ŞURANIN DƏSTƏYİLƏ İNSAN ALVERİNƏ DAİR ELEKTRON KİTAB DƏRC OLUNUB

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə müsabiqənin nəticəsi olaraq Avropaya İnteqrasiya Mərkəzi (AİM) ictimai birliyi tərəfindən “İnsan alveri (beynəlxalq və milli hüquq normaları kontekstində)” adlı elektron kitabın hazırlanması, bu sahədə problemlərin aradan qaldırılmasında preventiv vasitə kimi e-maarifləndirmə təşəbbüsləri ilə bağlı layihənin icrası başa çatıb.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidlinin müəllifi oldugu elektron kitabda transmilli cinayətlərin xüsusi növü olan insan alveri cinayətinin xarici ölkələrin qanunvericilikləri və təcrübəsi əsasında təhlili aparılıb, bu cinayətin beynəlxalq hüquqi aspektləri araşdırılıb. Eyni zamanda, vəsaitdə insan alveri ilə mübarizə üzrə beynəlxalq hüquq normalarının milli qanunvericiliyimizə implementasiya məsələləri, habelə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı üzrə tədbirlər də öz əksini tapıb.

İnsan alveri qurbanları ilə mübarizədə effektiv preventiv vasitə kimi elektron maarifləndirməyə xidmət etməklə, hüquqşünaslar, o cümlədən beynəlxalq hüquq mütəxəssisləri və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “e-kitablar” bölməsindən əldə etmək olar.

Avropaya İnteqrasiya Mərkəzinin mətbuat xidməti

18.11.2020