Suqovuşan- azadlığa qovuşan İlk Torpaq və Su

Səyyad Məcidli, dosent, hüquq elmləri üzrə fəlsəfə doktoru

3 oktyabr – Suqovuşanın erməni təcavüzündən azad olunduğu gündür.

İşğaldan azad olunan ərazilərimizə səfər var idi. Heç vaxt yaşamadığım qəribə, adi günlərdən fərqli və mübhəm hisslərlə dolu anlar idi.

Biz gedirdik. Azadlığa qovuşan torpağa doğru… Bir də hamımızın qovuşduğu aydınlıq – Su gözləyirdi bizi. Gedirdik, düz Suqovuşana, bir az da dolanbac yollarla, üzüyuxarı Talış kəndinə doğru… Vətən müharibəsində ilk dəfə erməni təcavüzündən azad olunmuş əzəli Azərbaycan torpaqlarına gedirdik.

Uzun illərdi erməni təcavüzünün beynəlxalq-hüquqi, cinayət-hüquqi tərəflərindən yazmışam. Dedim, bu tükənməyən mövzunun, uzanan və bitməyən erməni cinayətlərinin bir az da ayrı tərəflərindən, bəlkə bir az da ayrı cür yazım. Və yazıram…

Mina əkilmiş “qara torpağa” qovuşma…

… Avtobus Tərtər şəhərini çıxan kimi, hamının nəzərləri keçmiş təmas xəttinə – dəlik-deşik olmuş qara, qırmızı, yaşıl çalarlı torpağa dikilirdi. Döyüşçülər, tanklar və artilleriya üçün qazılmış irili, xirdalı səngərlər, uçurulub dağılmış yorğun istehkamlar, hər tərəfdə müharibədən usanıb dincə qalan qara torpaqlar…  Hər yerdə qarşımızda üstündə bizi bu torpağa ayaq basmağı qadağan edən və insan başının yanmış şəkli olan üçbucaqlı qırımızı mina xəbərdaredici lövhələr dayanırdı.  Xəritəsi olmayan, dövlətçiliyi bilinməyən bu erməni tör-töküntüləri minaları necə gəldi töküblər bu torpağa. Xəritəsiz, filansız. Mina əkilmiş “qara torpaq”. Bir də havasından hələ erməni cinayətlərinin və vandalizminin qoxusu çəkilməyən, torpağından şəhidlərimizin hələ qurumamış qan iyi gələn bu qədim qısnanmış yurd…

30 ilə yaxın erməni təcavüzündə qalan bu torpaq sənə nələr demirdi… Viranə qalmış evlər qarşında elə dayanırdı ki, sanki hamımızın baş daşları idi bu yarısökülü daş evlər. Ölmədən öz gözlərimizlə gördüyümüz baş daşları. Çaylı kəndi imiş bura. Daha bu kənddə çaylar axmırdı. Şəhid olmuş torpağın, xarabalığa çevrilmiş köhnə yurdun baş daşı idi, bu dağılmış divarlar…

Cənnətə qovuşma…

İlk olaraq Suqovuşandan keçib yuxarı qalxırıq. Hər kəs öz balaca pəncərəsindən bu kiçik qəsəbənin yaralı evlərinin iri pəncərələrinə baxır. Güllə və mərmilərdən dəlik-dəlik olmuş binaların salamat qalan divarlarında hər şəhid, hər qazi öz doğulduğu rayonun, şəhərin, kəndin adını yazıb – Zaqatala, Cəlilabad, Yevlax, Lənkəran, Qusar, Biləsuvar, Bakı… Yazıb və gedən gedib, getməyənsə sanki, həmin boş qalmış evlərin bacalarındən bizə baxır və nəsə demək istəyirdi… Demək istəyirdi ki, göz yaşı da sudu, aydınlıqdı. Ağlama, Şəhid Anası! Oğlun burda şəhid düşdü, suya aydınlığa burda qovuşdu ilk dəfə… Bax, o dağların və suların qovuşduğu bu cənnətdə, o da öz cənnətinə qovuşdu…

Bir azdan o şəhid ruhları bu evləri, bu torpağı, bu köhnə yurdun məcburi köçkünlərinə təhvil verəcəklər. Amma hələki, bu torpağın ruh sakinlərinə məxsusdu buralar.

Üzüyuxarı qalxırıq. Talış kəndi. Həyətində köksü yaralı və kölgəsində minalar basdırılan, meyvələri həmin minaların üstünə tökülüb qalmış ağaclar, məhləsində köhnə sovet maşınlarının skeletləri görünən evlər…  Yenə qalxırıq. Bu dəfə daha fərqli mənzərə açılır: Azərbaycan bayrağının sancıldığı bu kiçik kənddəki balaca meydandan bir az aralı üzərinə dövlət gerbimzin həkk olunduğu inzibati binalar görünür. Çox möhtəşəmdi!

Ruhlarla qovuşma…

Bir az da qalxırıq. Yuxarıda bir ağ bina parlayır. Ocaqdı. Bu qədim yurdda bir köhnə Alban Məbədi qalıb. Bilmirəm nədəndir, həmişə qədim bir məbəd görəndə özümdən asılı olmayan səmavi hisslər, qeyri-adi duyğulara qapılıram. Çıxıram kənddən-kəsəkdən, bu ölkədən, bir az da bu yer kürəsindən… Axırda  da özümdən… Kainata doğru yol alıram… Hətta minalanmış yolları, çığırları belə tapdalasam, heç nə hiss etməmiş kimi olaram… Amma tapdalamıram. Çünki, məbədin yanında bizə yenə xəbədarlıq signalı verən həmən o üçbucaqlı qırmızı yazılı lövhə görünür… Ayaqlarımın altında məhz həmin məbədin divarından 3 metr aralıda bir mina lövhəsi bu dəfə də öz torpağımızda bizə “dayan” deyirdi… Namərd erməni, məbəd müqəddəsdi, məbədə də mina qoyarlar?!!!

Geri qayıdıb içərisinə Günəş işığı dolmuş kutsal məkana daxil oluruq. Səslər gəlir: “Xoş gəlmisiniz, Tanrı məbədinə”. Bu səs məbədin içindən gəlirdi… Bəli, orda içəridən səslər eşidilirdi… Ordakı ruhların səsini rahatca eşitmək olurdu, duymaq olurdu onları…

Deyəsən, məbədin çölündən də səslər gəlirdi… Bunlar isə jurnalistlər, televiziyalar, ictimai birlik nümayəndələri, mərkəzi və yerli icra hakimiyyəti qurumlarının mənsubları idi, yəni real adamlar idi… Biri müsahibə alırdı, o biri verirdi. Biri foto çəkirdi, biri də dayanıb bir qıraqda dağıdılmış mənzərəyə tamaşa edərək içindən çəkirdi. Başqa biri isə siqaret… Onlardan biri ziyarətçiləri səsləyir: “Suqovuşana qayıdırıq!” Bu səs məni ruhlardan ayırır…

…Ruhlardan ayrılanda tənha bir ağac görürəm. Məbədin qarşı tərəfində.  Ağacın baxışları məni dəhşətə gətirir. Ətraf dağıntıdan ibarətdi. Dolu bir boşluqdu. Orda bütün ağaclar “ölüb”. Bir sağ qalan budu. Uzaqdan tanıyıram: “Bu, deyəsən tut ağacıdı”.

İşğaldan azad olunan ağac…Bu ağac bir az mənim Vətənimə bənzəyir. Yaralıdı. O qədər raket, artilleriya zərbələrinə sinə gərib ki, bu ağac… Qazi ağac. Erməni təcavüzündən azad olunduqdan sonra tənha qalmış ağac. Köksü parçalanmış tut ağacı. 30 ildi öz vətənində girovluqda tutulmuş tut ağacı. 30 ildi erməniyə tut arağı verən “günahkar” ağac. İndi qədim Alban məbədi qarşısında səcdədədir. “Günahlarını” yuyur. Yaralarını sağaltmağa, inkişaf etməyə can atır bu saf ağac. Bir azdan yazda çiçəkləyəcək də… Namərd erməni, ağac müqəddəsdi, ağaca da atəş açarlar?!!!

Suqovuşana qovuşma…

Suqovuşan. Dostum Zaurun dediyi kimi, “Qovuşdurana şükür!” Günəşin, ruhların və suların qovuşduğu bu azad və kutsal torpaq… Erməni işğalından azad olunan ilk torpağa ilk dəfə ayaq basmaq, daşında, ağacında, yerində, göyündə, suyunda şəhidlərimin qan çalarları duyulan müqəddəs yurda dönmək qeyri-adi bir hissdi.

Qarabağın bütün suları burda qovuşurdu. Bizi də özünə qovuşdurdu. Sehri elə qəribə idi ki… İçimdə rahatlıq, çölümdə rahatsızlıq var idi. Heç vaxt məndə xatirəsi olmayan bu yerlər niyə bu qədər xatirə oyadırdı içimdə bilmirəm! Heç vaxt ayaq basmadığım torpaq niyə məni bu qədər özünə çəkirdi?! Nəydi bunun sirri?! Nə yaxşı ki, ruhumuzu işğal edə bilmədi, heç bir mənfur düşmən. Ruh… Ruh salamatdısa, hələ çox ayaq üstə qalacaq bu millət, bu dövlət.  

İlk dəfə idi ki, burda torpağın öz səsini eşidirdim. Burda müqəddəs bir harmoniya var idi. Suyun Günəşlə birgə tamamilə fərqli bir şəklini çəkirdim. Dağların bütün kiçik çeşmələrindən axan suları bağrına basıb özünə çəkən, həm də uzun bir zaman içində nisgil və həsrət çəkən, qovuşduran və qovuşan Su gördüm burda. Bura Suqovuşan idi. Bizi torpaqlarımıza, torpaqlarımızı suyumuza, suyumuzu özümüzə qovuşduran Suqovuşan.

Uzun illər yayda ermənilər bu suyun qarşısı kəsib, torpağı suya həsrət qoyurdular. Qışda isə bu suyu açır və onun axınına minalar buraxırdılar. Yazda isə hər dəfə bir əkinçi, bu torpağın öz sahibi mina qurbanı olurdu… Namərd erməni, su müqəddəsdi. Suya da mina buraxarlar?!!!

Bu torpağa sığal çəkən, əzizləyən, onu əkib-becərən, qayğısına qalan hər bir dinc insan, dinc sakin və bu torpağı qanıyla suvaran, onun uğrunda şəhid olan hər bir İNSAN müqəddəsdi!

Namərd erməni, dinc İNSANa, özü də öz evində, torpağında sakin olan İNSANa güllə atarlar, mina atarlar, raket atarlar?!!!