TÖRƏDİLƏN BEYNƏLXALQ CİNAYƏTLƏRƏ GÖRƏ ERMƏNİSTANIN SİYASİ VƏ HƏRBİ RƏHBƏRLİYİNİN MÜHAKİMƏSİNİ ZƏRURİ EDƏN AMİLLƏR

Əlövsət ALLAHVERDİYEV

Hüquq üzrə fəlsəfə doktoru, dosent.

E-mail: lawyer.406@gmail.com

     Qloballaşan dünyada müharibələrə münasibət necədir? Məlumdur ki, tarixin bütün dövrlərində müharibələrə münasibət birmənalı olmamışıdr. Müəyyən qruplar müharibələri təbliğ edir, onun faydasından danışır, digərləri isə onu bəşəriyyətin bəlası hesab edirlər. Doğrudur, müharibələr bəşəriyyətə ölüm, fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması həmişə çox mühüm dünyagörüşü və fəlsəfi- qlobal problem olmuşdur.

       Bəşər övladı özünü tanıyandan müharibələrin həmişə cəmiyyətin düşüncəsində öz ağrıları ilə silinməz iz buraxdığını dərk etməyə başladı. Bu səbəbdən də, müharibələr heç zaman aktuallığını itirmədi, əsrlər boyu müzakirə obyektinə çevrildi. Müharibələr iki aspektdə nəzərdən keçirildi: ədalətli və təcavüzkar müharibələr. Ədalətli müharibə ənənəsi, müxtəlif müharibələrdə tətbiq olunan tarixi qaydalar və ya razılaşmalardan bəhs edir. Eyni zamanda müxtəlif filosofların və hüquqşünasların yazılarında da nəzərdən keçirilmiş, müharibənin aparılmasına dair fəlsəfi baxış və düşüncələrinin beynəlxalq konvensiyalara töhfəsi əhəmiyyətli olmuşdur[1]. Ədalətli müharibə nəzəriyyəsinin əleyhdarları ya daha sərt bir pasifist standarta (müharibə üçün heç vaxt haqlı bir əsas olmadığı və ya ola bilməyəcəyini irəli sürməklə) ya da daha çox icazə verilən bir millətçi standarta (müharibənin yalnız bir millətin xidmətinə ehtiyac olduğunu təklif edərək ) meylli olmalarını ortaya qoyurdular[2]. Təcavüzkar müharibələrin qadağan olunması öz-özlüyündə, hələ ictimai həyatdan silahlı münaqişələri doğuran səbəblərin aradan qaldırılmasına səbəb olmur.  Bəzən bu səbəblərin aradan qaldırılması münaqişə aparan tərəflərdən asılı olmur. Bu da onu deməyə əsas verir ki, baş vermiş münaqişələr kənardan böyük güclər tərəfindən idarə olunur. Əvvəllər bu tarixi hadisələr kimi kitablardan öyrənilir, təhlillər aparılırdı, amma indi yaşadığımız cəmiyyətdə bunun real iştirakçılarına, şahidlərinə çevrilmişik. Ermənistanın Azərbaycana təcavüzü və 20 faiz torpaqları işğal etməsi Azərbaycan vətəndaşlarını birbaşa müharibənin iştirakçısına çevirdi. Danılmaz faktdır  ki, tarixən Ermənistan dinc şəraitdə belə, Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütmüş və bu siyasətini gercəkləşdirməyə çalışmışdır. Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan hər hansı bir dövlətin ərazisini işğal etmək, özündə saxlamaq gücünə malik deyil, hər kəsə məlumdur ki,  bu müddət ərzində Ermənistanı böyük güclər idarə etmiş və ona dəstək vermişdir. Münaqişənin həll olunmaması, Ermənistanın hərbi və siyasi rəhbərliyinin 27 ildə törətdikləri beynəlxalq cinayətlərin araşdırılmaması və cinayətkarların cəzalandırılmamasında bu güclərin rolu böyük olmuşdur.

       Göstərilənlərə müvafiq olaraq, törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən bir sıra amillər mövcuddur:

     İlk növbədə, Ermənistan beynəlxalq hüquq normalarıa zidd olaraq, Azərbaycan ərazilərinə təcavüz etdiyinə görə beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmaldır. Burada həm də beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi pozulmuşdur. Ermənistanın başladığı təcavüzkar müharibənin gedişində beynəlxalq humanitar hüququn təməl qaydası, mülki şəxslərin hərbi əməliyyatlar nəticəsində yaranan təhlükələrə qarşı ümumi müdafiədən istifadə etmə hüququ ciddi şəkildə pozulmuşdur. Məlumdur ki, mülki toxunulmazlıq  beynəlxalq adət hüququndan doğan bir məsələdir, yəni münaqişənin beynəlxalq və ya qeyri-beynəlxalq xarakterli olmasından asılı olmayaraq, münaqişə tərəfləri üçün məcburidir[3].Münaqişəyə qoşulan digər tərəflər (qeyri-dövlət tərəfləri) də beynəlxalq ənənəvi hüquq normalarına hörmət etməyə borcludurlar. Hər zaman mülki şəxslərə qarşı yönəldilən hücumlar qadağandır; həqiqətən, mülki vəziyyətlərindən xəbərdar olduqda mülki şəxslərə qəsdən hücum etmək müharibə cinayətidir. Bu səbəbdən də mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməzlər, bu imperiativ tələbdir. Eyni zamanda əsas məqsədi dinc əhali arasında terroru təbliğ etmək və ya törətmək kimi hərəkətlər və ya zorakılıq təhdidləri qadağandır[4]

     İkincisi, hərbi zərurətlə əlaqəli olmayan əmlakın qeyri-qanuni, mənasız və genişmiqyaslı dağıdılması və mənimsənilməsi 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntuları hesab olunur və müharibə cinayəti olaraq, fərdi cinayət məsuliyyətinə səbəb olur[5]. Məhz bu amilə görə də Ermənistanın məsuliyyətə cəlb olunması qaçılmazdır.

     Üçüncüsü, müdafiəsiz və hərbi zərurətlə əlaqəli olmayan şəhər, kənd, yaşayış yerləri və binalara hücüm, yaxud onların hər hansı vasitələrlə erməni silahlı birləşmələri tərəfindən atəşə tutulması və mənasız dağıdılması müharibə cinayətllərinin tərkibini yaradır və mütləq şəkildə  məsuliyyətə səbəb olur.

     Danılmaz faktdlr ki, 1988-2020-ci illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb[6].

     Dördüncüsü, beynəlxalq konvensiyalara (Haaqa) zidd olaraq müharibənin aparılması metod və qaydaları pozulmuşdur. Belə ki, hərbi əməliyyatlar zamanı qadağan olunmuş silahların istifadəsinə yol verilmiş, boğucu qazlar və zərərli maddələr ifraz edən, eyni zamanda, lazımsız əzablara səbəb olan silah və maddələr tətbiq olunmuşdur. Hərbi əməliyyatların aparıldığı yerdən uzaq məsafədə yaşayan mülki şəxslərə hucum məqsədilə ağ fosfor ifraz edən mərmilərin atılması, kasset bombalarından istifadə, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus olan əmlakın talan və ya bütünlüklə məhv edilməsi kimi cinayət əməlləri təsdiq olunub və bunu təsdiq edən kifayət qədər sübutlar toplanıb.

     Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu ölkəmizin ərazisinin 20 faizi işğal edildi[7]. Ermənistanın rəhbərliyinin törətdiyi əməllərdə birbaşa  müharibə cinyətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayətlərinin tərkibini yaradan əməllər müəyyən olunmuşdur. Bununla bərabər, işğal olunmuş ərazilərdə ümumiyyətlə, hərbi əməliyyatlarla hər hansı əlaqəsi olmayan dinc mülki insanlar hücuma məruz qalmış, öldürülmüş və işgəncələrə məruz qaldılar. Bir sözlə, Ermənistan Silahlı Qüvvələri qoca və qadınlara, körpələrə aman vermədən qəddarcasına onları qətlə yetirmişdilər. Bu əməllər, birbaşa beynəlxalq humanitar hüquq normalarının, Cenevrə Konvensiyalarının tələblərinin pozulmasıdır və birbaşa müharibə cinayətlərinin tərkibini yaradan, beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaradan əməldir. Beynəlxalq hüquq normalarına görə bu kimi əməllərin törədilməsi zamanı dövlətin deyil, dövlətə rəhbərliyi həyata keçirən fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunması vurğulanır. Bu mənada Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq cinayət məsuliyyətinə cəlb olnacaq şəxslər birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyidir. Müxtəlif zamanlarda Ermənistanın siyasi və hərbi rəhbərliyi Dağlıq Qarabağda törətdikləri beynəlxalq cinayətləri açıq etiraf ediblər və bundan məmnun olduqlarını bildiriblər. Onların bu cinayətləri 27 il ərzində araşdırılmamış və cinayətkarlar cəzlandırılmamışdır. Bu illər ərzində Azərbaycan öz ərazisini işğaldan azad etmək istiqamətində təklif olunan bütün danışıqlar, dinc üsul və vasitələrlə  razılaşsa da bu bir nəticə vermədi.

    Beşincisi, tarixdən məlumdur ki, həmişə müharibə aparan tərəflər arasında hərbi əməliyyatlar bitən zaman danışıqlara əməl olunmuş və öhdəliklər dinc formada yerinə yetirilmişdir. Bunu Ermənistana aid etmək qeyri-mümkündür. 10 noyabr 2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyannaməyə görə Ermənistan qəbul olunmuş günlər ərzində işğal altında saxladığı ərazilərdə sakinlərini və hərbi qüvvələrini çıxarmalı idi. Bu proses həyata keçirilən zaman bütün mülki obyektləri, yaşayış məskənlərini, məktəb, uşaq bağçalarını və xəstəxanaları, tarixi-mədəniyyət, incəsənət abidələrini yandırdılar, dağıtdılar. Beynəlxalq hüquq normalarına görə nəinki, minalanaməş ərazilərin sxemini təqdim etdilər, hətta bütün əraziləri minalayaraq tərk etdilər. Halbuki, “Mina, mina tələlərinin və digər qurğuların tətbiqininin qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında” 1980-ci il Konvensiyasının 3 may 1996-cı il II Əlavə Protokoluna görə tərəflər aktiv hərbi əməliyyatları dayandırdığı zamandan minalanmış ərazilərin sxemini təqdim etməlidirlər. Protokolun 10-cu maddəsində göstərilir ki, aktiv döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra Protokolun 3 və 5-ci maddələrinin 2-ci bəndinə uyğun olaraq bütün mina sahələri, minalanmış ərazilər, minalar, mina tələləri və digər qurğular təmizlənməli, ləğv edilməli və ya məhv edilməlidir[8]. Ermənistan tərəfinin bu əməlləri bir daha sübut edir ki, onlar qətiyyən islah olunmağa meylli deyil, olmadığı üçün də mühakimə olunmaları çox zəruridir.

     Qeyd olunan bu əməllərin hər biri, eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsində müharibə cinayətləri kimi göstərilmiş və cəzalandırlmalı əməl kimi xarakterizə olunmuşdur[9]. Həmin maddədə göstərilir ki, Məhkəmə müharibə cinayətlərinə münasibətdə, xüsusən, onlar plan yaxud siyasət çərçivəsində törədildikdə və ya bu cür cinayətlərin genişmiqyaslı və ya sistematik hücum formasında törədilməsi zamanı yurisdiksiyaya malikdir.

     Ermənistanın siyasi və hərbi rəhbərliyinin törətdikləri bu cinayətlər, məhz sistematik və genişmiqyaslı hücum formasında törədilmişdir və bunu törədən təqsirkarların çəkinmədən açıq etirafı, onların mühakimə olunması üçün ciddi əsas yaradır. Təbii ki, Azərbaycan dövlətinin bununla bağlı kifayət qədər əsaslandırılmış sübutları mövcuddur. Beynəlxalq cinayət mühakimə orqanlarının (Nürnberq, Tokio, Yuqoslaviya, Rusnda tribunalları və Beynəlxalq Cinayət Məhkəməsi) hökmlərindən də görünür ki, tarixən müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayətini törədənlər ədalətli mühakimədən kənarda qalmamış, əksinə fərdi cinayət məsuliyyətinə cəlb olunaraq mühakimə olunmuşlar. Bu təcrübəyə əsaslanaraq, bu gün Ermənistanın siyasi və hərbi rəhbərlərinin törətdikləri cinayətlərə görə cəzalandırılması aktuallaşmış və həmin şəxslərin mühakiməsi üçün ciddi addım atılmasına şərait yaranmışdır. Onların mühakiməsi təkcə cinayətkarların cəzalandırılması kimi qəbul olunmamalıdır, ümumilikdə regionda sülh və təhlükəsizliyə yaradılmış bir təhlükənin qarşısının alınması kimi dəyərləndirilməlidir. Erməni silahlı qüvvələrinin törətdikləri əməllər beynəlxalq silahlı qarşıdurmalarla əlaqədar olaraq, Yuqoslaviya, Ruanda və Beynəlxalq Sierra Leone Xüsusi Məhkəməsi və,  Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna, əsasən, müharibə cinayəti hesab olunmalıdır[10]. Maraqlıdır ki, bir zamanlar bu qaydaları pozan dövlətlərə qarşı çox mənfi münasibət göstərilirdi, onunla beynəlxalq əməkdaşlıq dayandırılırdı, müvafiq sanksiyalar tətbiq olunurdu. BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi və BMT-nin İnsan Hüquqları Komissiyası tərəfindən Əfqanıstan, Burundi və Yuqoslaviyada münaqişələrində baş verən müharibə cinayətləri davamlı olaraq pislənmişdir[11]. Analoji olaraq, bunların Ermənistana tətbiq olunacağı gözləniləndir. Artıq Ermənistanın keçmiş siyasi rəhbərliyində təmsil olunan şəxslər Ermənistanın Gəncə və Bərdə şəhərlərində (hərbi əməliyyatlar gedən ərazidən yüz kilometrlərlə kənarda) yaşayan dinc mülki əhalini bombalaması pisləmiş və bu əməlin beynəlxalq ictimaiyyətdə mənfi qarşılandığını vurğulamışdı. Təkcə bu fakt Ermənistan dövlətinin özünün və onun siyasi və hərbi rəhbərliyinin fərdi cinayət məsuliyyətini zəruri edir. Silahlı qüvvələrin hər bir üzvü törətdiyi cinayət əməlinə görə birbaşa fərdi cinayət məsuliyyətinə cəlb olunmalıdır.  Yalnız müharibə cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi mümkün deyil, müxtəlif fərdi cinayət məsuliyyəti formaları, hərbi cinayətin törədilməsinə cəhd göstərən, kömək edən, asanlaşdıran, kömək edən, planlaşdıran və ya təhrik edən şəxslərin məsuliyyətə cəlb olunmalarına imkan verir və bunun tam hüquqi əsası var. Bunula bağlı kifayət qədər təcrübə də var.

       Ermənistanın siyasi və hərbi rəhbərliyinin fərdi cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən hallardan biri də Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 25-ci maddəsidir. Azərbaycan Statutun iştirakçısı olmasa belə, bu maddə, cinayətkarların fərdi qaydada məsuliyyətə cəlb olunmasına hüquqi əsas yaradır.

      Fərdi cinayət məsuliyyəti prinsipi Nürnberq Tribunalından sonra Yuqoslaviya, Ruanda beynəlxalq tribunalları və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən  daha da inkişaf etdirildi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 25-ci maddəsində fərdi cinayət məsuliyyətindən bəhs olunur. 25-ci maddədə göstərilir[12]:

  1. Bu Statuta əsasən, Məhkəmə fiziki şəxslərə münasibətdə yurisdiksiyaya malikdir.
  2.  Məhkəmənin yurisdiksiyasına aid olan cinayəti törətmiş şəxs fərdi məsuliyyət daşıyır və bu Statuta əsasən, cəzalandırılmalıdır.
  3. Bu Statuta əsasən, şəxs Məhkəmənin yurisdiksiyasına aid olan cinayətə görə cinayət məsuliyyəti daşıyır və cəzalandırılmalıdır, əgər həmin şəxs:

 a) belə cinayəti fərdi şəkildə, başqa şəxslə birlikdə, və ya həmin başqa şəxsin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, başqa şəxs vasitəsi ilə törədirsə;

b) bu cinayət törədildikdə və ya onun törədilməsinə suiqəsd olduqda, belə cinayəti törətməyə əmr edir, təhrik edir və ya sövq edirsə;

c) həmin cinayətin törədilməsini asanlaşdırmaq məqsədi ilə əməkdaşlıq edir, təhrik edir, və yaxud onun icrası üçün vasitələrin təqdim edilməsi də daxil olmaqla, hər hansı başqa bir üsulla onun icrasına və yaxud ona sui-qəsdə kömək edirsə;

d) vahid məqsədlə fəaliyyət göstərən bir qrup şəxsin belə cinayəti törətməsinə və yaxud cinayətə sui-qəsdinə hər hansı başqa tərzdə kömək edirsə, belə kömək bilə-bilə edilməli və yaxud bu cür fəaliyyət və ya məqsəd Məhkəmənin yurisdiksiyasına aid olan cinayətin törədilməsi ilə bağlı olduqd, cinayət fəaliyyətini və yaxud qrupun cinayətkar məqsədini dəstəkləmək məqsədi daşıdıqda; yaxud qrupun cinayət törətmək niyyəti dərk edildikdə;

e) genosid cinayətinə münasibətdə, birbaşa və aşkar şəkildə başqalarını genosid törətməyə təhrik etdikdə;

f) belə cinayətin törədilməsinə sui-qəsd, onun törədilməsində mühüm addım sayılan hərəkətlər etməsinə baxmayaraq həmin şəxsin məramından asılı olmayaraq, cinayət başa çatdırılmamış qaldıqda. Bununla bərabər, şəxs cinayətin törədilməsi cəhdindən imtina edirsə və ya başqa hər hansı tərzdə cinayətin başa çatdırılmasının qarşısını alırsa, əgər həmin şəxs tamamilə və könüllü olaraq cinayətkar məqsədindən imtina edirsə, bu Statuta uyğun olaraq cəzalandırılmamalıdır.

       4. Bu Statutun fərdi cinayət məsuliyyətinə aid olan maddələrindən heç bir dövlətin beynəlxalq hüquqi məsuliyyətinə təsir etmir.

       25-ci maddənin tələbindən göründüyü kimi, hər kəs törətdiyi cinayətə görə fərdi cinayət məsuliyyətinə cəlb olunmalı, bu proseslə bağlı olan şəxslərin hər biri mühakimə olunmalıdır. Ümid edirik ki, Azərbaycan dövlətinin iradəsi sayəsində Ermənistan və onun siyasi, hərbi rəhbərliyinin mühakiməsi reallaşacaq.


[1]  “Just War Theory İnternet Encyclopedia of Philosophy”. www.iep.utm.edu. Retrieved 2016-10-30

[2] McHenry, Robert (2010-03-22). “William James on Peace and War”

[3] Dieter Fleck (ed.), The Handbook of Humanitarian Law in Armed Conflict (Oxford: Oxford University Press, 1995), p. 120.

[4] Protocol Additional to the Geneva Conventions of August 12, 1949, and relating to the Protection of Victims of International

  Armed Conflicts (Protocol I), June 8, 1977 at http://www.unhchr.ch/html/menu3/b/93.htm (accessed October 8, 2002).

[5] United States Field Manual 27-10 The Law of Land Warfare? US Department of the Army? 18 July 1956 as modified by Change

   № 1, 15 Julay 1976 §502

[6] https://nk.gov.az/az/page/69/

[7] https://president.az/articles/4101?sa=X&ved=2ahUKEwiH4rvu1JLnAhUW_GEKHXe2BJIQFjAEegQIBxAB

[8] https://www.icrc.org/ru/doc/resources/documents/misc/treaties-ccw-protocol2-revised-101080.htm

[9] Ə.Allahverdiyev Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər, B.2017, “Elm və Təhsil” nəşriyyatı s.268-272

[10] ICC Statute, Article 8 (2) (a) (i) and (c) (i),  § 675–676; ICTY Statute, Article 2 (a), § 695; ICTR Statute, Article 4(a), § 696; Statute of the Special Court for Sierra Leone, Article 3(a), § 677

[11] UN Security Council, Res. 827, § 896, Res. 1019, § 897 and Res. 1072, § 898; UN General Assembly, Res. 50/193, § 902; UN

     Commission on Human Rights, Res. 1989/67, 1990/53, 1991/78 and 1992/68, § 904

[12] https://www.icc-cpi.int/resource-library/documents/rs-eng.pdf