Bağanıs Ayrım soyqırımı (24 mart 1990-cı İl)

Bağanıs Ayrım soyqırımı Azərbaycanın müasir tarixində beynəlxalq hüquq nöqteyi-nəzərindən elmi və praktiki cəhətdən diqqət yetirilməli bir cinayət hadisəsidir. Çünki, bu cinayətləri törətməklə və Bağanıs Ayrım kəndinə silahlı hücum etməklə, birincisi ermənilər ilk dəfə Dağlıq Qarabağdakı müharibəyə səbəb olan beynəlxalq hüquq prinsipini- Azərbaycanın ərazi bütövlüyünü pozmuş və təcavüz aktı törətmişdir. Yəni, zaman etibarilə 24 mart 1990-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal etməklə, Ermənistan beynəlxalq hüquq baxımından Təcavüzün tərifi haqqında 1974-ci il tarixli BMT qətnaməsinə əsasən prima facie – ilkinlik prinisipini pozmuşdur. İkincisi, Ermənistan təcavüzkar dövlət kimi öz kriminal niyyətlərini həm də məhz Bağanıs Ayrım kəndinə silahlı hücum edərək, təcavüz aktı törətməklə reallaşdırmışlar. Üçüncüsü, Dağlıq Qarabağı özlərinə hədəf seçmiş ermənilər Qarabağ bölgəsinə çoğrafi aiddiyatı olmayan təkçə Qazax rayonunun 7 kəndini (Bağanıs Ayrım -24 mart 1990, Xeyrimli – 08 mart 1992, Barxudarlı-27 aprel 1992, Sofulu -27 aprel 1992, Qızıl Hacılı – 11 may 1992, Yuxarı Əskipara – 06 iyun 1992, Aşağı Əskipara – 14 iyun 1992) işğal etmişlər. Dördüncüsü isə, bu silahlı hücumun nəticəsi olaraq, Bağanıs Ayrımda məhz türk kökənli insanlar kütləvi soyqırıma məruz qalmışdır.

Qeyd edək ki, Bağanıs Ayrımda törədilmiş cinayətlər obyektiv əlamətləri baxımından soyqırımı kimi qiymətləndirilir. Eyni zamanda, xüsusi qeyd olunmalıdır ki, Bağanıs Ayrım kəndində törədilmiş bu cinayət məhz Azərbaycan türkləri üçün önəmli milli bayram ərəfəsində -1990-cı ilin Novruz bayramının ilk günlərində törədilməsi erməni silahlı birləşmələrinin soyqırımı niyyətlərinin tərkib hissəsi idi. Həmin ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanıs Ayrımda ilk faciənin törədilməsi ilə həm də sülüh və bəşəriyyət əleyhinə cinayət törədildi. “5 nəfərdən ibarət olan Əsliyevlər ailəsi diri-diri ocağa atıldı. Daha bir nəfər kənd sakini də odda yandırıldı. Bir milis serjantı isə həmin gecə bu dəhşətli soyqırımın qurbanı oldu.

Ocağa atılan insanların böyüyü 75 yaşında, kiçiyi isə 39 günlük körpə idi. Faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi. 1990-cı ilin martında işğal olunan Bağanıs Ayrım kəndinin sakinləri öz dogma yurdyuvalarından məcburi köçkün düşdülər. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşdı.

Bu cinayətlər barəsində istintaqın başlanılması ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlamalar verilsə də, lakin bununla bağlı hələki yekun məhkəmə hökmləri çıxarılmamışdır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, ermənilər Qazaxın Bağanıs Ayrım kəndində son 100 ildə iki dəfə soyqırımı törətmişdir. Bu cinayətlərin tarixi XX əsrin əvvəllərindən başlamış, o zaman törədilmiş soyqırımı cinayətlərinin miqyası daha böyük olmuş, səbəbi isə həmin kəndin əhalisinin məhz türk soyuna mənsub olması ilə izah olunur.

S. Məcidov