Beynəlxalq Türk Akademİyası, Agentlİk və AİM tərəfİndən 44 günlük müharİbənİn beynəlxalq hüquqİ nətİcələrİnə daİr bİrgə layİhəyə start verİlİb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Beynəlxalq Türk Akademiyasının elmi dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq elmi-maarifləndirmə təşəbbüsləri” adlı birgə layihənin icrasına başlanılıb.

2 ay müddətinə Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi Vətən müharibəsinin beynəlxalq hüquqi nəticələri ilə bağlı, o cümlədən müharibə zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq platformalarda onlayn elmi-maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır.

Layihədə çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə müharibədən sonrakı yeni geosoiyasi reallıqlar haqqında onlayn seminarın keçirilməsi, həmçinin “44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri və yeni geosiyasi reallıqlar” adlı elektron kitabın hazırlanması və ingilis dilinə tərcümə olunmaqla, vəsaitin internet üzərindən elektron formada yayımlanması nəzərdə tutulur. Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov, elmi redaktoru isə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlidir.

Layihənin icrası nəticəsində beynəlxalq miqyasda fəaliyyət göstərən tədqiqatçılar, xarici jurnalistlər, bütövlükdə internet istifadəçiləri 44 günlük Vətən müharibəsinin beynəlxalq hüquqi və geopolitik nəticələri, habelə ermənilərin transmilli cinayətləri barədə elmi və praktiki məlumatları əks etdirən ingilis dilində elektron kitab əldə etmək imkanı qazanacaqlar.

AİM-in mətbuat və informasiya xidmətinin məlumatı