Səfİr: Ermənİstanın Gəncənİn yaşayış məhəlləsİnİ bombardıman etməsİ müharİbə cİnayətİdİr

Paris, 14 oktyabr, AZƏRTAC

Humanitar atəşkəs elan edilən gecə Ermənistanın Azərbaycanın ikinci şəhəri olan Gəncənin mərkəzində yaşayış binalarını bombardıman etməsi müharibə cinayətidir.

Türkiyə barıt çəlləyinə od vurub deyənlər səhv edir. Türkiyə Fransanın 4 dəfə səs verdiyi qətnamələrin həyata keçirilməsini tələb edir.

Azərbaycanda Mossad agentlərinin olması, elə “cihadistlərin” olması kimi əsassız iddiadır.

Bu fikirlər səfir Rəhman Mustafayev Fransanın “Radio Courtoisie” radiosuna verdiyi müsahibədə jurnalistin sualına cavabda səsləndirilib.

Fransa radiosunda müsahibəsində R. Mustafayev Dağlıq Qarabağ, eləcə də ermənilərin bu bölgəyə köçürülməsi tarixindən danışıb.

Bildirib ki, 1921-ci ildə Qafqaz bürosu iclasında Dağlıq Qarabağla bağlı imzalanan sənəddə bu bölgənin Azərbaycanla sıx tarixi və iqtisadi əlaqələri nəzərə alınaraq Dağlıq Qarabağ elə Azərbaycanın tərkibində də saxlanılıb. Bu gün ermənilərin uydurduğu fərziyyədir.

Səfir Dağlıq Qarabağ və onun ətrafında 7 rayonun 30 ildir erməni işğalı altında olduğunu deyib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyaraq, erməni silahlı qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını tələb edir. Bu gün Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparır.

Humanitar atəşkəs və müharibə cinayəti…

Moskvada hər iki ölkənin Xarici İşlər nazirləri ilə görüş keçirildi. Tərəflər humanitar atəşkəslə bağlı razılığa gəldilər. Ancaq Ermənistan yenə də humanitar atəşkəsə riayət etmədi və mülki əhalini hədəfə aldı.

Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış məhəlləsini bombardıman etdi. Dinc sakinlər arasında 10 nəfər həlak oldu, 30-dən çox yaralanan oldu. Ermənistanın Gəncəni bombalaması artıq müharibə cinayətidir. Ermənistan bu müharibə cinayətinə görə cəzalandırılmalıdır.

Türkiyənin rolu, cihadistlər və Mossad agentləri olması…..

Türkiyə barıt çəlləyinə od vurub deyənlər səhv edir. Türkiyə Fransanın 4 dəfə səs verdiyi qətnamənin həyata keçirilməsini tələb edir. Azərbaycan ordusunda türk əsgərlərinin olması ilə bağlı fikirlər səhvdir. Şücaətli Azərbaycan əsgərləri öz torpaqlarını qorumağa qadirdir. Ölkəmizin güclü hərbi imkanları var. Ancaq Türkiyə Azərbaycan üçün təhlükə olduğu təqdirdə müdaxilə edəcəyini bildirib.

Azərbaycan tərəfdən “cihadistlərin” olması ilə bağlı iddialara gəldikdə isə Azərbaycan Prezidenti aydın şəkildə bildirdi ki, bununla bağlı sübut varsa verin baxaq. Bəzi siyasətçilərin belə əsassız iddialar səsləndirməsi yersizdir. Azərbaycanla bağlı müxtəlif həqiqəti əks etdirməyən iddialar səsələndirənlər indi də ordumuzda Mossad agentləri olduğunu deyirlər. “Cihadistlər” çevrilib olub Mossad agentləri. Bütün deyilənlər ölkəmizi istəməyənlər tərəfindən uydurulan iddialardır.

Bu gün Dağlıq Qarabağ müharibəsinə dini don geyindirməyə çalışanlar da yanılırlar. Azərbaycan dünyəvi ölkədir, bütün dinlərin nümayəndələri birgə mehriban yaşayır. Azərbaycan bu gün təkcə Ermənistan üçün deyil, həmçinin dünya, eləcə də Avropanın inkişaf etmiş ölkələri üçün də dini tolerantlıq nümunəsidir. Azərbaycan yeganə ölkədir ki, məscid, kilsə və sinaqoq eyni məhəllədə yerləşir.

Ermənistan regionda təhlükə mənbəyidir. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təmin etmək üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır.

Dağlıq Qarabağ əhalisinin gələcəyi…

Dağlıq Qarabağ əhalisinin ermənilər iddia etdiyi kimi 90 faizi yox, 70 faizi erməni olub. Orada Azərbaycanlılar, yəhudilər, kürdlərdə yaşayıb. Münaqişədən əvvəl insanlar dinc yanaşı yaşayıb, hər hansı problem olmayıb. Onlar bərabər hüquqlarla təmin olunublar.

Bu gün qarşıda duran ilk məsələ işğalçı ordunun çıxarılmasıdır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan çıxdıqdan sonra məcburi köçkünlərimiz doğma yurdlarına qayıdacaq.

Düzdür 30 il müddətində böyük uçurum yaranıb. Bu uçurumun aradan qaldırılması üçün vaxt tələb olunur. Ancaq bir daha bildirirəm ki, Azərbaycan çox mədəniyyətli və çox konfessiyalı ölkədir. Burada müxtəlif xalqların, dinlərin nümayəndələri birgə mehriban ailə kimi yaşayırlar və yaşayacaqlar.