AVROPAYA İNTEQRASİYA MƏRKƏZİ İB-nin XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANATI

Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından 30 il ötür. Lakin, təəssüflər olsun ki, bu dövr ərzində dünyanın heç bir məhkəmə instansiyasında bu beynəlxalq cinayətə görə mühakimə reallaşmayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük hərbi əks-hücum əməliyyatları ilə Vətən müharibəsindəki parlaq Qələbəmiz 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Bununla da Azərbaycan xalqı hərbi müstəvidə qalib gəldi, Xocalı soyqırımı qurbanlarının da qisasını aldı. Bu gün Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Artıq hüquqi müstəvidə də ədalət qalib gəlməli, Xocalı soyqırımına ədalət mühakiməsi qarşısında qiymət verilməlidir. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Çünki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir

İctimai birlik olaraq, xalqımıza qarşı törədilən bütün erməni cinayətlərinin, o cümlədən Bağanis Ayrım soyqırımı, Qaradağlı soyqırımı, Xocalı soyqırımı, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı və digər erməni cinayətlərinə görə faktlar və arqumentlər əsasında hibrid məhkəmənin (qarışıq yurisdiksiyalı beynəlxalq və milli xarakterə malik məhkəmə instansiyası) formalaşdırılması tələbi ilə çıxış etməklə ədalət mühakiməsinin reallaşdırılmasını zəruri hesab edirik.

Xüsusi məhkəmələrin və ya hibrid formalı Beynəlxalq Hərbi Tribunalın yaradılması ona görə zəruridir ki, Ermənistan dövlət, erməni hərbi cinayətkarlar isə fərd olaraq, törədilən bütün beynəlxalq kriminalların (deportasiya, təcavüz, soyqırımı, terror, müharibə cinayətləri, işgəncə, etnik təmizləmə, qanunsuz olaraq işğal olunmuş ərazilərə əhali köçürülməsi və orada arxeoloji qazıntıların aparılması, mədəni və tarixi abidələrin məhv edilməsi, atəşkəs haqqında müqavilə müddəalarının pozulması və s.) təşkilatçısı, sifarişçisi, yardımçısı və icraçısı kimi çıxış etmişlər və edirlər.