Güclü ordu və müasİr ədlİyyə dövlət sİyasətİnİn tərkİb hİssəsİdİr.

QULUZADƏ ŞƏLALƏ, ƏDLİYYƏ NAZİRLİYİ ƏDLİYYƏ AKADEMİYASININ BAŞ MÜƏLLİMİ, KİÇİK ƏDLİYYƏ MÜŞAVİRİ
Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq.
Ümummilli lider Heydər Əliyev
Biz əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki biz müharibə şəraitində yaşayırıq.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu , güclü hüquq – mühafizə sistemi daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu və ədliyyənin inkişafı prosesində də böyük uğurlar əldə etmişdir. Biz bu gün bu uğurların arxasında iki şəxsin – Ümummilli liderimiz və onun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin durduğunu bilirik.
Azərbaycan xalqının ümummilli lideri dedikdə, hər birimizin təxəyyülündə yalnız bir şəxsiyyətin parlaq siması canlanır ki, həmin dahi və təkrarolunmaz insan Heydər Əliyevdir. Həmin yüksək və şərəfli adı Heydər Əliyevə bütün Azərbaycan xalqı vermişdir.Azərbaycan tarixinin 40 ili Ümummilli Liderin adı ilə bağlıdır. Ümummilli Lider xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Dahi şəxsiyyət Heydər Əliyev həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlər göstərib.
Məhz əsası sovet dövründə qoyulan Heydər Əliyev fəlsəfəsinin başlıca istiqamətini xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş formalaşdırılmasına, milli şüurun güclənməsinə və millətin qürur hissinin yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi. Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə – 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Azərbaycan haqqında nəinki keçmiş ittifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə ”Neft Bakısı deyil”, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağı prioritet istiqamət hesab edən ulu öndər Heydər Əliyev ilk növbədə hakimiyyət strukturlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın birləşməsinə və respublikanın tərəqqi yoluna çıxarılmasına nail olurdu. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.Bütün bu qeyd etdiklərimiz təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaradırdı. 1969-cu il iyulun 14-dəartıq Azərbaycan xalqının tarixində “Əliyev dövrü“ başlanmışdı . Bu dövrsovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla,ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu.Heydər Əliyev dərindən dərk edirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də SSRİ-nin əyalətlərindən biri kimi yanaşıldığından 60-cı illərin sonlarına doğru həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda hakimiyyətə gələn dahi öndərin ilk işlərindən biri, respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Heydər Əliyevin gərgin əməyinin, yorulmaz fəailiyyətinin və yüksək idarəçilik qabiliyyətinin sayəsində o illərdə ictimai və iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına və xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsindəən parlaq dövrünü təşkil etmişdir.
  Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi. Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət və elm mərkəzinəçevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.
  Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş, sözsüz ki, bütün sahələrin inkişafına, eləcə də mənəvi dəyərlərin möhkəmlənməsinə, milli şüurun oyanmasına, Azərbaycançılıq məfkurəsinin formalaşmasına təkan verdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Qısa bir zamanda Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, həmin zavodlarda o dövrün ən müasir və qabaqcıl texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda zəruri amil idi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, hazırda həmin zavodların hamısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən ən önəmlisi SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ulu Öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.
Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.
Bununla bərabər, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi də sürətləndi. Məhz ulu öndərin son dərəcə cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması ovaxtkı SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyev mahir diplomatiyası və qətiyyəti ilə bu cəhdlərin qarşısını almağa müvəffəq oldu. Adıçəkilən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Bununla yanaşı, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də xüsusi önəm verirdi. Təsadüfi deyildir, ki, müstəqilliyin ilk illərində Azərbaycanın ordu quruculuğunda əsas bazanı o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Göründüyü kimi, Azərbaycanın müstəqillik əldə etməsindən hələ 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini ümummilli lider Heydər Əliyev həyata keçirmişdir.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. 
Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsini də xüsusi diqqət mərkəzində saxlayan Ali Baş Komandan Heydər Əliyev milli ordunu modernləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini yaxşı dərk etdiyi üçün, Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Yeri gəlmişkən qeyd olunmalıdır ki, 19 noyabr 2001-ci ildə Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilmişdi. 
Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
2003-cü il aprelin 19-da Cəmşid Naxçıvanski adına hərbi litseydə keçirilən yubiley mərasimində çıxış edən Ulu öndər litseydə təhsil alan kursantların ali hərbi məktəblərə daxil olmaq üçün lazımi biliklər toplayacaqlarına və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqlarına inandığını qeyd edib. Ulu öndərimizin son çıxışı da elə həmin mərasimdə oldu. Və bu çıxış zamanı baş verən hadisə gənc hərbiçilərimizçün əsl mətinlik nümunəsi oldu. İki dəfə kəskin ürək ağrısı ucbatından nitqini dayandırmalı olan Heydər Əliyev sonadək böyük iradə nümayiş etdirdi. Və yenidən tribunaya qayıdıb çıxışını sona yetirdi. Bu, addım gənc zabitlərimiz üçün əsl örnək olacaq bir addım idi.
Xüsusi vurğulanmalıdır ki, hazırda cəmiyyətdə Azərbaycan Ordusuna böyük güvən və ictimai inam mövcud olduğundan, rəşadətli ordumuz dövlətin və xalqın dəstəyini yaxından hiss edərək mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənmişdir. Təbii ki, bütün bunlar öz-özünə baş verməmiş və ordumuzun hazırkı səviyyədə formalaşması ümummilli liderimizin başladığı çətin, mürəkkəb, keşməkeşli, eyni zamanda şərəfli, uğurlu yollar keçən və Möhtərəm Prezidentimiz tərəfindən yüksək peşəkarlıqla davam etdirilən ordu quruculuğu sayəsində mümkün olmuşdur. Son illərdə keçirilən hərbi paradlar göstərir ki, Azərbaycan ordusu sürətlə inkişaf edərək arsenalını ən müasir silah, digər hərbi texnika ilə zənginləşdirmiş və bu gün dünyanın hərbi cəhətdən inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da mövcuddur. 2016-cı ilin məlum aprel döyüşlərində düşmənin hərbi təxribatlarının qarşısının alınması zamanı çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin hərbi obyektlərini darmadağın edən, bir sıra mövqelərini ələ keçirən və bəzi yaşayış məntəqələrini işğaldan azad edən Silahlı Qüvvələrimiz bunu bir daha sübuta yetirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar — düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, mühüm əhəmiyyətli ərazilərimizin geri qaytarılması, xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Bununla da, bir daha təsdiqləndi ki, ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna malik, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş peşəkar kadrlardan ibarət olmaqla, Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.
Bu gün Ədliyyə göstərilən diqqət və qayğı ədalətin daha etibarlı müdafiəsinə hesablanmışdır.
Ədliyyə işçisi olaraq ümummilli lider Heydər Əliyevdən danışarkən, onun ədliyyəyə, o cümlədən ədliyyə işçilərinə göstərdiyi yüksək diqqət və qayğından söz açmamaq mümkün deyil. Heydər Əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl ¬olunması– ədliyyə işi birinci dərəcəli iş idi  
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Hamıya məlumdur ki, Heydər Əliyev sovetlər dövründə Azərbaycan Respublikasının dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü cahanşümul işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.
Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.
Ümummilli liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.
2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” yeni Qanunun, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.
Nazirlikdə yeni qurumların – Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.
Respublikada aparılan mütərəqqi islahatlar, eyni zamanda geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən 2003-2012-ci illər ərzində ictimai həyatın müxtəlif sahələrini əhatə edən 20 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2200-dən çox layihə hazırlanmışdır.
Təsadüfi deyil ki, əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə 2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat bazası və 2011-ci ilin iyulundan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən yaradılmış Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantıinteraktiv rejimdə fəaliyyət göstərir və daim yeniləşdirilir.
Belə ki, Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxarmaqla, beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən etdiyi müstəqil Azərbaycan Respublikası əsrin dörddə biri qədər olan dövrdə nəinki suveren yaşamağa, eyni zamanda, bir sıra sahələrdə beynəlxalq maraq doğuran ciddi iqtisadi, sosial, siyasi və mədəni uğurlara imza atmağa nail olmuşdur. 
Sözsüz ki, bu möhtəşəm uğurların davamlı olmasında ölkəyə artıq 17 ildir ki, rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, dərin elmi biliyi, məntiqi düşünçəsi, yüksək intellekti, tükənməz xeyirxah əməlləri, ən əsası, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, millətinə, dövlətinə sədaqəti və əsl Azərbaycan xanımına xas digər nümunəvi xüsusiyyətləri Mehriban xanıma bütün Azərbaycan xalqının sonsuz məhəbbətini qazandırmışdır. Məhz buna görə də möhtərəm Prezidentimizin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi xalqımız tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanmışdır. 
Məlum olduğu kimi, 11 aprel 2018-ci il tarixdə Azərbaycanda Prezident seçkiləri keçirildi. Təbii ki, ölkədə hökm sürən ictimai-siyasi sabitlik və hərtərəfli, dinamik inkişafın göstəriciləri seçkinin taleyinin həll olunmasında ciddi rol oynadı və xalq gördüyünə, yaşadığına əsaslanaraq, taleyini inandığı və sonsuz məhəbbətlə sevdiyi siyasətçiyə, Ulu öndərin layiqli davamçısı olan əsl liderə – İlham Əliyevə etibar etdi. Böyük mütəşəkkilliklə keçən seçkilər müstəqillik epoxasının məntiqli və möhtəşəm davamı olmaqla, yeni tarixi mərhələnin mühüm start nöqtəsi oldu. 
Bütün bunlar bir daha təsdiq edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və ardıcıl uğurlarla davam etdirilən, Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla dünyanın ən qüdrətli dövlətləri sırasında özünəməxsus yerini müəyyən edən ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi yoxdur. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.