ERMƏNİSTANIN BƏRDƏ CİNAYƏTLƏRİ: TƏCAVÜZ, MÜHARİBƏ,YOXSA İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏRDİR?

Səyyad Məcidov
Ədliyyə Nazirliyinin əməkdaşı
hüquq elmləri üzrə fəlsəfə doktoru


2020-ilin oktyabrın 27 və 28-də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz cinayətinin nəticəsi olaraq Bərdə şəhərində xüsusi amansızlıqla növbəti ən ağır beynəlxalq cinayətlər törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın qədim şəhəri olan Bərdə qadağan olmuş raketlərlə atəşə tutulub. Daha geniş miqyasda sentyabrın 28-də törədilmiş bu vəhşi cinayət nəticəsində qadınlar, yaşlı şəxslər də daxil olmaqla 21 nəfər həlak oldu, 70-ə yaxın şəxs yaralandı. Mülki infrastruktura çox ciddi ziyan dəyib. Ondan bir gün əvvəl – oktyabrın 27-də Bərdənin Qarayusifli kəndində də analoji cinayət hadisəsi baş verib. Nəticədə beş nəfər, o cümlədən yeddi yaşlı qız həlak olub, çoxlu sayda yaralananlar olub.
Bəs bu beynəlxalq cinayətlər beynəlxalq sənədlərə və milli cinayət hüququna əsasən necə tövsif olunur. Milli səviyyədə faktla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Əlbəttə, kriminal niyyətdən asılı olaraq bu hadisələri bir deyil, bir neçə beynəlxalq cinayət tərkibi üzrə tövsif etmək mümkündür. KİV-də və sosial mediada gedən müzakirələri nəzərə alaraq, bu beynəlxalq cinayətlərin mahiyyətinə qısa nəzər salmaq istərdim.
Birincisi, Bərdədə baş verən cinayətlərin geniş əhatəliliyi və sistematiklyini nəzərə alsaq, bunu ilk növbədə insanlıq əleyhinə cinayətlər kimi tövsif etmək olar. İnsanlıq əleyhinə cinayətlər həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bərdədə 21 nəfər şəxsin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistematik adamaöldürmə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinin 2(a) bəndinə görə, “adamöldürmə” – dövlətin və ya təşkilatın bu cür hücumun törədilməsinəyönəlmiş siyasətinin həyata keçirilməsi və ya bu cür siyasətə kömək məqsədilə hər hansı mülki şəxsətətbiq olunan əməllərin çox sayda törədilməsi iləəlaqədar davamlı hərəkətlərini özündə ehtiva edir. Göründüyü kimi, bu əməllər Ermənistan dövləti tərəfindən onların təcavüzkar siyasətinin həyata keçirilməsi məqsədilə məhz mülki əhaliyə qarşı yönəlib və çoxlu sayda insanların öldürülməsi ilə sistematik olaraq törədilib. Həmçinin, bundan əvvəl eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində törədilmişdi. Qeyd edək ki, Baş prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
İkincisi, zaman baxımından Bərdədə baş verən cinayətlər müharibə dövründə və hərbi əməliyalar gedən zonadan kənar baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və mülki obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Bu hüquqazidd hərəkətlər Müharibə zamanı mülki əhalinin mühafizəsi haqqında IV Cenevrə Konvensiyasının 147-ci, beynəlxalq xarakterli silahlı münaqişələrə dair I Əlavə Protokolun 11-ci və 85-ci maddələrinin və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinin pozuntusudur. Xüsusən BCM-in 8-ci maddənin 1-ci bəndində göstərilir ki, məhkəmə müharibə cinayətlərinə münasibətdə xüsusən, onlar plan, yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı törədilməsi zamanı yurisdiksiyaya malikdir. Eyni zamanda, Bərdəyə olan raket hücümü silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozduğu üçün Azərbaycan CM-nin 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə) və 116.0.10-cu maddəsi ilə (mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə) cinayət işinin qaldırılması da mümkündür.
Üçüncüsü, erməni hərbi və siyasi canilərinin törətdiyi bütün bu cinayətlər Ermənistanın davam edən silahlı təcavüz cinayətinin fonunda və bilavasitə təcavüzkar siyasət və planlarının tərkib hissəsi olaraq baş verir. Ona görə də, ermənilərin Bərdə cinayətləri Ermənistanın hərbi təcavüz cinayətinin tərkib hissəsi də hesab edilməlidir. Çünki, burada Təcavüzün tərifi haqqında 1974-cü il 3314 saylı Qətnaməsində və Cinayət Məhkəməsinin Statutunun (baxmayaraq ki, Azərbaycan Respublikası bu sənədi ratifikasiya etməyib, lakin beynəlxalq hüquq baxımından yanaşsaq bu müddəalar mühüm əhəmiyyət kəsb edir) 8bis maddəsində göstərilən əlamətlər mövcuddur və Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə qəsd edilir.Bu səbəbdən prokurorluq tərəfindən Bərdəyə edilən raket hücümünun təcavüz kimi dəyərləndirilməsi və CM-nin 100.2-ci maddə (təcavüzkar müharibəni aparma) ilə cinayət işinin başlanması təqdirəlayiqdir.
Nəhayət nəzərə alsaq ki, ermənilərin niyyəti məhz türk milli kimliyinin, Azərbaycan xalqının bir xalq olaraq kütləvi şəkildə məhv edilməsinə yönəlib, onların dövlət siyasəti məhz etnik təmizləmə elementinə köklənib, o zaman tam mənada demək olar ki, bu soyqırımı cinayətidir. Baxmayaraq ki, prokurorluq CM-nin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, lakin bu əməllər CM-nin 103-cü maddəsinin də əlamətlərini özündə ehtiva etdiyi üçün, xüsusən Bərdədə yaşayan azərbaycanlı milli qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onların öldürülməsi, sağlamlığına ağır zərər vurma niyyəti daşıdığı üçün soyqırım cinayəti kimi də tövsif edilə bilər.
Tam qətiyyətlə deyə bilərik ki, Ermənistanın cinayətkar qurum kimi və erməni hərbi-siyasi rəhbərliyinin fərdlər olaraq tərətdiyi bu cinayətlər geniş mənada sülh və insanlıq əleyhinə cinayətlərdir və onların tərkibinə həm silahlı təcavüz, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər aiddir. Bu kompleks cinayətlərə görə həm universal cinayət yurisdiksiyası kontekstində (xüsusilə prokurorluq tərəfindən qaldırılan cinayət işləri əsasında) milli məhkəmələr tərəfindən CPM-nin 311.2-ci maddəsinə əsasən qiyabi məhkəmə baxışının həyata keçirilməsi, həm də beynəlxalq hüquq normaları əsasında ad hoc qaydasında hərbi tribunalın yaradılması mümkündür.
Qeyd etmək lazımdır ki, bu cinayətlərin beynəlxalq miqyasda cinayət olaraq tanınması və xüsusi hərbi tribunalın təsis edilməsi üçün faktiki əsasların formalaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən davamlı və məqsədyönlü işlər həyata keçirilir, Ermənistan tərəfindən törədilən bu cinayətlər müntəzəm olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin beynəlxalq mediaya verdiyi bütün müsahibə və çıxışlarında bu tezislər hər zaman prioritet məsələ kimi önə çəkilir, diplomatik korpus nümayəndlərinin bu cinayətlərin törədildiyi zonalara mütəmadi başçəkmələri təmin edilir. Beynəlxalq hüquqi tanıtım baxımından aidiyyati qurumlar tərəfindən müvafiq tədbirlər görülür, bununla bağlı həmçinin Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına (IAACA), Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına (GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna (IRZ), habelə digər qurumlara müraciətlər ünvanlayıb, Ermənistanın beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kasset bombaları ilə hərbi əməliyyatlar aparılan yerdən onlarla, yüzlərlə kilometr aralıda yerləşən insanların sıx məskunlaşdığı Gəncə, digər dinc şəhər və rayonlarımızı, o cümlədən oktyabrın 28-də Bərdəni dəfələrlə atəşə tutduğu, nəticədə 21 nəfərin həlak olduğu, 70 insanın isə yaralandığı, bütövlükdə isə bu günədək qadın, uşaq və ahıllar olmaqla 94 dinc sakinin həlak olduğu, 380-dən çox mülki şəxsin yaralandığı, 2.700-dən artıq yaşayış binasının və mülki obyektin dağıdıldığı diqqətə çatdırılıb.