Gəncə, Mİngəçevİr və dİgər ərazİlərdə dİnc əhalİnİn raket atəşİnə tutulması müharİbə və İnsanlıq əleyhİnə cİnayətdİr

Səyyad Məcidov, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Mingəçevir və digər şəhərlər raketlərlə atəşə tutulub. Bu birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularından biridir və müharibə cinayəti hesab edilir. Eyni zamanda insanlıq əleyhinə cinayətlərdir. Görünən odur ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi açıq-aşkar beynəlxalq humanitar hüquq normalarının, yəni müharibə aparılmasının metod və vasitələrinin, müharibə zamanı mülki şəxslərin hüquqlarının pozulması ilə nəticələnən cinayətlər törətməkdə davam edirlər.
Bütün bunlar müasir beynəlxalq humanitar hüququn, beynəlxalq müharibə qanun və adət normalarının pozuntuları hesab edilir və bu cinayətləri törətmiş ermənilər istər milli, istərsə də beynəlxalq səviyyədə cəzalandırılmalıdır.
Müharibə cinayəti müasir beynəlxalq cinayət hüquq döyüş aparılmasının metodlarından asılı olaraq kiriminallaşdırılan və beynəlxalq sənədlər əsasında hüquqazidd hesab olunan transmilli cinayətdir.
Müharibə cinayətlərinə aid sənədləri təhlil etsək, bu sahədə ən optimal bölgünün 1998-ci il Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsində aparıldığını görərik. 8-ci maddənin 1-ci bəndində göstərilir ki, məhkəmə müharibə cinayətlərinə münasibətdə xüsusən, onlar plan, yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı törədilməsi zamanı yurisdiksiyaya malikdir. 8-ci maddənin 2-ci bəndində isə müharibə cinayətlərinin ayrı-ayrı növləri göstərilmiş və həmin bölgüdə müharibə cinayətləri aşağıdakı kimi təsnifləşdirilmişdir:
1) 12 avqust 1949-cu il Cenevrə konvensiyalarının ciddi pozuntuları, o cümlədən Cenevrə konvensiyalarının müddəalarına uyğun olaraq mühafizə olunan şəxslərə və əmlaka qarşı törədilən bir sıra hüquqazidd hərəkətlər;
2) beynəlxalq hüquq çərçivəsində təsbit edilmiş, beynəlxalq xarakterli silahlı münaqişələrdə tətbiq edilən qanun və adətlərin digər ciddi pozuntuları;
3) qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının dördü üçün də eyni olan 3-cü maddənin kobud şəkildə pozulması o cümlədən: silahı yerə qoymuş hərbi qulluqçular və xəstələr, yaralanma, həbsdə olma, yaxud hər hansı digər səbəbdən sıradan çıxmış şəxslər də daxil olmaqla hərbi əməliyyatlarda aktiv iştirak etməyən şəxslərə qarşı törədilən bir sıra hüquqa zidd hərəkətlər;
4) beynəlxalq hüquq çərçivəsində təsbit edilmiş, qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrdə tətbiq edilən qanun və adətlərin digər ciddi pozuntuları.
Beynəlxalq humanitar hüququn ciddi pozuntularından, yəni 1-ci növə aid cinayətlərdən danışarkən Quruda döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında I Cenevrə Konvensiyasının 50-ci, Dənizdə döyüşən silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında II Cenevrə Konvensiyasının 51-ci, Hərbi əsirlərlə rəftar haqqında III Cenevrə Konvensiyasının 130-cu, Müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyasının 147-ci, beynəlxalq xarakterli silahlı münaqişələrə dair I Əlavə Protokolun 11 – ci və 85-ci maddələrinin araşdırılması olduqca vacibdir. Bunlar daha çox beynəlxalq humanitar hüququn əsas tərkib hissələrindən biri olan “Cenevrə hüququ”nun pozuntularıdır.
2-ci növ cinayətlərə beynəlxalq humanitar hüququn digər bir tərkib hissəsi olan “Haaqa hüququ”nun pozuntuları aiddir. Bu sahədəki əsas sənəd 1907-ci il 18 oktyabrda qəbul edilmiş IV Haaqa Konvensiyasıdır.
Burada bir məqamı vurğulamadan keçmək olmaz. Belə ki, yuxarıda sadalanan hər 2 növə aid cinayətlər beynəlxalq xarakterli silahlı münaqişələr-də törədilmiş pozuntulardır. Bildiyimiz kimi, 4 Cenevrə Konvensiyası və I Əlavə Protokol beynəlxalq xarakterli silahlı münaqişələr zamanı tətbiq olunur. Sadəcə, istisna olaraq 4 Cenevrə Konvensiyası üçün ümumi olan 3-cü maddə və II Əlavə Protokol qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı tətbiq olunur. Lakin bu, o demək deyil ki, qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilən cinayətlər universal yurisdiksiya prinsipi tətbiq edilə bilməz. 3-cü maddənin pozuntuları isə 3-cü növ müharibə cinayətlərində təsnifləşdirilmişdir. Yəni bu cinayətlər qeyri-beynəlxalq silahlı münaqişələr zamanı “Cenevrə hüququ”na aid pozuntuları özündə əks etdirir.
Yuxarıda sadalanmış 4-cü növ pozuntular isə qeyri-beynəlxalq silahlı münaqişələr zamanı “Haaqa hüququ”nun pozuntularını özündə əks etdirir.
Bu təsnifatı əsas götürsək, müharibə cinayətlərini daha sadə olaraq 2 yerə bölmək olar: a) “Cenevrə hüququ”nun pozuntuları olan müharibə cinayətləri; b) “Haaqa hüququ”nun pozuntuları olan müharibə cinayətləri. Bu təsnifata əsasən, müharibə cinayətlərinə aşağıdakı tərifi vermək mümkündür:
Müqavilə hüququ bəzən də adət hüququ ilə qadağan olunmuş, beynəlxalq və qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrin gedişində və onlarla əlaqədar olaraq törədilən və silahlı münaqişələr zamanı tətbiq olunan döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran “Haaqa hüququ”nun və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş “Cenevrə hüququ” – nun pozuntuları olan cinayətlər müharibə cinayətləri adlanır. Əgər beynəlxalq humanitar hüququ da “Haaqa hüququ” və “Cenevrə hüququ” olaraq 2 hissədən ibarət hesab etsək, onda demək olar ki, müharibə cinayətləri dedikdə beynəlxalq humanitar hüququn istənilən pozuntusunu başa düşmək olar.
Bu beynəlxalq sənədlərdən başqa, bir sıra regional qurumlar tərəfindən də silahlı münaqişə zamanı mülki əhalinin öldürülməsi, onlara qarşı bu və digər zorakılıqlar qadağan olunur. Bu xüsusda islam hüququnun norma və prinsiplərini özündə ehtiva edən və müsəlman Şərqinin bütün ölkələrini inteqrasiya edən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş 1990-cı il tarixli “İslamda insan hüquqları haqqında” Qahirə Bəyannaməsinə görə silahlı gücün tətbiq olunması zamanı və silahlı münaqişə dövründə qocaların, qadınların, uşaqların, habelə döyüşçü sayılmayan şəxslərin öldürülməsi qadağan edilir
Eyni zamanda, müharibə cinayətlərinin minimuma endirlməsi məsələləri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) də məşğul olur. Qeyd olunmaldır ki, bu qurum son illərdə bilavasitə silahlı zonalarda fəaliyyət göstərir və beynəlxalq humanitar hərəkat olaraq əsas missiyası beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunması ilə bağlıdır.
Hüquq elmləri doktoru Ə. Əliyev qeyd edir ki, müharibə cinayətlərini bütövlükdə beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirmək daha düzgün olardı. Professorun bu fikri ilə tamamilə razılaşaraq vurğulamaq lazımdır ki, ümumilikdə beynəlxalq humanitar hüquqda, habelə insan hüquqları hüququnda geniş tərkibli hüquqazidd əməllərin silahlı münaqişə zamanı, hətta atəş dönəmlərində belə törədilməsi nəzərə alınmaqla bütün pozuntuları müharibə cinayətlərinə aid etmək olar. Bu mənada Ermənsitanın həm bütün cəbhəboyu ərazilərdə Azərbaycanın əks-hücum əməliyyatları zamanı, eyni zamanda bu gün Gəncə, Tərtər, Beyləqan, Füzuli və digər rayonlara raket və artilleriya zərbələri endirməsi müharibə qanun və adətlərinin pozuntusu, dinc əhaliyə və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönəlmiş hərbi xarakterli əməllər və s. müharibə cinayəti kimi tövsif olunmalıdır.