20 yanvar hadİsələrİ sülh və İnsanlıq əleyhİnə cİnayətdİr

Əlövsət Allahverdiyev
hüquq üzrə fəlsəfə doktoru, dosent

Səyyad Məcidov
hüquq elmləri üzrə fəlsəfə doktoru

Giriş
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş1990-cı il 20 yanvar hadisələrinə siyasi-hüquqi, xüsusilə beynəlxalq cinayət hüququ müstəvisində qiymət verilməsi həm elmi-nəzəri, həm də praktiki baxımdan önəmlidir. Qeyd edək ki, hələ 21 yanvar 1990-cı ildə Moskvada ümummilli lider Heydər Əliyev bu hadisəni “hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd” hesab etdiyini bildirmiş, 7 mart 1991-ci il tarixdə isə ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək, bu cinayətkar hərəkətlərin “İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz” olduğunu xüsusi vurğulamışdır. Əlbəttə, belə uzaqgörənliklə söylənilmiş fikrin sonrakı dövrlərdə müstəsna beynəlxalq hüquqi əhəmiyyəti və konkret nəticələri olmuşdur. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə və beynəlxalq aləmdə 20 yanvar hadisələri ilə bağlı müxtəlif tədbirlər, aksiyalar, anma mərasimləri, xatirə gecələri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu cinayətə, ümumən Azərbaycan həqiqətlərinə yönəldilir, eyni zamanda bu cinayət əməlinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı tədqiqatlar aparılır. Tarixi-siyasi və hüquqi cəhətdən kompleks şəkildə araşdırma tələb edən zəruri məsələlərdən olduğuna görə, baş vermiş hadisələrə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq cinayət məsuliyyəti, habelə müasir milli dövlətçilik tariximizin reallıqları əsasında yanaşma xüsusilə mühüm əhəmiyyət kəsb edir.
20 yanvar hadisələri silahlı təcavüzün bariz nümunəsidir
20 yanvar hadisələrinə ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən və genişmiqyaslı kriminal planları kontekstində keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz cinayətinin bariz nümunəsi kimi yanaşmaq lazımdır. Ona görə də, biz bu məqalədə məhz keçmiş Sovet rəhbərliyini vəzifəli şəxslər olaraq, Bakı şəhərinə hərbi hücumun təşkilinə və Bakıda kütləvi qırğın və insanlıq əleyhinə cinayətlərə görə beynəlxalq fərdi cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini tədqiq edəcəyik.
Xüsusilə vurğulamaq istərdik ki, bu hadisəyə məhz beynəlxalq hüquqi nöqteyi-nəzərdən sülh və bəşəriyyət əleyhinə cinayətlərdən biri – təcavüz kimi yanaşma hadisələrin mahiyyəti və cinayətin obyektiv elementləri baxımından da məqsədəmüvafiq hesab edilə bilər. Çünki, təcavüz istənilən dövrdə beynəlxalq demokratik proseslərə təsir imkanlarına mailk olan hüquqi-siyasi problem olmaqla, törədilən hüquq pozuntusuna görə məsuliyyətin birbaşa dövlətlərin və onların rəhbər şəxslərinin üzərinə yönəldiyi transmilli, kriminal xarakterli konkret hərəkət və hərəkətsizlikdən ibarət olan ən ağır cinayət əməlidir. Bu mənada tam əminliklə söyləmək olar ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən geçə Bakıya silahlı qoşun yeridilməsi faktı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, BMT Baş Assambleyasının Təcavüzün Tərifi haqqında 14 dekabr 1974-cü il 3314 saylı qətnaməsinə görə, təcavüz bir dövlətin digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə bu və ya digər şəkildə BMT Nizamnaməsi ilə bir araya sığmayan silahlı güc tətbiq etməsi hesab olunur. Göründüyü kimi, bu cinayətin obyektiv cəhətlərindən biri silahlı gücün tətbiqi, digəri isə həmin hüquqazidd hərəkət və hərəkətsizliyin dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə yönəlməsidir. Tərifə əsasən, təcavüzkar və təcavüz qurbanı qismində suveren dövlətlər tanınır. Keçmiş SSRİ Konstitusiyasına (81-ci maddə) və bu qurumun yaradılması haqqında müqaviləyə görə Azərbaycan de-yure suveren dövlət idi və belə bir hərbi intervensiya onun suveren hüquqlarının kobud şəkildə pozulması qənaətinə gəlməyə tam hüquqi əsas yaradır.
20 yanvar hadisələrinin tarixi-siyasi tərəfləri
Qeyd olunmalıdır ki, o dövrdə sovet mətbuatı erməni diasporasının və “Daşnaksutyun” partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara, təhqirlərə və ayrı-seçkiliyə qarşı məcburi etiraz hərəkəti kimi qələmə verirdi. XX əsrin axırlarında sovet rəhbərləri bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədi ilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Məhz buna görə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə “birləşdirilməsi” haqqında anti-konstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. 20 yanvar faciəsinin Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrlə birbaşa əlaqəsi danılmazdır. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı kimi də səciyyələndirilə bilər. Çünki, xalq azərbaycanlıların qədimdən bəri yaşadıqları Ermənistanda onlara kütləvi surətdə divan tutulmasını, oradan zorakılıqla qovulmasını dayandırmağı və Dağlıq Qarabağın Ermənistana qatılmasına yol verməməyi tələb edirdi. Bu Azərbaycan xalqının öz konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.
Qeyd olunan səbəblərə görə həmin dövrün hadisələrinə bütövlükdə sülh və bəşəriyyət əleyhinə cinayətlər – hərbi təcavüz, və insanlıq əleyhinə cinayətlərin baş verdiyi kompleks və genişmiqyaslı beynəlxalq hüquqazidd əməl kimi yanaşmaq daha doğru olardı. Hadisələrin beynəlxalq hüquqa zidd olması haqqında fikirlər həmin dövrdə parlament tərəfindən qəbul olunmuş bir sıra aktlarda da öz ifadəsini tapmışdır. Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin 22 yanvar 1990-cı il tarixli qərarının 1-ci maddəsində qeyd olunur: “Bakıda fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanı Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz, bu fərmanın Bakı və onun ətrafında kütləvi qırğına səbəb olmuş icrasına sərəncam vermiş SSRİ ali hakimiyyət orqanlarının və ali vəzifəli şəxslərin hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilsin”. 1990-cı il yanvarın 19-20-də Bakı şəhərində baş vermiş hadisələrin ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti İstintaq Komissiyasının 11 fevral 1990-cı il tarixli Bəyanatında isə qeyd olunurdu ki, İttifaq hakimiyyət orqanları ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını saya almadan, Azərbaycan SSR-in suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılması haqqında müqavilənin şərtlərini, SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobudcasına pozaraq, respublikanın ali dövlət hakimiyyəti orqanlarının razılığı və fövqəladə vəziyyəti tənzimləyən qanunvericilik aktı olmadan Azərbaycana qeyri-qanuni surətdə qoşun yeritmiş və Bakıda fövqəladə vəziyyət elan etmişlər.
İnsan haqlarının ən ciddi pozuntusu
20 yanvar hadisələri müasir dövrün insan hüquqları konsepsiyaları və bu sahədə qüvvədə olan beynəlxalq konvensiyaların müddəaları ilə tamamailə üst-üstə düşməyən elementlərlə zəngindir. Çünki, həmin dövrdə Bakıda dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə adamın öldürülərək yaşamaq haqqının əlindən alınması və yaralanması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi, onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirlməsi, eybəcər hala salınmış cəsədlərin qalıqları, qurbanlar arasında qadınlar, qocalar və uşaqlar, azərbaycanlılar, ruslar, tatarlar və yəhudilərin olması faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi və bütün bunlara heç bir əsasla bəraət qazandırmaq qeyri-mümkün idi.
Maraqlıdır ki, həmin dövrdə bu acınacaqlı faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmamışdır. Bəzi Qərb ölkələri bu cinayətkar hərəkətləri SSRİ-nin daxili işi hesab edərək, baş vermiş insan hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından yanaşmaqla, laqeyd və seyrçi mövqedə dayanmışlar. Məsələn, Böyük Britaniya və İtaliyanın XİN-i bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi. ABŞ isə Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir. Əlbəttə, belə mövqelər həmin dövrün geosiyasi şərait və amilləri ilə sıx bağlı idi. Çünki, Qərb dövlətləri anlayırdı ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədərək parçaladığı üçün, 20 yanvar hadisələri kimi anoloji faktlar onların “soyuq müharibə” planlarına və strateji məqsədlərinə tamamilə uyğun idi.
20 yanvar hadisələri – insanlıq əleyhinə cinayətdir
20 yanvarda baş verən faktların obyektiv cəhəti bu əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün tam əsaslar yaradır. Beynəlxalq hüquqi sənədlərə görə insanlıq əleyhinə cinayət sistematik və geniş miqyasda törədilən, hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilən və ya istiqamətləndirilən adamöldürmə, siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə, adamların zorakı itirilməsi, fiziki və ya psixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər hesab olunur. Göründüyü kimi, bu cinayət əməli keçmiş sövet dövlətinin rəhbər şəxsləri tərəfindən həvəsləndirilməklə, sistemli şəkildə və geniş miqyasda törədilərək, kütləvi xarakter daşıyan qırğınlar və insanların qəsdən məhv edilməsi ilə müşahidə olunmuşdur.
Qeyd edək ki, bir zamanlar haqqında belə təsəvvürlər olmayan insanlıq əleyhinə cinayətlər bu gün dünyanın müxtəlif məkanlarında baş verir, beynəlxalq sülh və təhlükəsizliyi qorxu altına alır. Bu cinayət ona görə təhlükəlidir ki, bu da beynəlxalq cinayətlərin digər növləri kimi dövlət planı və ya siyasəti formasında sistemli və genişmiqyaslı formada baş verir. Dövlət bu cinayətin törədilməinə birbaşa rəhbərlik edir, maliyyə və resurslarla təmin edir. İnsanlıq əleyhinə cinayət kimi dəyərləndirəcəyimiz, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilmiş dəhşətli, kütləvi qırğın artıq dünya ictimaiyyətinə məlumdur. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd öz haqlı tələblərinə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını yerindəcə boğmaq idi. Keçmiş sovet dövlətinin silahlı qüvvələrinin həmin gün Azərbaycan xalqına qarşı törətdiyi cinayət heç zaman unudulmayacaq. Milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silah tətbiq edərək yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyası günahsız dinc insanları qırğına məruz qoysa da, xalqa qarşı təsəvvür olunmaz dərəcədə qəddarlıq etsə də, istəyinə nail ola, xalqın milli qürurunu qıra bilmədi. Bu, onu göstərirdi ki, illər boyu zorakılıq və qorxu altında saxladığı xalq oyanmışdı, artıq gənc nəsil bilirdi ki, SSRİ onun vətəni deyil, bilirdi ki, ölkəsi azad olmayıb və onlar müstəqil ölkənin azad vətəndaşları deyillər, insan hüquqları bəşəri dəyər kimi onlara şamil olunmurdu, ümumiyyətlə insan hüquqlarından söhbət belə gedə bilməzdi. Bax bunları dərk edən yeni nəsli susdurmaq mümkün deyildi və bunu da çaşqınlıq içərisində qalan imperiya çox yaxşı dərk edirdi, sadəcə məqsəd, nəyin hesabına olsa belə, istəyinə nail olmaq idi. Bu məqsədlə, SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi əməliyyat təsadüfi ola bilməzdi. Sovet hakimiyyətinin qəddar siyasətindən xəbərdar olan dinc əhali isə inanmırdı ki, hakimiyyət öz əhalisinə (o zaman bütün idarəçilik, vətəndaşlıq, əhali Sovet hakimiyyətinə aid idi) qarşı silah tətbiq etsin və amansız davransın. Lakin hər şey dövlət planı və siyasəti formasında ardıcıl olaraq həyata keçirilirdi. Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Həqiqət budur.
20 yanvar hadisələrinə görə beynəlxalq cinayət məsuliyyəti
Beynəlxalq cinayətlərə qarşı mübarizə, cinayətkarların məsuliyyətə cəlb olunması günümüz üçün olduqca aktualdır. Bu tendensiyanın reallaşması 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş beynəlxalq cinayətlərə görə xüsusilə vacibdir. 20 yanvar cinayətlərinə birbaşa rəhbərlik etmiş keçmiş SSRİ müdafiə naziri, marşal Dmitri Yazov ötən il verdiyi müsahibədə də bunu etiraf etmiş və bu əmrin ona SSRİ rəhbərliyi tərəfindən verildiyini bildirmişdi. O, müsahibəsində bildirir: “Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir… mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən daxil etdim, lakin bu, mənim “güllələ” əmrini verməyim demək deyil”. Məsələ Yazovun dediyi kimi deyildi, ölkədə vətəndaş müharibəsi baş verməmişdi-hansı vətəndaş müharibəsindən söhbət gedə bilrədi? Bu SSRİ siyasi və hərbi rəhbərliyinin Azərbaycan əhalisinə qarşı törətdiyi beynəlxalq cinayət idi. Artıq cinayətkar əmr verilmiş və icra olunmuşdur. Beynəlxalq cinayət hüquq normalarına görə, cinayətkar əmri planlaşdıran, əmri verən və onu icra edənlərin hər biri məsuliyyət daşıyır, beynəlxalq təcrübədə də bu, öz təsdiqini tapmış və cinayətkarlar mühakimə olunmuşdur. Məgər Yazov bilmirdi ki, cinayətkar əmri yerinə yetirir və özü də cinayətkar əmr verir. Təbii ki, bunları o, çox gözəl dərk edirdi, sadəcə cəzasızlıq mühiti onlarda qorxu hissini aradan qaldırmışdı. Cəzasızlıq mühiti olmasaydı 20 yanvar hadisələrini törədənlərin məsuliyyət məsələsi indiyə qədər müəyyən olunmuşdu. Axı cinayəti törədənlər bunu çəkinmədən açıq şəkildə etiraf edirlər, buna baxmayaraq, məsuliyyətə cəlb olunmurlar. Fikrimizcə, bu gün də onların məsuliyyətə cəlb olunması gec deyil. Məlumdur ki, beynəlxalq cinayətlərə görə, iddia müddəti tətbiq olunmur, yəni beynəlxalq cinayət törətmiş şəxslər illər keçsə belə, məsuliyyətdən yayına bilməzlər, onlar aşkar olunduqları hər andan məsuliyyətə cəlb olunmalıdırlar. Bu baxımdan, 20 yanvar hadisələrinin beynəlxalq cinayət (insanlıq əleyhinə cinayət və silahlı təcavüz) olmasınının dünyada təbliğ olunması və cinayətkarların cəzalandırılması hələ də gec deyil. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna görə insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl əvvəlcədən planlaşdırılmalı və sistemli şəkildə həyata keçirilməlidir. Bu cür əməllərin yerinə yetirilməsi onların dəfələrlə törədilməsinə gətirib çıxara bilər. Bu tələb, ümumi plan və dövlət siyasəti çərçivəsində yerinə yetirilmiş əməllərin təsadüfi hesab olunması fikrini alt-üst edir, yəni əvvəlcədən planlaşdırılmış hər hansı bir əməl təsadüfi sayıla bilməz. Əməlin törədilməsini planlaşdıran iştirakçıların dairəsi və dərəcəsi müəyyənləşməli və ən nəhayət, bu siyasətin həyata keçirilməsində müəyyən şəxslərdən və dövlət resurslarından istifadə olunmalıdır. Dövlət fəaliyyəti və ya siyasəti dövlət başçısının qərarı ilə müəyyənləşir. Təbii ki, bunun icrası ilə məşğul olan şəxslər dövlət orqanında çalışan vəzifəli şəxslərdir ki, onlar da cinayətin törədilməsində dövlət təsisat və resurslarından maneəsiz istifadə edə bilərlər. Yəni, bir növ bu şəxslər qeyri-qanuni vasitələrə əl ataraq öz cinayətkar əməllərinin pərdələnməsi üçün lazımi tədbirlər görmək imkanına malik olan şəxslərdir. İnsanlıq əleyhinə cinayətlər törədən və törədilməsinə şərait yaradan belə şəxslərin məsuliyyətə cəlb olunması prioritet məsələlərdən biridir. Bu cinayətə görə şübhəli bilinən şəxs hər hansı ölkənin ərazisində olarsa, şəxs həmin ölkə tərəfindən qeyd-şərtsiz mühakimə olunmalıdır. Daha doğrusu, insanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən şəxs hər hansı dövlətin ərazisində aşkar olunarsa həmin dövlət istintaq aparmalı və əsaslı sübutlar əldə olunduğu təqdirdə o, həbs edilməli, yaxud ekstradisiya olunmalı və ya cəzalandırılmalıdır. Dövlət bu prosesi yerinə yetirmədiyi halda beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliyi pozmuş olur.
İlk dəfə olaraq İsveç məhkəməsi 1993-cü ildə Bosniya və Hersoqovinada törədilmiş insanlıq əleyhinə cinayətlərə görə hökm çıxardı. Həmin hökm müasir İsveç təcrübəsində bu qəbildən olan ilk presedentdir. İttiham olunan Ceki Arklov aralarında həm hərbi əsirlərin, həm də dinc sakinlərin olduğu 11 Bosniya müsəlmanına qarşı xorvat qoşunlarında muzdlu qismində xidmət edərək zor tətbiq etməyə görə təqsirli bilinmişdir. 1999-cu ildə İsveç polisinin iki zabitini qətlə yetirdiyinə görə müttəhim artıq ömürlük cəza çəkdiyindən məhkəmə Arklova məhbusluq müddəti təyin etməmişdir. Muzdlunun cinayətləri sırasında etnik təmizləmə, soyğunçuluq, eləcə də beynəlxalq hüquq normalarının qadağan etdiyi insanları özbaşına tutub saxlama göstərilir. 1995-ci ildə Sarayevo Ali məhkəməsi Arklovu müharibə cinayətlərinə görə ittiham etsə də 1996-cı ildə o, məhbusların mübadiləsi proqramı çərçivəsində İsveçə göndərilmişdir.
Beynəlxalq cinayət mühakimə orqanlarının və müxtəlif dövlətlərin cinayət mühakimə orqanlarının təcrübəsinə əsaslanaraq, qeyd olunmalıdır ki, Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş əməl insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməli və bütün təqsirli şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəaları əsasında məsuliyyətə cəlb olunmalıdır. “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində də göstərilir ki, hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur. Bunlardan başqa ölkəmizdə, “Beynəlxalq cinayətlərə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının geriyə şamil olunması haqqında” 2006-cı il Konstitusiya Qanunu qəbul olunmuşdur. Bu Konstitusiya Qanunu da cinayət hüquq normalarının geriyə şamil olunmasına kifayər qədər əsas yaradır. Bütün hallarda 20 yanvar hadisələrinə görə təqsirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar var (Bunula yanaşı, Azərbaycan Respublikası CM-nin 12. 3-cü maddəsində göstərilir ki, sülh və insanlıq əleyhinə cinayətləri… Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətləri törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır). İnsanlıq əleyhinə cinayətlərin planlaşdırılması və həyata keçirilməsi bütün hallarda beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edir. Dövlətin cinayət siyasətini planlaşdırması və həyata keçirməsi beynəlxalq sülh və təhlükəsizliyi birbaşa və ya dolayı yolla qorxu altına alır, beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə qəsd olunur. Baş vermiş cinayət əməli təbii ki, dövlət siyasəti və ya planı formasında həyata keçirilir, yəni bu əməl birmənalı şəkildə dövlət dəstəyi ilə törədilir, lakin planın dövlətə aid olduğu açıq formada bilinmir, məxfi saxlanılır. Unutmaq olmaz ki, Sovet qoşunlarının cinayətkar əməli nəticəsində 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Bütün bu əməl qəddarlıq və amansızlıqla törədilmişdir. İnanmaq istərdik ki, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş insanlıq əleyhinə cinayətlərə görə təqsirli şəxslər məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqlar.
Nəticə
Beləliklə, 1990-cı ilin 20 yanvar faciəsinin törədilmə motivləri və cinayət əməllərinin çoxsaylı obyektiv tərəfləri bir dövlətin daxili işi hesab olunmadan bu hadisələrin yuxarıda qeyd etdiyimiz faktiki və hüquqi əsaslar üzrə beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına səbəb olmuş sülh və bəşəriyyət əleyhinə cinayətlər hesab edilməsinə imkan verir. Bu faktlar insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq humanitar hüquq normalarına açıqdan-açığa hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda tipik insanlıq əleyhinə cinayət hesab olunmalıdır. Ona görə də keçmiş sovet rəhbərliyi və hərbi xuntanın bu cinayətlə bağlı olan bütün heyətinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur.
Keçmiş sovet rəhbərliyinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmasına müasir beynəlxalq huququn bütün resursları imkan verir. Belə ki, beynəlxalq cinayətlərə görə, iddia müddətinin tətbiq olunmaması, yəni beynəlxalq cinayət törətmiş şəxslərin illər keçsə belə, məsuliyyətdən yayına bilməməsi, bizə imkan verir ki, onlar aşkar olunduqları andan məsuliyyətə cəlb olunsunlar. Bu baxımdan, 20 yanvar hadisələrinin beynəlxalq cinayət əməli (insanlıq əleyhinə cinayət, silahlı təcavüz cinayəti) olmasınının dünyada təbliğ olunması və cinayətkarların cəzalandırılması hər zaman aktual olaraq qarşıda dayanan mühüm bir məsələ kimi çıxış edir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 yanvar 1990-cı il faciəsinin ildönümləri ilə bağlı çıxışları”na dair ümumi tarixi arayış. http://library.aliyev-heritage.org/az/5649464.html
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Müraciətlər, Bəyanatlar, Tədbirlər. http://www.preslib.az/
3. Allahverdiyev. Ə. V. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər. Dərs vəsaiti. Bakı. “Elm və təhsil” nəşriyyatı, 2017.
4. Balayev A., Mirzə R., 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər: 1990-2000, B.2000
5. Əliyev Ə. İ. Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil, Bakı, Nurlar NPM, 2018.
6. Məcidli S.T. “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)”. Bakı: 2018.
7. Mehdiyev R.Ə. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. Bakı, 2000.
8. Костенко Н. И. Международное уголовное право: современное теоретическое проблемы. М.: Издательство «Юрлитинформ», 2004.
9. Нюрнбергский процесс: Сборник материалов. В 8-и томах. Том 1. М., «Юридичекая литература» 1987.
10. Резолюция Генеральной Ассамблеи ООН от 14 декабря 1974 г. “Определение агрессии” //http://www.un.org