Heydər Əlİyev və Azərbaycan ədlİyyəsİnİn davamlı İnkİşafı

Səyyad Məcidov
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının müəllimi,
hüquq elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan xalqı hər il olduğu kimi bu il də 10 may tarixini – Ulu öndər Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla qeyd edir. Xüsusilə, bu il bütün dünyanın “COVİD-19” (koronavirus) pandemiyası ilə mübarizə apardığı bir zamanda ölkəmizin bu transmilli böhrandan ağır fəsadlar olmadan çıxması Heydər Əliyevin milli dövlətçilik strategiyasının nə qədər dərin köklərə və monolitliyə sahib olduğunu bir daha təsdiq etdi. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin qətiyyəti nəticəsində xalqımızın məhz bu bəladan xilası vaxtında mümkün oldu. Son günlərdə tətbiq olunan strategiyanın uğurları həm Heydər Əliyevin yaratdığı Azərbaycan dövlətçilik modelinin təntənəsi və qalibiyyəti idi. Xalqımız ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, bu gün məhz onun siyası davamçısının səyi və möhkəm iradəsi ilə koronavirus bəlasından da elə xilas oldu. Tarix dəyişsə və zaman fərqli olsa da, əlbəttə dövlətçilik missiyası və xalqın taleyi hər zaman etibarlı əllərdədir və dəyişməzdir. Ona görə də hesab edirik ki, Heydər Əliyevin dövlətçilik məktəbi, siyasəti hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və daha dərindən öyrənilməlidir.
Azərbaycan tarixinin görkəmli siması, milli inkişafımızın memarı, ölkəmizdə hüquqi dövlət quruculuğunun banisi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin dövlətçilik mədəniyyəti, siyasi irsi minilliyin ən mühüm və şərəfli bir səhifəsini təşkil edir. Məhz tarixin bu dövründə ölkəmizin bütün sahələrdə yüksəlişi, insan hüquq və azadlıqlarının təminatı vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna hesablanmış Azərbaycanın ədliyyəsi və məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlarının respublikamızın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub.
Zaman-zaman ədalətsizlikdən əziyyət çəkən bir dövlətin və xalqın ədliyyə sistemini sarsıtmaq əleyhimizə aparılan haqsız siyasətin tərkib hissəsi olub. Xalqımız belə ədalətsizliklərə hökm oxuyan Heydər Əliyev kimi şəxsiyyət yetişdirməklə təməli hələ ötən əsrin 70-ci illərində qoyulan milli dövlətçilik ənənələri sırasında özünəməxsus yeri və rolu olan ədliyyə sisteminin müasir, davamlı inkişafına nail olub.
Məlumdur ki, Ədliyyə Nazirliyi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün formalaşdırılıb, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiq edilib, sovetlər dövründə repressiyalara məruz qalıb, nazirlik dəfələrlə ləğv edilərək yenidən yaradılıb, ədliyyə sisteminin inkişafına ciddi əngəllər törədilib.
Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin yenidən dövlət strukturu kimi təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər birliyində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ədliyyə sistemində ilk növbədə milli kadr hazırlığına xüsusi diqqət yetirilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib, 1972-ci ildə Nazirliyin əsasnaməsi təsdiq edilib, ədliyyə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, bu sahənin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ulu öndərimiz Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atılıb, funksiyaları genişlənib.
Bu islahatların əsasını “Heydər Əliyev Konstitusiyası” qoydu, demokratik təsisatların və qanunun aliliyi prinsiplərinin möhkəmləndirilməsi üçün yaradılan Hüquqi İslahat Komissiyasına bilavasitə rəhbərlik etmiş ümummili liderimiz qısa müddət ərzində hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail oldu, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxdı.
Ədliyyə sisteminin inkişafına ulu öndər Heydər Əliyev daim qayğılı münasibət göstərib, Azərbaycan ədliyyəsinin yaranma gününü peşə bayramı kimi təsis etməklə ümumilli liderimiz ədliyyə tarxinin səhifəsinə özünün daha bir şərəfli imzasını atıb. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub.
Azərbaycan ədliyyəsinin çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün bir çox normativ sənədlər qəbul edilib. 2000-ci ildə ölkəmizdə üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunub. Respublikada Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması demokratik inkişaf yolunda əldə olunan mühüm nailiyyətlərdəndir.
Ümummilli liderimiz Heydər Əliyev dövlətin cəza siyasətində də islahatlar aparııb. İlk olaraq cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilib, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. 1993-cü ildən ulu öndər H.Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulub, bu müstəsna cəza növü 1998-ci ildə ləğv olunub, əfv və amnistiya təsisatları bərpa edilib, ümumilikdə 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb.
Ölkəmizdə insan hüquqları və xalqın mənafeyinə hər zaman ümdə vəzifə kimi yanaşılıb. Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair” Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli Sərəncamı mühüm qanunvericilik və institusional islahatlara təkan vermiş, ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını şərtləndirdi.
Dahi liderimiz Heydər Əliyevin həyata keçirdiyi təməl prinsiplərin nəticəsidir ki, hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilib.
Ulu öndərin hüquqi islahatlar kursunu müasir dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən ölkə Prezidenti cənab İlham Əliyevin son dövrlərdə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə nail olub. Məhz bu iki siyasətçinin dövlətçilik təcrübəsinin nəticəsi olaraq bu gün Azərbaycan bir çox göstəricilər üzrə nəinki postsovet məkanında, eləcə də bütün dünyada nümunə göstərilir.
Bu gün tarix Heydər Əliyevin dövlətçilik strategiyasının nə qədər effektiv və uzaqgörən olmasını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərini, davamlılığını, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq.