31 MART – SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

            Akademiya əməkdaşlarının, gənc könüllülərin və tələbələrin iştirak etdikləri tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Akademiyanın müəllimi, Avropaya İnteqrasiya Mərkəzi ictimai birliyinin həmtəsisçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışaraq bildirib ki, XX əsrdə Azərbaycan türklərinə qarşı törədilən bütün soyqırımları, o cümlədən 31 mart soyqırımını xalqımız heç zaman unutmur, mənfur düşmənə qarşı mübarizə əzmini daha da artırmaqla, bu gün Müzəffər Ali Baş Komadan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz parlaq qələbələrə imza atır, torpaqlarımızı işğaldan azad etməklə, şəhidlərimizin, günahsız insanların, bütün soyqırım qurbanlarının qanını yerdə qoymur.

 O qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən biridir. Qeyd olunub ki, o dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə-yeksan edilmişdir. Bakıda başlanan kütləvi qırğınların daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirildiyi, təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlının qətlə yetirildiyi, Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150, Zəngəzur qəzasının 115 kəndinin yandırıldığı və talan edildiyi, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulduğu iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür.

       Tədbirdə azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.