktlərin, təxribatlarının törədilməsi məq¬sədilə həyata keçirilmiş olarsa, onda bu hücum insanların həyatı və sağlamlığı və ya digər ağır fəsadların baş verməsi üçün daha böyük təhlükə yaradır.
Kiberterrorizm siyasi, dini və ideoloji motivlər əsasında dağıdıcı, təxribatçı və qorxu aşılayan nəticələrə səbəb olan, terroristlər tərəfindən informasiya infra¬struk-turuna edilən hücumlar kimi müəyyən edilir.
Kiberterrorçuluq cinayətkar niyyətlərin əldə olunması məqsədilə əhalinin, hakimiyyət orqanlarının məhz kibervasitələrlə qorxudulması kimi qəbul edilir. Bu, müəyyən siyasi və ya digər məqsədlərin əldə olunması, şəxslərin, təşkilatların və ya hakimiyyət struktur¬larının müəyyən hərəkətlərə məcbur edilməsi, kiberterrorçunun şəxsiyyətinə və terrorçu təşkilata diqqətin yönəldilməsi məqsədilə əhalinin təhlükəyə məruz qoyulması, daimi qorxu vəziyyətində saxlanması şəklində özünü göstərə bilər.
Transmilli mütəşəkkil cinayətkar qrupların müasir informasiya-kommu¬nikasiya texnologiyaların-dan geniş miqyasda istifadə etməsi labüd faktdır. Bey¬nəlxalq terrorçu təşkilatlar elmi-texniki nailiyyətlərdən yararlanmağa, kompüter, rabitə, informasiya-kommuni-kasiya texnologiyaları və s. sahələrdə mütəxəssisləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu terrorçu təşkilatlar tərəfindən daim yeni üzvlərin rekrut edilməsi, törədilmiş terror aktlarına bəraət qazandırılması, potensial terrorçulara təlimlərin keçirilməsi, üzvlər arasında müntəzəm əlaqələrin saxla¬nılması və s. məqsədlərlə internet şəbəkəsindən fəal istifadə edilir.
Bəzi ədəbiyyatlarda belə kateqoriya əməllər kibercinayətkarlığın bir növü kimi elektron vandalizm də adlandırılır. Orada bu cinayət növü çox ciddi problem kimi səciyyələndirilərək, qeyd olunur ki, bu gün iqtisadiyyat, idarəetmə, hətta dünyanın əksər ölkələrinin ayrı-ayrı vətəndaşları kompüter şəbəkə və sistemlərinin normal fəaliyyətindən asılıdır. Bu tipli cinayətlərin motivi ya öz iradəsini reallaşdırmaq, ya qisas və ya intiqam almaq istəyi, ya da rəqiblə hesablaşmaq istəyi ola bilər. Belə olan təqdirdə kompüter sistemləri zədələnir və onların işinə olan müdaxilələr daha ciddi və bəzən də daha faciəvi nəticələrə səbəb ola bilər. Məsələn 1992-ci ildə kompüter sisteminə edilən müdaxilənin nəticəsi idi ki, Litvada İqnalinsk atom elektro-stansiyasında böyük bir nüvə partlayışlarına səbəb ola biləcək hadisələrin yaşanma ehtimalı yaranmışdı. Göründüyü kimi, kompüterlərə edilən hətta təsadüfi müda¬xilə¬lər belə ağır fəsadları ilə xarakterizə olunan digər beynəlxalq cinayətlərin törədilməsinin əsas səbəbi kimi çıxış edə bilər. Bu səbəbdən də qeyd olunan cina¬yət növlərini kompüter cinayətləri ilə əlaqəli cinayətlər kimi adlandırmaq fikri¬mizcə daha məqbul olardı. Lakin əsas məqsədini və hədəfini məhz kompüter sistemləri və ya kompüter şəbəkələri təşkil edən cinayətləri isə birbaşa kibercinayətlər kateqoriyasına aid etmək olar. Məsələn, 1999-cu ildə Belqradın bomba¬lanması zamanı NATO-nun kompüter sistemlərinin hədəflən-məsi və onların işinin iflic edilməsi ilə bağlı həyata keçirilmiş cəhdlər kibercinayət kimi tövsif oluna bilər. Bu mənada kibercinayətlərdə əsas kriminal məqsədin məhz informa¬siya-kommunikasiya texnologiyalarına qarşı yönəldilməsi faktoru onun növlərə bölgüsündə əsas təsnifat meyarı kimi götürülməsi qəbul edilməlidir.
Buradan belə nəticəyə gəlmək mümkündür ki, əgər törədilən vandalizm və hər hansı istənilən dağıdıcı cinayətkar fəaliyyət məhz kompüter sistem-lərinin və şəbəkələrinin, habelə onlarda mövcud olan informasiyaların məhv edilməsinə yönəlmişdirsə, həmin əməlin törədilmə miqyasından və zahiri əlamətlərindən asılı olmayaraq, onları kibercinayətlər kateqoriyasına aid etmək olar. Digər tərəfdən, əgər kompüter sistemləri və ya şəbəkəsindən, o cümlədən internetdən vasitə kimi istifadə olunaraq, mütəşəkkil cinayətkar qruplar və ayrıca şəxslər konkret cinayət məqsədlərini reallaşdırmağa cəhdlər etmişlərsə, bu zaman qeyd olunan vasitələr həmin cinayət əməllərinin törədilməsi üçün yalnız köməkçi alət qismində çıxış edəcəkdir. Burada ayrıca növ kimi təsnifləşdiriləcək hansısa kibercinayətdən yox, konkret tərkibi olan müstəqil cinayət əməlindən gedəcəkdir.
Beləliklə, “kibercinayət” və “kiberterrorizm” anlayışları fərqləndirilməklə hər biri müstəqil cinayət tərkibi olaraq təsnif edilir və kompüterlər, kompüter şəbəkələri, internet, sosial şəbəkələr yalnız “kiberterrorizm”in törədilməsində yardımçı vasitələr kimi qəbul edilir.
S.T.Məcidli, h.e.f.d.