ÖZÜNÜMÜDAFİƏ HÜQUQUNDAN ÜÇÜNCÜ DÖVLƏT ERMƏNİSTANA QARŞI İSTİFADƏ EDƏ BİLƏRMİ?

Suallarımızı beynəlxalq hüquq üzrə ekspert, Dr. Səyyad Məcidov cavablandırır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, müharibə və digər cinayətləri davam edir. Beynəlxalq hüquqa əsasən Azərbaycanın təbii hüququ- özünümdafiə hüququ əsasında əks-tədbirlər görülür, əks-hücum əməliyyatları həyata keçirilir. Bu gün daha aktual olan bir məsələ – üçüncü tərəfin bu hüquqdan istifadə etməsi və hansı hallarda bu hüqunun reallaşma imkanlarının olmasıdır. Suallarımızı hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq eksperti Səyyad Məcidov cavablandırır.
Səyyad müəllim, Ermənistanın Azərbaycana təcavüzünə cavab olaraq ölkəmizin əks-hücümları bir aya yaxındır ki, davam edir. Bu, beynəlxalq hüquq baxımından Azərbaycana nə diktə edir?
Bu gün Azərbaycan özü beynəlxalq hüququ diktə edir. Azərbaycan BMT-nin qətnamələrini icra edir. Dünya birliyi Azərbaycan xalqının və Ali Baş Komandanın cəsarəti nəticəsində bəşər tarixində alternativi olmayan bir faktın – 30 ildə itirlimiş ərazilərimizin 30 günə qaytarılması şokunu yaşayır. 30 ildir Azərbaycana qarşı davam edən silahlı təcavüzə ən yaxşı cavab genişmiqyaslı hərbi əks-hücümun və eyni zamanda informasiya hücumunun həyata keçirilməsidir. Bu gün beynəlxalq hüquq bizdən davamlı silahlı güc tətbiqi tələb edir. Biz Ermənistanın silahlı təcavüzünə qarşı fərdi özünümüdafiə hüququmuzdan istifadə edirik. Bütövlükdə Azərbaycana, o cümlədən Gəncəyə, Mingəcevirə, Qəbələyə, Siyəzənə, Xızıya raket hücümlarının beynəlxalq hüquqi adı hərbi təcavüz cinayəti, hərbi müdaxilə, müharibə cinayəti və ərazi bütövlüyümüzə qarşı təhdiddir. Dövlət sərhədlərimizin pozulmasıdır. Bu, birbaşa silahlı təcavüzdür.
– Yəni, silahlı təcavüz özünümüdafiə hüququnun yaranması üçün faktiki əsasdır?
Əlbəttə. Təcavüz mahiyyəti etibarilə uzanan cinayətdir. 30 il idi ki, Ermınistanın bu cinayəti davam edirdi və bir gün durdurulmalı idi. Bu isə hüquqauyğun olaraq yalnız özünümüdafiə hüququ əsasında mümkün ola bilərdi və oldu. Azərbaycan dövlətinin geniş mənada özünümüdafiə hüququ BMT Nizamnaməsinə və qüvvədə olan mövcud konvensiyalara əsasən yaranır. Nizamnamənin 51-ci maddəsinə əsasən dövlətə qarşı silahlı hücum olduğu və Təhlükəsizlik Şurasının (TŞ) sülhün və təhlükəziliyin müdafiəsi naminə hər hansı zəruri tədbir həyata keçirmədiyi halda, fərdi və kollektiv özünümüdafiə hüququnu istisna etmir. Bu maddədə bir ifadəyə diqqət yetirin: “Təhlükəsizlik Şurasının sülhün və təhlükəziliyin müdafiəsi naminə hər hansı zəruri tədbir həyata keçirmədiyi halda” ifadəsi bizə nə deyir? Bu o deməkdir ki, TŞ bu məsələdə 30 ildir öz qərarına uyğun olaraq heç bir zəruri tədbir görməyib. Niyə və hansı səbəblərdən? Nizamnamə heç bir halda Azərbaycanın özünümüdafiə hüququna xələl gətirmir və bu istiqamətdə heç bir hüquqi maneə mövcud deyildir. Bilirsiz, hətta BMT-nin həmin qərarları olmasaydı belə, Azərbaycanın beynəlxalq hüquqa əsasən belə bir hüququ olacaqdı. Hətta, silahlı təcavüzə məruz qalan Azərbaycan özünümüdafiə hüququndan təkbaşına istifadə edə biləcəyi kimi, digər dövlətlərlə birgə və ya onların yardımından istifadə etmək imkanlarına da malikdir. Ermənistanın hərbi təcavüzü təkcə Azərbaycanın deyil, həm də Türkiyənin, İranın, Gürcüstanın, Transxəzərin, hətta bütün Avropanın təhlükəsizliyinə təhdid deməkdir. Yəni bu gün Ermənistan təkcə ölkəmizin deyil, bütövlükdə regionun təhlükəsizliyi üçün potensial təhdid sayılır. Siz gördünüz ki, Ali Baş Komandan Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə Azərbaycan və İran xalqını təbrik etdi. Bu çox unikal təbrik idi. Bu təbrikin diplomatik və beynəlxalq hüquqi mənası çox böyükdü. Bu təbrikin bir anlamı da ondan ibarətdi ki, biz regionun təhlükəsizlik mühitinə yeni nəfəs veririk, bu regiondan təcavüzkar erməni faktorunu silməklə, terroçu erməni sindromunu darmadağın etməklə yeni sivil qonşuluq münasibətlərinin, beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipinin qarantı oluruq. Budur beynəlxalq və regional təhlükəsizliyə Azərbaycanın verdiyi töhfə. Bu gün Azərbaycan əsgəri təkcə milli sərhədlərini mühafizə etmir, o həm də beynəlxalq təhlükəsizliyin qarantıdır.
Və ya digər bir fakta diqqət yetirək. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin raketlərdən atəşə tutulması mülki obyektə qarşı hərbi həmlədir. Xüsusilə bu fakt Avropa regional təhlükəsizlik sistemi üçün təhdid sayıldığından BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən kollektiv özünümüdafiəyə hüquqi əsas yaradır. Bu hüquqdan istifadə etməklə Azərbaycan üçüncü tərəfləri – Türkiyə, Gürcüstan və digər dövlətləri prosesə cəlb etmək hüququnu özündə saxlamaqla, Avropanın təhlükəsizliyi üçün həyacan təbili çala bilər. Çünki, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində gedir. Məhz Azərbaycanın razılığı və dəvəti ilə bu ölkələr BTC kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün hər cür əks-tədbirlər, o cümlədən birgə hərbi əməliyyatlar həyata keçirə bilərlər.
Fərdi özünümüdafiə həmçinin Azərbaycan üçün ya özünün məcburi köçkün vəziyyətində olan vətəndaşlarının müdafiəsi məqsədilə humanitar müdaxilə formasında və ya ərazisində Ermənistan tərəfindən terror və digər beynəlxalq cinayətlərin törədilməsinə cavab tədbiri kimi həyata keçirilə bilər.
– Azərbaycan bu gün faktiki olaraq BMT qətnamələrinin icraçısıdır. Bu missiyanın hüquqi anlamı nədir?
Bunun hüquqi anlamı odur ki, Azərbaycan BMT üzvü kimi bu hüququ 30 il idi özündə saxlayırdı və bu gün reallaşdırdı. Ermənistanın təcavüzü ilə bağlı BMT qətnamələri yerinə yetirilməli idi. Ya dinc vasitələrlə, ya da hərbi güc yolu ilə. Bunun son mərhələsi BMT Nizamnaməsinin 42-ci maddəsinə əsasən silahlı qüvvələrdən istifadə edilməsi ilə həmin qərarların icrasının həyata keçirilməsi idi. 42-ci maddənin şərhindən aydın olur ki, bu hüquq BMT üzvlərinə aiddir. Qeyd olunun maddədə deyilir: “Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özündə ehtiva edə bilər”. Deməli, bunu Azərbaycan özü də edə bilər və hazırda quru və hava qüvvələrinin hərbi əməliyyatlarından istifadə etməklə, bu qətmanələr hissə-hissə icra edilir. Yəni, 30 ildir BMT-nin icra etmədiyi işi – hərbi əməliyyatları bu gün BMT-nin tam hüquqlu üzvü kimi Azərbaycan dövlətinin Silahlı Qüvvələri həyata keçirir. Bu tamamailə beynəlxalq hüquqa uyğundur. BMT buna görə Azərbaycana minnətdar olmalıdır ki, öz ərazilərini azad etmək üçün əks-hücüm və anti-terror əməliyyatları aparmaqla, həmçinin bu qurumun qərarlarına beynəlxalq sistemdə hörmət olunmasını və onlara riyayət edilməsini təmin edir.
– Bəs bu qərarların hərbi yolla icrası üçün BMT Təhlükəsizlik Şurasının ayrıca icazəsi tələb olunurmu?
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin özü elə icazə və ya sanksiya deməkdir. Təhlükəsizlik Şurasının 90-cı illərdə qəbul etdiyi 4 qətnamə elə Ermənistanın törətdiyi təcavüz faktının konstatasiyası deməkdir. Təcavüz faktının konstatasiyası nə deməkdir? Yəni, bu sənədlərə əsasən BMT müəyyən edib ki, 822 saylı qətnamə ilə Kəlbəcər, 853 saylı qətnamə ilə Ağdam, 874 saylı qətnamə ilə Füzuli, Cəbrayıl və Qubadlı, 884 saylı qətnamə ilə isə Zəngilana qarşı Ermənistanın hərbi təcavüz faktı mövcuddur və erməni qoşunları həmin ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Ona görə də, bunun üçün Təhlükəsizlik Şurasının əlavə müəyyənetmə və icazə fəaliyyəti lüzumsuzdur. Azərbaycan artıq Füzuli, Cəbrayılı işğaldan azad etməklə 874 saylı qətnaməni qismən icra etdi. Niyə qismən? Çünki, həmin qətnamədə Qubadlının da işğaldan azad edilməsi məsələsi var. Onun da bu günlərdə rəşadətli ordumuzun və Ali Baş Komandanın cəsarətli addımları ilə şahidi olacağıq. Zəngilanı isə işğaldan azad etməklə, 884 saylı qətnamə tam yerinə yetirildi. İndi qalır digər qətnamələrin icrası. Hərbi əməlliyyatların davamından inşallah biz bu nəticələrin şahidi olarıq.