AZƏRBAYCAN MÜHARİBƏ APARILMASI QAYDALARINA RİYAƏT EDİLMƏSİ ÜZRƏ DÜNYADA ÖRNƏKDİR

Zərbiyeva Fatimə Qədir qızı, Ədliyyə Akademiyasının Mülki hüquq və     mülki proses kafedrasının metodisti, “Ədliyyə könüllüləri” ictimai birliyinin sədri 

Qurub-yaratmaq eşqi, qələbə əzmi ilə yaşayan və döyüşən insanların sarsılmaz inamı qarşısında heç bir qüvvə dura bilməz.

(Ulu öndər Heydər Əliyev)

30 ildir həsrətində olduğumuz ötən 2 ay bizə onu göstərdi ki, heç də hər dövlət müharibə aparılmasının qanun və adətlərinə riyaət etmir. Halbuki, 2-ci Dünya müharibəsindən gözü qorxan beynəlxalq birlik tərəfindən qaydasız müharibə aparmaq çoxdan qadağan edilib. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarınıkobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdi. Beynəlxalq humanitar hüquq normaları münaqişə zamanı qadınlara, uşaqlara, tibbi ekipaja, ümumilikdə, mülki əhaliyə qarşı hücumu qadağan etsə də işğalçı tərəf həmişəki kimi dövlətlərarası normanı heçə saydı, beynəlxalq arenada silahlı münaqişlərin aparılması ilə bağlı yekdiliklə qəbul edilmiş bütün qaydaları (“Jus in bello” – silahlı münaqişə ilə əlaqədar tətbiq olunan hüquq normalanın məcmusu) bütün dünyanın gözü qarşısında birmənalı pozdu.  II Qarabağ Müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki əhalini, mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməyib. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 93 dinc sakin həlak olmuş, 407 nəfər yaralanmış, 3000-dən çox yaşayış evi yararsız vəziyyətə düşmüşdür. Tarix bizə onu göstərdi ki, yağı düşməndən dost olmaz. Məqsədli şəkildə əzəli torpaqlarımızda yerləşdirilən ermənilərin dinc əhalimizə bəslədiyi kinin, işğalçılıq siyasətinin qığılcımlarını hələ 20-ci əsrin əvvəllərində görmüşdük. Bu kin özünü 90-cı illərdə olduğu tək 2020-ci ildə də günahsız uşaqların, qadınların öldürülməsi kimi biruzə verdi. Bununla düşmən döyüş meydanında uğradığı acı məğlubiyyəti ört-basdır etməyə çalışdı. Ermənistan tərəfi BMT Baş Assableyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları haqqında” Konvensiyanı silahlı münaqişələr zamanı uşaq hüquqlarının təminatı hissəsində tapdaladı.  ​​Bildiyimiz kimi Konvensiya 2 sentyabr 1990-cı il il tarixində qüvvəyə minmişdir. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun da qəbul edilmişdir. Konvensiyanın 36-cı maddəsinə əsasən, dövlətlər uşağı onun rifahının istənilən cəhətinə və əmin-amanlığına ziyan vuran istismarın digər bütün formlarından müdafiə edirlər. 38-ci maddəyə əsasən isə iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlar barəsində tətbiq edilə biləcək və uşaqlara aid olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Habelə, silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişəyə məruz qalmış uşaqların müdafiəsinin və onlara baxılmasının təmin edilməsi üçün mümkün olan bütün tədbirləri görürlər.​Təkcə, Ermənistan tərəfinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 6 azyaşlı uşağınhəlak olması hərkəsə məlumdur. Bu xalqımızın uşaqlarına qarşı mənfur düşmənin ilk amansızlığı deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımda 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq əsir götürülüb, 26 uşağın taleyi bu günədək məlum deyil.​​​​ Bəs Ermənistanda bu rəqəm neçədir? Belə bir statistika mövcud belə deyil. Çünki biz sonunda qələbə qazandığımız müharibəni üsul və qaydalarına uyğun aparmışıq. Bizim əsgərimizin silahı dinc əhaliyə, qadın və uşaqlara çevrilməyib. Biz ər meydanında mərdcəsinə vuruşmuşuq.

Ölkə rəhbəri İlham Əliyevin xalqımızda yaratdığı inam, döyüş meydanındakı hərbi gücümüz, texnikamız, yüksək əhval-ruhiyyəmiz buna imkan verib. Hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” ölkə Prezidentinin 30.12.2019-cu il tarixli Sərəncamı ilə bu il Könülllüər ili elan edilmişdir. Ölkə rəhbərinin bu uzaqgörən addımının taleyüklü mahiyyətini 44 günlük müharibənin gedişatı təsdiqlədi. Bu il, eyni zamanda, həm ön cəbhədə, həm də arxa cəbhədə könlü Vətən ilə döyünən könüllülərlə yadda qaldı. Hələ iyul ayında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışa qoşulan minlərlə gənc aidiyyəti qurumlara gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib müvafiq qaydada qeydiyyata alınmışdılar. Arxa cəbhədəki könüllü gənc ordusu isə informasiya müharibəsinin əsas döyüşçüləri idi. Azərbaycanın internet istifadəçilərinin əksəriyyətinin gənc nəslin nümayəndələri olması faktdır. Bundan səmərəli istifadə edən könüllülər sosial şəbəkələrdə düşmən təxribatına qarşı mübarizə aparıb. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir.  Nəinki döyüş meydanında, həm də kompüter qarşısında.”                                                                                

Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən isə xarici ölkələrdə yaşayan erməni əsilli “könüllülərin” Azərbaycan ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilmələri və maliyyələşdirilmələri müəyyən edilmişdir. Əlbəttə ki, bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə də müəyyən edilən qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasıdır, cinayət əməlidir və müharibənin aparılması qaydalarına ziddir.  Göründüyü kimi hər bir sahədə qalib və məğlub arasındakı fərq aşkardır.  İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirdiyi kimi “Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur.”            

Ancaq bizim üçün bu qaydalar var. Azərbaycan müharibə aparılması qaydalarına görə dünyada örnəkdir!Biz qaydalara əməl etdik və müharibənin qalib tərəfi olduq. Ən Yeni Azərbaycan tarixinin müəllifi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 10 noyabr gününü şanlı tariximizə Qələbə Günü kimi həkk etdi. Bu günlərdə biz, ədliyyə işçiləri ikiqat sevinc yaşayırıq. Həm qələbəmizi qeyd edirik, həm də 22 noyabr ədliyyə işçilərinin peşə bayramını. Ümummilli lider Heydər Əliyevin  Azərbaycanın ədliyyə tarixinə bəxş etdiyi 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il bugün ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Qələbə Gününün bu bayramın 102-ci ildönümü ərəfəsinə təsadüf etməsi bayramımızın mahiyyətinin daha da dərinləşməsinə səbəb olmuş, bizi qürürlandırmışdır.           

Qələbənin bizə bəxş etdiyi məğrurluqvə fəxarət hislərini hələ uzun müddət qəlbimizdə yaşadacaq, dilimizdən əskik etməyəcəyik. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!