44 günlük müharİbənİn beynəlxalq hüquqİ nətİcələrİ

Və ya beynəlxalq məhkəmələrdə Ermənistanın təcavüz və digər cinayətləri üzrə mühakimə perspektivləri

Səyyad Məcidov

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi,

hüquq elmləri üzrə fəlsəfə doktoru,

kiçik ədliyyə müşaviri

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq 27 sentyabr 2020-ci ildə ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq hüquqla tanınmış öz ərazisində 44 günlük əks-hücüm əməliyyatları həyata keçirdi. Minlərlə Vətən övladlarının, şəhidlərimizin canı və qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, dövlətimizin beynəlxalq aləmdə nüfuzu və siyasi reputasiyası bir daha artdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Anım günü millətimizn qürur günü, gələcəyə, ölkəmizin növbəti qalibiyyətlərinə daha inamlı mübarizə günüdür.

Bu səbəbdən də həm hərbi, həm də diplomatik və beynəlxalq hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Çünki, Azərbaycanın apardığı müharibə haqq işi idi, Ordumuzun əks-hücum əməliyyatarı beynəlxalq hüquqa, həmçinin BMT-nin Dağlıq Qarabağa dair məlum 4 qətnaməsinin tələblərinə tam uyğun idi. Erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən həmin sənədlər və 2020-ci ildə baş vermiş hadisələr Azərbaycanın özünümüdafiə xarakterli apardığı müharibənin hüquqauyğunluğunu təsdiq edir. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanın Tovuz rayonuna artilleriya atəşi açmaqla 13 hərbçi və mülki vətəndaşı qətlə yetirmiş, sentyabrın 27-də isə Ermənistan Azərbaycana qarşı növbəti hərbi təcavüz törətməklə, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər şəhərləri intensiv şəkildə atəşə tutuldu, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər raket hücumlarına məruz qaldı. Bu dövrdə Ermənistanın müharibə cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirildi, 450 nəfərdən çox insan yaralandı, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdıldı.

Bu ilin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Xüsusi vurğulayaq ki, erməni hərbi və siyasi rəhbərliyinin törətdiyi bütün bu cinayətlər Ermənistanın davam edən silahlı təcavüz cinayətinin fonunda və bilavasitə təcavüzkar siyasət və planlarının tərkib hissəsi olaraq baş verir. Ona görə də, bütün bu hücumlar, o cümlədən dinc şəhərlərimizə edilən raket hücumları Ermənistanın hərbi təcavüz cinayətinin tərkib hissəsidir. Çünki, burada Təcavüzün tərifi haqqında 1974-cü il 3314 saylı Qətnaməsində və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun (baxmayaraq ki, Azərbaycan Respublikası bu sənədi ratifikasiya etməyib, lakin beynəlxalq hüquq baxımından yanaşsaq bu müddəalar mühüm əhəmiyyət kəsb edir) 8bis maddəsində göstərilən əlamətlər mövcuddur və Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə qəsd edilir. Bu səbəbdən Ermənistanın ölkəmizə etdiyi raket hücümlarının Azərbaycan prokurorluq orqanları tərəfindən təcavüz cinayəti kimi tövsifi və CM-nin 100.2-ci (təcavüzkar müharibəni aparma) maddəsi ilə cinayət işinin başlanması təqdirəlayiqdir. Həmçinin bu, beynəlxalq hüquq tarixində də unikal hadisə hesab edilir. Çünki, Nürnberq və Tokio tribunallarının hökmlərindən sonra dünyada nə beynəlxalq məhkəmələrdə, nə də milli təsisatlarda təcavüz cinayətinə görə cinayət mühakimə icraatı həyata keçirilməyib.

Bu gün müharibə qismən bitsə də, Ermənistanın təcavüzü və digər beynəlxalq cinayətləri isə cəzasız qalmaqla yanaşı, həmçinin bu cinayətlərin bəziləri hələ də davam etməkdədir. Ona görə də bu ağır beynəlxalq cinayətlərə görə müasir beynəlxalq hüquq yeni mühakimə perspektivləri diktə edir. Yəni, post-konflikt dövründə ən mühüm məsələlərdən biri Ermənistanın siyasi, maddi və cinayət məsuliyyətinə cəlbetmə kontekstində beynəlxalq məhkəmə qurumlarında mühakimə olunmasıdır. Müasir dövrdə beynəlxalq mühakimə məsələləri əsasən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, ad hoc və hibrid məhkəmələr müstəvisində mümkündür.

BMT Beynəlxalq Məhkəməsi öz yurisdiksiyası çərçivəsində siyasi məsuliyyətə cəlbetmə üzrə hərbi təcavüzlə əlaqədar işlərə üç kontekstdə baxır: 1) BMT-nin əsas orqanının funksiyaları ilə əlaqədar; 2) Məhkəmə baxışına verilmiş, hüquqi mübahisələrin yaranması üçün əsas olan, təcavüz aktları nəticəsində situasiyanın qarşısının alınması üzrə müvəqqəti tədbirlərin görülməsi barədə verilən sorğularla əlaqədar; 3) İşi məhkəməyə verilmiş dövlət tərəfindən gözlənilən qeyri-hüquqi güc tətbiq olunma və ya təcavüz aktlarına aid olan hüquqi mübahisələrlə əlaqədar. BMT Nizamnaməsinə uyğun olaraq Beynəlxalq Məhkəmə beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasına münasibətdə Baş Məclis və TŞ-nin müvafiq funksiyaları haqqında konsultativ qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmənin təcrübəsində bu cür işlərə dair presedent qismində “Tehranda ABŞ-ın diplomatik və konsul heyəti”, “Nikaraquada hərbi və yarımhərbi əməliyyatlar və onlara qarşı” və “Konqoda silahlı əməliyyatlar”  işlərini qeyd etmək olar. BMT Beynəlxalq Məhkəməsinin presedentlərinə əsaslanaraq, Ermənistanın Azərbaycana təcavüzünə dair məsələyə Nizamnamənin VII fəslinin müddəalarına uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin tam mənada təmin olunması və Ermənistanın siyasi məsuliyyəti kontekstində baxıla bilər.

Ermənistan beynəlxalq cinayət məsuliyyətinə 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində sadalanan soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti üzrə cəlb edilə bilər. Müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə BCM-nin Statutunun Azərbaycan Respublikası tərəfindən ratifikasiyası və CM-nin müvafiq maddələrinin bu Statuta uyğunlaşdırılması gələcəkdə məqbul hesab oluna bilər. Xüsusilə 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təcavüz və müharibə cinayətlərinin cəzalandırılması üçün bu imkandan istifadə edilməsi nəzərdən keçirilə bilər. Bu mənada Roma Konfransının Yekun Aktını imzalamış Azərbaycan Respublikasının BCM-in Statutuna qoşulması məqsədəuyğun olardı.

Azərbaycanın 2020-ci il əks-hücüm əməliyyatlarından sonrakı dövrdəErmənistanın beynəlxalq cinayətlərinə görə ad hoc hərbi tribunalın və ya hibrid məhkəmənin yaradılma perspektivləri nəzərdə keçirilə bilər. Bunun üçün də ilk növbədə Xocalı soyqırımı başqa olmaqla, Gəncədə, Tərtərdə, Bərdədə törədilən təcavüz, insanlıq əleyhinə və müharibə cinayətləri də daxil olmaqla Ermənistanın kompleks beynəlxalq cinayətlərinə görə xüsusi məhkəmələr təsis edilə bilər.

“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarına əsasən Məhkəmə Konvensiyada nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsi qaldırıla bilər. Bundan əlavə, BMT-nin “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasının 1 (b) maddəsinə görə soyqırım cinayətinə, hətta o dövlətlərin daxili hüququna əsasən cinayət tərkibi yaratmasa belə, onun törədilməsi tarixindən asılı olmayaraq məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz. Bununla bağlı beynəlxalq hüquqda artıq presedent də mövcuddur. Kamboca Fövqəladə Məhkəmə Palataları (2003) tərəfindən 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayətinə görə mühakiməni həyata keçirdi və bu zaman məsuliyyətə cəlbetmə müddəti tətbiq edilmədi.

Soyqırım və digər beynəlxalq cinayətlərin təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onlara görə beynəlxalq hüquqda universal cinayət yurisdiksiyası prinsipi müəyyənləşdirilib. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal yurisdiksiya prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Bu isə o deməkdir ki, Azərbaycan milli məhkəmələri də daxil olmaqla, dünyanın istənilən dövlətinin məhkəməsi erməniləri mühakimə etmək səlahiyyətinə malikdir.

Beynəlxalq praktikada analoji cinayətlərə görə belə mexanizmlər mövcuddur. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. ad hoc və hibrid məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. Belə dövlətüstü məhkəmə qurumları BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılır və ya cinayət qurbanı olan ölkə ilə BMT arasında müqavilə imzalanaraq xüsusi məhkəmə instansiyası qismində fəaliyyət göstərir.

Ümumiyyətlə beynəlxalq praktikada hibrid (qarışıq) yurisdiksiyalı tribunal qismində fəaliyyət göstərən məhkəmə təcrübəsinə də istinad edilməsini Ermənistanın Azərbaycana hərbi təcavüzü, xüsusilə Xocalı soyqırımı, habelə Ermənistanın 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində Gəncədə, Bərdədə və digər şəhərlərdə törətdyi beynəlxalq cinayətlər kontekstində zəruri hesab edirik. Çünki, bu zaman törədilmə müddətindən asılı olmayaraq, beynəlxalq cinayətlərə görə qarışıq məhkəmə mexanizminin tətbiqi aktual olacaq.

Qeyd edək ki, hibrid məhkəmələr ad hoc məhkəmələrindən fərqləndirilir. Hibrid (qarışıq) məhkəmələr mahiyyətcə beynəlxalq cinayət mühakimə orqanları olub, onların fəaliyyət və yurisdiksiya qaydaları beynəlxalq və dövlətdaxili hüquq normalarının birgə tətbiqinə əsaslanır. Bu məhkəmələrin yurisdiksiya predmetini isə biri-biri ilə əlaqəli olan və eyni coğrafi regionda baş vermiş beynəlxalq cinayətlər təşkil edir. Presedent olaraq Kamboca hökuməti ilə BMT arasında 2003-cü ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Müqavilə əsasında yaradılmış Fövqəladə Məhkəmə Palatalarını xüsusi vurğulaya bilərik.

Beləliklə qeyd olunmalıdır ki, 44 günlük müharibənin beynəlxalq hüquqi nəticələrindən biri də bu dövrdə və bundan əvvəlki 30 illik bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan dövlətinə və mülki şəxslərinə qarşı törədilmiş bütün beynəlxalq cinayətlərə qarşı mühakimənin həyata keçirilməsidir. Bunun üçün yuxarıda qeyd etdiyimiz bütün beynəlxalq məhkəmə instansiyalarında belə bir mühakimənin yerinə yetirilməsi perspektivləri mövcuddur.