Azərbaycan qadını və Heydər Əlİyev sİyasətİ

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır.”
Heydər Əliyev

Respublikada qadın hərəkatının genişlənməsi ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır.Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər.Azərbaycan qadınları bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Bugün çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız olmuşdur. Yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə bizim qadınları bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, ən böyük dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyev dururdu.
Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-cı maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər.
Ümummilli lider Heydər Əliyev1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratdı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamağı tapşırdı. Bu ulu öndərimizin Azərbaycan qadınlarına göstərdiyi qayğının parlaq nümunəsi idi.
Eyni zamanda qadın problemlərinin həlli zərurəti 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayda qeyd olundu.
Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı 289 saylı Fərmanı respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə olmuşdu. Fərmanda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatların hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, Ümummilli liderimizin , respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq etmişdir.
Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxlərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulurdu.
MFP-ni həyata keçirmək və gender tarazlığına nail olmaq üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin İdarələrarası Şura təsis etmişdir. Dövlət idarələrinin nümayəndələri (focal points) və qadın QHT-larından ibarət olan şura koordinasiya funksiyasını yerinə yetirir. İdarələrarası şurasının üzvləri müntəzəm görüşlər keçirərək MFP-nin icra vəziyyətini müzakirə edir, maneələri və onların həlli yollarını müəyyən edirlər.
XXI əsrdə beynəlxalq cəmiyyət qarşısında duran ən əsas məsələlərdən biri qadınların tərəqqisidir. Buna görə də Azərbaycanda qadınların durumunun yaxşılaşdırılması məsələsi Dövlət Proqramlarında birmənalı şəkildə öz əksini tapdı.
Bu gün Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrıseçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir.
Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan 27 beynəlxalq Konvensiyaya qoşulub. Onların içərisində “qadınlara münasibətlərdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında” (1979), “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” (1952), “Nikaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında” (1962) Beynəlxalq Konvensiyalara və digər sənədlərə Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.
Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən aparaılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Birinci vitse-presidenti və Ali Qanunverici orqana xanımlar rəhbərlik edir.
Şəlalə Quluzadə, Ədliyyə Akademiyasının müəllimi