ŞƏKİL ATA

Ölümündən 2 gün sonra 8 il gözlədiyi
qızı dünyaya gələn şəhid gizir Yaşar Babayevə.

Dodaqlar çatladı, ürəklər yandı,
Göynədi belə şad xəbəri alan.
Həsrətin, həvəsin bir addımında
Gəldi həsrətlərə köz oldu balan.

O sənin üzündə nə ayrı baxış,
Nə də geyimini yeni gğrəcək,
Nağıllar quracaq şəkillərinə,
Sonra yuxularda səni görəcək.

Sığınıb deyəcək, ay şəkil ata,
Nə olar, röyanı gerçəyə çevir.
Qızları bir başqa sevir atalar,
Qızlar da atanı bir başqa sevir.

Kaş səni səkkiz il gözlətməyəydim,
Səkkiz xatirəmiz olaydı barı.
Göydən, bayrağımdan baxırsan mənə,
Mənim şəkil atam, könlüm qubarı.

Xatirə Fərəcli