Müzəffər sərkərdə və onun şanlı zəfərİ

Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Bu, Qurtuluş tarixidir, Yüksəliş, Zəfər tarixidir.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını dəfələrlə bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmağın mükünlüyünü nəzərə çatdırmışdır.

Müharibə cəmiyyətin və dövlətin həyatında ən əhəmiyyətli hadisə olduğundan ölkənin bütün imkanları səfərbər edilir, xüsusi davranış normalarının seçilməsi qaçılmaz olur. Müharibənin uğurla başa çatmasını şərtləndirən əsas amillər dövlətin müharibəyə necə hazırlaşmasından, malik olduğu resurslardan, ordunun döyüş qabiliyyətindən və mənəvi ruhundan asılıdır. Lakin etiraf edilməlidir ki, istənilən hərbi fəaliyyətin başlıca uğuru məhz seçilmiş hərbi strategiya, taktika ilə bağlıdır. Bu isə sərkərdə məharəti deməkdir. Necə ki, ordumuzun sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün strategiyası sayəsində təxminən 30 il sürən həsrətə son qoyuldu, tarixi qələbə əldə edildi.

Cənab Prezidentin şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin mənalı müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni demək olar ki, udmuşdur. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, qeyri-adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır.

 “Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycan Respublikasını erməni təcavüzündən xilas etmək üçün hamını birliyə, əməkdaşlığa dəvət edirəm.”

H.Əliyevin bu müdrik kəlamında deyildiyi kimi, müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər.

Bəli, bu müharibə Müzəffər Azərbaycan Ordusunun Qəhrəmanlıq dastanıdır desək, yanılmarıq. Hansı ki, gələcək nəsillər bu dastanı dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq.

    Şəhidlik zirvəsinə yüksələn o qəhrəman igidlərimiz torpaqlarımızın azadlığı uğrunda mücadiləyə sövq edən Vətən sevgisi, vətənpərvərlik hissi idi.

  Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:

– Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş oldu,

– Ərazi bütövlüyünü təmin etmiş oldu,

– Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını bütün dünyaya göstərdi,

Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri onun beynəlxalq hüquqi məsuliyyətini yaradır və qeyd edilən cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını zəruri edir.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü işlər davam etdirilməkdədir.

Belə ki, tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanmışdır.

Eyni zamanda, Vətən müharibəsində Ədliyyə Nazirliyinin fəaliyyəti, əməkdaşların döyüşlərdə, o cümlədən könüllü fədakar xidmətləri, ordumuza, yaralananlara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyin göstərilməsi, xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların 400-ə yaxın müraciətlər göndərilməklə Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı məlumatlandırılması, daim yenilənən və interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platformasının ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyəti danılmazdır.

Cəbhəyə könüllü yollanan ədliyyə və məhkəmə işçiləri də Vətən uğrunda şücaət göstərərək canlarını belə əsirgəməmiş, informasiya mübarizəsində Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının, müharibə və insanlıq əleyhinə cinayətlərinin təfsilatı ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında hər biri xüsusi fəallıq göstərmişlər.

Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müzəffər, sarsılmaz Azərbaycan Ordusu, Azərbaycan əsgəridir!

Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün!

Qarabağ Azərbaycandır!

Turanə Məmmədova

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Ədliyyə fəaliyyəti üzrə

ixtisasartırma və peşəyə buraxılış fakültəsinin dekan müavini v.i.e.

I dərəcəli ədliyyə qulluqçusu