Ümummİllİ lİder Heydər Əlİyev və XX əsrİn 70-80-cİ İllərİndə Azərbaycan ədlİyyəsİnİn İnkİşaf yolu

QULUZADƏ ŞƏLALƏ
ƏDLİYYƏ NAZİRLİYİ
ƏDLİYYƏ AKADEMİYASININ
BAŞ MÜƏLLİMİ ,
KİÇİK ƏDLİYYƏ MÜŞAVİRİ

Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Regionun ən qüdrətli ölkələrindən birinə çevrilmiş respublikamızın uğurlarının təməlində müdrik siyasət və bütün çətinlikləri aşaraq qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizdə bu böyük siyasətin banisi ulu öndər Heydər Əliyev olubsa, günün reallıqlarına əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Məhz bu iki siyasətçinin dövlətçilik təcrübəsinin nəticəsi olaraq bu gün Azərbaycan bir çox göstəricilər üzrə nəinki postsovet məkanında, eləcə də bütün dünyada nümunə göstərilir. Bizim üçün fəxrdir ki, müasir Azərbaycan sosial-iqtisadi inkişafın tempinə, cəmiyyətin daha da demokratikləşdirilməsi üçün həyata keçirilən tədbirlərin miqyasına, elmi-texniki tərəqqinin daha geniş tətbiqinə, tolerantlığın mükəmməl bir səviyyəyə qalxmasına, infrastruktur yeniləşməsinə və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid öz nümunəsini yaradır. Bu sadalananlar arasında bizim üçün daha böyük önəm kəsb edən məsələ isə Azərbaycanın dünyanın bütün ölkələri arasında ən islahatçı ölkə kimi tanınmasıdır. Özü də bu qərarı planetimizin ən mötəbər beynəlxalq təşkilatlarından biri vermişdir.
Azərbaycan barədə “ ən islahatçı ölkə ” ifadəsini eşidərkən hər birimiz özümüzə aid olan sahədə həyata keçirilmiş islahatlar barədə düşünürük. Elə bilirik ki, ən dərin və ən səmərəli islahat məhz bizim fəaliyyət göstərdiyimiz sahədə aparılıb. Təbii ki, biz , ədliyyə sahəsində çalışanlar da haqlı olaraq məhz həmin qənaətdəyik: ölkədə ən uğurlu nəticələrlə yadda qalan islahatlar məhkəmə-hüquq islahatlarıdır. Ancaq məsələnin mahiyyətinə bir qədər də dərindən varanda məlum olur ki, istənilən sahədə aparılan islahatlar məhz ölkənin ümumi inkişafı ilə, hərtərəfli yeniləşmə ilə həmahəngdir. Hər halda ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövr Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə xarakterizə edilir. 2003-cü ilin payızından — Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasından sonra isə respublikamızın ədliyyə sistemi sözün həqiqi mənasında inkişaf etmiş dünya ədliyyəsinin mühüm tərkib hissələrindən birinə çevrildi.
Təbii ki, həmişə böyük əməllərin təməlini müdrik insanlar qoyurlar. Ötən əsrin əvvəllərində dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər, xüsusən, çarizmin süqutu nəticəsində yaranan müstəqil dövlətlərin hərəsi özünəməxsus yol tutmuşdu. 1918-ci il may ayının 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti isə müsəlman Şərqində ilk demokratik respublika olaraq sivil, dünyəvi dövlət quruculuğu yolu seçmişdi. İlk müstəqil dövlətimizin Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin tarixi bir ifadəsi bugünkü sivil Azərbaycan ədliyyəsinin təməlini qoymuş oldu. Baş nazir demişdi: “Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”. Beləliklə də cəmi 21 ay yaşamış ilk müstəqil Azərbaycan Respublikası sivil dövlətçilik baxımından mühüm addımlar atmış oldu. Ədliyyə Nazirliyi, onun müxtəlif strukturları, məhkəmələr yaradıldı. Bu məhkəmələr ölkədə uzun əsrlər mövcud olmuş şəriət məhkəmələrindən və çar üsul-idarəsinin yaratdığı qəza məhkəmələrindən tamamilə fərqlənirdi. ADR-in yaratdığı məhkəmələr ədalətin bərqərar edilməsinə xidmət etsə də həmin dövrün problemləri bu məhkəmələrin fəaliyyətini hədsiz dərəcədə sıxırdı.
Məlum hadisələrdən və SSRİ-nin yaranmasından sonra sovet imperiyasının hər yerində olduğu kimi, Azərbaycan ədliyyəsi də çox ciddi məhdudiyyətlərlə fəaliyyət göstərməli olmuşdur. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra yaradılmış Xalq Ədliyyə Komissarlığının adında xalq sözü olsa da, əslində bu qurum xalqa divan tutmaq üçün imperiya silahı kimi fəaliyyət göstərirdi. 1933-cü ildə yaradılan Ədliyyə Nazirliyi dörd il sonra çox cüzi səlahiyyətləri olan bir quruma çevrildi və nəhayət, 1957-ci ildə tamamilə ləğv edildi. Çünki həmin dövrdə ölkə rəhbərliyinə ədliyyə—ədalət deyil, ideologiya—siyasət lazım idi. Azərbaycan ədliyyəsi Fətəli Xan Xoyski tərəfindən müəyyənləşdirilmiş funksiyalarına 1970-ci ildən sonra qayıda bildi. Respublikanın o zamankı rəhbəri olan Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Sovetlər dövrünün ilk qırx ilə yaxın bir dövründə ifrat dərəcədə hakimiyyətə aludəçilik, ayrı-ayrı vaxtlarda ədliyyə orqanlarından repressiya aləti kimi istifadə olunması, ləğv edilib yenidən yaradılması və sonra yenidən ləğv edilməsi ölkədə ədliyyə-hüquq sistemində bir boşluq yaratdığından bu sahədəki ciddi çatışmazlıqlar özünü göstərirdi. Heydər Əliyev ölkəyə rəhbər gəldikdən təxminən bir il sonra 1970-ci il oktyabr 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ədliyyə Nazirliyinin yaradılması ilə bağlı fərman verdi, Ədliyyə Nazirliyi yenidən təşkil olundu.
Vaxtilə Heydər Əliyevin tabeliyində işləmiş, son vaxtlar Azərbaycan Nazirlər Sovetində hüquq komissiyasının rəhbəri olan Eyvaz Əbdürrəhman oğlu Məmmədov ədliyyə naziri təyin olundu.
Respublikada Ədliyyə Nazirliyi təsis olunduqdan sonra Azərbaycan SSR Ali məhkəməsindən başqa Azərbaycan SSR-də bütün səviyyələrdə məhkəmələrə təşkilati rəhbərlik və məhkəmə idarəçiliyi işi Azərbaycan SSR Ədliyyə Nazirliyinə tapşırıldı.
Heydər Əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl olunması – ədliyyə işi birinci dərəcəli iş idi. Məhz bunun nəticəsində Ədliyyə Nazirliyinin yaranmasından cəmi bir ay keçməsinə baxmayaraq 1970-ci il noyabrın 17-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının vəziyyəti və hüquqi biliklərin əhali arasında təbliği barədə qərar qəbul etdi.
Ulu öndər hüquqi biliklərin təkcə zəhmətkeşlər arasında təbliğ olunması ilə bu sahədə əsaslı dəyişikliklərin baş verməyəcəyini gözəl bilirdi. Bunlar ancaq başlanğıc üçün lazım idi. Əsas məsələlərdən biri də ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi idi. Ona görə də, məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə “zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar layihəsi hazırlanaraq 1970-ci il dekabrın 4-də Azərbaycan KP MK-da müzakirə olunduqdan sonra qəbul olundu. Bu qərarda ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə, şərh olunmasına hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı hazırlamaq tələbi nəzərdə tutulurdu.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar XX əsrin 70-ci illərinin sosial ictimai-mənəvi gerçəkliklərinə, o dövrün aşınmış partiya-sovet təsərrüfat elitasının özbaşınalığına, bürokratçılığa, inzibati amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və düşünülmüş müdrik tədbirlər planının bir hissəsi idi. Bu qərar bütün respublikada əks-səda doğurmuş, onun nəzərdə tutduğu müddəaları həyata keçirmək üçün ölkədə kompleks tədbirlər planı hazırlanıb həyata keçirilmişdi. Sosialist qanunçuluğunun qorunması sahəsində görülən işlərdən kənarda qalmayan ədliyyə orqanlarında çalışan əməkdaşlar da dövlət təltifləri – orden və medallarla mükafatlandırılmışdır.
Heydər Əliyev daim hüquq-mühafizə və ədliyyə orqanlarının işini diqqət mərkəzində saxlayırdı. Azərbaycan SSR Nazirlər Soveti 7 dekabr 1971-ci ildə ədliyyə işçiləri üçün respublika ixtisasartırma kurslarının təşkili məsələsi ilə bağlı qərar qəbul etdi. Bu qərara əsasən Azərbaycan SSR Ədliyyə Nazirliyinə icazə verilirdi ki, işçilərin ixtisaslarının artırılması məqsədilə ildə 240 nəfər kontingent olmaqla istehsalatdan ayrılmaq və müdavimlərin təhsil müddətində iş yerində əmək haqqı saxlanılmaq şərti ilə iki aylıq ixtisasartırma kursları yaratsın. Cəmi bir neçə nəfərdən ibarət müəllim heyəti ilə yaradılan bu ixtisasartırma təhsil müəssisəsində çalışanların sayı qısa müddətdə əlli nəfəri keçdi.
Bəhs olunan dövrdə Bakı Dövlət Universitetində hüquqşünas kadrların hazırlanmasına diqqət və qayğının artırılması, əməkçi insanların ailələrindən çıxmış gənclərin bu təhsil sahəsinə cəlb olunması ulu öndərin öz xalqına sıx bağlı olmasının parlaq təzahürü idi.
Ulu öndər məhkəmə-ədliyyə sahəsində inkişaf etmiş mütərəqqi ölkələrin məhkəmə-hüquq təcrübəsinin öyrənilməsi və cəmiyyətimiz üçün məqbul sayılan qanun və hüquq normalarının Azərbaycanda da tətbiq olunması məsələsinə də xüsusi diqqət yetirirdi. Heç də təsadüfi deyil ki, 70-80-ci illərdə SSRİ Prokurorluğu və Ali Məhkəməsi xətti ilə Almaniya Demokratik Respublikası, Çin, Vyetnam, Çexoslovakiya və başqa ölkələrə Sovet dövlətindən gedən nümayəndə heyətinin tərkibinə 15 respublikadan iki-üç nümayəndə daxil edilməsinə baxmayaraq, Azərbaycan SSR Ali Məhkəməsinin sədri, ədliyyə orqanlarının digər rəhbərləri bu səfərlərdə iştirak etmiş və bu ölkələrdə ədliyyə sahəsində aparılan islahatların bir qismini ölkədə tətbiq etməyə nail olmuşdular ki, bunun da Azərbaycanda məhkəmə və ümumiyyətlə, ədliyyə sisteminin inkişafına müsbət təsiri olmuşdu.
Haqq və ədalətin bərpası, ədliyyə işinin inkişafı üçün vəkillərin də fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti bu dövrdə Azərbaycan SSR Vəkillər Kollegiyası haqqında Əsasnaməsini də təsdiq etmişdi.
Demək olar ki, 1969-87-ci illər Azərbaycanın quruculuq və ümumiyyətlə, bütün sahələrdə ən yüksək nailiyyətlər əldə etdiyi illərdir. Qeyd etdiyimiz kimi, bütün sahələrdə olduğu kimi, ədliyyə – hüquq sahəsində də böyük işlər görüldü, bir sıra mühüm qanunlar, məcəllələr qəbul edildi, kadr hazırlığı, hüquq ədəbiyyatının nəşri və əhali arasında təbliği yüksək səviyyədə təşkil olundu və ixtisaslı kadrlar ordusu yetişdirilmişdi. Azərbaycanın yüzlərlə istedadlı gənc oğul və qızları digər ixtisaslarla yanaşı, hüquq sahəsində təhsil almaq üçün SSRİ-nin ən yaxşı hüquq təhsili verən tədris ocaqlarına göndərilmiş, respublikada hüquq fakültəsinin fəaliyyəti genişləndirilmiş və ümumiyyətlə, bu sistemə yüksək diqqət və qayğı göstərilmişdi.
O dövrdə SSRİ hökumətində iqtisadi siyasət proqramlarına erməni millətindən olanlar rəhbərlik edirdilər və onların SSRİ-ni iqtisadi cəhətdən tənəzzülə doğru apardıqları siyasət öz nəticələrini göstərməkdə idi. Bu ərəfədə hakimiyyətə gələn M.Qorbaçov erməniləri ətrafına yığaraq “yenidənqurma” siyasətinə əl atdı və bu siyasət tezliklə SSRİ-ni tamam çökdürdü.
Nə qədər ki Heydər Əliyev SSRİ hökumətində yüksək vəzifədə idi, ermənilər səslərini çıxara bilmirdilər. O, vəzifədən istefa verdikdən sonra SSRİ hökumətinin razılığı ilə Ermənistan tərəfindən “Dağlıq Qarabağ Problemi” yenidən ortalığa atıldı və erməni daşnaklar cəzasızlıq şəraitindən istifadə edərək açıq-aydın Azərbaycanın əleyhinə öz çirkin cinayətkar əməllərini həyata keçirməyə başladılar. Dağlıq Qarabağda erməni məktəblərində attestatlar ancaq erməni dilində yazılmaqla, Ermənistan Respublikası göstərilirdi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Vilayətində azərbaycanlılar təqib olunur, onlara böhtan atılır, incidilirdilər.
Dağlıq Qarabağda – Xankəndində azərbaycanlılar zorakılığa məruz qalmağa, sıxışdırılmağa başlanmaqla, Əskəranda ermənilər iki gənci qətlə yetirdilər, Ermənistanda da azərbaycanlılara qarşı təzyiqlər dözülməz həddə çatmışdı.
1988-ci ilin fevralından başlayaraq Ermənistanda olan Azərbaycan kəndlərinə qarşı silahlı basqınlar təşkil edildi. Ən dəhşətli qanlı cinayətlər 25 noyabr-5 dekabrda törədildi. Həmin günlər 200 mindən çox azərbaycanlı min illər boyu aborigen əhalisi olduğu doğma torpaqlarından qovuldu, onların on illər boyu yaratdıqları tikililər və digər daşınmaz əmlaklar, maddi nemətlər Ermənistan ərazisində qaldı. 1991-ci il avqustun 8-də Ermənistanın Mehri rayonunda qalmış son kənd – Nüvədi də boşaldıldı. Bu dövrdə Ermənistandakı doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqınların sayı 250 mindən artıq idi. Bütün bunlar mərkəzi hökumətin gözünün qarşısında onların razılığı ilə baş vermişdi. Rus imperiyasının erməni daşnakları ilə birgə Azərbaycan xalqına qarşı soyqırım siyasəti davam edirdi.
1988-ci il fevralın 20-də DQMV Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirdiyi sessiyası DQMV-nin Ermənistanın tərkibinə birləşmək tələbi ilə Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Bu heç bir hüquqi-tarixi əsası olmayan qeyri-qanuni müraciət idi. Eyni müraciət Ermənistan tərəfindən də edilmişdi. Ermənistan Ali Soveti 15 iyun 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSRİ-nin daxili işlərinə kobudcasına müdaxilə edərək, DQMV-ni Ermənistanın tərkibinə daxil etməyə razılıq verdi. Azərbaycan SSR Ali Soveti isə DQMV-nin azərbaycanlı deputatların iştirakı olmadan, ancaq erməni deputatlarının qəbul etdikləri 20 fevral tarixli qərarını qeyri-qanuni akt kimi ləğv etdi.
O dövrdəki Azərbaycan rəhbərliyinin xalqımızın və dövlətimizin taleyinə biganəliyi, qeyri-prinsipiallığı, əqidəsizliyi, acizliyi və naşılığı üzündən hər şey erməni separatçılarının istəyi kimi gedirdi.
Bu ərəfədə respublika rəhbərliyinin gözü qarşısında ermənilərin qabaqcadan hazırladığı, təşkilatçılığı və bilavasitə iştirakı ilə Sumqayıt fitnəkarlığı törədildi.
Azərbaycana qarşı təcavüzünün faktiki siyasi və hərbi əsası qoyuldu.

Belə bir vəziyyətdə respublikanın rəhbərliyi bu hərəkatla birləşərək xalqın gücünü düşmənə qarşı yönəltməkdənsə hakimiyyət uğrunda bir-biriylə didişməyə başladılar.
Bu dövrdə xalqın qəzəbi son həddə çatdığından bir sıra rayonlarda hakimiyyət çevrilişi baş vermiş, “Sərhəd hərəkatı” meydana gəlmiş, uzun illər bir-birinə həsrət qalmış insanlar cənublu qardaş və bacıları ilə görüşmək üçün sərhəd dirəklərini sökmüşdülər. Bakıda hakimiyyətin istefası tələb olunurdu.
Haqsızlıq və ədalətsizliyə qarşı səsini ucaltmış xalqın səsini batırmaq üçün ulu öndərin təbirincə desək, “SSRİ rəhbərliyi respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi”. 1990-cu il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və qonşu rayonlarda fövqəladə vəziyyət elan etdi. Sənəddə, hətta bu ərazilərin kimə məxsus olduğu belə göstərilməmişdi.
Bakıya və Naxçıvana qoşun hissələri yeridilməsi planlaşdırıldı. Naxçıvan MSSR Ali Soveti dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün Muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqda qərar qəbul etməklə burada baş verəcək qırğınların qarşısını aldı.
On minlərlə adam sovet ordusunu şəhərə buraxmamaq məqsədilə küçələrə çıxmışdılar. Sovet rəhbərliyi xalqın gözünü qorxutmaq üçün heç bir xəbərdarlıq etmədən, SSRİ Konstitusiyasını pozaraq Azərbaycana – öz vətəndaşlarına qarşı ən müasir silahlarla silahlanmış iri qoşun birləşmələri yeritdi. Yanvarın 19-da saat 21-dən hərbi hissələr paytaxtı işğal etdilər. Dinc, əliyalın əhaliyə vəhşicəsinə divan tutuldu: Bakıda və digər məntəqələrdə hücum zamanı 131 dinc sakin qadın, uşaq, qoca, gənc qətlə yetirildi, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Respublikanın bütün orqanları iflic vəziyyətində idi. Televiziyanın enerji bloku partladılmış, qəzetlər öz işlərini dayandırmışdı. Bu mübarizədə Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və müstəqilliyi naminə həyatını qurban vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 20 yanvar faciəsi totalitar kommunist rejiminin xalqımıza qarşı hərbi təcavüzü və cinayəti idi.
Xalqın bu faciəli günündə belə respublika rəhbərliyi onun dərdinə şərik olmayaraq, respublikadan qaçdı, bir çoxları da gözləmə mövqeyi tutdular. Yanvarın 21-də Ali Sovetin bir qrup deputatının təşəbbüsü ilə çağırılan sessiyasında respublikada fövqəladə vəziyyətin ləğv olunması və qoşunların şəhərdən çıxarılması haqqında qəbul etdiyi qərar yerinə yetirilmədi.
Ulu öndər yanvarın 21-də həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, burada təşkil olunan etiraz mitinqində çıxış etdi. O, 20 yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd olan əməllərini ifşa etdi.
Bakıda fövqəladə vəziyyət olduğuna baxmayaraq, yanvarın 22-də xalq özünün şəhidləri ilə vidalaşdı. Vidalaşmada ədliyyə və hüquq-mühafizə orqanlarının işçiləri, vətənsevər oğulları xalqla bir sırada idilər. Bakının ən uca yerində şəhidlərin torpağa tapşırıldıqları yerdə 72 il əvvəl 1918-ci ildə erməni daşnaklarının qətlə yetirdikləri azərbaycanlılar basdırılmış, sonra bu yer sovet rejimi tərəfindən parka çevrilmişdi. Şəhidlər şəhidlərə qovuşdu, Vətən torpağı bir daha müqəddəsləşdi.
Ancaq özünü və öz hakimiyyəti haqqında düşünən, Azərbaycan xalqının gələcək taleyi haqqında düşünmək iqtidarında olmayan Azərbaycan rəhbərliyi nəyin bahasına olursa olsun, qanlı 20 yanvar faciəsindən sonra 1990-cı il iyulun 20-də Bakıya gələn Heydər Əliyevin paytaxtda qalmasına yol vermək istəmirdi, onlar bunun üçün hər cür cinayətkarlığa hazır idilər. Belə ki, Heydər Əliyevi qarşılamaq üçün xalqın nümayəndələrini, ziyalıları, vətənsevər insanları ulu öndərə yüksək məhəbbət bəsləməklə onu Azərbaycan xalqının xilaskarı hesab edənləri təşkilatlandıranlardan olan tanınmış ziyalı jurnalist-nasir, “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayevin maşınının qarşısını kəsərək küçədə camaatın gözü qarşısında onu qətlə yetirmişdilər. Azərbaycan xalqına düşmən olan bu adamlar hər cür cinayətkarlığa hazır idilər. Ən ağrılısı isə o idi ki, vaxtilə vəzifə pillələrində yüksəltdiyi adamlar indi xəyanətkarcasına Heydər Əliyevin Bakıda qalmasına yol vermək istəmirdilər. Ona görə də, vəziyyəti mürəkkəbləşdirməmək və yenidən xalqın dəvəti və tələbi ilə Bakıya dönmək üçün ulu öndər uzaqgörənliklə sabahı görərək iyulun 22-də Naxçıvana getdi. Xalq sentyabrda Heydər Əliyevi Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçdi. Onun rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələri bərpa olunmağa başladı. Noyabrın 17-də Muxtar respublikanın adından “Sovet”, “Sosialist” sözləri götürüldü, Azərbaycanın üçrəngli bayrağı Muxtar respublikanın bayrağı oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin sessiyasının qərarı ilə Azərbaycan SSR “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayraq Azərbaycan dövlətinin bayrağı kimi təsdiq olundu.
Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsi məsələsi müzakirə olunarkən ulu öndər böyük uzaqgörənliklə bu qurumun saxlanılmasının mənasız olduğu və Azərbaycan dövlətinin müstəqil fəaliyyət göstərə bilməsi üçün hər cür imkanlara malik olduğunu söyləmişdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu və referendumda təsdiqi dekabrın 29-da həyata keçirildi.
1991-ci ilin dekabrında SSRİ-nin dağılması rəsmiləşdirildikdən sonra Azərbaycanın dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı.
Heydər Əliyev sovetlər dövründə Azərbaycan dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü cahanşümul işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı. Belə ki,Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Bu gün müasir ədliyyə və məhkəmə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq mühafizə fəaliyyətinin yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu.Bu gün bu sahədə islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.